Darvinist Fundamentalizm

Elmin naturalistik fəlsəfə üzərində qurulmuş tərifi tam bir şəkildə Allah inancına qarşı qərəzlidir. Naturalistik fəlsəfə heç bir şəkildə təbiətdən ötə səbəbləri izah olaraq qəbul etmir. Buna görə də bir ateist və ya aqnostik özünə belə bir sual verməlidir: əgər həqiqətən də dünyanı və canlıları təbiətdən ötə ilahi bir varlıq yaradıbsa, o zaman naturalistik tərifin nəzərdə tutduğu Elm bu yaradıcı qüvvəni görə bilməyəcək qədər kordur. Belə bir tərif mahiyyət baxımından ilahi varlığı Elmdən kənarlaşdırır.

Müasir biologiya sahəsində darvinizmdən başqa izahların rədd edilməsinin elə əsas səbəbi bu, fəlsəfi yanaşmadır. Richard Dawkins kitablarının birində “…hətta əgər Darvin nəzəriyyəsinin xeyrinə heç bir dəlil olmasa belə biz, başqa müxalif nəzəriyyələrə qarşı bu nəzəriyyəni seçməyimizdə yenə haqlı olacağıq” 1 deyərkən bunu naturalistik prizmadan baxaraq deyir. Kansas Dövlət Universitetinin professoru Scott Todd 1999-cu ildə Nature jurnalına göndərdiyi məktubunda yazırdı: “Hətta bütün dəlillər ağıllı dizayna (intelligent design) dəlalət etsə də, belə bir hipotez Elmdən kənardır, çünki naturalistik izah deyildir.”2 Belə bir yanaşma geriyə bir şey buraxmır, qısacası elmin çərçivəsində sənin tək bir seçimin vardır.

Naturalizmin elmə verdiyi “tövhələr”

Naturalistik fəlsəfənin elmə verdiyi “tövhələr” burada bitmir. Darvinizmin populyarlıq qazandığı dövrdən bu günə qədər təkamül nəzəriyyəsi həyatımızın hər bir sahəsinə daxil oldu. Əlbəttə ki, təkamül nəzəriyyəsi canlıların bioloji inkişafını izah etməyə qadirdirsə nə üçün təkcə biologiyaya həbs olunmalıdır? Psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat, seks, hətta din belə mütləq təkamül nəzəriyyəsi ilə izah olunmalıdır.

İddia budur ki, təkamül təkcə bizim bədənimizi deyil, həm də davranışlarımızı da izah edəcək mexanizmdir. Mənəviyyatımızın əsli və təməli də mütləq genlərimizdə olmalıdır və Richard Dawkins “The Selfish Gene” kitabında bunu iddia edir. Belə dünya görüşündə altruizmi izah etmək çətinləşir. Mövzu haqqında hər zaman yeni kitablar çap olunur. Mənəviyyatın təkamüldən qaynaqlandığını isbat etməyə çalışan “The Moral Animal”“Evolutionary Origins of Morality” kimi kitablar buna verə biləcəyimiz iki misaldır.

Ateist filosof Michael Ruse və sosiobiologiyanın banisi sayılan Edward O. Wilson’un birgə təlif etdikləri məqalədə bunu açıq şəkildə ifadə edirlər: “Bizim anladığımız şəkildə etika, bizi əməkdaşlığa vadar etmək məqsədi ilə genlərin bizə sırıdığı bir illüziyadır.”3 Bu o deməkdir ki, etik qaydalar öz genlərimizin özümüz üzərində göstərdiyi bir fokusdur və aldatmacadır, təkamül prosesinin nəticəsidir. Dini inanc da bir başqa sevimli hədəfə çevrilib və darvinistlər dini inancları izah etmək üçün gen axtarırlar; bu qədər genlərin içərisində hansısa genom mütləq dini inanclarımızı izah etməlidir.

Bu barədə “In God We Trust””Religion Explained: The Evolutionary Origins of Religious Thought” kimi kitablar bu iddianı edirlər. Siyasətçilər üçün də siyasətin təkamüldən qaynaqlandığını isbat etməyə çalışan ”Darwinian Politics” kitabı yazılıb. İqtisadiyyatçılar üçün “Economics as An Evolutionary Science” kitabı, pedaqoqlar üçün “Origins of Genius” kitabı – ki, bu kitabda insan intellekti, müxtəlif ideyalar törədən və onların içindən sağ qalmağa ən hazırlıqlı ideyanı seçən darvinist bir proses kimi izah olunur – və həkimlər üçün “Evolutionary Medicine” və ya “Why We Get Sick; The New Science of Darwinian Medicine” kitabları yazılıb.

“Psevdo-elmlər”

Bu elmlər əslində bir çox ateist bioloqlar tərəfindən belə psevdo-elmlər olaraq tanınırlar. Onlar darvinizmin bu dərəcəyə gətirilməsindən məmnun deyillər. Darvinizmi insanın hər bir şeyi üçün izah olaraq qəbul edən Daniel Dennett’in “Darwin’s Dangerous Idea” kitabına 1997-ci ildə The New York Review of Book səhifəsində resensiya yazan Harvard professoru Stephen Jay Gould bu dünya görüşünü “Darvinist Fundamentalizm” adlandırır və “təkamülçü prisoxologiyanı” (evolutionary psychology) şiddətlə tənqid edir.4

Richard Lewontin, Steven Rose və Leon Kamin’in birlikdə yazdıqları “Nor In Our Genes” kitabı da biologiyanın bu yöndə istifadəsini tənqid edir. Deməli işin cızından çıxdığını söyləyənlər təkcə dindarlar deyildir, hətta Darvinə sadiq qalan ateistlər belə bunu ən açıq sözlərlə ifadə edirlər. Onların əsas marağı Darvinin nəzəriyyəsini absurd fikirlərdən qorumaqdır, çünki bir nəzəriyyə nə qədər absurd fikirlərə bulaşarsa, bir o qədər insanlar tərəfindən rədd ediləcək.

Təkamülün dəlilləri barədə

Təkamülçü genetika alimi H. Allen Orr yazır ki, “xoşa gəlməyən fakt budur ki, mənəviyyatımızın təbii seçmə yolu ilə əmələ gəlib gəlməməsinə dair zərrə qədər belə dəlil yoxdur.”5 Burada anlamaq lazımdır ki, naturalistik dünya görüşünü qəbul etdikdən sonra dəlilin olub olmaması önəmli deyildir, çünki belə bir fəlsəfənin tələbi ilə hər bir şey mütləq fiziki səbəblərlə izah edilməlidir.

Hər bir halda əgər darvinist təkamül nəzəriyyəsi doğrudursa, o zaman bizim şüurumuz da, mənəviyyatımız da mütləq həmin təkamül ilə əmələ gəlməlidir. Bioloq Randy Thornhill və antropoloq Craig T. Palmer “A Natural History of Rape” kitabını yazdıqlarında ciddi bir səs-küy qopdu, çünki müəlliflər kitabda “zorlama/təcavüz” hallarının təkamül prosesinin bir hissəsi olduğunu iddia edirdilər. Onlar cinsəl zorlama halını “bəşərin təkamül irsinin məhsulu olan təbii, bioloji fenomen” olaraq müəyyən edirlər.6

“Elmin cinayətləri”

Dinləri ittiham edənlər unutmamalıdırlar ki, bəşəriyyat Elm adına daha ağır cinayətlər törədiblər. “Sosial Darvinizm” bəlkə də bunun ən bariz misallarından biridir; Üçüncü Reyx və Hitlerin tariximizə keçməsində ən əsas faktor sosial darvinizm olmuşdu. Bu gün Pyotr Kropotkin’in “Mutual Aid” kitabını oxuduğumuzda müəllifin dövründəki bu cür ideologiyaların təhlükələrindən narahat olduğu üçün həmin kitabı yazdığını başa düşürük.

Unutmayaq ki, təkamül nəzəriyyəsi həmçinin irqçiliyə, qadın düşmançılığına haqq qazandırmaq üçün də istifadə olunmuşdu. Darvindən başlayaraq on doqquzuncu əsrin sonlarında və iyirminci əsrin əvvəllərində yaşamış darvinist alimlər kişiləri bioloji olaraq qadınlardan üstün görürdülər; onlara görə kişilər daha çox təkamül etmişdilər.7 Hətta çoxları bunu təkamülün doğruluğu üçün dəlil gətirirdilər. Əgər biz darvinizmin müasir dünyada bütün çirkinliklərə izah olaraq istifadə edildiyinə dair yazmalı olsaq qarşımızda ciddi bir kitab olacaq və Jerry Bergman’ın kitabı bunun uğurlu misallarından biridir..


Dipnotlar

  1. Richard Dawkins, ”The Blind Watchmaker”, səh: 287; Norton, New York, 1986
  2. Nature jurnalı: 423, 30 sentyabr, 1999
  3. Michael Ruse & Edward O. Wilson, “The Evolution of Ethics”, New Scientist jurnalı, səh: 52, 17 oktyabr, 1985
  4. Hilary Rose & Steven Rose, ”Alas, Poor Darwin: Arguments Against Evolutionary Psychology”, səh: 101-103; Harmony Books, New York, 2000
  5. H. Allen Orr, “Dennett’s Strange Idea: Natural Selection: Science of Everything, Universal Acid, Cure fo The Common Cold….”, Boston Review jurnalı, 1996-cı ilin yayı
  6. R. Thornhill & C. Palmer, “The Natural History of Rape: Biological Bases of Sexual Coercion”, MIT Press. Cambridge, 2000
  7. Jerry Bergman, “The Darwin Effect: It’s Influence on Nazism, Eugenics, Racism, Communism, Capitalism & Sexism”, səh: 272; Master Books, Green Forest, 2014