Son günlər Azərbaycanda məktəb direktorunun 7-ci sinif şagirdinin hicab geyinməsinə etiraz etməsi və valideyini vasitəsilə onun hicabını açdırması məsələsi uzun sürən müzakirələrə səbəb olub. Mövzu ilə əlaqəli postlarda hər cür şərhlə qarşılaşmaq mümkündür. Bəzi insanlar şagirdin hələ azyaşlı olduğunu və valideyinləri tərəfindən hicab geyinməyə məcbur edildiyini iddia edir, “əlbəttə özləri seçim etməlidirlər, o nə əskilərdir bağlayırsız uşaqlara”, “Uşağa dini inancı sırımaq olmaz, qoy böyüsün o zaman istəyərsə, Papua New Qvineyanın dinini seçsin” və ya buna oxşar kommentlər yazırlar.
Belə insanlara çox sadə bir cavab vermək olar:
“Sən ümumiyyətlə uşağına tərbiyə verirsən? Nəyin doğru nəyin pis olduğunu başa salırsan? Misal üçün aldatmağın, xəyanətin, insanların haqlarının tapdalamağın, insan öldürməyin pis bir şey olduğunu deyirsən? Doğruluğun, insanlara yardımın və mərhəmətin yaxşı bir şey olduğunu öyrədirsən? və ya uşağını boş buraxırsan, bəlkə böyüyəndə əslində insanları qətl etməyin yaxşı bir şey olduğu qənaətinə gəlsin və öz seçiminə görə əməl etsin?”
Şübhəsiz ki, ağıl sahibi bu məsələyə müsbət cavab verməz, əksinə uşağına nəyin doğru, nəyin isə yanlış olduğunu öyrətdiyini deyər. Əgər “nəyə görə öyrədirsən” sualını versək, iki cavab ehtimalı var: ya bu əməllərin özü özlüyündə doğru və ya yanlış olduğuna görə belə edir, və ya gələcəkdə bu əməlləri icra etdikdə cəza görə biləcəyindən dolayı uşağını qorumaq üçün belə edir (məsələn adam öldürərsə, həyatının qalan hissəsini həbsxanada keçirə bilər).
Din öyrətmək üçün səbəb
Bu cavabı aldıqdan sonra biz deyəcəyik ki, biz də uşaqlarımıza İslam dinini sırf bu səbəblərdən dolayı öyrədirik. İlk növbədə biz inanırıq ki, Allah ibadətə layiq olan yeganə həqiqi ilahdır, bütün təzimlər və ibadət növləri sadəcə Ona aid olmalıdır. Necə ki, siz adam öldürməyi doğru bir şey saymırsız, biz də Allahdan başqasına ibadət etməyi doğru saymırıq, hətta deyirik ki, adam öldürmək bir insanın haqqına girməkdir, Allahdan qeyrisinə ibadət etmək isə o insanın Yaradanın haqqına girməsidir və Yaradanın haqqı insan haqqından daha böyükdür. Sırf buna görə də biz uşaqlarımıza doğru olanı (Allaha ibadət) öyrədir, doğru olmayandan isə (digər ilahlara ibadət) çəkindiririk. Burda qəribə nə var ki?
Digər baxış nöqtəsindən baxdığımızda isə, biz inanırıq ki, ilahi ədalətin tələbi olaraq bu dünyada Allaha və insanlara qarşı etdiyimiz cinayətlərə görə Axirətdə cəza çəkəcəyik. Siz uşağınız türmələrdə çürüməsin deyə ona insan qətlinin pis olduğunu öyrətdiyiniz kimi, biz də uşaqlarımızın axirət cəzasına məruz qalmamaqları üçün onlara dinlərini öyrədirik.
Əslində cavab bu qədər bəsitdir. Lakin bir çox insan bunu anlamır. Səbəbi isə bizə sırıdılan inanclardır. Homoseksualların hüquqları bizə danılmaz insan haqları kimi sunulur, lakin Yaradıcının haqqının o qədər dəyəri yoxdur. Din seçmək, dindən dinə keçmək sadəcə maşın dəyişdirmək kimi bir zövq məsələsinə çevrilib. Demək istəyirlər ki, siz uşağınıza almanı deyil də armudu sevməyi öyrətmədiyiniz kimi, bu dini deyil digər dini seçməlisən deməməlisiniz. Əslində isə bu, sadəcə qərbin bizi inandırmaq istədiyi bir yalandır: din önəmli deyil, ikinci dərəcəli bir şeydir.
Anlaşılmayan nöqtə
Belə etiraz edənlərin anlamadıqları (və ya anlamaq istəmədikləri) nöqtə isə odur ki, nə geyimdə nə də başqa bir inanc və ya əməldə neytral yanaşma yoxdur. Misal üçün dizdən geyinmək, dizdən yuxarı geyinmək ilə dizdən aşağı geyinmək arasında olsa da bu o demək deyil ki, bu cür geyim neytral geyimdir. Bu cür geyim özü özlüyündə geyimə baxış məsələsində bir yanaşmadır. Uşaq özü “seçim edə biləcəyi zamana qədər” belə geyinməlidir deyənlər əslində uşağa neytral bir şey təklif etmirlər, ona özlərinin doğru hesab etdiklərini yeridirlər. Üstəlik, uşağın özünün qərar verə biləcəyi yaşı da təhdid etmələri yenə də öz düşüncələrini yeritməkdir. Qısacası, bu insanların dedikləri odur ki, sizin uşaqların tərbiyəsi, geyimi, nəyin doğru olub olmaması haqda qərarı siz yox biz verməliyik.
Məsələnin biraz da dərinliyinə getsək dinini yaşamaq istəyənlərin yaşam tərzinə etiraz edənlərin görmək istədikləri əslində budur: cəmiyyətdə uşaqlara nəyin doğru və xətalı olduğunu onların valideynləri yox, gecə-gündüz dünya alıb dünya satan influenserlər, siyasətçilər, bürokratlar olmalıdır. Misal üçün məktəblərdə direktorun tam haqqı var ki, uşaqlarımıza “açıq-saçıq geyinmək müasirlikdir, hicab geyinmək isə vəhşilikdir” fikrini öyrətsin. Yaxud da sosial mediyadakı influenserlər qızlarımıza öyrətməyə çalışırlar ki, “ətini və dərini podiuma çıxarıb kişilərə sərgiləmək modadır, müasirlikdir.” Siyasətçilər və bürokratlar ümumiyyətlə qızlarımıza necə geyinməyin, gəzməyin, evlənməyin doğru olmasını, oğlanlarımıza kimə qarşı güllə atmağın, hansı idmanla məşğul olmağın doğru olmasını öyrətmək haqqına sahibdirlər, lakin bir tək dinini yaşamaq istəyən valideynin öz uşağına necə geyinməyin doğru olmasını öyrətməsi problemlidir.
“Biz dünyəvi ölkəyik!”
Son olaraq “biz dünyəvi ölkəyik” deyib hicabın məktəbdə qadağan edilməsində problem görməyənlər haqda da yazaq. Biz əminik ki, bu insanlar dünyəvilik haqda bir dənə belə kitab oxumayıblar. Oxusaydılar, dünyəvilik məvhumunun özü özlüyündə ixtilaflı olduğunu və bu ixtilafın qadınların məktəb kimi yerlərdə başını bağlaması məsələsinə təsir etdiyini görərdilər. Sözü uzatmadan onu deyək ki, dünyəvi hesab olunan ölkələrin böyük əksəriyyətində dünyəviliyin interpretasiyası məktəbdə hicab geyinməyi qadağa etmir. Sadəcə Fransa kimi din düşmənçiliyi üzərə qurulmuş bəzi ölkələrdə belə bir qadağa vardır. Fransızların verdikləri izaha baxsaz, onlar qızların taxdıqları hicabın respublikaya təhlükə ola biləcəyini deyirlər. Fransız dünyəviliyinin bu yanaşmasının əslində təzad olduğu da mübahisə mövzusudur. 1 Bizim “intellektuallar” da dünyəviliyin sırf bu interpretasiyasını gətirir, əks düşüncələrdən isə bixəbərdirlər.
Cavab yaz