Ateizm və Xoşbəxtlik – 1

Birləşmiş Millətlər təşkilatının nəzdində hər il bütün dünya üçün xoşbəxtlik hesabatı hazırlanır və bu hesabatda dünyanın ölkələri xoşbəxtlik dərəcələrinə görə sıralanırlar. Hər il ən birinci sıraları Norveç, Danimarka, İslandiya, İsveçrə, Finlandiya kimi ölkələr bölüşürlər. Bizim azərbaycanlı ateistlər bu statistikanı göstərərək ateizmin və ya ümumilikdə dinsizliyin (aqnostiklər və deistlər) xoşbəxtlik üçün gərəkli olduğunu, dinin isə dünya xoşbəxtliyinə mane olduğunu göstərmək istəyirlər. Gəlin birlikdə maraqlı bir müqayisə edək.

Dünya reytinqi:

Zuckerman’ın 2004-cü ildə apardığı araşdırmaya əsasən dünyanın ən dinsiz (ateist, aqnostik və deistlər) ölkələrinin sıralamasında liderlər Çin, Yaponiya, Vyetnam, Rusiya, Almaniya, Fransa, Birləşmiş Krallıqlar, Cənubi Koreya, Ukrayna, ABŞ, Hollandiya, Kanada, İspaniya, Tayvan, Hong Kong, Çexiya, Avstraliya, Belçika, İsveç, İtaliya, Şimali Koreyadır və sıralama davam edir. Lakin WIN-Gallup Beynəlxalq Cəmiyyətinin 2014-cü ildəki araşdırmasına görə liderləri növbəti sıralama ilə göstərmək olar:


1. Çin (90%) 2. İsveç (76%) 3. Çexiya (75%) 4. Hong Kong (70%) 5. Hollandiya (66%) 6. Birləşmiş Krallıqlar (66%) 7. İsrail (65%) 8. Yaponiya (62%) 9. Almaniya (59%) 10. Avstraliya (58%) 11. İsveçrə (58%) 12. Cənubi Koreya (55%) 13. İspaniya (55%) 14. Avstriya (54%) 15. Azerbaycan (54%) 16. Vyetnam (54%) 17. Kanada (53%) 18. Fransa (53%) 19. Danimark (52%) 20. İrland (51%)

Dinsizlik və xoşbəxtlik

Əgər ateizm və ümumilikdə dinsizlik xoşbəxtlik üçün əhəmiyyətli bir ünsür olsaydı Çinin ən üst sıralarda olması lazımdır. Lakin 2017-ci ilin hesabatına əsasən Çin 79-cu sırada yer alır. 2013-2015-ci illərin hesabatlarında isə ortalama yeri 83-dür. Üçüncü yeri alan Çexiya isə 2017-ci ilin hesabatına görə 23-cü yerdə, öncəki hesabatlarda isə 27-ci yerdə gəlir. Hong Kong sonuncu raporta əsasən 71-ci, ondan öncəki hesabatlara görə isə 75-ci yerdə gəlir. Cənubi Koreya 2017-ci ilin hesabatına görə 56-cı, əvvəlki hesabatlara görə isə 58-ci yerdə gəlir.

Şimali Avropa:

Şimali Avropa ölkələrinə nəzər salsaq görəcəyik ki, 2017-ci ilin hesabatına əsasən dünyanın ən xoşbəxt ölkələri buranın payına düşür. Norveç dünyanın ən xoşbəxt ölkəsi təyin edilib, ondan sonra ikinci yerdə Danimarka, onun arxasınca İslandiya gəlir. Finlandiya beşinci yerdə, İsveç isə onuncu yerdə qərar tapıb. Lakin bu ölkələri dinsizlik indeksinə görə sıralamalı olsaq birinci yerdə İsveç gəlir, ondan sonra Danimarka, daha sonra Norveç, sonra Finlandiya və ən sonunda İslandiya gəlir. Əgər ateizm və dinsizliyin bir rolu olsaydı gərək İsveç sıralamada lider olardı, üstəlik İslandiya əhalisinin əksəriyyəti özünü dindar hesab edir, yəni xristian dininə inanırlar.

Digər ölkələr və Azərbaycan:

Digər tərəfdən BƏƏ, Qatar, Səudiyyə Ərəbistan kimi müsəlman ölkələri İspaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Portuqaliya, Hongkong kimi iqtisadi cəhətdən inkişaf etmiş, yüksək texnologiyalar istehsal edən ölkələrdən daha xoşbəxtdirlər. Azərbaycan isə dinsizliyinə görə liderlər ilə yarışan ölkələrdəndir, lakin xoşbəxtlik sıralamasına görə 81-85-ci yerlər arasında hərəkət edir. Puerto-Rico və Braziliya kimi əksəriyyətin katolik olduğu ölkələr isə 15-ci və 17-ci (2013-2015-ci illər) yerləri bölüşürlər.

Ateizm və xoşbəxtlik:

Bütün bu statistik məlumatlar bizə yalnız bir şeyi göstərir, dinsizliyin və dindarlığın dünyəvi xoşbəxtlik ilə bir əlaqəsi yoxdur. İnsanı dünyəvi cəhətdən xoşbəxt edən ünsürlər tək bir şeydə məhdudlaşmır, onlar çoxdur, fərqlidir. Onların başında hər bir fərdin ayrılıqda, cəmiyyətin isə ümumilikdə həyatda qarşılarına qoyduqları məqsədlərdir. İkinci önəmli ünsür sosial dəstəyin, maddi gəlirin olmasıdır. Bir cəmiyyət əgər materialist bir cəmiyyətdirsə əlbəttə ki, sosial dəstəyin və material qazancın yüksək olduğu ölkələrdə özünü daha xoşbəxt hiss edəcək. Lakin bir cəmiyyət dindar bir cəmiyyətdirsə dini mühitin dəstəkləndiyi, eyni zamanda sosial dəstəyin və sosial rifahın olduğu ölkələrdə daha xoşbəxt olacaqdır. Əlbəttə ki, digər önəmli faktorlar da rol oynayır. Lakin əminliklə deyə bilərik ki, dindarlıq və ya dinsizlik burada xüsusi bir rol oynamır.