İslamın Yayılması: İslam qılınc gücünə yayılıb?

2017-ci ildə nüfuzlu Pew Araşdırmalar Mərkəzi İslam dininin dünyada ən sürətlə yayılan din olduğunu və yaxın gələcəkdə ən populyar din halına gələcəyini bildirmişdi.1 PAM-ın bu məlumatı beynəlxalq ictimaiyyətdə kifayət qədər maraqla qarşılandı və müxtəlif müzakirələrə yol açdı. Hazırda islamın sürətlə yayılmasının səbəblərindən ziyadə müzakirə olunan şey, islamın tarix boyunca necə yayılması idi. Bəziləri xüsusən də bəzi qərbli orientalistlərin iddialarına əsəslanaraq islam dininin qılınc gücünə zorla yayıldığını iddia edirdilər. İslamın xüsusən də ilk illərdə sürətlə yayılması onları belə düşünməyə istiqamətləndirirdi. Belə ki, İslam peyğəmbərinin vəfatından cəmi bir əsr sonra müsəlmanlar İslam dövlətini qərbdə müasir İspaniyaya, şərqdə Hindistana qədər uzanan bir imperiya halına gətirmişdilər. Bu müddət ərzində dövrün 2 supergücü olan Roma və Sasani imperiyaları məğlub edilmiş, böyük ərazilər İslam dövlətinə qatılmışdı. Təkcə elə Peyğəmbərin vəfatından sonrakı Raşidi xəlifələr dövrü olaraq tanınan ilk 40 ildə İraq, Fələstin, Misir, İran əraziləri fəth edilmişdi. Fəth hərəkatlarının ilk zamanlarından bəri insanlar islamla tanış olmuş, müsəlmanların sıralarına qoşulmuşdu. 

Bu şəkildə sürətlə böyüyən bir dinin erkən əsrlərdən bəri necə belə sürətlə yayılması çoxdanın müzakirə mövzusudur. Orientalistlərin erkən əsrlərdə dinin belə sürətlə yayılmasına verdikləri cavab müsəlmanların “heyvani bir zülm”2, qılınc gücündən istifadə ilə dinlərini zorla məğlub etdikləri xalqlara qəbul etdirmələridir. Elə bu gün də bu iddia mövzu ilə bağlı diskursda çox səsləndirilməyə davam edir. İddialara görə islam orduları insanlara zülm edərək, onları ölümlər təhdid edərək müsəlman olmağa məcbur etmişdir. Digər tərəfdən, bəziləri iddia edir ki, müsəlman orduları qətliamlar törətmiş, xalqların gözünü qorxutmuşdur, bu halda insanlar ilamı qəbul etməyə məcbur olmuşlar. 

Bu məqalədə sözügedən iddianın arxa planına və nə qədər doğru olub olmadığına nüfuzlu qərbli tarixçi və orientalistlərin yanaşmaları ilə nəzər salacağıq. Məqalədə iddianın qaynaqlarını və xüsusilə vurğulanan bəzi halların analizləri aparılmışdır.

Bir mifin tarixçəsi

İslamın qılınc gücünə yayılması iddiası əsrlər boyu orientalistlər və islam əleyhdarları tərəfindən istifadə edilmişdir. 19-cu əsrdən sonra isə Sir William Muir3 kimi islamın gözdən salınmasında maraqlı olan kalonya adminstratorları orientalist və missionerlər yazdıqları kitablarla bu iddianı daha da populyarlaşdırdılar.

Bununla belə, hətta Sir Thomas Arnold və De Leysi O’Liri kimi məşhur orientalistlər belə xalqların İslamı zorla qəbul etmələri haqqında iddiaları mif hesab edirlər. Britaniyalı məşhur orientalist O’Liri 1923-cü ildə nəşr olunan “Islam at the Cross Roads” kitabında yazır ki, “Müsəlmanların fəth edilmiş xalqlara qılınc gücünə islamı məcburi qəbul etdirməsi əfsanəsi bəzi tarixçilərin indiyədək təkrar etdiyi ən absurd miflərdən biridir.”4 Digər məşhur orientalist Sir Thomas Arnold da məcburi din dəyişdirmə iddialarını qəti şəkildə rədd edir və dinin könüllülük əsasında qəbul edildiyini qeyd edir. Arnold yazır, “…qeyri-müsəlman əhalini İslamı qəbul etməyə məcbur etmək üçün hər hansı mütəşəkkil cəhd və ya xristian dinini məhv etmək üçün sistematik təqiblər barədə heç nə eşitməmişik. Əgər xəlifələr hər iki yolu seçsəydilər, Ferdinand və Isabella`nın İslamı İspaniyadan amansızcasına qovması, XIV Louis`in Fransada protestantlığı təqib etməsi və ya yəhudilərin 350 il İngiltərədən kənarda saxlanması kimi asanlıqla xristianlığı süpürə bilərdilər. Ancaq onlar belə etməyiblər. Bu gün kilsələrin və digər dinlərin müqəddəs məkanlarının uzun sürən islam hakimiyyətinə baxmayaraq sağ qalması, Muhəmməd və ardıcıllarının qeyri müsəlmanlara qarşı ümumi tolerant münasibətinin güclü sübutudur.”5 Nüfuzlu tarixçi Marshall Hodgson özünün məşhur “The Venture of Islam kitabında mahiyyətcə eyni mövqeni müdafiə edərək məcburi din qəbul etmə iddialarını əsassız hesab edir. Hodgson yazır: “Fəth olunan ərazilərin xalqlarına məcburi din dəyişdirimə tətbiq olunmayıb. Ümumiyyətlə fəthlərin məqsədi din dəyişdirmək yox, hökm etmək idi.”6 California Universitetinin tarix üzrə professoru Ira M. Lapidus da “A History of Islamic Societies kitabında eyni mövqedən çıxış edərək yazır, “Avropa alimləri İslamı qəbul etməyin qılıncın ucunda iki seçim (ya dini qəbul etmək ya da öldürülmək) verilərək, məcburiyyət əsasında baş verdiyinə inanırdılar. Ancaq tarixdən məlum olan odur ki, məcburi din qəbul etmə halları çox nadir hallarda baş verib və onlar kütləvi olmayıb, islamı qəbul edənlərin əksəriyyəti könüllü idilər.”7 Jonathan Berkey8, Kevin Barrett9 kimi nüfuzlu tarixçilər də islamın qılınc gücünə yayılması tezisini mif hesab edirlər.

Hətta bir çox tarixçi nəyinki zorla din dəyişdirmə hallarını mif hesab edir10, ümumiyyətlə islam dövlətlərində yaşayan qeyri dinlərə mənsub xalqlara qarşı olan münasibətin unikal olduğunu, onlara qarşı hər hansısa formada təzyiqlərin olmadığını qeyd edir. Məsələn, tarixçi Sidney Griffith yazır ki, Roma İmperiyasında olduğu kimi xristianlara qarşı olan təqib İslam dünyasında hər hansısa formada heç vaxt baş verməyib11

“Dində məcburiyyət yoxdur.”

Başqa dindən olanları İslama qazandırmaq hər nə qədər vacib və önəmli olsa da, müsəlmanların qeyri müsəlmanlara qarşı dəvət fəaliyyətində izlədikləri prinsip aydın idi. Quran ayəsi bu vəziyyətdə onların yoluna işıq tuturdu: “Dində məcburiyyət yoxdur”(2:256). Hətta müharibə vəziyyətlərində belə, müsəlman orduları qeyri-müsəlmanlara “İslamı qəbul etmək; cizyə ödəmək və zimmi statusunun  qəbulu; ya da müharibə etmək seçimi verirdilər. Əgər düşmənlər sonuncu seçimi seçib sonra məğlub olsalar, mallarının müsadirə edilməsi, köləlik, ölüm və s. kimi hallarla üzləşə bilərdilər. Bununla belə, onların dinini zorla dəyişdirmək olmazdı”12. Tarixçi Milka Levy-Rubin qeyd edir ki, müsəlmanların bağladıqları bu kimi müqavilələr öz dövründə qonşuları tərəfindən qoyulan presedentlərdən daha mütərəqqi idi13. Belə ki, xristianlar, yəhudilər və İslam dövlətində yaşayan digər dindən olanlar texniki cəhətdən müsəlman dövlətinin vətəndaşları olmasalar da, “qorunan insanlar” zümrəsinə aid idilər. Qadınlar, uşaqlar, qocalar, əlillər, xəstələr, əqli qüsurlular, din xadimləri, qullar, vergi ödəməyə imkanı olmayanlar və hərbi xidmətə getməyi seçən zimmilər bu vergidən azad idi, cizyə vergisi ancaq yetkin, azad, ağlı başında olan kişilərdən alınırdı.14 Vergi ödəməklə onlar müəyyən haqlara sahib olurdular: onlara hüquqi muxtariyyət və dini ayinlərini icra etməkdə sərbəstlik verilirdi. Üstəlik ödədikləri cizyə qarşılığında həm də hərbi mükəlləfiyyətlərdən azad edilir, müharibə halında islam orduları tərəfindən qorunurdular.15 Bu məqamda sir Thomas Arnold’un “The preaching of Islam” kitabında qeyd etdiyi unikal bir tarixi hadisəni də qeyd etmək yerinə düşər. “Suriya fəthindən sonra müsəlman komandir Əbu Übeydə ibn Cərrah düşmənin böyük bir ordu topladığını eşitdi. O, müxtəlif cəbhələrdə vuruşan müsəlman ordularını bu orduya qarşı cəmləşdirməli idi, bu səbəbdən də bir qədər geri çəkilmək qərarını aldı. Əbu Ubeydə bunun ardınca Suriyanın fəth edilmiş şəhərlərinin valilərinə məktub yazaraq şəhərlərdən yığılan bütün cizyələri əhaliyə geri vermələrini əmr etdi və insanlara bu məktubu yazdı: “Aramızda olan razılaşma ondan ibarət idi ki, sizi qorumalıyıq və biz indi bunu edə bilmədiyimizə görə sizdən aldıqlarımızın hamısını geri qaytarırıq”. Əmrə uyğun olaraq dövlət xəzinəsindən külli miqdarda vəsait geri qaytarıldı. Bu mənzərə qarşısında xristianlar dedilər, “Tanrı səni yenidən bizə hökmdar etsin və sənə Rumlara qalib gəlməyi nəsib etsin. Əgər bu vəziyyətdə siz yox, onlar olsaydı, bizə heç nə verməz, əksinə, əlimizdə qalan hər şeyi götürərdilər””.16

Bat Ye’or kimi bəzi tarixçilər ikinci seçimin, yəni zimmi statusunun qəbul edilərək vergi ödənilməsinin dində məcburiyyət olduğunu desələr də17, bu iddianın özü hətta Bernard Lewis18 və Chase Robinson19 kimi heç də islam tərəfdarı olmayan tarixçilər tərəfindən belə tənqid edilmişdir. Nəzərə almaq lazımdır ki, mövcud hakimiyyətə vergi verən xalq üçün vergini başqasına verərək yaşamaq seçimi orta əsr cəmiyyətləri üçün olduqca normal idi20. Həqiqətən də, verilən seçimlər olduqca ideal idi, belə ki, anaxronizm xətasına düşmədən o dövr şərtlərini düşünsək, görərik ki, əslində xalqın vəziyyətində ciddi bir dəyişiklik olmayacaq, sadəcə vergini verdikləri instansiya dəyişəcəkdi. 

Erkən İslam Tarixindən nümunələr

Qüds patriarxı Sophronius ilə müsəlmanların ikinci xəlifəsi Ömər ibn Xəttab arasında bağlanmış, məcburi din dəyişdirməni açıq şəkildə qadağan edən müqavilə bizim  mövzumuz üçün çox gözəl örnək ola bilər.

‘Bu, Allahın qulu, Əmir əl-möminin Ömərin Qüds əhlinə verdiyi təhlükəsizlik təminatıdır. O, onlara özlərinin, mallarının, kilsələrinin, xaçlarının, şəhərin xəstələrinin və sağlam insanlarının və dinlərinə aid olan bütün ayinlərin təhlükəsizliyinə zəmanət vermişdir. Onların kilsələri müsəlmanlar tərəfindən istifadə edilməyəcək və dağıdılmayacaq. Nə onlara, nə üzərində dayandıqları torpaqlara, nə xaçlarına, nə də mallarına ziyan dəyəcək. Onların dini zorla dəyişdirilməyəcək.“21

Ömər ibn Xəttab, ümumiyyətlə, ən sərt müsəlman liderlərdən biri hesab olunur. Qüdsün müsəlmanlar üçün nə dərəcədə vacib şəhər olması da hər kəsə bəllidir. Bu isə o deməkdir ki, əgər ilk müsəlmanlar qeyri-müsəlmanları zorla İslamı qəbul etdirməyə həvəsli olsaydılar, xəlifə Ömər, şübhəsiz ki, bunu ilk növbədə Qüds üçün edərdi. Xəlifə isə belə etməmiş, tam əksinə, qeyri müsəlmanlara tolerantlıq göstərmişdi. Məsələn, İsgəndəriyyəli Eutychius Ömərin Qüdsdə Sophronius ilə arasında yaşanan maraqlı bir hadisə qeyd edir. “Xəlifə Ömər Qüdsdə ikən namaz vaxtı yaxınlaşır və o namaz qılmaq istədiyini bildirir, Sophronius onu kilsədə namaz qılmağa dəvət edir. Ömər isə bunu qəbul etmir, Sophronius bunun səbəbini soruşduqda isə o, deyir, “Əgər orda namaz qılsaydım, məndən sonra gələn müsəlmanlar Ömər burada namaz qılıb deyərək ora sahiblənər, kilsəni sizin əlinizdən alardılar.”22 Başqa bir diqqətəlayiq hal isə yəhudilərlə bağlıdır, müsəlmanlar Qüdsü fəth etməzdən əvvəl Bizans imperiyası yəhudiləri Qüdsdən sıxışdırıb çıxarmışdı. Müsəlmanlar nəzarəti ələ keçirdikdən sonra yəhudilərin yenidən burada məskunlaşmasına icazə verdilər.23

Oxşar nümunələr İslam tarixi boyunca dəfələrlə müşahidə olunmuşdur. Bu nümunələrdən biri də müsəlmanların Priney yarımadasını fəth edərkən yerlilərlə bağladıqları müqavilə ola bilər. Bu müqavilədə də “yerlilərin öldürülməyəcəyi və əsir alınmayacağı, onların müsəlmanların idarəsində əmin-amanlıqda olacaqları, dini məsələlərdə heç nəyə məcbur edilməyəcəkləri, kilsələrinə toxunulmayacağına dair bənd yer alırdı.”24 Müsəlmanların müqavilə şərtlərinə sadiq qaldıqları tarixi faktdır, onlar yerlilərin inanclarını zorla dəyişdirmədilər, amma bir neçə əsr sonra ispan Reconquista hərəkatı zamanı bölgədə yaşayan müsəlmanlar çox ciddi təqiblərə məruz qalır, dinlərini məcburiyyət qarşısında dəyişdirir, zülmə uğrayır və ən son çıxış yolu olaraq yaşadıqları yerdən hicrət etmək məcburiyyətində qalırdılar.25 Üstəlik sözügedən Reconquista hərəkatından ziyan görənlər sadəcə müsəlmanlar deyildi, orada yaşayan yəhudilər də zülmlə üzləşir, son çıxış yolu olaraq dinlərini dəyişdirir və yaşadıqları yerlərdən köçmək məcburiyyətində qalırdılar. Belə vəziyyətdə onlar tolerantlıq səbəbilə müsəlman torpaqlarında yaşamağa üz tuturdular. Dini toleransın hərarətli müdafiəçilərindən məşhur fransız filosof Jean Bodin’in yəhudilərin torpaqlarında yaşamasına icazə verən Osmanlı sultanlarını “qeyri müsəlmanlara öz torpaqlarında normal şəkildə, haqları qorunaraq yaşamağa icazə verən türklərin böyük hökmdarları” deyərək tərifləmə səbəbi də məhz bu cür tolerantlıq nümunələridir.26

Qeyd etdiyimiz kimi müsəlmanlar yerlilərin haqlarını qoruyurdular. “Ən azı ilk iki əsr ərzində İslam imperiyasının sakinlərinin əksəriyyətini qeyri-müsəlmanların təşkil etməsi qismən bu cür təminatlarla bağlı idi”27. Bundan əlavə, britaniyalı tarixçi Hugh Kennedy`nin fikrincə, müsəlmanların ilk fəthlərindən sonra zorla İslamı qəbul etdirməsi “demək olar ki, qeyri-mümkündür”, çünki müsəlmanlar yeni fəth edilmiş ərazilərdə çox kiçik bir azlıq təşkil edirdilər – ehtimallara görə Misirdə əhalinin təxminən 10%-i, İraqda 20%-i müsəlman idi. Dövrün reallıqlarını nəzərə alaraq deyə bilərik ki, bu şəraitdə məcburi olaraq insanların din dəyişməsindən (islama keçməsindən) söhbət gedə bilməzdi.”28 Elə indi də ilk fəth olunan torpaqlarda mövcud olan ölkələrdə qeyri-müsəlman xalq mövcuddur. Bu gün xristianlar Misirdə (9%), Suriyada (10%), Livanda (39%) və İraqda (3%) hələ də yaşamağa davam edirlər. Əgər həmin ilk müsəlman fəthləri (və ya hətta sonrakı müsəlman hökmdarları) kimisə dinini qəbul etməyə məcbur etsəydi, ən azından o ölkələrdə xristianlıq mövcud olmaz, bu günədək gəlib çatmazdı. Onların mövcudluğu İslamın bu ərazilərdə qılıncla yayılmadığının sübutudur.29

Müsəlmanların elə ilk əsrdəcə fəth etdiyi bölgələrdə İslam 2-3 əsr əksəriyyətin dini halına gəlmədi. Məsələn, İranın, demək olar ki, hər yeri xəlifə Ömərin zamanında – 705-ci ildə fəth edilmişdi; lakin tarixçi Richard Bulliet`in tədqiqatı göstərdi ki, İranın müsəlman əhalisi yalnız 9-cu əsrin ortalarında 50%-ə çatmışdı və bu rəqəmin 75%-ə çatması üçün daha bir əsrə yaxın vaxt gərəkli idi.30

Hətta bəzi tarixçilər müsəlman hökmdarların qeyri-müsəlmanları İslamı qəbul etməyə məcbur etmək bir kənara qalsın, əslində onların qeyri müsəlman olaraq qalmalarını üstün tutmalarını iddia edirlər. İddiaya görə bunun səbəbi o idi ki, müsəlmanlara fərz olan zəkat vergisi ancaq müəyyən xidmətlər üçün istifadə edilə bilərdi. Lakin cizyə  birbaşa  mərkəzi xəzinəyə göndərilir və əmr sahibinin (hökmdarın) əmrinə əsasən istifadə edilirdi, bu isə hökmdar üçün daha arzuolunan seçim hesab olunurdu.31 Bununla bağlı qeyd olunan məşhur nümunələrdən biri Əməvilər dövründə, 734-cı ildə başlayan “İbn Süreyə” qiyamıdır. Əməvilər dövründə xilafət ərazisindəki qeyri müsəlmanları islama dəvət etmək üçün müxtəlif dəvətçilər fərqli bölgələrə, məsələn, Mərkəzi Asiyaya, Məvaraünnəhr və Fərqanə vadisi kimi yerlərə göndərilirdi. Dəvətçilər yerliləri müsəlman olduqları halda cizyə verməkdən azad olacaqları barədə məlumatlandırmışdılar və bundan sonra insanlar islamı qəbul etməyə başlamışdı. Ancaq bunun ardınca vergi məmurları bölgədə cizyə verəcək adam qalmadığını valiliyə bildirdikdə bölgə valisi insanların həqiqətən islamı qəbul edib-etmədiyini təftiş etmək barədə əmr verdi. Onların müsəlmanlar üçün fərz olan ibadətləri edib-etməmələri, məsələn, cümə namazına gedib-getməmələri, sünnət olub-olmadıqları, Qurandan ən az bir kiçik sürə də olsa, bilib-bilmədikləri yoxlanılırdı. Bu yoxlamadan keçməyənlərdən isə cizyə verməsi tələb olunurdu. Əhali bununla razılaşmaq istəmir və vergi verməkdən boyun qaçırırdı. Nəticədə xalq arasında narazılıqlar genişləndi və qısa müddətdə xilafətə qarşı üsyanlar başladı. Xilafət orduları ilə qiyamçılar arasında baş verən qarşıdurmalar uzun müddət davam etsə də, sonda qiyam yatırıldı.32

Asiya xalqlarının və türklərin müsəlman olması

Məcburi din dəyişdirmə iddialarının bəzi xüsusi nümunələri vardır. İlk nümunə olaraq Cənubi Asiyada insanların müsəlman olma hekayəsi haqda iddialara nəzər sala bilərik. Amerikalı tarixçi Will Durant 1935-ci ildə “Məhəmmədilərin (müsəlmanların) Hindistanın33 fəthi yəqin ki, tarixin ən qanlı hekayəsidir” deyərək, milyonlarla hindlinin qılınc gücünə İslamı qəbul etdiyini yazırdı.34 İronik olan isə budur ki, eyni kitabda Durant həmçinin qeyd edir ki, “tarixin çoxu təxmindir, qalanları isə qərəzdir.”35 Sözügedən iddia orientalistlər tərəfindən geniş istifadə olunsa da,36 bir çox tənqidlərə məruz qalıb.37 Tarixçi Peter Hardy iddianın qeyri müəyyən fərziyyələr üzərindən əsassız şəkildə edildiyini qeyd edir.38 Digər bir tarixçi Rowena Robinson iddia edir ki, “Hindistanda İslamın qılınc yolu ilə zorla yayılmasına dair iddia açıq-aydın həqiqətə uyğun deyil.39

Bundan əlavə, tarixçi Yohanan Friedmann qeyd edir ki, iddia sahibi tarixçilərin iddialarına dəlil olaraq təqdim etdikləri fars tarixi mənbələrindən götürülən ifadələr heç də birmənalı deyillər, yəni onları başqa cür də anlamaq mümkündür. Məsələn,  tarixi mənbələrdən dəlil olaraq göstərilən “Onlar İslama təslim oldular” mənasındakı ifadəni biz, yerlilər müsəlmanlar tərəfindən müharibə halında təqdim edilən 3 seçimdən ikincini seçərək orduya (İslam dövlətinə) təslim oldular kimi də anlaya bilərik.40 Friedmann eyni zamanda başqa bir maraqlı nüansa da diqqət çəkir. O qeyd edir ki, müsəlmanlar Hindistanı təxminən 800 il idarə ediblər, lakin bu ərazilərdə heç vaxt çoxluq olmayıblar.41 Sadəcə bu fakt belə islamın zorla yayılması iddiasını zəiflətmək üçün kifayətdir. Məşhur hind tarixçisi Khuswant Singh isə Hindistanda İslamın ilk dövrlərindən bəhs edərkən açıq şəkildə bildirir ki, islam bu coğrafiyada könüllülük əsasında müsəlman dəvətçilər tərəfindən yayılıb.42

Başqa bir iddia türklərin qılınc gücünə zorla müsəlman olması ilə bağlıdır. İddialara görə türklər uzun sürən qətliamlardan sonra zorla müsəlman olmağa məcbur ediliblər. Amerikalı tarixçi Peter B. Golden “An Introduction to the History of the Turkic Peoples” kitabında türklərin zorla müsəlman olması iddiasının real olmadığını qeyd edir.43 O, qeyd edir ki, ümumiyyətlə türklərin müsəlman olması birdən-birə baş verməmiş, əsrlər sürmüşdür. Üstəlik, nəzərə almaq lazımdır ki, hətta bu gün belə müsəlman olmayan türk xalqları mövcuddur. 

Türklərin ilk müsəlman olma prosesi elə islam dövlətinin ilk zamanlarında baş vermişdi. Ira Lapidus hətta raşidi xəlifələr dövründə də türklərdən müəyyən kiçik qrupların islam dövlətinə gələrək müsəlman olmasını qeyd edir.44 Türklər köçəri tayfa halında yaşayır və pul müqabilində döyüşürdülər. Bu səbəbdən də islam ordularına qarşı döyüşən türklər ilk zamanlarda məğlub olduqları hallarda əsir düşür və beləcə islamla tanış olurdular.45 Daha geniş tanışlıq isə islam ordularının Asiyaya yürüşləri zamanı baş vermişdir. 751-ci ildə Talas döyüşündə Çin ordusu türklərlə müsəlman ərəblərin ittifaqı qarşısında məğlub oldu. Ancaq bu döyüşün yeganə önəmi sadəcə Çinin məğlubiyyəti deyil, eyni zamanda türklərin daha geniş şəkildə islamla tanış olmasıdır. Müsəlmanlarla ittifaq sayəsində türklər həm Çin təhlükəsindən qorunmuş oldular, həm də zamanla onlarla münasibətlərini yaxşılaşdırıb dinlərini mənimsədilər.46 Onsuz da, tək tanrıya, axirətə, xeyir və şər məfhumuna inanan türklərin islamı mənimsəməyi bu baxımdan elə də çətin olmadı. 

İlk vaxtlarda proses yavaş getsə də, Abbasilər dövründə sürətləndi.47 Tarixçi Gary Leiser yazır ki, Türklərin müsəlman olmasında isə əsas pay sahibi müsəlman dəvətçilər, tacirlər və sufilər idi.48 Abbasilər dövründə türklər orduda və digər dövlət vəzifələrində də geniş yer almağa başladılar.49 Beləliklə türklər islami kimliyə sahibləndi və islam tarixində öz yerlərini almağa başladılar. Tarix onların uzun müddət islamın bayraqdarı olmasına şahidlik edəcəkdi.

Digər tərəfdən, türklər 800 ildən çox İslamın bayraqdarı olublar, çoxsaylı dövlətlər qurub, uzun illər hökm sürüblər. Amma bu illər ərzində həmin dövlətlərin heç biri islamdan üz döndərməyib. Məsələ burasındadır ki, əgər onlar qılınc gücünə zorla müsəlman edilsəydilər, əllərinə düşən ilk fürsətdə islamdan üz çevirər və əvvəlki dinlərinə qayıdardılar. Amma biz tarix kitablarında belə hadisəyə rast gəlmirik. 

Azərbaycan ərazisində islamın yayılması

İslamın erkən dövrlərdə yayıldığı ərazilərdən biri də Azərbycan ərazisidir. Hələ xilafətin ilk illərində – 639-cu ildə Azərbaycan ərazisinə ilk yürüşlər edilmişdi.50 Azərbaycan ərazisi bu zaman Sasanilər dövlətinin tərkibində idi. Qeyd edilən dövrdə əhali şimalda xristianlıq, cənubda isə Sasanilərin təsiri ilə əsasən atəşpərəstlik dininə mənsub idi.51Akademik Ziya Bünyadov əhalinin sosial-iqtisadi vəziyyətindən danışarkən qeyd edir ki, sözügedən dövrdə Azərbaycan və xüsusilə Arran əhalisi daimi Bizans-İran müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi.52

İkinci Xəlifə Ömərin zamanında 642-ci il Qadissiyə döyüşündə ərəb ordularının Sasani qoşunlarını məğlub etməsi ilə Sasani dövləti süqut etdi. Bu zaman Sasanilərin əfsanəvi sərvətindən əlavə, həmçinin, onların nəzarət etdiyi ərazilər də ərəblərin nəzarəti altına keçdi. Həmin dövrdə yerli əhali müsəlmanların Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas yolu hesab edirdi. Tarixçilər, həqiqətən də, ərəblərin dövründə əhalinin əvvəlkinə nisbətdə daha yaşadığını qeyd edirlər. Belə ki, ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər.53Ziya Bünyadov qeyd edir ki, bu zaman xalqa islamı qəbul etmək məcbur edilmirdi. Bununla yanaşı islamı qəbul etmək istəyənlərə mane yaradılmırdı. Bu xüsusilə də Arrana aid idi, çünki onun əhalisi xristian, başqa sözlə, “Kitab əhli” idi.54

Cənubda isə vəziyyət bir qədər fərqli idi. Cənubda əhalinin dini Sasanilərin dini olan zərdüştlük idi, onlar şimaldakı əhalidən fərqli olaraq kitab əhli deyildilər. Burada ilk zamanlarda iri feodallar zərdüştlüyü müdafiə etməyə çalışsalar da, daha sonralar ərəblərin hakimiyyəti altında yaşadıqları üçün onlarla əməkdaşlıq etməyind aha doğru olacağını düşündülər. Bu halda onlar yenə də öz əvvəlki imtiyazlarını saxlayacaqdılar. Məhz bu səbəbdən Azərbaycanın feodal aristokratiyasının  islam dinini qəbul etmə prosesi çox tez başa çatdı, belə ki, akademik Ziya Bünyadovun yazdığına görə, cəmi yüz il ərzində zərdüştlük tamamilə aradan qalxdı.55

Bu məqamda hicri 22-ci ildə (miladi – 643)  Cənubi Azərbaycan hakimi İsfəndiyar Fərruxzadə ilə Mədinə İslam dövlətinin Azərbaycandakı canişini Utbə ibn Fərqəd arasında imzalanan əhdnaməni də qeyd etmək lazımdır. Ordusu Gərmizanda məğlubiyyətə uğrayıb, özü də əsir olaraq ərəblərin əlinə keçən İsfəndiyar Fərruxzadə əsirlikdən xilas olmaq ümidini itirərək Xəlifə Ömər ibn Xəttabın Ərdəbil və Muğan fatehi Huzeyfə ibn əl-Yəmanın yerinə yenicə canişin təyin etdiyi Utbə ibn Fərqədə müqavilə bağlamağı təklif etmişdi. Utbə onun bu istəyini Mədinəyə, xəlifə Ömər ibn Xəttaba məktub yazaraq bildirmişdi. Xəlifənin bu təklifi məmnuniyyətlə qarşılamasından sonra iki tərəf arasında müqavilə bağlanmışdı. Tarixçi Elnur Nəsirov Əhməd Bəlazuri və İbn Cərir ət-Təbəri kimi müəlliflərə istinad edərək müqavilənin mətnini bu şəkildə tərcümə etmişdir:

 “Rəhman və rəhim olan Allahın adı ilə 

Bu, əmirəlmöminin Ömər ibn Xəttabın canişini Utbə ibn Fərqəd tərəfindən, Azərbaycanın çöl və dağlıq bölgələrində, ətraf və ucqarlarında yaşayan əhaliyə verilən əhdnamədir. Onlar maddi vəziyyətlərinə müvafiq olaraq cizyə ödəmək şərti ilə əmniyyət içindədirlər. Bu vergidən uşaqlar, qadınlar, xəstələr, əllərində heç bir varidatı olmayan fəqirlər və özlərini ibadətə vermiş, dünya malından heç bir nəsibi olmayan, inzivaya çəkilmiş rahiblər azaddırlar. Onlar (əhali) öz yurdlarından keçib gedən müsəlman əsgərləri bir gecə və bir gündüz qonaq saxlayıb, onlara bələdçilik edib yol göstərməlidirlər. Onların (əhalinin) arasından müsəlmanlarla birlikdə əsgəri xidmətə gedənlər həmin ilin vergisindən azaddırlar. Xidmətləri bitib öz evlərinə qayıdandan sonra, səfərlərdə iştirak etməyənlər kimi vergilərini ödəməlidirlər. Öz yurdlarını tərk edib gedənlər, əmin olacaqları yerdə məskunlaşana qədər əmin-əmanlıq içində olacaqlar.

Əhdnaməni Cündəb yazdı. Bukeyr ibn Abdullah əl-Leysi və Simak ibn Xarəşə əl-Ənsari şahid oldular”56

Azərbaycan ərazisinin xilafətə qatılmasına xəlifə Ömər ibn Xəttab çox böyük önəm verirdi. İsfəndiyar Fərruxzadə ilə əhdnamə bağlanıb Azərbaycanın fəthi tamamlandıqdan sonra xəlifə Ömər ibn Xəttab Bukeyr ibn Abdullaha şimala, Dərbəndə doğru yürüşünü davam etdirmək əmrini vermişdi. Bu əmri dərhal yerinə yetirmək üçün hərəkətə başlayan Bukeyr şimal istiqamətində irəliləyərək Muğana gəlmiş, muğanlılarla vuruşaraq onları məğlubiyyətə uğratmışdı. Muğan bölgəsinə tamamən sahib olan Bukeyr yerli əhali ilə əhdnamə bağlamışdı. Əhdnamə aşağıdakı məzmunda idi. 

“Rəhman və rəhim olan Allahın adı ilə 

Bu, Bukeyr ibn Abdullah tərəfindən Qıbç dağlarından sayılan Muğan əhalisinə verilmiş əhdnamədir. Onların malları, canları, dini etiqadları və qanunları əmniyyətdədir. Bunun əvəzi olaraq hər həddi-büluğa çatmış kişi başına bir dirhəm və ya bunun bədəlini ödəyəcəklər. Hər bir müsəlmanla yaxşı rəftar edəcək, ona yol göstərəcək, bir gecə və bir gündüz qonaq saxlayacaqlar. Belə olsa xeyirxah olub, əmniyyətdə olarlar. Bu bizim vədimizdir və vəkil olaraq Allah yetər. Onlar bu şərtlərə xələl gətirsələr, əhdnamə hökmünü itirəcəkdir. Üsyançıları tutub təslim etməyə məcburdurlar. Əks təqdirdə onlar da üsyançılarla birlikdə sayılacaqlar. 

Buna Şəmmax ibn Dirar, Rəsaris ibn Cənadib və Həmələ ibn Cəviyyə şahid oldular.”57

Digər tərəfdən, Əbdürrəhman ibn Rəbiənin əmri altındakı avanqard qüvvələr Dərbənd ətrafına gəlib çatdığı vaxt Albaniya hökmdarı Şəhribəraz (Varaz-Qriqor) ərəbləri səmimiyyətlə qarşılamışdı. Şəhribəraz Əbdürrəhman ibn Rəbiənin yanına öz adamlarını göndərərək onunla görüşmək istədiyini bildirmişdi. Əbdürrəhman onun bu istəyini rədd etməmiş və Şəhribəraz İslam ordusunun düşərgəsinə gələrək idarə etdiyi insanların müxtəlif millətlərdən olduğunu, bu insanlardan özünün çox da məmnun olmadığını və müsəlmanlarla əməkdaşlıq etmək istədiyini Əbdürrəhmana bildirmişdi. Bunun əvəzində Şəhribəraz idarəsi altındakı insanların cizyə vergisindən azad olunmasını istəmişdi. Bu mövzuda səlahiyyətli olmadığını bildirən Əbdürrəhman Şəhribərazı Suraqə ibn Əmrin yanına göndərmişdi. Suraqə ibn Əmr ona yalnız müsəlmanlarla birlikdə hərbi səfərlərdə iştirak edənləri cizyədən azad edə biləcəyini söyləmişdi. Suraqə ibn Əmr Mədinəyə məktub yazaraq xəlifəyə yaranmış vəziyyət və Şəhribərazın istəyi haqqında məlumat vermişdi. Xəlifə Ömər ibn Xəttab Suraqənin fikrini bəyənmiş və bu şərtlərlə əhdnamə bağlanmasını tapşırmışdı. Bağlanan əhdnamənin mətni bu şəkildədir.

“Rəhman və rəhim olan Allahın adı ilə 

Bu, əmirəlmöminin Ömər ibn Xəttabın canişini Suraqə ibn Əmr tərəfindən Şəhribəraza, albanlara və Albaniyada yaşayanlara verilən əhdnamədir. Hər hansı bir hadisə baş verib-verməməsindən asılı olmayaraq, hər hərbi səfərdə iştirak etmək, canişinin uyğun gördüyü hər yürüşdə iştirak etmək şərtilə onların canları və malları qorunacaq, dinləri və məzhəblərinə, dini ayinlərinin icrasına toxunulmayacaq və mane olunmayacaqdır. Zərər və ziyana uğramayacaqlar, heç bir şeyləri əskilməyəcəkdir. Bu əhdnamə Albaniya əhalisinə, əl-Bab (Dərbənd) bölgəsindəki dağlarda, dağ kənarlarında, məskunlaşanlara, onlarla qonşu ərazilərdə yaşayanlara və şərtləri qəbul edən hər kəsə şamil edilir. Onların arasından bu şərtləri qəbul edənlər cizyədən azaddırlar. Səfərbərlikdə iştirak etmək cizyə yerinə keçərlidir. Səfərbərlikdə iştirak etmək istəməyənlər (cənubi) Azərbaycan əhalisinin ödədiyi miqdarda cizyə ödəməlidirlər. Eyni zamanda onlar bələdçilik etməli və hər biri bir müsəlmanı bir gecə və gündüz qonaq saxlamalıdırlar. Səfərbərlikdə olanlar bundan azaddırlar. Səfərbərlik bitib öz yurdlarına qayıdandan sonra yenə bu şərtlərə əməl etməlidirlər. 

Əhdnaməni Mərazə ibn Muqərrin yazdı. Əbdürrəhman ibn Rəbiə əl-Bahili, Salman ibn Rəbiə əl-Bahili, Bukeyr ibn Abdullah əl-Leysi şahid oldular.”58

Qeyd edilən müqavilələrdən də göründüyü kimi xilafət ordusu digər bölgələrdə olduğu kimi Azərbaycan ərazisindəki əhalinin də dini etiqad azadlığını təmin etmiş, dini ayinlərinin icrasına mane olmamış, onların canlarını və mallarını qoruma altına almışdır. Müqavilələr xilafət ordularının getdiyi hər yerdə bu şərtlərlə bağlanır və rəsmi sənəd kimi təsdiq edilirdi. Ancaq burada qeyd edilən şərtlərə əməl edilmədiyi halda ordu hər hansısa müdaxilə tədbiri görə bilərdi. Nəzərə almaq lazımdır ki, bu cür şərtlərlə bağlanan müqavilələr yerli əhali üçün olduqca əlverişli idi. Belə ki, onlar islam dövlətinə təslim olmaqla ilk növbədə sabitlik qazanacaq, ədalətli bir vergi sistemi ilə vergilərini ödəyəcək və rahatlıqla dini ibadətlərini yerinə yetirəcəkdilər. Üstəlik, ödədikləri vergi müqabilində canları və malları xilafət orduları tərəfindən qorunacaqdı. 

Onu da qeyd etmək lazımdır ki, xalqların islam dövlətinə təslim olması ilə müsəlmanlaşma prosesi fərqli idi. Məsələn, Şimali Azərbaycanda müsəlmanlaşma prosesi cənubunkuna nisbətdə bir qədər uzun sürmüşdü. Arranda islam dini ilk növbədə heç bir müqavimət göstərmədən ərəblərə tabe olan yerli zadəganlar tərəfindən qəbul olundu, çünki yerli feodallar öz aralarındakı şəxsi ixtilafları həll etmək üçün ərəbləri köməyə çağırırdılar. Digər tərəfdən, Arran zadəganlarının islam dinini qəbul etməsinin bir çox səbəbləri var idi. İlk səbəb bu idi ki, onlar öz maddi mənfəətlərini güdürdülər. İslam dinini qəbul etməklə onlar öz varlıqlarını qoruyub saxlamaqla yanaşı imtiyazlı statuslarını da qoruyacaqdılar. Üstəlik, ərəblər zadəganların torpaq mülkiyyətinə sahiblik hüququnu olduğu kimi saxlayır vo onları müsəlman olduqları halda cizyə verməkdən azad edirdilər.59

Bu ərazilərdə islamın yayılması haqda danışarkən tarixçi V.V.Bartold qeyd edir ki, “islam dini zorakılıqla yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular”.60 Tarixçilər ümumiyyətlə burada nəyinki zorla din dəyişdirmə hallarının olmadığını deyir, hətta , Arranın xristian əhalisinin islamı çox asanlıqla qəbul etdiyini vurğulayırlar.61 Onu da qeyd etmək lazımdır ki, sözügedən dövrlərdə Xilafətin mrəkəzindən Azərbaycana və xilafətin digər bölgələrinə insanları islam dininə dəvət etməsi üçün xüsusi dəvətçilər göndərilirdi. Tədqiqatçılar dəvətçilər sayəsində xilafət tərkibindəki qeysi-müsəlman xalqların islamı kütləvi şəkildə qəbul etdiyində həmfikirdirlər.62V.Rozen qeyd edir ki, “ərəblər öz sadəliyi ilə əzəmətli və yeni bir din gətirmişdilər. Təqib və toqquşmaların, həmçinin ağır vergilərin təzyiqi altında haldan düşüb əzilən kütlələrin zövqünə bu yeni din xüsusən ona görə uyğun gəlmişdi ki, demək olar, hər yerdə yadellilərin (əlavə edək: öz həmvətənlərinin də – Z.B.} ağır iqtisadi zülmündən kütlələri azad edən xilaskar kimi göstərirdi”63Müsəlmanların hakimiyyəti altına düşən xalqların onlardan şikayət etməyə heç bir əsası yox idi. Başqa dində olanlar öz ata-babalarının dinində qalmaqda sərbəst idilər. Bu zaman onlar sadəcə olaraq cizyə vergisi verməli idilər. Cizyə verdikləri halda xilafət orduları onların müsəlman olmasalar belə can və mal təhlüksəsizliyini qoruyurdu. Ziya Bünyadov qeyd edir ki, “yalnız vergilər vaxtında və düzgün ödənməyəndə və əvvəlki dini etiqadı müdafıə etmək bəhanəsi siyasi və milli istəkləri örtüb gizlədən bir pərdə rolunu oynayanda, yəni iş böyüyüb ərəb hakim dairələrinə qarşı açıq üsyan şəklini alanda ərəblər cəza tədbirlərinə əl atırdılar”.64 Onu da qeyd etmək lazımdır ki, bu kimi hallar məcburi din dəyişdirməyə məcbur etmə halı deyil, üsyanı yatırma halı kimi dəyərləndirilməlidir.  

Qeyd etdiyimiz kimi, vergi sisteminin uyğunluğu, dinin asanlığı, və s. müxtəlif səbəblərlə əhali islamı asanlıqla qəbul etmişdir. Feodallar və zəngin aristokrat təbəqə imtiyazlarını qoruyub saxlamaq və sabitlik səbəbilə islamı ilk qəbul edən zümrə oldular. Yeni din tacir və sənətkarlar arasında da müvəffəqiyyət qazanırdı, çünki ərəb hakim dairələri tacir sinfinə və sənətkarlara böyük güzəştə gedir, onlara asanlıq yaradırdılar. Beləliklə tacir və sənətkarların fəaliyyəti genişlənir, gəlirləri artırdı. Kəndli təbəqəsiisə islam dinini qəbul etməklə ilk növbədə çalışırdılar ki, cizyə vergisindən xilas olsunlar. Bundan əlavə, kəndlilər islam dinini qəbul etdikdə, xəlifə I Ömərin qanunnaməsinə əsasən, müəyyən müddət xəzinədən hətta illik pul mükafatı da alırdılar.65 

VIII əsrin əvvəllərinə doğru İslam dini Azərbaycanda hakim bir din halına gəldi. Əhalinin tamamilə islamlaşması üçün isə daha uzun müddət lazım idi. Onu da diqqətə çatdırmaq lazımdır ki, hətta xilafət parçalandıqdan sonra belə azərbaycan ərazisində islam dini dövlət səviyyəsində hakim din olaraq qalırdı. Yəni qılınc gücünə zorla müsəlmanlaşdırılma halları baş versəydi, ərəblərin hakimiyyəti bitdiyi anda insanlar islamdan üz çevirərdilər. Biz isə belə bir hadisə görmürük. Xilafət parçalandıqdan sonra belə Azərbaycan ərazisində yaranan çoxsaylı dövlətlər müsəlman kimliyini qoruyub saxlamış və islamı dövlətin rəsmi dini olaraq qəbul etmişdilər.

İslam dünyaya necə yayılıb?

Tarix ərzində islamın zorla qəbul edildiyi hallar tapmaq mümkündür. Müəyyən şəxs və ya kiçik qrupların zorla müsəlman olma hadisələri müsəlman tarixçilərin kitablarında belə öz əksini tapır. Amma bu kimi hallar çox nadirdir və böyük insan qruplarını əhatə edəcək şəkildə baş verməmiş, kütləvi hal almamışdır. Bu isə o deməkdir ki, ümumi proses olaraq dinin yayılma hadisəsini zorla din qəbul etdirmə ilə izah etmək, ən azından, xətalıdır və bu, iddia sahiblərinin qərəzindən qaynaqlanır. On da nəzərə almaq lazımdır ki, belə hadisələr ortadoks müsəlmanlar tərəfindən heç vaxt legitim hesab olunmayıb.

Məşhur Tarixçi Hugh Kennedy Yale Universitetində “Religion & Violence” (Din və Şiddət) konfransında “Islam qılınc gücünə yayılıbmı?” mövzusunda çıxışını belə sonlandırmışdı: “İslam qılınc gücünə yayılmayıb, lakin qılınc olmadan da yayıla bilməzdi”.66 Bu o deməkdir ki, bir bölgə islam dövlətlərinə qatıldıqdan sonra uzun müddət ərzində olsa belə, oradakı insanlar çox vaxt müxtəlif səbəblərlə müsəlman olurdular, amma onların müsəlmanlardan hər hansısa formada təsirlənməsinin ilkin səbəbi islam hakimiyyəti altında yaşamaları idi. Təbii ki, burada hər hansısa məcburiyyətdən söhbət gedə bilməz. Ira Lapidus elə peyğəmbər zamanından etibarən qeyri-müsəlmanları islama qazandırmaq üçün çalışan islam dəvətçilərinin, tacir müsəlmanların və islamın ədalət baxımından sadəcə hakim elita üçün deyil, sadə xalq üçün də əlverişli olmasını islamın yayılmasında əsas pay sahibi hesab edir.67 Berkey68, Bernard Lewis69 kimi tarixçilər də erkən dövrlərdə İslamın sürətlə yayılmasında ticarətin çox böyük rolu olduğunu qeyd edirlər. Bunlardan əlavə qeyd etmək vacibdir ki, islamın yayılması çoxşaxəli prosesdir, burada intellektual sferada “mədrəsələrin yüksəlişi”, miqrasiya, diplomatik münasibətlər kimi bir çox sosial, iqtisadi, siyasi və mədəni proseslərin rolu olmuşdur. 

İstənilən halda bu diskursda səsləndirilən iddiaların, məşhur tarixçi William McNeill`in dili ilə desək, “mythistory”70 (mif tarix) olması yazı ərzində də gördüyünüz kimi müsəlman olmayan tarixçilər tərəfindən təsdiq edilmiş, “islam qılınc gücünə yayılıb” iddiasında olanlar ciddi tənqidlərə məruz qalmışdır. Mövzu ilə bağlı araşdırma edənlərin mütləq əksəriyyəti xalqların islamı qəbul etməsinin könüllülük əsasında baş verdiyini qeyd edirlər.  

Yale Universitetinin tarix üzrə professoru Lamin Sanneh bu məqamda başqa bir maraqlı nöqtəyə də diqqət çəkir. Sanneh qeyd edir ki, hətta qılınc gücündən heç bir söhbətin getməyəcəyi yerlərdə belə islamın sürətlə yayılması halları kifayət qədərdir. Məsələn, Cənub-Şərqi Asiya və Qərbi Afrika bu gün dünyada ən çox müsəlman əhalisi olan bölgələrdən ikisidir, lakin bu torpaqlar əli qılınclı müsəlman görməmişdir.71 Sanneh`in qeyd etdiyi nöqtə çox maraqlıdır. Belə ki, məsələn, heç vaxt islam orduları ilə görüşməmiş Cənub-Şərqi Asiya ölkələri olan Malayziya, İndoneziya kimi ölkələrin əhalisi müsəlmandır. Bu coğrafiyanın əhalisi tarixən ticarət etdikləri müsəlman tacirlərin ədəb-əxlaqından, ticarət prosesi zamanı doğru danışmalarından və s. təsirlənmiş, və onlardan islam dinini öyrənmişlər. Beləcə, islam dini bu ərazilərdə yayılmışdır.

Nəticə

Yuxarıda bu diskursda avtoritet hesab olunan tarixçilərin, orientalistlərin qeyd edilən sözlərindən də gördüyümüz kimi, İslamın yayılması qılınc gücünə baş verməmişdir. Ümumiyyətlə, qılınc gücünə din yaymaq o dövr şərtləri etibarilə mümkün belə deyildi. Digər tərəfdən, çoxsaylı tarixi faktlar İslamın qılınc gücünə yayılmadığını, tam əksinə, müsəlmanların islam ordularının fəth etdiyi ərazilərdəki yerli xalqlara qarşı tolerant yanaşdıqlarını, onların dinlərinə toxunmadıqlarını, canlarını və mallarını qoruduqlarını göstərir. Həmçinin, yuxarıda xüsusi nümunələr olaraq ələ aldığımız bölgələrin insanlarının da islamı könüllü şəkildə, müxtəlif səbəblərdən qəbul etdikləri nüfuzlu tarixçilərin kitablarına istinad edilərək göstərilmişdir. Bu faktlar sadəcə müsəlmanların deyil, həmçinin qeyri müsəlmanların kitablarında da yer almaqdadır. Xüsusi nümunə olaraq qısa şəkildə ələ aldığımız islamın Azərbaycan ərazisində yayılması prosesindən də gördüyümüz kimi xilafət orduları getdikləri yerdə savaşmaq əvəzinə müqavilələr bağlayaraq əhalini dövlətə tabe etməyə çalışırdılar. Beləcə, həm itkilər az olurdu, həm də daha rahatlıqla irəliləmək, başqa ərazilərə sürətli şəkildə getmək imkanı yaranırdı. Əhaliyə islamı qəbul etməyi məcbur etmyəən müsəlmanlar bağladıqları müqavilələrə əsasən onlara dini etiqad azadlığı verir, ödədikləri vergi müqabilində canlarını və mallarını qoruyurdular.

Yekun olaraq onu deyə bilərik ki, elə ilk əsrdəcə Asiya, Avropa, Afrika kimi müxtəlif qitələrdə mövcud olan fərqli mədəniyyətlərə, dinlərə sahib çoxsaylı xalqlarla qarşılaşan müsəlmanlar onların dinlərini zorla dəyişdirməmiş, insanların islamı qəbul etmə prosesi Azərbaycan nümunəsindən də gördüyümüz kimi geniş zaman kəsiyində könüllü şəkildə baş vermiş, əhali islam dinini qəbul etməyə məcbur edilməmişdir. 

Dipnotlar

  1. Conrad Hackett and Michael Lipka, “Why Muslims are the world’s fastest-growing religious group,” 6 April 2017, http://www.pewresearch.org/fact-tank/2017/04/06/why-muslims-are-the-worlds-fastest-growing-religious-group/.
  2. Karen Armstrong, “We cannot afford to maintain these ancient prejudices against Islam,” The Guardian, 18 September 2006, https://www.theguardian.com/commentisfree/2006/sep/18/religion.catholicism.
  3. William Muir, The Caliphate: Its Rise, Decline, and Fall (London, 1898; reprint Beirut: Khayats, 1963), p 45
  4. De Lacy O’Leary, Islam at the Cross Roads (New York: E.P. Dutton and Co., 1923), p 8.
  5. Arnold, Sir Thomas W. The preaching of Islam: A History of the Propagation of the Muslim Faith, Westminster A. Constable & Co., London, 1896, p. 80.
  6. Marshall G. Hodgson, The Venture of Islam, Volume 1: The Classical Age of Islam (Chicago: The University of Chicago Press, 1974), 199.
  7. Ira M. Lapidus, A History of Islamic Societies (New York: Cambridge University Press, 2014), 271.
  8. Jonathan Berkey, The Formation of Islam: Religion and Society in the Near East, 600-1800 (New York: Cambridge University Press), 162
  9. Kevin Barrett, “Is Islam Reasonable?,” in Reasonable Perspectives on Religion, ed. Richard Curtis (Plymouth, UK: Lexington Books, 2010), 204.
  10. Albert Hourani, A History of the Arab Peoples (Belknap Press of Harvard University Press 2010) p.41-48
  11. Sidney Griffith, The Church in the Shadow of the Mosque: Christians and Muslims in the World of Islam (Princeton: Princeton University Press, 2009), 148.
  12. Michael Bonner,  Cihad in Islamic History: Doctrines and Practice e (Princeton, NJ: Princeton University Press, 2006), 90. 
  13. Milka Levy-Rubin, Non-Muslims in the Early Islamic Empire: From Surrender to Coexistence (New York: Cambridge University Press, 2011). p 41
  14. Rispler-Chaim, Vardit (2007). Disability in Islamic law. Dordrecht, p. 44
  15. S.D. Goitein, “Minority Selfrule and Government Control” in Muslims and Others in Early Islamic Society, ed. Robert Hoyland (Wiltshire: The Cromwell Press, 2004), 160.
  16. Thomas Walker Arnold. The preaching of Islam: A History of the Propagation of the Muslim Faith. Constable & Robinson Ltd. London, 1896, pp. 61
  17. Bat Ye’or, Islam and Dhimmitude: Where Civilizations Collide, tr. Miriam Kochan and David Littman (Madison/Teaneck, NJ: Fairleigh Dickinson University Press, 2002), 50.
  18. Bernard Lewis, “The New Anti-Semitism”, The American Scholar 75, no. 1 (2006)
  19. Chase F. Robinson, “Review of “The Decline of Eastern Christianity under Islam, from Jihad to Dhimmitude: Seventh-Twentieth Centuries by Bat Ye’or, Miriam Kochan, David Littman”, Middle East Studies Association Bulletin 31, no. 1 (1997): 98.
  20. Michael Bonner, Jihad in Islamic History Doctrines and Practice, p 91.
  21. Hugh Kennedy, The Great Arab Conquests: How the Spread of Islam Changed the World We Live In (Philadelphia, PA: Da Capo Press, 2007), 91.
  22. Cf. the Greek text of this narrative in I. Phokylides, ‘‘H πισθεv τς κκλησίας τo! ‘Aγίoυ Τάφoυ vακαλυφθεσα ’Aραβική πιγραφή’, Nea Sion 10, 1910, pp. 262-8, at 263-4; also Eugenius Michaelides, ‘‘H συvθήκη τo! &μάρ μπέv αλ-Χαττάπ κατά τoύς )ραβας *στoριoγράφoυς’, Nea Sion 21, 1926, pp. 499-504, at 503-4.
  23. Moshe Gil, A History of Palestine, 634-1099 (Cambridge: Cambridge University Press, 1997), p. 69.
  24. Eyni mənbə, 315
  25. Early Modern Spain: A Documentary History, ed. Jon Cowans (Philadelphia: University of Pennsylvania Press, 2003), 145.
  26. Daniel Goffman “The Ottoman Empire and Early Modern Europe” (Cambridge: Cambridge University Press, 2002), p 111
  27. William Cleveland and Martin Bunton, A History of the Modern Middle East (4th ed.) (Westview Press, 2009), 14.
  28. Hugh Kennedy, “Was Islam Spread by the Sword?: The Early Muslim Conquests Revisited,” The Yale Conference on Religion and Violence (Yale University, New Haven, CT, February 16, 2008).
  29. Eyni mənbə
  30. Richard W. Bulliet, “Conversion to Islam and the Emergence of a Muslim Society in Iran”, in Conversion to Islam, ed. Nehemia Levtzion (New York: Holmes & Meier Publishers, 1979), 36.
  31. Hugh Kennedy, “Was Islam Spread by the Sword?: The Early Muslim Conquests Revisited,” The Yale Conference on Religion and Violence (Yale University, New Haven, CT, February 16, 2008).
  32. Gibb, H. A. R. – “The Arab Conquests in Central Asia”, The Royal Asiatic Society (1923), p 70
  33. Hindistan dedikdə sadəcə müasir Hindistan dövlətinin ərazisi deyil, həmçinin, Pakistan, Banqladeş, Əfqanıstan kimi dövlətlərin əraziləri də nəzərdə tutulur.
  34. Will Durant, The Story of Civilisation: Our Oriental Heritage (New York: Simon and Schuster, 1935), 459
  35. Eyni mənbə, 12.
  36. Sudeshna Guha, “Negotiating Evidence: History, Archeology, and the Indus Civilisation”, Modern Asian Studies 39, no. 2 (2005): 403.
  37. Derryl N. MacLean, Religion and Society in Arab Sind (Leiden: Brill, 1989), 25-27.
  38. Peter Hardy, “Modern European and Muslim Explanations of Conversion to Islam in South Asia: A Preliminary Survey of the Literature”, The Journal of the Royal Asiatic Society of Great Britain and Ireland 2 (1977): 185
  39. Rowena Robinson, “Modes of Conversion to Islam”, in Religious Conversion in India: Modes, Motivations, and Meanings, eds. Rowena Robinson and Sathianathan Clarke (New Delhi: Oxford University Press, 2003), 23.
  40. Yohanan Friedmann, “A Contribution to the Early History of Islam in India,” in Studies in Memory of Gaston Wiet, ed. Myrian Rosen-Ayalon (Jerusalem: Institute of Asian and African Studies, 1977), 322.
  41. Stearns, Peter N. 2001. Cultures in Motion: Mapping Key Contacts and Their Imprints in World History. New Haven, London: Yale University Press. p 52
  42. Khushwant Sing, A History of the Sikhs, vol. 1 (N.J.: Princeton University Press, 1963) pp. 20-28.
  43. Peter B. Golden – An Introduction to the History of the Turkic Peoples (Otto Harrassowitz, Wiesbaden 1992) p 211
  44. Ira Lapidus – A History of Islamic Societies, Cambridge University Press 2002, 104
  45. Leiser Gary “Turks”, in Meri, Josef W. (ed.), Medieval Islamic Civilization, Routledge (2005), p. 837
  46. Ira Lapidus – A History of Islamic Societies, Cambridge University Press 2002, 104
  47. André Wink – Al-Hind: The Making of the Indo-Islamic World, Brill Academic Pub 1990, p. 68.
  48. Gary Leiser “Turks”, in Meri, Josef W. (ed.), Medieval Islamic Civilization, Routledge (2005), p. 837
  49. Eyni mənbə
  50. Ziya Bünyadov – Azərbaycan VII-IX əsrlərdə, səh 98, Şərq-Qərb nəşriyyatı, Bakı-2017
  51. Eyni mənbə
  52. Eyni mənbə
  53. Eyni mənbə
  54. Eyni mənbə
  55. Eyni mənbə, səh 111
  56. Elnur Nəsirov – İslam Tarixi, səh 357, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı 2014
  57. Eyni mənbə, səh 357
  58. Eyni mənbə, səh 358
  59. Ziya Bünyadov – Azərbaycan VII-IX əsrlərdə, səh 111, Şərq-Qərb nəşriyyatı, Bakı-2017
  60. Бартольд В.В. Место прикаспийских областей в истории мусульмайского мира. стр. 45, 142, Баку, 1924.
  61. Ziya Bünyadov – Azərbaycan VII-IX əsrlərdə, səh 113, Şərq-Qərb nəşriyyatı, Bakı-2017
  62. Eyni mənbə
  63. Eyni mənbə
  64. Eyni mənbə
  65. Eyni mənbə, səh, 115
  66. Hugh Kennedy, “Was Islam Spread by the Sword?: The Early Muslim Conquests Revisited,” The Yale Conference on Religion and Violence (Yale University, New Haven, CT, February 16, 2008). p 9
  67. Ira M. Lapidus, A History of Islamic Societies (Cambridge: CUP, 1988) p. 469
  68. Berkey JP (2003): The Formation of Islam: Religion and Society in the Near East, 600–1800. Cambridge University Press, Cambridge.
  69. Lewis B (1993): The Arabs in History, 6th Edition. Oxford University Press, Oxford.
  70. William H. McNeill, “Mythistory, or Truth, Myth, History and Historians”, The American Historical Review 91, no. 1 (1986): 8.
  71. Lamin Sanneh, Beyond Jihad: The Pacifist Tradition in West African Islam (New York, Oxford University Press, 2016)