Peyğəmbər evlilikləri: AİŞƏ Evliliyi

Table Of Contents
  1. Tənbeh: 
  2. Məsələyə necə yanaşmaq lazımdır?
  3. Allah Rəsulunun həyatı
  4. Önəmli məqamlar
  5. Aişə evliliyə etiraz edibmi?
  6. İslam alimlərinin məsələyə yanaşması
  7. Məkkə müşrikləri niyə susdular?
  8. XX əsrə kimi heç kim eyib tutmayıb
  9. Aişənin yaşını eyib görən ilk yazıçı
  10. Bu mövzu ilk dəfə nə vaxt qaldırılıb?
  11. Düşünülməsi gərəkən məqam
  12. Vacib bir qeyd
  13. Yazıçı Karen Armstrong: 
  14. Oriyentalistlərin bəraəti
  15. Avropada orta əsrlərdəki evlilik yaşları
  16. "Razılıq yaşı"
  17. Holly Brewerin iddiası
  18. Dəyişikliklərin Amerikaya təsiri
  19. Qanunda olan fərqliliklər
  20. Evliliyə razılıq yaşı
  21. “Lə darara və lə dırara” hədisi
  22. Evlilik yaşı və liberal düşüncə
  23. Müasir və qədim zamanlar arasındakı fərq
  24. Erkən evliliklərin baş verdiyi cəmiyyətlər
  25. Gwen Broudenin dedikləri:
  26. Hazırkı və keçmiş standartların müqayisəsi
  27. P.S.
  28. Səbəb
  29. Amerikan cəmiyyəti
  30. Müasir liberalizm və erkən evlilik
  31. Nəticə
  32. Kapitalizmin və ya liberal düşüncə qadınları qoruyurmu?
  33. Liberal düşüncə və erkən evlilik

İslam peyğəmbəri nəyə görə doqquz yaşında biriylə evlənib? Bu suala müxtəlif başlıqlar altında yanaşa bilərik. Məsələn, yazımıza 1809-cu ildə anadan olmuş  məşhur rus yazıçısı Qoqolun valideynini misal çəkərək başlamaq olar. Onun anası ilə Aişə arasında min ildən çox vaxt və minlərlə kilometr məsafə olmasına baxmayaraq, Qoqolun anası 14 yaşında evlənib. Dünyada mövcud olan isti iqlimin həddi büluğ çağına, dolaysıyla evlilik yaşına necə təsir etdiyi haqqında Bancroft, Fritz, Speroff kimi seksoloqlardan istinadlar gətirərək də mövzumuza başlıq aça bilərik, həmçinin yalnız qərb adları olan yazılara etibar edənlər üçün, Orta əsrlərdə  Avropada qeydlərə düşmüş evliliklərdən faktlar gətirməklə, Avropada tarixən və hal-hazırda mövcud olan cinsi əlaqəyə razılıq yaşı ilə əlaqədar müqayisələr aparmaqla və yaxud evlilik yaşına təsir edən sosial faktorları saymaqla da mövzuya giriş etmək mümkündür.

Lakin ilk öncə bütün bunları bir qədər təxirə salaraq sizi sxolastik düşüncəyə dəvət etmək istəyirik.

Tənbeh: 

Yazılardan daima tam fərqli mənalar çıxaran şəxslər olur. Ona görə də demək istəyirik ki, biz kimsəni qızını 9 yaşında evləndirməsinə təşviq etmirik, əksinə, yazıdan da anlaşılacağı kimi, İslam alimləri Aişənin evliliyini qızların müəyyən yaşda ərə getməsinə heç bir zaman dəlil kimi istifadə etməyiblər. Ümumiyyətlə, Orta əsrlərdə istər Avropada, istər Şərqdə erkən evliliklərin əsas səbəbi heç bir zaman din amili olmayıb və biz bunu yazıda daha ətraflı izah edəcəyik. Qızları ərə verməkdə ən uyğunu cəmiyyətin örfünə və ya cəmiyyətdə qəbul edilmiş standartlara müvafiq olmaqdır.

Məsələyə necə yanaşmaq lazımdır?

Bir insanın həyatından, yaşadığı cəmiyyətindən tamamilə bixəbər olub, onun müccərəd bir əməlini öz dövrünün standartlarıyla ələ alaraq o şəxs haqqında hökm vermək ədalətsizlikdir, üstəlik, bu insan əsrlər boyu qəsdli şəkildə edilən antipropaqandaya uğrayan bir şəxsdirsə, dərhal qərar verməkdən öncə biraz araşdırmağımız daha insaflı olar. Montgomery Watt`ın da gözəl işarə etdiyi kimi:

 “Gəlib keçmiş böyük şəxsiyyətlər arasında Muhammad qədər çox şərlənən birisi yoxdur.” 

W. Montgomery Watt, 1956, Muhammad at Madina, London, Oxford University Press, p. 321

Oriyentalistlərin atdığı iftiralardan biri də ona “sadəcə şəhvətini düşünən birisi” damğasını vurmaq idi. Gəlin Allah Rəsulunun həyatından və cəmiyyətindən bəzi həqiqətlərə göz gəzdirək və siz isə bunları oxuyaraq Muhəmmədin (Ona salam olsun) necə bir şəxsiyyət olduğu haqqında yenidən düşünün:

Allah Rəsulunun həyatı

1) İslamdan öncə Məkkə cəmiyyəti zina, içki, qumar, riba, kölə qadınları fahişəliyə məcbur etmə və digər çirkin əməllər ilə dolu idi. Hətta vəziyyət o həddə çatmışdı ki, Məkkə əhli kişili qadınlı Kəbə ətrafında tamamilə çılpaq şəkildə təvaf edirdilər və bunun ibadət olduğuna inanırdılar. (Səhih Muslim, Kitəbut-təfsir, 3028, Dər İhyə Turas Arabi, Beyrut). Allah Rəsulunun zina etdiyi, şərab evindən çıxdığı, Kəbə ətrafında nəinki çılpaq təvaf etdiyi, hətta məkkəlilərin bu batil ibadəti zamanı orda olub qadınlara baxdığı heç vaxt görülməyib. Qayəsi şəhvətini güdmək olan birisi bu fürsəti əldən verərdimi?! Yeniyetmə yaşlarında bunları etməyən əlbəttə, sonralar da şəhvət düşkünü ola bilməzdi. Peyğəmbərlik dövründə Allah Rəsulu İslamı qəbul etmiş qadınlarla görüşər, suallarına cavab verər, onlardan beyət belə alardı. Lakin Aişə özü bizə xəbər verir ki, Allah Rəsulunun əli heç bir zaman yad qadının əlinə dəyməyib. (Səhih Muslim, Kitabul İmərati, 1866).

Xədicə evliliyi

2) Allah Rəsulu 25 yaşında özündən 15 yaş böyük və iki dəfə ərdə olmuş qadınla evlənir.1Bu qadınla 25 ildən artıq ailə həyatı sürür və poliqamiyanın yayqın olduğu Məkkədə ikinci evlilik haqqında heç düşünmür.2

Hakimiyyət təklifi

3) Allah Rəsulu dəvətinə başlayanda Qureyş qəbiləsinin başçıları Muhammədə (Ona salam olsun) dəvətini durdurması müqabilində mal istəyirsə onu ən varlı, mülk istəyirsə onu başçıları, qadın istəyirsə ən gözəl qadınlarla evləndirə biləcəklərini demişdilər. Qayəsi şəhvət olan birisi üçün bundan daha gözəl fürsət ola bilərdimi?! Allah Rəsulunun bu təklifi tamamilə rədd etdiyini hamımız bilirik.3

Sovda evliliyi

4) Allah Rəsulu ilk xanımı olan Xədicənin ölümünə qədər başqa heç bir qadın ilə evlənmir. Xədicə vəfat etdikdən sonra o, Sovda bint Zəmə ilə evlənir. Bu qadın səhabənin əri Həbəşistan hicrətindən qayıtdıqdan sonra vəfat edir, ailəsinin yanına qayıtdıqda isə ailəsi onu yenidən müşrik olması üçün məcbur edirdi. Allah Rəsulu onu qorumaq üçün onunla evlənməyə qərar verir. Həmin vaxt Sovdanın təxminən 66 yaşı var idi.4 Sovdadan sonra isə Allah Rəsulu Mədinədə Aişə ilə evlənir. Deməli, Allah Rəsulu Məkkədə qaldığı üç il ərzində yenə də özündən yaşlı bir xanım ilə ailə həyatı sürür.5

Aişə evliliyi

5) Aişə onun daha öncə ərdə olmamış yeganə xanımıdır. Həmçinin, Aişə onun ən gənc xanımıdır, lakin digər xanımlarının yaşlarına baxdıqda Allah Rəsulunun xüsusi yaş qrupuna aid qadınlara düşkünlüyünün yalan olduğu bizə aydın olur.

6) Allah Rəsulunun Aişə ilə evliliyi ilə bağlı bəzi məqamları qeyd etmək yerinə düşər:

Önəmli məqamlar

a) Allah Rəsulu ona (Aişəyə) elçi düşdüyü zaman Əbu Bəkrin qızını artıq Cubeyr ibn Mut`ım adlı şəxslə nişanladığını öyrənir. Bir müddət sonra Cubeyrin ailəsi onun Əbu Bəkrdən təsirlənib İslamı qəbul edəcəyindən qorxduğuna görə nişanı pozur. Allah Rəsulu bundan sonra Aişə ilə evlənir. (Nabia Abbot, Aishah The Beloved of Mohammed, The University of Chicago Press, Chicago, p. 3-4).

b) Allah Rəsulunun Aişə ilə evlənməsi öz fikri deyil, xalası Xovla bint Hakimin təklifidir. O, Allah Rəsulunun bu qızla evlənməsini təklif edir, bu haqda düşünən Allah Rəsulu da onu elçiliyə göndərir. (Ibid, p. 2-3).

c) Əbu Bəkr və onun həyat yoldaşı qızlarının evliliyinə etiraz etmirlər.

Aişə evliliyə etiraz edibmi?

d) Aişə özü də heç bir zaman bu evliliyə və ya yaşına etiraz etməmişdir. Təbii ki, kimsə “Aişə etiraz edə bilməzdi” – deyə bilər. Əslində, bu belə deyil. Allah Rəsulunun maddi sıxıntısına görə Allah onun xanımlarına onunla qalıb və ya ondan ayrılmaları haqda ixtiyar vermişdir. Qurani Kərimdə buyurulur: 

“Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi (dünya malıyla) məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.

Quran, 33/28-29

Aişə özü bizə xəbər verir ki, Allah Rəsulu ilk öncə ona, sonra isə digər xanımlarına bu seçimi tanımışdır. Onlardan heç biri Allah Rəsulundan ayrılmadı. (Səhih Buxari, 2468). 

“Peyğəmbər hesab olunan şəxsdən ayrılsa idi o cəmiyyətdə yaşaya bilməzdi” – deyənlərə isə deyəcəyik ki, Allah Rəsulu heç bir zaman heç bir qadını onunla evlənməyə məcbur etməmişdir. Buxarinin rəvayət etdiyi hədisdə Allah Rəsulu bir qadınla evlənir, lakin bu qadın daha sonra evliliyi davam etdirmək istəmir, Allah Rəsulu da onu boşayır. (Səhih Buxari, 5254). Həmçinin, Allah Rəsulu Ummu Həni adlı qadına elçi düşür, lakin bu səhabə qadın evlənməkdən imtina edir.6

Aişənin elmi

Aişə Allah Rəsulu öldükdən sonra 47 il yaşamış7 və ərini daim xeyirlə yad etmişdir, onun haqda bir dənə də olsun xoşagəlməz söz deməmişdir. Allah Rəsulunu Aişənin yaşına görə qınayanlardan kimsə öz xanımına özü haqda bir dənə də olsun mənfi söz dedirtməyəcək qədər rəftar etmişdirmi?! “İslam cəmiyyətində kimsə Muhamməd haqqında pis söz deyə bilməzdi” – etirazı isə əsassızdır, çünki belə olsa idi, Aişə sadəcə susardı, amma o belə etmir, əksinə, Allah Rəsulundan öyrəndiyi dini gələcək nəsillərə ötürür. Aişədən toplamda 2210 hədis rəvayət edilmiş və bu rəqəmdə sadəcə Əbu Hureyradan geridə qalmışdır, ittifaq ilə ümmətin ən fəqih (elmli) qadını olmuş, hətta, səhabələr belə bir çox məsələləri ondan öyrənmişdir.8 Bu məsələlərdən biri də oruclunun xanımını öpməsi məsələsidir. Aişə deyir: ”Allah Rəsulu oruclu ikən xanımlarını öpərdi, lakin o, öz (cinsi) ehtiyaclarını sizin hamınızdan daha yaxşı idarə edə bilirdi.” (Səhih Buxari, 1927). Aişənin bu sözü ilə, Aişəni “müdafiə” edənlərin sözlərini müqayisə edin.

Tarix ərzində tutulmayan “eyib”

7) Allah Rəsulunun bir eybini tapmaq üçün gecə gündüz çalışan Məkkə əhli də bu evlilik haqqında eşidəndə, bunu Allah Rəsulunu eyibləmək, diskreditasiya etmək üçün heç vaxt istifadə etməyiblər.

Bütün bunlardan belə başa düşülür ki, belə erkən evliliklər 7-ci əsr Məkkə cəmiyyəti üçün adi hal idi. Bunda qəribə və ya əxlaqa zidd heç bir şey yox idi. Təsəvvür edin ki, Allah Rəsulunun bu evliliyindən az bir müddət sonra o zaman müşrik olan Əbu Sufyan ibn Harb Bizans imperiyasına gedir və Birinci İrakli ilə görüşür. Allah Rəsulunu qaralamaq üçün ideal fürsət olmasına baxmayaraq onun evliliyini qeyd etmir. (Səhih Buxari, 7). Səbəbi isə çox bəsitdir – Bizans imperiyasında da bu cür evliliklər normal hal idi.

İslam alimlərinin məsələyə yanaşması

8) 14 əsr boyunca İslam alimləri Allah Rəsulunun həyatı haqda cildlərlə kitablar yazırlar, lakin onlardan heç birinin Aişənin evlilik zamanı yaşını gizlətdiyini, hətta (son əsr istisna) “ərəb cəmiyyətində o zamanlar erkən evlilik normal idi” – deyərək, izah gətirdiyini belə görmürük. İslam coğrafiyasının genişliyinə baxmayaraq, alimlər və hətta adi insanlar belə bu həqiqəti başa düşür və bunda bir eyib görmürdü.

Məkkə müşrikləri niyə susdular?

9) Allah Rəsulunu qaralamaq üçün dəridən-qabıqdan çıxan Məkkə müşriklərinin onun evliliyi haqda neqativ bir kəlmə belə deməmələri əslində çox güclü arqumentdir və insaf sahibi üçün kifayət olmalıdır. Lakin, sadəcə qərb yazıçılarına etimad edənlər üçün hədiyyəmiz vardır. Tarixdə İslam dininə tənə etmək, Allah Rəsulunu ilk dəfə “yalançı peyğəmbər” və “antixrist” kimi təsvir etmək John of Damascus`dan başlayır. O, hicri 54-55-ci illərdə anadan olmuşdur. Ondan sonra bizim bu zamana qədər Allah Rəsulunu tənqid edən, ona yalançı peyğəmbər, dəccal və s. ləqəblər qoşan, onun həyatı haqqında açıq-aydın yalanlar uyduran oriyentalistlərin sayı hesabı yoxdur, hətta onu Cəhənnəmin səkkizinci qatında təsvir edənlər belə olub.9 

XX əsrə kimi heç kim eyib tutmayıb

Maraqlısı budur ki, iyirminci əsrə qədər heç bir oriyentalist Aişənin evlilik zamanı yaşını Allah Rəsuluna eyib olaraq görməyib. Bəli, Matthew of Paris,10 Humphrey Prideaux,11 Simon Ockley,12 Voltaire,13Edward Gibbon,14 George Bush,15 Washingon Irving,16 William Muir,17 Arthur Naylor Wollastone18 başda olmaqla oriyentalistlər və tarixçilər Allah Rəsulunu tənqid etmək üçün hər bir “fürsətdən” yapışmaqlarına baxmayaraq sırf Aişənin yaşını tənqid obyektinə çevirməmişdilər. Allah Rəsulunu “şəhvət düşkünü” kimi vəsf edənlər olmuşdur, lakin bu, onun xanımlarının sayına görə edilirdi,19 Aişənin yaşına görə deyil.

Aişənin yaşını eyib görən ilk yazıçı

Allah Rəsulunu tənqid edənlər arasında Aişənin yaşını onun üçün eyib görən ən erkən yazıçı kimi ingilis tarixçisi David Margoliouth`un adını çəkmək olar. O, Allah Rəsulunun həyatını tamamilə neqativ rənglərdə təqdim etdiyi “Mohammad and the Rise of Islam” kitabını 1905-ci ildə nəşr etmişdir və bu kitabda Allah Rəsulunun Aişə ilə evliliyini “ill-assorted marriage” (uğursuz nikah) kimi vəsfləndirmişdir. (D. S. Margoliouth, 1905, Mohammad and the Rise of Islam, The Knickerbocker Press, p. 234). Açığı Margoliouth`un sözlərini tam oxuduqda onun əslində Aişənin yaşını deyil, sırf Aişə ilə Peyğəmbərin evliliyini tənqid etdiyi qənaətinə gəlmək olur və bu, Boston Universitetində Din üzrə professor olan Kecia Ali`nin doğru hesab etdiyidir.(Kecia Ali, 2014, The Lives of Muhammad, Harward University Press, p. 162.). 

Bu mövzu ilk dəfə nə vaxt qaldırılıb?

K. Ali ümumiyyətlə bu mövzunun iyirminci əsrin yetmişinci illərinə qədər qaldırılmadığını iddia edir bunun üçün çox güclü arqumentlər istifadə edir. Lakin arqument naminə gəlin Margoliouth`un həqiqətən də Aişənin yaşını tənqid etdiyini qəbul edək. Əlimizdə nə var? Allah Rəsulunun həyatından sonra 13 əsr boyunca heç bir oriyentalist onun evliliyi zamanı Aişənin yaşını tənqid etmir, bu mövzu sadəcə iyirminci əsrdə ərsəyə gəlir.

Düşünülməsi gərəkən məqam

Bu bizi düşünməyə vadar etməlidir: nəyə görə Allah Rəsulunun ən qatı düşmənləri bu fürsəti əldən verirlər? Cavab isə yenə də sadədir: iyirminci əsrə qədər erkən evliliklər sadəcə Şərqdə deyil Qərbdə də bir norma olub.

Vacib bir qeyd

Qərbdəki evliliklərə keçməkdən öncə önəmli bir haşiyəyə çıxaq: elə zənn etməyin ki, iyirminci əsr tarixçiləri bir ağızla Allah Rəsulunu pedofiliyada ittiham ediblər, əksinə, sırf iyirminci əsrdə yazılmış onlarca kitaba baxmağımıza rəğmən Allah Rəsulunu ittiham edənlərin sadəcə elmi dərəcələri olmayan islamofoblar olduğunu görürük, qərb akademiyasında adı sanı olan tarixçilərdən onu ittiham edənlər ya yoxdur, ya da çox nadirdir. Misal üçün, Montgomery Watt özünü “Muhammad at Madina” kitabında xristianların Allah Rəsulunun mənəviyyatına yönəlik iradlarını qeyd edəndə onun Aişə ilə evliliyi haqqında ümumiyyətlə söhbət açmır; Glayds Draycott,20 aqnostik Lesley Hazleton,21 Maxime Rodinson,22Betty Kelen,23 Clinton Bennett,24 Tamam Kahn,25 Emile Dermenghem,26 Annemarie Schimmel,27 Nabia Abbot28 da Aişənin yaşını sadəcə fakt olaraq qeyd edirlər, bu faktı tənqid ilə qarşılamırlar.

Yazıçı Karen Armstrong: 

“Muhəmmədin Aişə ilə evlənməsində nalayiq heç bir şey yox idi… bəzən Aişədən də gənc olanlar evlənirdi. Eyni şey Avropada Modern çağa qədər davam edib… Aişə həddi buluğa çatana qədər onunla cinsi əlaqədə olmaq haqqında söhbət belə ola bilməzdi…” 

Karen Armstrong, 2006, Muhammad : A Prophet for Our Time, HarperCollins Publishers, p. 43

On illərlə bədəvi ərəblər arasında yaşayan ingilis hərbçisi, alimi və yazıçısı Sir John Bagot Glubb 1970-ci ildə “The Life and Times of Muhammad” adlı kitabında Aişənin yaşını və qızların o zaman birinci evliliklərini 8-10 yaş arasında etdiklərini qeyd etdikdən sonra “Muhammədin cavan qızla deyil, yetişkin, həssas bir qadınla ailə həyatı sürdüyünü” – deyir. (Glubb, John Bagot, 2001 (1970), The Life and Times of Muhammad. New York: Cooper Square Press, p. 239). Bütün bunlar dediklərimizi bir daha təsdiq edir. Aişə ilə evlilik sadəcə onun bu evliliyə tam hazır olduğundan sonra baş vermişdir. Bu bizə qəribə gələ bilər, lakin belə bir tarixi fakta diqqət edin: cəmi bir il sonra Aişə Uhud döyüşündə iştirak edir və yaralıların qayğısına qalmaqda mühüm rol oynayır. Yetəri qədər həm fiziki, həm də mental olaraq inkişaf etmədən belə bir döyüşdə iştirak etmək isə mümkün deyildi.

Oriyentalistlərin bəraəti

Daha da maraqlısını deyək. Bu oriyentalistlərdən bir çoxu istəmədən Allah Rəsuluna müasir ittihamlardan bəraət qazandırıblar, belə ki, onlardan bir çoxu Aişənin yaşını qeyd etdikdən sonra “isti iqlimdə qızların daha tez inkişaf etdiyini” birmənalı olaraq qeyd ediblər. Bunlar arasında misal üçün Simon Ockley`i,29 Humphrey Prideaux`u,30  George Bush`u,31  Washingon Irving`i32qeyd edə bilərik. İsti iqlimin təsiri haqda aşağıda mütəxəssislərin sözlərini də qeyd edəcəyik.

Avropada orta əsrlərdəki evlilik yaşları

Oriyentalistlərin susmasını anlamaq üçün Avropada orta əsrlərdə evlilik yaşlarına nəzər salaq. Cathy Hartley`in kitabından çox qısa bir araşdırma nəticəsində qabağımıza çıxan bəzi evlilik yaşlarını qeyd edək:

9-cu əsrdə Frank şəhzadəsi Judith 12 yaşında ərə gedib; 12-ci əsrdə Siciliya kraliçası Johanna 11 yaşında, İngiltərə kraliçası İsabella of Angouleme isə 12 yaşında ərə gedib; 13-cü əsrdə Şotlandiya kraliçası Margaret 11 yaşında, İsabella Forz isə 12 yaşında ərə gedib; 14-cü əsrdə Joan of Kent 12 yaşında, İngiltərə kraliçası Isabella of Valois 8 yaşında, İngiltərə kraliçası Isabella of France isə 12 yaşında ərə gedib; 15-ci əsrdə Margaret Beaufort təxminən 12-13 yaşlarında ərə gedir və uşaq dünyaya gətirir. Lakin, bu onun ikinci evliliyi olur; 16-cı əsrdə Katherine Parr 10-11 yaşlarında, Elizabeth Clinton isə 10 yaşında ərə gedib;

17-18-ci əsr Avropasında evlilik yaşları

Nəhayət, 18-ci əsrdə Francis Brook 12 yaşında ərə gedib.33 Hətta 17-ci əsrdə Elizabeth Stanhope 9 yaşında ərə getmişdir.34

Kral və zadəgan ailələrində evliliklər

Kastiliya kraliçası Urraca 11-ci əsrdə 8 yaşında ərə gedib.35 Navarra kraliçası Birinci Juana 1284-cü ildə 10 yaşında ərə gedib.36 Onun nəvəsi İkinci Juana isə ümumiyyətlə 7 yaşında ərə gedib.37 Qrafinya Auvergne Joan 1389-cu ildə 11 yaşında ərə gedib.38 39

“Razılıq yaşı”

Bu gün cinsi əlaqə üçün minimum yaş həddini tənzimləyən qanunlara ümumi olaraq razılıq yaşı (age of consent) qanunları deyirlər. Orta əsrlərdə bu qanunları adlarında və ehtiva etdikləri məsələlərdə biraz fərqliliklər olsa da (məsələn, yaxın zamana qədər cinsi əlaqə sadəcə evlilik daxilində qəbul edilirdi), biz asanlıq üçün bütün bu qanunları razılıq yaşı kimi qeyd edəcəyik. Mühüm olan budur ki, bu qanunlar cinsi əlaqəyə girmək üçün aşağı yaş həddini təyin edirlər və biz bu qanunlara baxaraq orta əsrlərdə olan vəziyyəti öyrənmiş olacağıq.

Evlilik yaşı nəyə bağlı olurdu

Ümumiyyətlə, istər qədim dövrdə, istərsə də orta əsrlərdə qadınların ərə getmə yaşı onların menstruasiyasına bağlı olurdu, menstruasiya olan qızlar artıq həddi büluğa çatmış və ailə həyatına hazır olduğu qəbul edilirdi.40 Orta əsrlər Avropa ölkələri arasında qızların cinsi əlaqəyə girmə yaşını məhdudlaşdıran ilk qanun 1275-ci ildə İngiltərədə qəbul edilib. Westminister Statute adlanan bu qanun 12 yaşı cinsi əlaqə üçün aşağı hədd olaraq tanıyır, baxmayaraq ki, nikah bu yaşdan aşağı da bağlanıla bilərdi.41 

Başqa faktlar

Lakin görünən budur ki, bəzi hallarda bu yaşdan aşağı qızlarla da cinsi əlaqədə olanlar olub.42  Xüsusən, onu nəzərə almalıyıq ki, İngiltərədə 1991-ci ilə qədər ailə içində cinsi zorakılığın mövcudluğunu təsdiqləyən bir qanun yox idi.43 Shakespear`ın məşhur Romeo və Culyetasında Culyeta 13 yaşında olub, onun anası isə 26 yaşında. Culyetanın anası onu az qala qarımış qız (old maid) adlandırsın. Bu da bizə İngiltərədə 12-13 yaşlı qızların bu yaşda artıq ailə həyatı qurduğuna işarə edir.44 Bu əsərin baş verdiyi Venesiyanın özünə baxsaq, o zaman orada 18-ci əsrdə belə Casanova`nın 11 yaşlı qızlarla cinsi əlaqədə olduğunu və bununla öz memuarlarında fəxr etdiyini görəcəyik.45

Avropada razılıq yaşı qanunları

Avropanın əksər ölkələrində isə ən azı 18-ci əsrə qədər razılıq yaşı haqqında qanunlar yox idi. Bu isə o deməkdir ki, bu ölkələrdə minimum razılıq yaşı daha aşağı idi.46 İngiltərədə 13-cü əsrdə qəbul edilən qanun 1875-ci ilə qədər qüvvədə olub, belə ki, 1875-ci ildə Offences Against the Person Act`ı ilə bu yaş həddi 13-ə qaldırılmışdır. Sadəcə 10 il sonra isə Crimina Law Amendment Act ilə 16 yaşa qaldırılmışdır. Lakin bu qanuna görə 16 yaşdan aşağı qadınla sadəcə vajinal cinsi əlaqə cinayət hesab edilib, digər cinsi münasiblər üçün isə hədd 12 olaraq qalırdı. Cinsi əlaqə üçün 16 yaş həddi haqqında qanun bugünə qədər İngiltərədə mövcuddur.47 Diqqət yetirdinizsə, 1875 və 1885-ci illərdə qəbul olunan qanunlar arasında sadəcə 10 il fərq var, 10 il qızların həddi buluğa çatmasına təsir göstərməyəcək qədər qısa bir müddətdir. Bunun səbəbini isə aşağıda daha ətraflı ələ alacağıq.

Fransada evlilik yaşı

Fransada razılıq yaşı ilk dəfə Napoleon tərəfindən təqdim edilmişdir. 1791-ci ildə aşağı yaş həddi 11 idi, 1863-də isə 13-ə qaldırıldı. İspaniya, Portuqaliya, İsveç və Danimarka kimi ölkələr də ilk başda yaş həddini 10-12 kimi təyin edir, 19-cu əsrin ikinci yarısında isə 13-16 yaş arasına qaldırır.48

Amerikada razılıq yaşı

Amerika Birləşmiş Ştatlarının da qanunları maraq doğurur. Ştatlar Britaniya koloniyası olduğu üçün Britaniya qanunlarından təsirlənmişdir, lakin burada müşahidə etdiyimiz yaş həddi Britaniyadan daha aşağıdır. 1885-ci ilə qədər əksər ştatlarda qızlar üçün razılıq yaşı 10 idi, bəzi ştatlarda 12, Delaware ştatında isə 7 idi.49 Məsələn, 1689-cu ildə Virginia`da Mary Hathaway William Williams ilə evlənəndə 9 yaşında idi. Biz onun evliliyi haqqında sadəcə iki il sonra boşanma tələb etdiyinə görə bilirik.50 

Holly Brewerin iddiası

Tarixçi Holly Brewer iddia edir ki, əgər Williams Hathaway ilə cinsi əlaqəyə girsə idi hakimlər onun evliliyini ləğv etməyəcəkdilər. Burdan anladığımız budur ki, əslində bu yaşda bağlanılan evliliklər daha çox idi, məhkəmə qeydlərinə düşən sadəcə cinsi əlaqənin olmadığı evliliklərdir, cinsi əlaqənin olduğu evliliklər isə ləğv olunmurdu. Amerikalı yazıçı Washington İrving`in 1849-cu ildə yazdığı kitabda Allah Rəsulunun evliliyini qeyd etdikdən sonra onu nəyə görə tənqid etmədiyini anlamış oluruq.51

Dəyişikliklərin Amerikaya təsiri

Britaniyada baş verən qanun dəyişiklikləri Amerikaya da təsir edir və 1920-ci ilə qədər əksər ştatlarda razılıq yaşı 16-a qaldırılır. Lakin qeyd etmək lazımdır ki, bu qanun qaradərili qul qadınlara və bakirəliyini itirmiş “natəmizlərə” aid deyildi.52 Digər araşdırmaçılara görə isə, Amerikada bu gün də bəzi ştatlarda 12 yaş minimum yaş həddidir (Alabama və Louisiana), digər cənubi ştatlarda isə 13 yaşdır.53  54 Digər Britaniya koloniyası Hindistan da Britaniyada baş verən qanun dəyişikliklərindən təsirlənir və ən aşağı yaş həddi 1891-ci ildə 10-dan 12-ə qaldırılır. Daha doğru desək, Britaniya höküməti onları razılıq yaşını qaldırmağa məcbur edir.55

Razılıq yaşındakı fərqlər

Fikir verirsizsə, Hindistan daha isti və ekvatora daha yaxın ölkə olduğu üçün orada minimum razılıq yaşı Britaniyadan daha aşağı idi. Eyni şeyi digər koloniya – Avstraliya haqqında da deyə bilərik. Hətta Britaniya hökuməti Avstraliya hökumətindən razılıq yaşını qaldırmağı tələb etdikdə, Avstraliya hökuməti bunu etməmək üçün Avstraliyada yaşayan qızların Britaniyaya nisbətdə daha tez “yetişdiyini” dəlil olaraq göstərmişdir.

Müasir zamanda evlilik yaşı

Müasir zamanımıza baxsaq görəcəyik ki, Avropada ən aşağı razılıq yaşı 12 (Malta), ən yuxarı yaş isə 17-dir. Avropa ölkələrinin yarısı 14 yaşda cinsi əlaqəni qanunlaşdırır, 72 faizi ölkələr 15 yaş, 16 yaşda icazə verənlər isə ölkələrin 98 faizidir.56

Evliliyə razılıq yaşı

Razılıq yaşının tarixi olaraq necə olduğunu gördüyümüzdə orta əsrlərdə erkən evliliklərin yetəri qədər normal və adi hal olduğunu görürük. Sırf buna görə də, 20-ci əsrə qədər Aişənin yaşının oriyentalistlər tərəfindən tənqid obyekti olmadığını anlamış oluruq. 1830-cu illərdə Misiri ziyarət edən Britaniyalı etnoqraf E.W.Lane Misir qızlarının 10 yaşında ərə getdiyini gördüyünü deyir, lakin əlavə edir ki, bu qızlar daha soyuq ölkələrdə yaşayan həmyaşıdlarından daha tez həddi büluğa çatır. Təsəvvür edin ki, sadəcə bir əsr sonra Misirdə qadınların artıq sadəcə 10 faizi iyirmi yaşdan tez ərə gedirdilər.57 20-ci əsrin əvvəlində Amerikada ortalama qızlarda ilk menstruasiya 14.5 yaşda baş verirdirsə, bu gün bu göstərici 12.8 yaşa enib.58 Dünya üzərində inkişaf etmiş ölkələrdə isə bu göstərici 12.5-ə düşüb.59 Ortalama həddi büluğ yaşı sadəcə bir əsr boyu bu qədər artıb və ya azala bilirsə 14 əsrin necə təsir göstərə biləcəyini özünüz düşünün.

Coğrafi mövqe

Üstəlik, Ərəbistan ekvatora daha yaxın və daha isti ölkədir və şübhəsiz ki, qadınlar isti ölkələrdə daha tez həddi büluğa çatırlar.60 Jonh Bancroft Aralıq dənizi və ekvatora yaxın yerlərdə yaşayan qızların cənubda və ya şimal ölkələrində yaşayan qızlardan daha tez həddi büluğa çatdığını təsdiqləyir.61 Eyniylə Fritz və Speroff dünyaca məşhur ginekologiya kitablarında da bu həqiqəti təsdiqləyirlər.62 Məsələyə belə də baxa bilərik: bu gün Avropanın şimalında (Böyük Britaniya) razılıq yaşı 16-dır, Avropanın cənubunda isə (Malta) 12-dir, eyni zamanda eyni qitədə fərq 4 yaş təşkil edirsə, o zaman əgər 13-cü əsrdə Britaniyada razılıq yaşı 12-dirsə, ondan 6 əsr öncə ekvatora daha yaxın olan Ərəbistan yarımadasında bu göstəricinin 9 yaş olmasında (fərq 3 yaş) qəribə nə ola bilər?

Bütün bunları dedikdən sonra ümid edirik ki, oxucumuza istər Allah Rəsulunun, istərsə də dünyanın digər yerlərində bağlanılan evliliklərin öz dövrü və öz məkanı üçün qayət adi bir şey olduğu aydın oldu. Hətta Allah Rəsulunu qaralamaqdan başqa məqsədi olmayan islamofob Robert Spencer belə bunu etiraf edir.63 Lakin Spencer Allah Rəsulunun bir model olaraq qəbul olunmasına etiraz edir, çünki o, müsəlmanların bugün də Allah Rəsulunun həyatını ideal həyat hesab edib onun kimi doqquz yaşlı qızlarla evlənəcəklərini iddia edir. Təbii ki, bütün bunlar onun cahilliyindən irəli gəlir.

Lə darara və lə dırara” hədisi

İslam alimləri heç bir zaman Aişənin evliliyini dəlil gətirərək qızların doqquz yaşda ərə verilməsinin nəinki vacib, hətta bəyənilən əməllərdən olduğunu deməyiblər. Üstəlik, alimlərin burada hökm vermək üçün istifadə etdikləri əsil dəlil Allah Rəsulunun “lə darara və lə dırara”64 hədisidir, beləliklə bu hədisdən anladığımız budur ki, bir qadının evlənəcəyi və əri ilə cinsi əlaqədən zərər görəcəyi – istər bədənində fiziki, istər mental zərər olsun – zaman onunla evlənərək cinsi əlaqədə olmaq haram olacaqdır. Əslində vaqiəyə də baxmağımız kifayətdir. Allah Rəsulunun yaşadığı Hicaz cəmiyyətində (müasir Səudiyyə Ərəbistanı) bu gün heç kim qızını doqquz yaşda ərə vermir və heç kimsə bunu Allah Rəsulunun sünnətinə müxaliflik olaraq başa düşmür.

Evlilik yaşı və liberal düşüncə

Bizim zəmanəmizdə orta əsrlərdə baş verən bu evliliklər bizə qəribə gələ bilər. Lakin, biz qətiyyən kor proqressə65 inanan liberal düşüncə ilə yaşayıb özümüzü və öz mənəvi dəyərlərimizi əcdadlarımızın dəyərlərindən daha mükəmməl olmasına inanmamalıyıq, onları isə uşaqlarını sevməyən, onların qayğısına qalmayan vəhşilər kimi görməməliyik. Əksinə, onların erkən evlilikləri öz cəmiyyətlərinə uyğun idi.

Müasir və qədim zamanlar arasındakı fərq

Müasir zamanda biz, uşağın müəyyən yaşa çatdıqda məktəbə gedəcəyini, məktəbdən sonra müəyyən yaşda universitetə başlayacağını, müəyyən yaşda onu bitirib bir-iki il pulsuz könüllü işləyəndən sonra iş tapacağına və sadəcə bundan sonra kifayət qədər maddi imkana sahib olduqdan sonra evlənəcəyini gözləyirik. Evlilik yaşını bunlar və digər faktorlar müəyyənləşdirir. Yeddinci əsr ərəb çöllüyündə yaşayan bir gənc 6, 7 yaşdan başlayaraq valideynləri ilə bərabər işləməyə başlayır, həyatında məktəb, universitet, səyahətlər, konsertlər, kinolar, karyera kimi perspektivləri olmayan bu gənc bir neçə il sonra həddi büluğa çatdıqdan sonra nəyə görə də evlənməməlidir? Min il sonra yaşayacaq nəsillərin onu qınamaması üçün? Anlamağımız lazımdır ki, keçmişdə baş verən erkən evliliklər onların yaşadıqları cəmiyyətin tələb etdiyi idi.

Erkən evliliklərin baş verdiyi cəmiyyətlər

Hətta müasir dövrümüzdə belə erkən evliliklərin baş verdikləri cəmiyyətlərə baxın: kasıb və kənd yerlərində məskunlaşmış cəmiyyətlər! Mütəxəssislərin də dediyi kimi, bu gün bəzi cəmiyyətlərdə mövcud olan erkən evliliklərin əsas səbəbi iqtisadi və sosioloji səbəblərdir: yoxsulluq, digər iqtisadi faktorlar, müharibələr, xəstəliklər, aclıq, qeyri-təhlükəsizlik.66 İnkişaf etmiş kapitalist ölkələr Afrikanın sərvətlərini oğurlayaraq ordakı cəmiyyətləri inkişafdan salır, onları orta əsr standartlarına görə yaşamağa məcbur edir, sonra da onlara erkən evliliklər haqda mənəvi dərs verməyə çalışır.

Yoxsulluq

Yoxsulluq əsas səbəblər arasında qeyd olunur. Eyni səbəbə görə uşaqlar erkən yaşdan ailələrinə yardım etmək üçün işləməyə başlayırdılar (bu gün də başlayırlar). Biz bu gün uşağın işləməsini doğru görməyə bilərik, lakin keçmişdə uşaqların işləmədiyinə görə ailələri aclıqdan əziyyət çəkə və nəhayətində ölə bilərdi. Bu gün inkişaf etməmiş aqrar ölkələrə baxsaq eyni mənzərənin şahidi oluruq. Yeni dövrdən öncə Avropada uşaqlar 7-8 yaşlarından işləməyə məcbur qalırdı.67  Düşünün ki, zamanında dünyanın ən inkişaf etmiş ölkəsi olan Britaniya imperiyasında uşaq əməyini qadağan edən ilk qanun 1833-cü ildə qəbul edilmiş Factories Act idi və bu qanun sadəcə doqquz yaşından kiçik olanları işlətməyi qadağan edirdi.68

Gwen Broudenin dedikləri:

Gwen Broude bunu belə izah edir: “Nəyə görə bir çox mədəniyyətlərdə erkən evliliklər baş verir? Ənənəvi cəmiyyətlərdə uşaqlar həddi büluğa çatmadan öncə fiziki əməyə başlayırlar… Qızlar 7-8 yaşlarında yemək bişirir, toxuyur, bağçılıq ilə məşğul olur, uşaqlara baxır. Bəzi cəmiyyətlərdə hətta 3-4 yaşlı qızlar belə bu işlərlə məşğul olur. Oğlanlar isə, əkinçilik, heyvandarlıq, ovçuluq ilə məşğul olur. Həddi büluğa çatdıqda onlar evli şəxslərə lazım olan bütün bacarıqlara sahib olurlar, beləliklə evlilik onlar üçün olduqca real seçim olur… Evliliyi gecikdirən cəmiyyətlərdə də (gecikdirmənin) əsas səbəbi iqtisadi faktorlardır…”69

Resurs qıtlığı

Həmçinin, evlilik yaşına gəlmiş və evdə qalan qız ailəsinin resurslarını tükədir və onlara fayda vermirdi, buna görə də ərə getməsi onun üçün daha məqsədəuyğun idi.70 Bəzən kasıb ailələr qızlarına layiq olduğu yaşayışı təmin edə bilmədikləri üçün onları ərə verirdilər ki, təzə ailələrində daha yaxşı həyat yaşasınlar.71 

Hazırkı və keçmiş standartların müqayisəsi

21-ci əsr standartlarımızı keçmiş zamana tətbiq edib uşaqların işləməsini qadağan etsək orta əsr insanlarını acından ölməyə məhkum edərdik. Bütün bunları gözardı edib əcdadlarımızı mənəviyyatsızlıqda ittiham etmək isə cahillikdən başqa bir şey deyildir. O zamanın uşaqları tez böyüməyə sadəcə məcbur idilər. Bioarxeoloq Mary Lewis bu səbəbləri nəzərə alaraq  “Aydın olan budur ki, biz, anlayışımızda olan uşaqlıq konseptini keçmişə tətbiq edə bilmərik.” – deyir.72

P.S.

Müzakirə etdiyimiz məsələ ilə əlaqəsi olduğu üçün mühüm bir nöqtəyə işarə etmək istəyirik. Yazıdan da anlaşıldığı kimi ingilis qanununa əsasən 1285-ci ildən 1875-ci ilə qədər razılıq yaşı 12 idi, 1875-ci ildə bu hədd 13 yaşa qaldırıldı, cəmi 10 il sonra isə 16 yaşa çatdırıldı. Təbii ki, 10 il qızların cinsi həyata hazır olmasına təsir etməyəcək qədər qısa bir müddətdir. Buna görə də bu dəyişikliyin səbəbini başqa yerdə axtarmaq lazımdır.

Səbəb

Səbəbini anlamaq isə asandır. Böyük Britaniya, sənaye inqilabının baş verdiyi, kapitalizmin və kapitalizmin inancı olan klassik liberalizmin yarandığı, güclü şəkildə inkişaf etdiyi ilk ölkədir. Kapitalizm isə daim var-dövlətin cəm olduğu mərkəzin və kasıbçılıq içində yaşayan periferiyanı yaradır. Bizim dövrümüzdə qərb liberalizmi bütün dünyaya yayıldığı üçün sənayeliləşmiş varlı qərb ölkələri mərkəzə, kasıb Afrika, Asiya ölkələri isə periferiyaya çevirilmişdir. 19-cu əsrdə klassik liberalizm Britaniyada pik nöqtəyə çatdığı zaman britaniya cəmiyyəti özü iki yerə bölünür: həddindən artıq varlı kapitalist təbəqə və həddindən artıq kasıb işçi təbəqəsi. Hamımız kinolarda və ya tarixi kitablarda 5-6 yaşlı uşaqların, hamilə qadınların uzun saatlar fabriklərdə çalışdığını görmüşük. Təbii ki, kasıbçılığın yayğın olduğu yerdə ac qalan qadınların bir qismi acından ölməmək üçün fahişəlik ilə məşğul olmağa məcbur olurlar, fahişəlik ilə məşğul olan qadınlar arasında yeniyetmə qızlar da olurdu.73

“Saflıq Hərəkatı”

19-cu əsrin sonlarında Britaniya cəmiyyətində mənəvi böhranın qarşısını almaq üçün “Saflıq hərəkatı” (Purity movement) ərsəyə gəlsə də, fahişəlik ümumən cəmiyyətdə açıq aydın müzakirə edilmirdi. Bu hal Pall Mall Gazette`nin redaktoru W.T.Steadın ümumi olaraq “The Maiden Tribute of Modern Babylon” adlı məqalələrini dərc edənə qədər davam edir. Bu məqalələrdə Stead Londonun mərkəzində gənc (14 yaşdan aşağı) bakirə qızların satılmasını cinsi köləlik kimi vəsf edir və beləliklə ictimai qınaq yaranmasına səbəb olur, sonda parlamentin 1885-ci ildə razılıq yaşının 16-ya qaldırılması haqda qanun qəbul edilməsinə gətirib çıxarır.74

Amerikan cəmiyyəti

Amerikan cəmiyyətində də eyni səbəbləri müşahidə edə bilərik. Lakin tarixçi Mary E. Odem burada digər səbəbi də qeyd edir. Kapitalist quruluşu altında işçi sinfinə aid olan gənc qızların ailəsindən maddi müstəqillik qazandığı, işdən sonra ailəsindən və qonşuların nəzərindən uzaq olaraq rəqs klublarında, kinoteatrlarda gənc oğlanlarla görüşdüyünü və ailədənkənar cinsi həyat yaşadığını qeyd edir. Buna reaksiya olaraq Amerikada 1885-1920-ci illərdə razılıq yaşı qaldırılır.75

Xristian mənəviyyatı

Həm Britaniya, həm də Amerika təcrübələrində maraqlı bir nöqtə vardır. “Saflıq hərəkat”larının başında feministlər, bəzən isə sekulyarlar olmasına baxmayaraq, cəmiyyətin ailədənkənar cinsi əlaqəyə və gənc qızların fahişəliyinə qarşı mənfi münasibəti Amerika və Britaniya cəmiyyətinin mənəviyyatını təşkil edən xristian mənəviyyatı dururdu.76

Müasir liberalizm və erkən evlilik

Bunu anlamaq çətin deyildir. İlk növbədə erkən liberalizmin bir çox görkəmli nümayəndəsi xristian olub. İkinci məsələ isə budur ki, müasir liberal düşüncəyə görə gənc qızların ailədənkənar cinsi həyat yaşamasında heç bir sıxıntı yoxdur, bu onların təbii haqqıdır. Cinsi əlaqəyə məcbur edilmədikləri müddətdə ailə, cəmiyyət, dövlət onların şəxsi azadlıqlarını məhdudlaşdıra bilməz.

İyirminci əsrin liberalları

Buna görə də iyirminci əsrin ikinci yarısından biz liberalların tamamilə əks istiqamətdə çalışdığını görürük. Cəmiyyət 19-cu əsrin sonunda razılıq yaşının qaldırılması, ailədənkənar və homoseksual əlaqələrə qarşı idilərsə, bu gün razılıq yaşının azaldılması və homoseksual əlaqələrin qanunlaşdırılması liberalların əsas proqramına çevirilib.77 Ailədənkənar cinsi əlaqədən isə söz belə açmırıq. Ən son araşdırmalarında isə hətta gənc oğlan uşaqların kişilərlə homoseksual əlaqədə olmasında oğlanların sağlamlığına nə fiziki, nə də mental zərər verilmədiyi nəticəsinə gəlib çıxıblar.78

Nəticə

Bütün bu dediklərimizdən iki nəticə çıxarırıq:

1) On doqquzuncu əsrin sonunda qəbul edilmiş razılıq yaşı qanunlarının əslini xristian mənəviyyatı təşkil edir, bu qanunlar sadəcə və sadəcə qızları qorumaq, cəmiyyətin mənəviyyatını mühafizə etmək üçün qəbul edilmişdir. Bu, bizə İslam alimlərindən birinin “dünyada var olan bütün xeyir nübuvvətlərdən qalan qalıqlardır” sözünü xatırladır.

Kapitalizmin və ya liberal düşüncə qadınları qoruyurmu?

2) Kapitalizmin və ya liberal düşüncənin qızları qorumaq ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Allah Rəsuluna qarşı bu şübhəni əsasən ateist və ya liberallar tərəfindən atılmasını gözləyirik. Xristian və ya yahudi tarixində erkən evliliklərin sayı hesabı yoxdur. Ateistlərin bu cür şübhə ilə çıxış etməsi isə paradoksdur. Ateist dünya görüşünə görə ümumiyyətlə dünyada heç bir mənəvi dəyər yoxdur, mənəviyyatı əsaslandırmaq üçün heç bir ontoloji əsas yoxdur. Liberal dünya görüşü də həmçinin.

Liberal düşüncə və erkən evlilik

Bu gün doqquz yaşlı bir qız cinsi əlaqədə olmaq istədiyini deyərsə, bir liberal hansı haqla onun “azadlığına” mane ola bilər, qızın şəxsi həyatına daxil olmaq üçün hansı əsası gətirə bilər? Liberal inancına bağlı olan şəxs belə bir əsasın olmadığını etiraf etməlidir. Əgər liberal qızın öz məsləhətini bilmədiyini iddia edəcəksə, o zaman nəyə görə Aişənin evliliyində onun üçün nəyin daha xeyirli olduğunu qərarını Aişənin valideynlərinə həvalə etmək istəmir? Yoxsa nəyin xeyir, nəyin zərər olduğunu sadəcə liberallar bilir? İnancı belə olan insanlar hansı haqla Allah Rəsulunda eyib tuta bilirlər?!

 www.islamevi.az saytından götürülmüşdür.

Dipnotlar

  1. Bu vəsflər qətiyyən möminlərin anası Xədicə bint Xuveylid üçün eyib deyildir, lakin qayəsi şəhvət olan birisi çətin ilk evliliyini belə edərdi.
  2.  İbn Qeyyim Cövziyyə, 1994, Zədul Məad, Muəssəsətur Risələ, Beyrut, səh. 102.
  3. Siratun Nəbəviyyə libni Hişəm, 1955, Şərikə Məktəbə Və Mətbəə Mustafa Əlbəbi Əlhələbi va Əvlədih, Misir, səh. 295.
  4. Əbu Zuhrata, Muhammad ibn Əhməd,  h. 1425, Xatəmun Nəbiyyin, Darul Fikril Arabi, Qahirə, p. 1097; M. Watt, Muhammad at Medina, p. 309.
  5. Səhih Buxari, h. 1422, Dar Tuq Nəcət, 3894.
  6. Səhih Muslim, Kitəbu fədəil səhabəti, babu min fədaili nisai qureyş.
  7. Zəhəbi, Siyər A`ləm Nubələ, Darul Hadis, Qahirə, 3c. Səh. 462.
  8. Ibid, 3c. Səh. 428.
  9. Dante “İlahi Komediyada” Allah Rəsulunu Cəhənnəmin səkkizinci qatında təsvir etmişdir.
  10. 1200-1259 İngilis tarixçisi.
  11. 1648-1724, İngilis oriyentalisti, ən məşhur əsərlərindən biri “Life of Mahomet” (1697) adlı kitabdır.
  12. 1678-1720, Britaniyalı oriyentalist, onun “The History of the Saracens” adlı kitabı uzun zaman Avropada çox yüksək reputasiyaya sahib idi.
  13. 1694-1778, fransız yazıçısı, tarixçisi və fəlsəfəçisi, o 1741ci ildə “Mahomet” adlı tamaşa yazmışdır.
  14. 1737-1794, İngilis tarixçisi, o özünü 6 cildlik “The History of the Decline and Fall of the Roman Empire” adlı kitabında Allah Rəsulunu və İslamı da tənqid edir.
  15.  1796-1859, Amerikalı bibliyaçı 1831-ci ildə “The Life of Mohammed: Founder of the Religion of Islam, and of the Empire of the Saracens” adlı kitabını nəşr edir.
  16. 1783-1859, Amerikalı yazıçı, bioqraf və tarixçi, 1849cu ildə “Mahomet and His Successors” adlı kitabını nəşr edir.
  17. 1819-1905, şotlandiyalı oriyntalist, 1861ci ildə əsas əsri olan “The Life of Mohammed” adlı kitabını nəşr edir.
  18. 1842-1922, ingilis oriyentalisti, “Half Hours with Mohammad” kitabının müəllifi.
  19. Allah Rəsulunun xanımlarının sayında hikmətləri vardır. Yazının məqsədi bu olmadığına görə onlardan sadəcə bir neçəsini qısa olaraq qeyd edək: a) elmin yayılması, beləki insanın xanımı ona ən yaxın olan adamdır, o istər ümumi, istərsə də başqalarının görmədiyi və ya soruşmağa utandığı məsələləri daha yaxşı öyrənir. Allah Rəsulunun bir neçə xanımı şübhəsiz ki, bir xanımdan daha çox insanı öyrədə bilər və beləliklə İslam əhkamları daha çox insana çatmış olar; b) ictimai məsləhət, beləki Allah Rəsulunun bəzi evlilikləri onun ərəb cəmiyyətini birləşdirməsində mühüm rol oynamışdır; c) siyasi hikmət, misal üçün, Allah Rəsulu Cuveyriyyə bint Haris ilə evlənir, buna görə də müsəlmanlar Cuveyriyyənın qövmündən əllərinə düşən bütün əsirləri azad edirlər.
  20. Draycott, G. M. Mahomet: Found er of Islam. New York: Dodd, Mead and Company, 1916, pp. 95-182, 96, 102.
  21. Lesley Hazleton, 2013, The First Muslim, New York, Riverhead Books.
  22. Maxime Rodinson, 1971, Mohammed, Penguin Press
  23. Betty Kelen, 1975, Muhammad, The Messenger of God, p. 77; Kelen burada qızların Aişənin yaşında ərə getdiyini sui-istifadə olaraq görməyin xəta olduğunu qeyd edir, çünki bu, o vaxtki ərəb cəmiyyətinin adəti idi.
  24. Clinton Bennett, 1998, In Search of Muhammad, London, Cassel, p. 260.
  25. Tamam Kahn, 2010, Untold: A History of the Wives of Prophet Muhammad, New york, monkfish Book Publishing Company, p. 37.
  26. Emile Dermenghem, 1930, The Life of Mahomet, George Routledge & Sons. Ltd. London, pp. 161-162.
  27. Annemarie Schimmel, 1985, And Muhammad Is His Messenger, The University of North Carolina Press, p. 25.
  28. Nabia Abbot, Aishah The Beloved of Mohammed, The University of Chicago Press, Chicago, p. 6.
  29. Ockley, Simon, 1847, History of the Saracens: Lives of Mohammed and His Successors. London: Henry G. Bohn, p. 19.
  30. Prideaux, Humphrey, 1723 (1697) The True Nature of Imposture Fully Displayed in the Life of Mahomet, 8th ed. London: E. Curll, p. 41.
  31. Bush, George, 1837, The Life of Mohammed: Founder of the Religion of Islam, and of the Empire of the Saracens. New York: Harper and Brothers.
  32. Washington Irving, Mahomet and His Successors, The Co-Operative Publication Society,  p. 112.
  33. Cathy Hartley, A Historical Dictionary of British Women, 2003
  34. https://warwick.ac.uk/fac/arts/history/ecc/emforum/projects/brieflives/george_berkeley_8th/
  35. Reilly, Bernard F., 1982, The Kingdom of Leon-Castilla under Queen Urraca. New York: Princeton University Press; Theresa Earenfight, 2013, Queenship in Medieval Europe, Palgrave Macmillian, p.161
  36. Elena Woodacre, 2013, The Queens Regnant of Navarre, Palgrave Macmillian, New York, p. 32; Elizabeth A.R. Brown, “The Prince is Father of the King: The Character and Childhood of Philip the Fair of France,” Mediaeval Studies 49, 1987, p. 330
  37. Béatrice Leroy, “Les débuts de la dynastie d’Evreux en Navarre: des experiences mutuelles, de nouvelles situations,” En la Espa a Medieval 1994, 17
  38. Karen Green, Constant J. Mews, 2011, Virtue Ethics for Women 1250–1500, Springer, p. 46
  39. Belə bir etirazın olacağını gözləyirik: burada qeyd olunan bütün evliliklər kral və zadəgan təbəqəsində baş verən evliliklərdir, bu evliliklər isə dövlətlər arası siyasət üçün bağlanılırdı. Cavab olaraq deyəcəyik ki, bəli, həqiqətən qeyd etdiyimiz bu evliliklərin əksəriyyəti hakim təbəqənin evlilikləridir. Lakin çıxarılan nəticə yanlışdır, bunu anlamaq üçün iki nöqtəyə diqqət etməniz lazımdır: 1) tarix kitablarında, tarixi arxivlərdə qeyd olunan və bizə çatan evliliklərin əksəriyyəti bu təbəqənin evlilikləridir, çünki adi kəndlilərin həyatını heç kim tarixi mənbələrə adbaad daxil etmirdi, onların evlilikləri haqqında biz sadəcə ümumi məlumatlara sahibik. 2) əslində evliliyin hansı təbəqədə baş verməsinin və onun səbəbinin heç bir önəmi yoxdur. Qeyd etdiyimiz evliliklərin erkən baş verməsi bizə o dövrdə erkən evliliklərin kifayət qədər normal bir şey olduğuna işarə edir. Əgər zadəgan təbəqəsinin evlənmək səbəbi siyasət idisə, kasıb təbəqənin də öz səbəbləri var idi və biz bu səbəbləri irəlidə qeyd etmişik. Burdan aldığımız nəticə evliliyin səbəbləri deyil, erkən evliliklərin baş verməsidir və cəmiyyətdə normal qarşılanmasıdır. Üstəlik, biz bu etirazı gözlədiyimizə görə növbəti paraqrafdan etibarən qərb ölkələrində mövcud olan “razılıq yaşları” haqda söhbət açırıq. Bu qanunlar isə universal xarakter daşıyır və bütün vətəndaşlara şamil edilir.
  40. Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 95
  41. Temkin, J., 2002, Rape and the Legal Process, second edition, Oxford: Oxford University Press, p. 137
  42. Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 95
  43. Temkin, J., Rape and the Legal Process, p. 75
  44. Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 96
  45. Larry Wolff, Child Abuse, Encyclopedia of Children and Childhood In History and Society, p. 142
  46. Graupner, H., 2000, Sexual Consent: The Criminal Law in Europe and Overseas’, Archives of Sexual Behavior, Vol. 29, no. 5, p. 419
  47. Matthew Waites, 2005, The Age of Consent: Young People, Sexuality and Citizenship, Palgrave Macmillian, p. 68
  48. Stephen Robertson, Age of Consent Laws, http://chnm.gmu.edu/cyh/teaching-modules/230
  49. Cocca C.H., 2004, Jailbait: The Politics of Statutory Rape Laws in the United States, New York: State University of New York Press, p. 23-24; Anthony and Harper, eds., state reports on legislative action and laws, in History of Woman Suflage, 4465-1011; Pivar, Purity Crusadepp. 141-43; Benjamin DeCosta, “Age of Consent Laws-1886,” Philanthrupist, February 1886, p. 5; Leila Robinson, “Age of Consent Laws-1889,” Woman’s Journal, April 5,1889, p. 105
  50. Vern L. Bullough, Age of Consent, Encyclopedia of Children and Childhood In History and Society, p. 96
  51.  Washington Irving, Mahomet and His Successors, The Co-Operative Publication Society,  p. 112
  52. Cocca C.H., Jailbait: The Politics of Statutory Rape Laws in the United States, p. 16-24
  53. Graupner, H., Sexual Consent: The Criminal Law in Europe and Overseas, p. 448-449
  54. Qanunda olan fərqliliklər

    Bəlkə də bəziləriniz bugünkü qanunlar haqda araşdırmaçıların necə ixtilaf edə biləcəyinə təəccüblənirsiz. Məsələ budur ki, Amerika ştatlarının qanunlarında və onların interpritasiyasında bəzən ciddi nöqsanlar ola bilir. Düşünün ki, Missisipi ştatında qanunda olan xətaya görə quldarlıq rəsmi olaraq sadəcə 2013-cü ildə ləğv olunmuşdu.

  55. Whitehead, J., 1996, Bodies of Evidence, Bodies of Rule: The Ilbert Bill, Revivalism, and the Age of Consent in Colonial India, Sociological Bulletin: Journal of the Indian Sociological Society, Vol. 45, no. 1, March, pp. 29–54
  56.  Graupner, H., Sexual Consent: The Criminal Law in Europe and Overseas, 416-424
  57. Beth Baron, Making and Breaking Marital Bonds in Modern Egypt, p. 282
  58. C. Northrup, 2006, Mother Daughter Wisdom, Random House Publishing Group, p. 429
  59. John Bancroft, Human Sexuality and Its Problems, Churchill Livingstone, p. 191
  60. C. Northrup, 2006, Mother Daughter Wisdom, p. 429
  61. John Bancroft, Human Sexuality and Its Problems, p. 191
  62. Marc A. Fritz and Leon Speroff, 2011 Clinical Gynecologic Endocrinology and Infertility, p. 401. Həmçinin bax: A.E.Aronson and Diane M. Bless, 2009, Clinical Voice Disorders, Thieme, p. 16; və J.S. Berek and E.Novak, 2007, Berek and Novak`s Gynecology, Lippincott Williams and Wilkins, p. 992
  63.  Robert Spencer, 2006, The Truth About Muhammad, Washington, Regnery Publishing, p.170
  64. Bu hədisin mənası başqasına edilən istənilən növ zərərin haram olmasıdır.
  65. Burada proqresdən qəsd etdiyimiz tətbiqi elmlərin və texnologiyanın inkişafı deyildir, heç bir şübhə yoxdur ki, hər yeni nəsil əvvəlki nəsillərin topladıqları elmi inkişaf etdirərək irəli gedir və bu yöndən proqresə uğrayır. Liberal düşəncədə proqres sadəcə bu deyil, əksinə onlar bəşəriyyətin texnoloji baxımdan inkişaf etdiyinə görə yeni nəsillərin mənəvi baxımdan da inkişaf etdiyinə inanırlar. Ona görə də biz bu inancı “kor” sözü ilə vəsfləndirmişik, çünki elmin inkişafı ilə mənəviyatın inkişafı arasında heç bir məntiqi bağlılıq yoxdur.
  66. UNFPA, 2012 Marrying Too Young
  67. Anthony Giddens, 2009, Sociology, Polity Press, Cambridge, p. 345
  68. Matthew Waites, The Age of Consent, p. 61
  69. Gwen J. Broude, 1994, Marriage, family, and relationships: a cross-cultural encyclopedia, ABC-Clio, Santa Barbara, California, pp. 199-200
  70.  U.S. Department of State, Targeting Girls in the Name of Tradition
  71. Nour, 2009, Child Marriage: a silent health and human rights issue, 51-56
  72. Mary Lewis, 2009, The Bioarchaeology of Children: Perspectives from Biological and Forensic Anthropology, New York: Cambridge University Press, p. 4
  73. Klassik liberalizm haqqında məlumat almaq üçün bax: Andrew Heywood, 2017, Political Ideologies, An Introduction, London, Palgrave, pp. 54-106; Bellamy, R., Liberalism and Modern Society: An Historical Argument (1992); Fawcett, E., Liberalism: The Life of an Idea (2015); Gray, J., Liberalism, 2nd edn (1995); Kelly, P., Liberalism (2005).
  74. Walkowitz, J.R., 1992, City of Dreadful Delight: Narratives of Sexual Danger in Late-Victorian London, London: Virago pp. 81-134
    Weeks, J. 1989, Sex, Politics and Society: The Regulation of Sexuality since 1800, second edition, London: Longman, p. 88
  75. Mary E. Odem, 1995, Delinquent daughters: protecting and policing adolescent female sexuality in the United States, 1885-1920, Norht Carolina University Press
  76. Mason, M.,1994, The Making of Victorian Sexual Attitudes (Oxford: Oxford UniversityPress); Mary E. Odem, 1995, Delinquent daughters: protecting and policing adolescent female sexuality in the United States, 1885-1920
  77. Matthew Waites, The Age of Consent pp. 119-158
  78. Bu araşdırmalar üçün bax: Sandfort, T., 1982, The Sexual Aspect of Paedophile Relations: The Experience of Twenty-five Boys, English edition (Amsterdam: Pan/Spartacus); Sandfort, T., 1982, The Experience of Boys in Paedophile Relationships, Amsterdam: Pan Spartacus; Yuill, R., 2004, Constructing a Radical Framework for Navigating the Contested Narratives on Male Age Discrepant/Intergenerational Sexualities and Relationships (MADIS), unpublished conference paper delivered to Irish Postgraduate Sociology Conference, Belfast, April