Petra həqiqətən də orijinal Məkkə şəhəridirmi?

Müsəlmanlar artıq min ildən çoxdur ki, Məkkəni ən müqəddəs məbədləri olan Kəbənin yerləşdiyi yer kimi hörmətlə anırlar. Qərb elmi dairələri də yaxın keçmişə qədər ənənəvi müsəlman mənşə narrativini – Məhəmməd Peyğəmbərin ərəbistanda fəaliyyətinə başlama hekayəsini – qəbul edirdi. Lakin 1970-ci illərin sonlarında John Wansbrough və onun iki tələbəsi, Patricia Crone və Michael Cook, İslamın mənşəyinə dair tamamilə fərqli yanaşmanı müdafiə edən kitablar nəşr etdirdilər.1

Patricia Crone və Michael Cook 1977-ci ildə birgə yazdıqları “Hagarism: The Making of the Islamic World” kitabında, İslamın erkən tarixinə dair alternativ bir yanaşma təklif etdilər. Onlar ənənəvi İslam tarixşünaslığını, erkən dövrdə yazılmış qeyri-müsəlman mənbələri və tarixi materiallarla şübhə altına aldılar. Crone və Cook’un fikrinə görə, İslamın ortaya çıxışı Nabatiya və Levant coğraficası ilə daha çox bağlı ola bilərdi. Onlar, ənənəvi tarixşünaslığı tənqid edərək, Məkkənin İslamdan əvvəl böyük bir ticarət mərkəzi kimi təqdim edilməsinə skeptik yanaşırdılar. Bununla birlikdə, onlar Petra’nı həqiqi Məkkə kimi təklif etmirdilər, sadəcə olaraq İslamın erkən tarixinin daha gəniş bir coğrafi kontekstdə baş verə biləcəyini irəli sürmüşdülər. Bəzi məsələlərə görə, bu revizionistlər Məkkənin İslamın doğulduğu yer olmadığını və onun Yer kürəsinin Bərəkətli Hilal (Fertile Crescent) adlanan bölgəsində2 yerləşdiyini iddia edirdilər. Hərçənd Patricia Crone və Michael Cook sonradan kitablarında irəli sürdükləri bu nəzəriyyədən imtina etdilər. Qərb İslamşünaslarının əksəriyyətində belə radikal şübhələrdən uzaqlaşmaq meyli olsa da, qırx il sonra bəzi qeyri-ciddi şəxslər hələ də Kəbənin əslində Məkkədə olmadığı fikrini müdafiə edirlər.

Bu revizionistlərdən bəziləri Kəbənin Petra və ya onun yaxınlığında olduğunu iddia edirlər, digərləri isə dəqiq bir yer haqqında spekulyasiyadan çəkinirlər. Bunların başında gələn Dan Gibson, İslam tarixinin coğrafi və arxeoloji aspektlərini araşdıran qeyri-akademik bir araşdırmaçıdır. O, 2011-ci ildə nəşr etdirdiyi “Quranic Geography” kitabında Petra’nın İslamın ilk mərkəzi və həqiqi Məkkə ola biləcəyini iddia etdi. Gibson bu nəzəriyyəsini daha sonra 2017-ci ildə nəşr olunan “Early Islamic Qiblas” kitabında ətraflı şəkildə şərh etməyə çalışdı. Bu düşüncə, həmçinin, sənədli film rejissoru Tom Hollandın əsərləri3 vasitəsilə Qərbdə daha geniş bir auditoriyaya çatmağa başlayıb. Müsəlmanların gün ərzində dəfələrlə Məkkədəki Kəbəyə tərəf yönələrək ibadət etdiklərini nəzərə alsaq, bu nəzəriyyənin mənası ondan ibarət ola bilər ki, müsəlmanlar ən tez-tez yerinə yetirdikləri ibadət aktında yanılıblar və yanlış istiqamətə üz tuturlar. Son zamanlar bu fikri şiddətlə müdafiə edən xristian missioner Jay Smith sayılır.

Revizionistlər nəzəriyyələrini dəstəkləmək üçün müxtəlif dəlillər irəli sürürlər:

  • Quranda verilən məlumatlar
  • Erkən yazılı mənbələr
  • Hədislərdə Məkkə haqqında məlumatlar
  • Arxeoloji qeydlər
  • Əl-Təbərinin tarixi məlumatları
  • Məkkənin coğrafi şəraiti

Qeyd etmək vacibdir ki, qədim tarix heç vaxt tam sübutlarla dəstəklənmiş qəti qərar təklif etmir. Bunun əvəzinə, nəticələri əldə etmək üçün mövcud sübutların üstünlüyünə əsaslanmalıyıq. Bu altı sübut xəttindən əlavə, erkən müsəlman icmasının mənşəyini əsl doğulduğu şəhərdən başqa bir şəhərə dəyişməsinin nə dərəcədə məntiqli olduğunu nəzərdən keçirmək vacibdir. Bir çox revizionistlər iddia edirlər ki, müsəlmanlar bu dəyişikliyi İslamın klassik dövründə siyasi səbəblərdən etdilər. Lakin İslamın Məkkədə deyil, Petra və ya Nabatiyanın başqa bir yerində meydana gəldiyi fikri nə qədər inandırıcıdır?

Qurandakı Məlumatlar

Qurandakı sübutlarla bağlı olaraq Məkkənin yalnız bir dəfə adının çəkilməsi (Quran 48:24) bəzi şübhələr doğura bilər. Bu, məsələn, Yeni Əhdi-Cədiddə Yerusəlimin təxminən 180 dəfə adının çəkilməsi ilə müqayisədə az görünür. Lakin Qurani-Kərim və Əhdi-Cədid tamamilə fərqli janr və məqsədlərə malik kitablardır. Müqayisə üçün qeyd edək ki, Quranda müasir coğrafi yerlərin adları çox az çəkilir və heç biri bir neçə dəfədən çox qeyd edilmir. Əksinə, Yeni Əhdi-Cədid bir çox şəhər və coğrafi ərazi haqqında dəfələrlə bəhs edir. Həmçinin, Quranda Muhəmmədin adı yalnız dörd dəfə çəkilir, halbuki Əhdi-Cədiddə İsanın adı min dəfədən çox qeyd edilir. Buna görə də Quranda Məkkənin adının çəkilməsi onun öz hekayəsi ilə əlaqəli olduğu qədər əhəmiyyətlidir. Adının Quranda bir dəfə keçdiyi və Petra şəhəri olduğu iddia olunan əl-Rəqim isə yalnız tarixi hadisə kontekstində qeyd edilir, lakin bu, Muhəmmədin dinləyicilərinin yaxınlığında yerləşdiyini göstərən heç bir məlumat təqdim etmir. Bəzi alimlər düşünür ki, Qurandakı digər məlumatlar İslamın Nabatiyada meydana gəldiyini göstərir. Bu iddianı dəstəkləmək üçün onlar aşağıdakıları misal gətirirlər:

-Sodomun yeri və Quranın xitab etdiyi şəxslərin o yerə yaxınlığı

-Quranda bəhs edilən heyvanlar

-Quranda qeyd edilən meyvələr

Lakin bu iddiaların tutarlığı Quran mətnlərini necə anlamağımızdan asılıdır. Quranın 37:137 ayəsini hərfi mənada başa düşmək Quranın muxatabları olan şəxslərin Sodomun Nabatiya xarabalıqlarından gündə iki dəfə keçdiyini göstərir. Ancaq belə bir hərfi oxunuş hətta Petra şəhərini də istisna edir, çünki Petra Ölü Dənizin cənub ucundan təxminən 80 kilometr məsafədədir. Bu qədər məsafəni bir gündə gedib gəlmək o dövrdə mümkün deyildi. Daha sərbəst oxunuş bu xarabalıqları Quran muxatablarının tanıdığı Suriya karvan yollarının yaxınlığında yerləşdirir.

Quranda 80:24-32 və Məkkə ilə bağlı digər yerlərdən Allahın “ənam” (bəzən “iri başlı heyvanlar” kimi tərcümə edilir) təqdim etdiyi deyilir ki, bu da Məkkənin iqlimi ilə uyğun gəlmir. Ancaq “ənam” həmçinin “dəvələr” kimi də tərcümə edilə bilər ki, bu, dəvə ticarəti və otlaq yerləri ilə məşğul olanlar üçün uyğun ola bilər. Eyni zamanda 6:136-139 ayələri Muhəmmədin rəqiblərinin əkinçi olduğunu göstərir. Bu məlumatlar Məkkədən 87 kilometr aralıda yerləşən Taifdəki müşriklərin məşğuliyyətləri ilə əlaqələndirilə bilər. Taif üzüm, nar və əncir kimi məhsulları ilə tanınır. Zeytun isə yalnız Yəmən və Nabatiya-Fələstin kimi ərazilərdə yetişə bilərdi. Beləliklə də Qurandakı çoxlu sayda aqrar məzmun Hicaz mənşəyi ilə uyğunluq təşkil edir. Üstəlik müsəlmanlar Quranın Allahın göndərdiyi kitab olduğuna inandıqları üçün içindəki mətnlərin müəyyən bir coğrafiya ilə məhdudlaşması şərt deyildir, müzakirəsi gedən coğrafiyaya yad vəsflərin zikr olunması və mətnlərin universal mənalar ifadə etməsi də mümkündür.

İslamın başladığı coğrafiyanın Hicaz bölgəsi olduğunu Quranın daxili analizi də dəstəkləyir. Quranın işlətdiyi ərəb dili heç bir şəkildə indiki İordaniya və ya Suriya ərazilərində yaşamış və nabati mədəniyyətini təmsil edən ərəblərin dilini əks etdirmir. Əksinə Quranın dili cənubi ərəb dili növünə aid edilir. Hələ 1938-ci ildə “The Foreign Vocabulary of the Qur’an” (Quranın Əcnəbi Mənşəli Sözləri) kitabında Arthur Jeffery Qurandakı ərəb dilində əcnəbi mənşəli sözlərin yoğun bir şəkildə həbəş dilindən gəldiyinə diqqət çəkirdi. Bu isə tarixən Həbəşistan və Yəmən ərazilərinin təsiri altında olmuş bir bölgəyə işarə edir. İslamın başlanğıcı iddia olunduğu kimi Petra şəhərində və ya ümumiyyətlə həmin coğrafiyada olsaydı Qurandakı ərəbcənin daha çox yunan və roma dillərindən təsirlənmiş olduğunu görməyimiz lazım idi, çünki o bölgədə yaşayan ərəblərin dilinə bu mədəniyyətlərdən xeyli sayda sözlər sirayət etmişdi. Bu gün belə Petra arxitekturasını görənlər onun yunan və roma mədəniyyətini təmsil etdiyinə şahidlik edəcəklər. Ona görə də Leiden universitetinin ərəb linqvistikası üzrə professoru Marijn van Putten yazır ki, morfoloji və fonoloji izoqloss’ları incələdikdə “onun bütün özəllikləri erkən ərəb dil alimlərinin müəyyən etdikləri kimi Hicaz ərəbcəsi ilə üst-üstə düşür.”4 Van Putten xatırladır ki, hələ 1906-cı ildə alman orientalist Karl Vollers dil analizi edərək bu nəticəyə gəlmişdi.

Chicago universitetində 2017-ci ildə dissertasiya işini bu mövzuda yazmış Suleyman Dost’un çalışması bir daha bunu təsdiqləyir və bunun linqvistik və tarixi sübutlarını oxucuya təqdim edir. Finlandiyalı tarixçi islamşünas İlkka Lindstedt də bu məsələdə arqumentlərin Quranın hicaz mənşəli olduğuna dəlalət etdiyini yazır.5

Burada diqqətə alınacaq daha bir xüsusiyyət budur ki, Quran ayələri bizə həm İslamdan əvvəl, həm də İslamın gəlişindən sonra heyvan kəsməyin əhəmiyyətli bir ayin olduğunu xəbər verir. Halbuki Roma imperiyasında heyvanı qurban olaraq kəsmək dördüncü əsrin sonlarından başlayaraq rəsmi olaraq qadağan edilmişdi, çünki xristian teoloqlarına görə qurban kəsmək adəti xristianlıqdan əvvəlki bütpərəstliyin adəti olaraq dəyərləndirilirdi. Yeddinci əsrin əvvəllərində artıq qurban kəsmək adəti bütün Roma imperiyası ərazisinda tamamilə ölmüş bir adət olmalı idi. Qurban heyvanlarının kəsildiyi altarların mövcud olduğu bir bölgə Roma xristian imperiyasının idarəsi altında olan əraziyə uyğun gəlmir, bu Roma imperiyasından kənarda olan ərazilərdə mümkün ola bilərdi.6 İslamın tarix səhnəsinə addım atdığı dönəmdə Petra ərazisində yaşayanlar xristianlaşmış ərəblər idilər. Dördüncü əsrin sonlarında orada xristian kilsəsinin tikildiyi bilinir və onun bazilika döşəməsi günümüzə qədər qalmaqdadır. Dördüncü əsrin ortalarında xristian rahib Bar Sauma’nın təşəbbüsü ilə üç tanınmış büdpərəst məbədinin yandırıldığı və petralıların kütləvi şəkildə xristianlaşdırıldığı yazılır. Lakin 363-cü ildə baş vermiş zəlzələdə ciddi xəsarət almış şəhər 551-ci ildə baş verən yeni zəlzələlər nəticəsində xarabalığa çevrilir və əhalisi oranı tədricən tərk edirlər. Şəhərdə fəaliyyət göstərən kilsələrin ən azından 6-cı əsrin sonlarına qədər bu fəaliyyətlərini davam etdirdikləri deyilir.7

İslamın başlanğıcında bu ərazilər artıq əvvəlki əhəmiyyətini itirmişdilər. Belə görünür ki, orada yaşayış azalmışdı və əvvəlki kimi ticarət nöqtəsi rolunu oynamırdı. Tarixi qaynaqlar Hicazdan Busraya gedən karvan yollarının keçdiyi şəhərləri, durduqları yerləri qeyd edirlər, amma heç bir yerdə Petra ərazisində dayandıqlarını zikr etmirlər.8 Daha da maraqlı olan nöqtə budur ki, tarixi qaynaqlar və arxeoloji araşdırmalar onu göstərir ki, Petra şəhərində ibadət olunan tanrılar arasında ən əsas tanrı Duşara idi. Nəbatiya həm müstəqil krallıq ikən, həm də Roma imperiyasının əyaləti ikən Duşara’nın ibadət olunan bir tanrı kimi orada mövcudluğunun dəlilləri həddindən artıq çoxdur. Nəbatilərin dinini öyrənmiş və bu barədə bir kitab yazmış professor John Healey qeyd edir ki, Duşara nəbatilərin ən əsas tanrısı idi. Belə çıxır ki, İslamın gəlişi zamanı Petra şəhərində, ümumən Nəbatiya ərazisində ən çox ibadət olunan tanrı Duşara olmalı idi. Digər tərəfdən isə tarixi qaynaqlar və arxeoloji araşdırmalar Petra şəhərində əl-Lat tanrısının mövcudluğuna dair heç bir dəlil ortaya qoymur.9 Halbuki Quranın xitab etdiyi müşriklərin ibadət etdikləri tanrıların başında əl-Lat gəlir və Quranda Duşara tanrısı haqqında heç bir məlumat yoxdur. Məlumdur ki, Peyğəmbər və onun mömin icması Kəbə və ətrafındakı bütün bütpərəstlik və çoxtanrılıq əlamətlərini tamamilə məhv ediblər. Bu gün Petra şəhərində tapılan çoxtanrılıq və bütpərəstlik qalıqlarının qorunub saxlanılmış olması bir daha dəlalət edir ki, İslam dininin başlanğıc nöqtəsi ora ola bilməzdi.

Digər Erkən Yazılı Sübutlar

Bəzi alimlər düşünür ki, Məkkə ilə bağlı ilk Qurandan kənar yazılı sübutların gec dövrlərə aid olması onları etibarsız edir. Revizionistlər, Ptolemey’in ikinci əsrdə tərtib etdiyi xəritəsində Məkkəni “Makoraba” kimi daxil etdiyi fikrini açıq şəkildə rədd edirlər.10 Bu məsələ nisbətən kiçik əhəmiyyətə malikdir, lakin bu fikri qəbul etməməklə onlar Məkkənin mövcudluğunu sənədləşdirən ilk xəritənin gec dövrə aid olduğunu irəli sürürlər. Patricia Crone Məkkənin İslamdan əvvəl və ya İslamın başlanğıcında ciddi bir ticarət şəhəri olması fikrini rədd etsə də meynstrim tarixçilər bunu rədd etmək üçün ciddi bir əsas görmürlər, əksinə Məkkə’nin cənubdan şimala doğru gedən ticarət yollarında çox təbii bir ticarət nöqtəsi olduğunu təsdiqləyirlər. Crone’un çalışması isə ərəb dili baxımından Robert Serjeant və başqaları tərəfindən tənqid olunub.11 Britaniyalı tarixçi Ian Morris uzun bir məqaləsində Ptolomey’in Makoraba’sının Məkkə olaraq müəyyən edilməsinin problemli tərəflərini məharətlə göstərsə də amerikalı tarixçi Glen Bowersock haqlı olaraq qeyd edir ki, həmin coğrafiyada Makoraba şəhəri Məkkədən başqa heç bir şəhər üçün uyğun gəlmir. Ərəbşünas tarixçi Tim-Mackintosh Smith də qeyd edir ki, Ptolomeyin ikinci əsrə aid xəritəsindəki “Makoraba” toponimi təxminən Məkkənin olduğu yerə düşür və Məkkənin tarixinin Muhəmmədin zamanından bir neçə əsr qədim olduğunu “əminliklə” demək mümkündür.12

Ancaq digər yazılı sübutlara gəldikdə, istənilən qədim mədəniyyətin yazılı tarixindən yalnız kiçik bir hissənin günümüzə çatdığı məlumdur. İslamın ilk iki əsrində ərəb mədəniyyəti, əsasən, şifahi idi və doqquzuncu əsrə qədər ərəb dilində yazılı material çox az idi. Bu dövrdə yalnız qrafitilər, işgüzar və inzibati qeydlər və Qurani-Kərim yazılmışdı. Beləliklə, Məkkə ilə bağlı Qurandan kənar ən erkən ərəb istinadı yeddinci əsrin sonlarına aiddir və erkən dövrə aid olan digər istinadlar, əsasən, səkkizinci əsrin sonlarına təsadüf edir. Bununla belə daha erkən sübutlara malik olmağı arzulamaq, mövcud olan erkən ərəb mənbələrini etibarsız hesab etmək üçün əsas yaratmır. Mövcud olan bütün erkən yazılı mənbələr İslamın mənşəyini Məkkə ilə əlaqələndirir və heç biri Petra və ya Nabatiyaya işarə etmir. Bu, Məkkənin İslamın erkən tarixi üçün əsas rolunu təsdiqləyən bir faktdır. Qeyd edək ki, Dan Gibson kimi həvəskar yazıçılar çalışmalarını xristian missioner təsəvvürdən qaynaqlanaraq etdikləri halda Patricia Crone kimi şərqşünas akademiklər tamamilə fərqli səbəblərə görə tarixi revizionizmə gediblər. Robert Hoyland bunu belə izah edir: “Belə radikal nəzəriyyələrin əksəriyyəti, böyük bir dünya dininin Orta Şərqin belə uzaq bir küncündə yaranmasının qeyri-mümkünlüyü düşüncəsindən, həmçinin İslamın mənşəyini və erkən inkişafını gec antik dünyanın kontekstinə daha tam yerləşdirmək arzusundan qaynaqlanır və beləliklə də bunu İslamın yaranmasının ontogenik olduğunu, yad hikmət və əcnəbi inanclara bulaşmadan baş vermiş olduğunu deyən ənənəvi müsəlman perspektivinə cavab gətirmək üçün edirlər.”13

Tez-tez eşitdiyimiz etirazlardan biri də budur ki, Məkkənin keçmiş tarixi arxeoloji sübutlar ilə təsdiqlənməyib. Digər şəhərlərin tarixi haqqında əlimizdə arxeoloji qazıntılar olduğu halda Məkkə haqqında yoxdur. Lakin belə bir iddia ciddi arqument ola bilməz, çünki arxeoloji sübutların olmaması belə bir çalışmanın aparılmaması ilə bağlıdır. Səudiyyə Ərəbistanı hökuməti, şirkə (bütpərəstliyə) qarşı sərt mövqeyinə görə Məkkədə arxeoloji tədqiqatları qəti şəkildə qadağan edib. Məkkənin tarixi abidələrinin bütlərə çevrilməsi qorxusu ilə bu qadağa tətbiq olunur. Bunun nəticəsində, Kəbənin ətrafında göydələnlərin tikilməsi üçün şəhərin tarixi abidələrinin təxminən 95%-i sökülüb. Qalan abidələr isə həm qorxu, həm də elmi laqeydliklə yanaşılır, hətta Peyğəmbərin birinci həyat yoldaşı olmuş Xədicə’nin evinin olduğu yerdə ictimai tualetlər tikilib.14 Bütün bunlar Məkkənin İslamın doğulduğu yer kimi öyrənilməsi məqsədilə hər hansı arxeoloji sübut əldə etməyi mümkünsüz edir. Beləliklə, Məkkənin İslamın mənşəyi olub-olmaması ilə bağlı nə lehinə, nə də əleyhinə arxeoloji sübut mövcuddur.

Erkən Məscidlərin Qiblə İstiqaməti

Bəzi revizionistlər, o cümlədən Patricia Crone və Dan Gibson, erkən məscidlərin qiblə istiqamətinin Məkkəyə uyğun gəlmədiyini, xüsusilə Gibson onların Petra şəhərinə uyğun gəldiklərini irəli sürürlər. Gibson, Google Earth vasitəsilə bu iddianı təsdiq etməyin mümkün olduğunu iddia edənlər arasındadır. Lakin bu yanaşma bir neçə səbəbdən etibarsızdır.

Qiblə uyğunluğu ilə bağlı Gibsonun iddiası erkən müsəlmanların coğrafi məhdudiyyətləri nəzərə alınanda reallıqdan uzaq görünür. Erkən müsəlmanlar qibləni təyin etmək üçün müxtəlif metodlardan istifadə edirdilər və bu metodlar çox vaxt bir-birinə zidd idi. İslam elmi tarixçisi David A. King qeyd edir ki, ilk nəsillər nə Petra, nə də Məkkənin dəqiq istiqamətini təyin etmək üçün lazımi coğrafi koordinatlara və ya riyazi biliklərə malik deyildilər. Onlar qibləni dövrün folklor əsaslı metodları ilə bacarıqları imkanında təyin edirdilər. O dövrdə mövcud olan primitiv astronomiya, xəritələr və riyazi biliklərin olmaması, məscidlərin müasir standartlara uyğun dəqiq şəkildə Məkkəyə yönəldilməsini mümkünsüz edirdi. Buna görə də erkən məscidlərin Məkkəyə yönəldilməsi ilə bağlı məhdudiyyətlər o dövrün reallığını əks etdirir və bu, Petra nəzəriyyəsinin lehinə tutarlı dəlil hesab edilə bilməz. King yazır: “Mənbələrimizə görə, məsələn, Şimali-Qərbi Afrikada qiblə ekinokslarda günəşin çıxışı istiqamətində, tam şərqə doğru yönəlir; Misirdə qiblə qış ortasında günəşin çıxışı istiqamətinə yönəlib; Yəməndə qiblə ya şimal küləyinin əsdiyi istiqamətə, ya da nə yüksələn, nə də batan, lakin şimalı müəyyən edən Qütb Ulduzuna doğru yönəlir; Suriyada qiblə Kanopus ulduzunun yüksəlişinə doğru yönəlib; İraqda qiblə qışda günün ən qısa vaxtında günəşin batış istiqamətinə yönəlir; Hindistanda isə qiblə ekinokslarda günəşin batış istiqamətinə, tam qərbə doğru yönəlir.”15

Ümumiyyətlə orta əsrlərdə İslam dünyasında qibləni müəyyən etmək metodları haqqında ən geniş və ən əsaslı araşdırmanı etmiş akademiklər amerikalı Edward S. Kennedy, britaniyalı David A. King və hollandiyalı Jan P. Hogendijk sayıla bilər. Kennedy 2009-cu ildə, yəni Petra iddiası Dan Gibson tərəfindən kütləviləşdirilmədən əvvəl ölmüşdü. David King isə bu absurd iddianın tutarsızlığı haqqında çox sayda məqalələr qələmə alıb. O, haqlı olaraq qeyd edir ki, erkən dönəmdə müsəlmanların qibləni müəyyən etməkdə vahid bir metodları yox idi. Qədim müsəlman şəhərlərindəki məscidlər belə öz aralarında qiblə baxımından fərqli istiqamətlərdə qurulurdu. Misal üçün Səmərqənd şəhərində bəzi məscidlər qışın ən qısa günündə günəşin batdığı istiqamətdə qurulduğu halda, şafiilərin məscidləri cənuba tərəf baxırdı, hənəfilər isə şəhərin Məkkə istiqamətində çıxan yolunu izləyərək qibləni şərq istiqamətinə doğru hesab edirdilər. Kordova şəhərindəki böyük caminin isə ümumiyyətlə Əlcəzair səhralarına tərəf baxmasının tək səbəbi onun qədim roma bazilikası üzərində qurulmuş olmasına görədir. Qahirə şəhərində qədim məscidlərin çoxu qiblə üçün şərq istiqamətini əsas götürüb, səhabələr məscidi qurduqlarında qışın ən qısa günündə günəşin çıxdığı nöqtəyə üz tutublar. Astronomların hesabına əsasən isə bir qədər daha cənuba doğru dəyişiblər.16 Bu baş verənlərin günümüzdəki misalı Amerika Birləşmiş Ştatlarında yaşayan müsəlmanların qiblədəki ixtilafına bənzəyir; müsəlmanlar orada qiblənin cənub-şərqdə yoxsa şimal-şərqdə olmasında fikir ayrılığına bölünüblər. Məkkənin ABŞ-a nisbətdə daha cənubda yerləşdiyini əsas götürənlər Məkkəyə Yer kürəsinin içindən keçən düz xətt izləyərək cənub-şərq istiqamətinə üz tuturlar, amma Yer kürəsinin səthi ilə getdikdə Məkkəyə aparan ən qısa məsafənin şimal qərb istiqamətində olduğunu deyənlər isə o istiqamətdə qibləyə yönəlirlər.17

Burada həmçinin əlavə etmək lazımdır ki, müsəlmanlar ölülərini həmişə qibləyə tərəf üz tutmuş şəkildə dəfn edirlər. Əgər Petra iddiasının hansısa tarixi bir həqiqəti olsaydı o zaman ən qədim müsəlman qəbiristanlıqlarının ora tərəf istiqamətləndiyini görməyimiz lazım olacaqdı. Halbuki müsəlman qəbirləri Məkkəyə tərəf baxır. Arxeoloq Yves Gleize yazır ki, ilk iki əsrə aid müsəlman məqbərələrində ölülərin bu şəkildə qəbirə yerləşdirilmələri arxeoloji olaraq güclü bir şəkildə dəstəklənir.18 Bu gün Mədinə şəhərində yerləşən Peyğəmbər qəbri və onun yanında dəfn olunmuş iki yoldaşı da qibləyə tərəf baxırlar.19 Beləliklə də işin əhli olan tarixçilər qeyd edirlər ki, o dövrdə müsəlmanların əlindəki vasitələr qibləni dəqiq hesablamaq üçün imkan vermirdi. Ona görə də qiblənin çox dəqiqliklə istənilən bir istiqamətdə hesablanmış olduğunu gözləmək sadəcə olaraq xətalı bir təsəvvürdür. Əgər məscidlərdən bəzilərinin qibləsi Petra şəhərinə yaxın düşürsə, bunun sadəcə olaraq təsadüf olduğunu bilmək lazımdır.

Müsəlman tarixində ənənəvi versiyanı dəstəkləyən faktlardan biri də Hicaz və ətrafında tapılan qaya yazılarıdır. Bu qaya yazılarından bəziləri hicri təqvimlə dəqiq tarixi göstərir, bəziləri tarixi hadisələri əks etdirir. Misal üçün bu gün Səudiyyə Ərəbistanda əl-Hicr (Mədəin əs-Saleh) adlanan məntəqədən 17 km cənubda yerləşən Qa əl-Mutədil adlı yerdə qaya üzərində belə bir yazı əks olunub: “Bismilləh. Mən, Zuheyr, bunu Ömər vəfat etdiyi zamanda 24-cü ildə yazdım.” Maraq doğuran daha bir yazı Səudiyyə Ərəbistanın Nəcran şəhərinin yaxınlığındakı Vadi Xuşeybə’də tapılmış yazıdır. “Allah Yezid bin Abdullah əs-Səluli’yə rəhm etsin! Bunu iyirmi yeddinci ilin cumədə ayında yazdı.”20 Daha bir qaya yazısı yenə hicri 24-cü ilə aiddir. Bunu Məkkə şəhərində bir qaya parçası üzərində tapıblar və burada “bu yazı Osman möminlərin əmiri olduğu zaman 24-cü ildə yazılıb…”21 Mədinə şəhərindən şimalda yerləşən Teymə məntəqəsində tapılmış petroqlifdə isə bu sözlər yazılır: “Mən Əbu Kuteyr’in katibi Qeys’əm. Allah Osman ibn Affanı öldürənlərə və onun ölümünə səbəb olanlara lənət etsin.”22 Bu cür qaya yazıları Məkkə, Taif, Mədinə ətrafında geniş bir ərazidə mövcuddur və günümüzə qədər öyrənilməkdədir. Həmçinin Müaviyə xəlifə olduqda Məkkə, Taif və Mədinə ərazilərində su bəndləri tikdirmiş və bu bəndlərin üzərində tikilmə tarixi, tikən və inşaat işlərinə nəzarət edənlərin adları mövcuddur.23

İzlərin Ört-Basdır Edilməsi İddiası

Digər izah isə hədislərdə müsəlman icmasının müqəddəs mərkəzinin köçürülməsi haqqında heç bir qeyd olmamasını, onların izlərini ört-basdır etmək istəyi ilə əlaqələndirir. Belə bir iddia bir neçə problemlə qarşılaşır və problemlərin hər biri bu iddianın absurdluğunu aşkar şəkildə göstərmək üçün kifayətdir.

Hər şeydən əvvəl İslam icması nəhəng bir coğrafi əraziyə yayılmışdı. Peyğəmbərin 632-ci ildəki ölümündən sonra müsəlman icması o qədər geniş coğrafiyaya yayılmışdı ki, mərkəz dəyişiklikləri ilə bağlı məlumatın belə böyük bir icmada heç bir qeyd buraxmaması mümkün görünmür. Ona görə də amerikalı tarixçi və islamşünas Fred Donner bu iddianın absurdluğunu belə ifadə edir: “Möminlər icmasında vahid dini baxışı zorla tətbiq edə biləcək heç bir “mütləq hakimiyyət” sahibi mövcud olmamışdır. Skeptik yanaşmanı müdafiə edən alimlər ənənənin geniş şəkildə dəyişdirilmiş olması haqqında çox danışsalar da, bu dəyişiklikləri həyata keçirdiyi iddia edilən şəxsləri və ya qrupları müəyyənləşdirməyə, həmçinin bu dəyişiklərin hansı məqsədlərə xidmət etdiyini dəqiq göstərməyə nadir hallarda cəhd edirlər. Halbuki bu cür müəyyənləşdirmələr olmadan, tarixi ənənənin tam şəkildə vahid bir formaya salınmasına dair nəzəriyyə yalnız bir abstraksiya olaraq qalır və görünən heç bir tarixi dəstəyi yoxdur. Skeptik məktəb bizdən inanmağı tələb edir ki, bu adı çəkilməyən “səlahiyyət sahibləri” – kim olursa olsunlar – Hindistandan İspaniyaya qədər bütün İslam icmasında mövcud olan hər bir kitabı və ənənəni izləyə, onları yox edə və ya dəyişdirə bilmişdilər ki, standart ortodoks mövqeyindən fərqli heç bir baxış günümüzə gəlib çatmasın. Hətta arqument xatirinə belə bir “standart ortodoks mövqe”nin olduğunu qəbul etsək belə, erkən İslam dünyasında cəmiyyətin quruluşunu və kommunikasiya xətlərinin vəziyyətini nəzərə aldıqda, bu cür genişmiqyaslı bir kontrol sadəcə olaraq inanılmaz görünür.”24

Etiraf etməliyik ki, Donner müəllim burada yumşaq akademik dil istifadə edir və onun bu akademik dilini gündəlik məişət dilinə çevirsək başa düşərik ki, bu iddianın sadəcə olaraq bir cəfəngiyyat olduğunu təsdiqləyir. Çünki həqiqətən də belə bir böyük tarixi dəyişikliyi gizlətmək üçün və bütün tarixi izləri silmək üçün o dövrdə müasir imkanlara sahib bir dövlət aparatı və qəliz bürokratiya tələb olunurdu. Hətta ən müasir imkanlara sahib olsaydılar belə insanların əlindəki bütün tarixi izləri silmək və onları məhv etmək imkansız olardı.

İslam cəmiyyəti siyasi konfliktlər və məzhəblərarası münaqişələr ilə zəngin bir tarixə malikdir. Belə bir mühitdə çalışıb fəaliyyət göstərmiş tarixçi alimlər və mühəddislər olub. Siyasi dairələrin bizə aydın olmayan hansısa bir maraqdan ötrü Məkkənin yerini dəyişmək istəyi olsaydı bu, müqavimətsiz baş verə bilməzdi. Daha kiçik məsələlərdə hakimiyyət dairələrinin manipulyasiyalarına qarşı şəriət alimləri müqavimət göstərdikləri halda, bunun bədələni həyatları ilə ödədikləri halda necə olur ki, namaz kimi ən əsas ibadətlərində İslam alimləri susublar?! Ona görə də alman şərqşünas Harald Motzki qeyd edir ki, belə bir şey baş vermiş olsaydı hədis alimləri buna qarşı çıxardılar.25 Siyasi dairələrin məcburi icra etmək istədikləri ən böyük ortodokslaşdırma cəhdinin misalı bəlkə də xəlifə əl-Məmun’un zamanındakı məşhur Mihnə hadisələrdir və alimlərin müqaviməti ilə bağlı minlərlə tarixi şahidliklər ilə qarşı-qarşıyayıq.

Burada qeyd edilə biləcək üçün problem isə budur ki, müsəlman ümmətinin daxilində fərqli fikirlər və ideologiyalara sahib firqələr olub. Bu firqələrin bir çoxu ümmətin əsas korpusunu təşkil edən sünnət əhlinə qarşı gizli fəaliyyətləri ilə tanınıblar. “Erkən İslam ümməti bir-birinə sıx bağlı ierarxik struktur şəklində qurulmamışdı, lakin kiçik sub-camaatların və sub-sektaların mozaikindən ibarət idi. Onların hər biri öz xəbərlərini qoruyub saxlayıblar və bu xəbərlər “ortodoks” olanlar tərəfindən dini əhəmiyyəti və siyasi həssasiyyəti olan məsələlərdə belə bəzən fərqli fikirlər daşıyırdı. Bu fərqli xəbərlər əsrlər boyunca hakimiyyət dairələrinin effektiv kontrolundan kənarda qala bilirdi və bir çox halda bizim zamanımıza qədər gəlib çatmağı bacarib. Misal üçün xeyli qeyri-ortodoks qnostik xəbərlər, azca islamlaşmış formada, erkən şiə kitablarında tapıla bilir.”26 Bu xatırlatmanı edən Fred Donner haqlı olaraq buyurur ki, İslamın mənşəyi ilə bağlı fikirlərin və müzakirələrin belə tezliklə qısa bir zaman çərçivəsində ölüb itə biləcəyinə inanmaq üçün bir səbəb yoxdur. Hədislər İslam icmasının müxtəlif bölgələrə və məzhəblərə bölünməsini əks etdirən bir çox məlumat təqdim edir. Bununla belə, qiblə mövzusunda tam yekdillik nümayiş etdirirlər. Belə geniş coğrafiyada və parçalanmış bir icmada müqəddəs mərkəzin köçürülməsi ilə bağlı heç bir qeyd olmadan bu dəyişikliklərin həyata keçirilməsi qeyri-mümkün görünür.

Qədim tarix nadir hallarda tam sübut təqdim edir. Buna görə də mövcud sübutların hamısını diqqətlə araşdırıb hansının daha güclü dəlil təqdim etdiyini qiymətləndirmək lazımdır. Burada göstərilən dəlil xəttinin heç biri revizionistlərin nəzəriyyələrini qəti şəkildə dəstəkləmir. Bunun əksinə olaraq, sübutların çoxluğu Məkkənin İslamın əsl mənşəyi olduğunu göstərir. Xüsusilə, hədislərdə əks olunan şifahi tarix və Kəbənin iddia edilən köçürülməsinin qeyri-məntiqli olması bu nəticəni gücləndirir.

Buna görə də, revizionistlərin iddialarına zidd olaraq, müsəlmanların ibadət zamanı səhv istiqamətə yönəldiklərini düşünmək üçün əsas yoxdur.

Dipnotlar

  1. Patricia Crone və Michael Cook’un “Hagarism: The Making of the Islamic World” (Cambridge: Cambridge University Press, 1977, səh. 23-24) əsəri və John Wansbrough’un “Qur’anic Studies: Sources and Methods of Scriptural Interpretation” (Oxford: Oxford University Press, 1977) kitabı İslam tarixinin ənənəvi mənşəyinə dair skeptik yanaşmanı gücləndirən əsas əsərlər hesab edilir. Əvvəllər də bəzi Qərb alimləri ənənəvi mənşə hekayəsinin hədislərə əsaslanmasını sorğulamışdılar, lakin Wansbrough, Cook və Crone İslam revizionizmini bir nəzəri məktəb kimi başlatmaqda əsas rol oynadılar.
  2. Cənubda Ərəbistan çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi, qərb tərəfdə Aralıq dənizi, şərqdə isə Basra körfəsi arasında yer alır.
  3. Tom Holland, “In the Shadow of the Sword: The Birth of Islam and the Rise of the Global Arab Empire” (New York: Doubleday, 2012) və həmçinin “İslam: The Untold Story” filmi
  4. Marijn van Putten, “Quranic Arabic: From its Hijazi Origins to its Classical Reading Traditions”, səh: 146; Leiden: Brill, 2022
  5. Ilkka Lindstedt, “Muhammad and His Followers in Context: The Religious Map of Late Antique Arabia”, səh: 16-18; Leiden: Brill, 2023
  6. Nicolai Sinai, “The Qur’an: A historical-critical introduction”, səh: 61; Edinburgh: Edinburgh University Press, 2017
  7. Carmen Blánquez Pérez, “Bar Sauma versus Dushara: The Christianisation of Petra and its Surroundings”, New Perspectives on Late Antiquity in the Eastern Roman Empire, redaktə: Ana de Francisco Heredero, David Hernández de la Fuente & Susana Torres Prieto; Newcastle: Cambridge Scholars, 2014
  8. Patricia Crone, “The Quranic Pagans and Related Matters”, səh: 44-45; Leiden: Brill, 2016
  9. John F. Healey, “The Religion of the Nabataeans”, səh: 80-82; Leiden: Brill, 2001
  10. Bax: Ian D. Morris (2018), “Mecca and Macoraba”, al-Usur al-Wusta, 26, səh: 1-60;
  11. Glenn W. Bowersock, “The Crucible of Islam”, səh: 51-54; Cambridge: Harvard University Press, 2017
  12. Tim M. Smith, “Arabs: A 3000-Year History of Peoples, Tribes and Empire”, səh: 118, New Haven: Yale University Press, 2019
  13. Robert Hoyland (2006), “New Documentary Texts and the Early Islamic State”, Bulletin of the School of Oriental and African Studies, University of London, 69 (3), səh: 404
  14. Ziauddin Sardar, “Mecca: The Sacred City”, səh: 346-347, New York: Bloomsbury, 2014
  15. David A. King (1985), “The Sacred Direction in Islam: A Study of Interaction of Religion and Science in the Middle Ages”, Interdisciplinary Science Reviews, 10(4), səh: 320;
  16. David A. King (2017), “From Petra back to Makka – From “Pibla” back to “Qibla”, muslimheritage.com səhifəsində dərc olunmuş məqaləsi
  17. Mucahit Bilici, “Finding Mecca in America: How Islam is Becoming an American Religion”, səh: 54-56, Chicago: The University of Chicago Press, 2012; Akel I. Kahera, “Deconstructing The American Mosque: Space, Culture and Aesthetics”, səh: 125, Austin: University of Texas Press, 2002
  18. Yves Gleize, “Islamic Burials: Muslim graves and graves of Muslims”, Routledge Handbook of Archaeothanatology, redaktə: Christopher J. Knüsel və Eline M. J. Schosmans, Oxon/New York: Routledge, 2022; səh: 380
  19. Leor Halevi, “Muhammad’s Grave: Death Rites and Making of Islamic Society”, səh: 182-183; New York: Columbia University Press, 2007
  20. Robert Hoyland (2006), “New Documentary Texts and the Early Islamic State”, Bulletin of the School of Oriental and African Studies, University of London, 69 (3), səh: 411-412; Ali ibn Ibrahim Ghabban (2008), “The Inscription of Zuhayr”, Arabian Archaeology and Epigraphy, 19, səh: 209-236;
  21. Frédéric Imbert (2015), “Califes, Princes et Poètes Dans Les Graffiti du Début de l’Islam”, Romano-Arabica, cild 15, səh: 75;
  22. Tawfiq Nasrallah, “Saudi Arabia discovers 1419-year-old Islamic Inscription”, Gulf News, 13 Iyun, 2022; https://bit.ly/4j9y3Cz
  23. Sad b- Abdulaziz ar-Raşid, “Dirasət fil-Əsər əl-İsləmiyyə əl-Mubəkkəra bil-Mədinətil-Munəvvara”, səh: 45-59; Riyad: Muəssəsət əl-Huzeymi, 2000
  24. Fred M. Donner, “Narratives of Islamic Origins: The Beginning of Islamic Historical Writing”, səh: 27, Princeton: The Darwin Press, 1998
  25. Jonathan A. C. Brown, “Hadith: Muhammad’s Legacy in the Medieval and Modern World”, səh: 225, Oxford: Oneworld Book, 2009
  26. Fred M. Donner, “Narratives of Islamic Origins: The Beginning of Islamic Historical Writing”, səh: 27-28, Princeton: The Darwin Press, 1998