Ətraf dünya gerçəkdirmi?

Əgər mən yazıramsa deməli mən varam. Rene Descartes’in arqumentini bir qədər özləşdirdim. Burası aydındır. İndi bu sətrləri oxuyan oxuyucuya bir sualım var. Bu sualımın üzərində düşünməyinə dəyəcək bir sual vermək istəyirəm. Bu sətrləri yazanın şüurlu bir məxluq olduğunu düşünürsən. Eləcə də gündəlik qarşılaşdığın və danışdığın insanların da şüurunun olduğuna inanırsan. Bunun heç inanc olduğunu da qəbul etmirsən, buna sağlam düşüncə deyirsən. Əlbəttə! Çünki çox rasional bir qavramdır.

Heç düşünmüsənmi?

Yaxşı! Bəs heç düşünmüsənmi ki, sən heç bir şübhə götürməyəcək şəkildə özündən başqalarının şüurunun olduğunu sübut edə bilərsənmi? Başqalarının şüurunun dadı, qoxusu, səsi və ya görüntüsü olmur ki, onları dadmaqla, qoxulamaqla, dinləməklə və baxmaqla varlıqlarından əmin olaq. İnsanların başına taxa biləcəyin elektronik sensorlar da sadəcə elektrik fəaliyyətin olduğunu sübut edə bilərlər, bu, heç də başqa insanlarda da səndə olan şüurun olduğunu isbat etmir. Çünki eyni elektrik fəallığı heyvanlarda da, bəzi orqanik canlılarda da müşahidə etmək olur. Sən özündəki şüuru belə elmi yol ilə sübut edə bilməzsən, lakin özündəki şüurun varlığından əmin olmağının səbəbi isə budur ki, öz şüurunla bir-başa əlaqən vardır. Ağrı hiss etdikdə, sevinc hiss etdikdə, kədərləndikdə hisslərinin nə olduğunu özün hiss etdiyin üçün bilirsən. Lakin başqalarının ağrı hiss etdiyini, sevindiyini, kədərləndiyini isə yalnız təxmin edə bilirsən, onların həqiqətdə nə hiss etdiklərindən heç zaman əmin ola bilməzsən. Çünki öz şüuruna olan çıxışın kimi başqa insanların şüuruna çıxışın yoxdur.

“Problem of Other Minds” nədir?

Bu dediklərimiz sənə qəribə gəlməsin. Filosoflar, psixoloqlar bu problem ilə yaxşı tanışdırlar və fəlsəfədə Problem of Other Mindsadı ilə öyrənilir. Filosoflar da etiraf edirlər ki, bu problemin bu günə qədər də qəti bir həlli yoxdur, çünki təklif olunan həll yollarının hamısı tənqidə açıq olan təkliflərdir, problemi tam çözə bilmir. Təklif olunmuş həll yollarının ən məşhuru “Müqayisəvi Nəticə” (Analogical inference) adlanır və məğzi budur ki, başqa insanların da özümdəki kimi şüurunun olduğunu müqayisə etməklə mümkündür. Lakin bunun kifayət etmədiyi filosoflar tərəfindən etiraf edilir.

Hətta bu problemə görə bəziləri ümumiyyətlə özlərindən kənardakı aləmin mövcudluğunda şübhə edirlər. Onlara fəlsəfədə solipsistlər deyirlər. Amma çox şükür ki, insanların əksəriyyəti solipsistlərin inancını absurd hesab edirlər.

“Ali Bilənin, Hikmət Sahibinin” iradəsi

Bəs yaxşı biz nə üçün bu qədər əminliklə başqa insanların da şüurunun olduğuna inanırıq. Çünki misal üçün mənim yazımda olduğu kimi ümumi cizgi, sözlər arasındakı qarşılıqlı bağ, nizam və tərtib, müqəddimə, inkişaf və nəticə strukturu bu yazının bir şüurun məhsulu olduğuna inanmağımıza vadar edir. Biz, bunu düşünmədən qəbul edirik. Eləcə də gündəlik danışdığımız insanların davranışlarından, dedikləri sözlərdən çıxardıqları nəticələrə əsasən onların şüurlarının olduğunu qəbul edirik. Mömin insanlar da eyni şəkildə Allahın varlığına, bir Ali Bilən’in olduğuna inanırlar. Eyni şəkildə kainatdakı nizam-intizamı, arxasında duran riyazi tarazlığı, yaradılmışlar arasındakı qarşılıqlı bağları gördüyümüz üçün bunların bir “Ali Bilənin, Hikmət Sahibinin” iradəsi ola biləcəyinə inanırıq.


Davranışlardakı, sözlərdəki nizama, tərtibə baxıb davranış və söz sahiblərinin şüurunun olduğuna inanmağımız nə qədər rasionaldırsa eləcə də kainatdakı dəqiq köklənmə” (fine tuning), fiziki hadisələrin arxasındakı riyazi əlaqələr, dizayn, tərtib, mürəkkəblik kimi xüsusiyyətlərdən çıxış edərək Allaha inanmağımız da bir o qədər rasionaldır.