Nübuvvət Arqumenti: Yanlışlana biləcək iddialar

Şübhəsiz ki, İlahi vəhyin doğruluğunun ən böyük dəlillərindən biri gələcək haqda verilən xəbərlərdir. Əksər hallarda verilən belə xəbərlərin həmin anda yanlışlanma ehtimalı olmamasına baxmayaraq onların bəziləri bu cəhətdən digərlərindən fərqlənir.. 

Məsələn, Məsəd surəsində Peyğəmbərin əmisi Əbu Ləhəb və onun xanımının iman gətirmədən kafir olaraq öləcəyi və cəhənnəmə gedəcəkləri açıq bir şəkildə qeyd edilir. Bu ayə Əbu Ləhəb ölüm döşəyində ikən enməmişdi, tam əksinə, onun ölümündən 9 il əvvəl nazil olmuşdu. Belə bir məqamda təəccüblüdür ki, Əbu Ləhəbin ayə endikdən sonrakı doqquz ili ərzində bu ayələrin oxunmasını eşitməsinə baxmayaraq, o, Quranı və peyğəmbərliyi gözdən salmaq üçün potensial qızıl fürsətdən istifadə edə bilmədi. Əgər Əbu Ləhəb sadəcə olaraq, hətta səmimiyyətlə olmasa belə, iman etdiyini desəydi, bu, Vəhyin həqiqətini ciddi bir şəkildə şübhə altına ala bilərdi.  Ancaq nə o, nə də xanımı bunu edə bildi. 

Üstəlik Əbu Ləhəb davamlı olaraq Peyğəmbərə qarşı mübarizə aparan biri idi. Əgər Peyğəmbəri biri ilə söhbət edən görərdisə, onların yanına gedər, Peyğəmbərin dediklərini yalanlayar, həmin şəxsin nəzdində vəhyi etibarsızlaşdırmağa çalışardı. Yəni normalda hər hansısa bir mənfəət üçün peyğəmbərlik iddia edən saxtakar biri yanlışlanma qorxusu ilə belə bir şəxs haqqında heç vaxt heç bir iddia irəli sürməzdi. 

Qeyd etdiyimiz bu məlumatların fonunda Dr. Gary Miller’in verdiyi sualı sizə ünvanlamaq istəyirik:

“Əgər O, həqiqətən Allahın Peyğəmbəri olmasaydı, Əbu Ləhəbin Quran vəhyinə uyğun davranacağına, yəni iman etməyərək öləcəyinə necə əmin ola bilərdi? Necə ola bilərdi ki, o, peyğəmbərlik iddiasını çürütmək üçün Əbu Ləhəb kimi birinə on il vaxt verəcək qədər özündən arxayın olsun?!1

Dipnotlar

  1. Dr. Gary Miller – The Amazing Quran, p 30