Sionist dövlətinin 2023-cü ilin oktyabr ayının 7-sindən başlayaraq başlatdığı sonuncu soyqırım kampaniyasının vəhşiliyini və dəhşətini aciz şəkildə izləyən tamaşaçılara çevrilmişik. Bu cinayətlərin başlaması ilə Azərbaycandakı sionist hasbara da durmadan çalışır və müxtəlif platformaları öz hədəfləri üçün istifadə edir. Sionist propaqanda üçün istifadə olunan platformalardan biri də Bakı Araşdırmalar İnstututu’dur. Tarix elmləri doktoru və BDU-nun sabiq prorektoru, hazırda ABŞ-da Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun tədqiqatçısı olan Şəlalə Məmmədova’nın mövzumuzla əlaqəli yazdığı üç məqalə məhz BRİ-nin səhifəsində 2023-cü ilin oktyabr hadisələrindən sonra dərc olunub. Məqalələrdən birincisi 2023-cü ilin dekabr ayının 8-i, ikincisi 2024-cü ilin yanvar ayının 10-u, sonuncusu isə həmin ilin fevral ayının 19-unda oxuculara təqdim edilib. Məqalələr yəhudi tarixi və antisemitizm ilə bağlıdır.
Artıq iki ilə yaxın müddətdir ki, fələstinlilər kütləvi şəkildə, ən qəddar şərtlərlə qətl olunur və aclığa məhkum olunur. Buna baxmayaraq BRİ-nin səhifəsində fələstinlilər, onların keçmiş və müasir tarixi barəsində tək bir məqalə belə tapmaq mümkün deyil.
İndi gəlin Sionistlərin maraqlarına xidmət edən bu üç məqaləni analiz edək. Öncəliklə qeyd edək ki, hər üç məqaləyə də maraqlı girişlər seçilmişdir. Misal üçün, müəllif bir məqaləsində belə bir giriş edir:
“2023-cü il dekabrın 29-da Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında soyqırım iddiası ilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində İsrail dövlətinə qarşı ittiham qaldırıb. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində soyqırımla bağlı indiyədək bir neçə ittiham araşdırılıb, lakin hazırkı ittihamı digərlərindən fərqləndirən mühüm bir amil var. Bu Məhkəməyə dövlətlərin soyqırım törədib-törətməməsini müəyyənləşdirmək səlahiyyəti məhz yəhudilərə qarşı kütləvi soyqırımın tanınmasından sonra təsdiqlənmiş 1948-ci il konvensiyası ilə verilmişdir. Vaxtilə yəhudilərin kütləvi soyqırımı ilə bağlı yaradılmış qurum hazırda CAR-ın ittihamı ilə bağlı yəhudi dövlətinin soyqırım törədib-törətmədiyini müəyyənləşdirməlidir. Bu yazıda məqsədim İkinci Dünya Müharibəsinə qədər yəhudilərə qarşı yönəlmiş, həm dünya, həm də yəhudi xalqının tarixinə ciddi təsir göstərmiş hücumlar haqqında məlumat verməkdir.” 1
Burada diqqətçəkən məqam odur ki, məqalənin müəllifi sionist dövlətinin cinayətlərinə qarşı açılmış məhkəməni qeyd etdikdən sonra, bu cinayətləri törədənlərin iddia olunan əcdadlarını tarix boyu “məsum qurbanlar” kimi təqdim etməyə çalışır. Bununla nəyin qəsd olunduğu müəmmadır, yoxsa yəhudi kimliyini daşıyanlar yalnız cinayət qurbanı ola bilərlər, onlar cinayətkar ola bilməzlər demək istənilir?! BMT-nin soyqırım (genosid) konvensiyasını qəbul etməsində aktiv rol oynamış şəxs polşalı-yəhudi hüquqşünas Raphael Lemkin olub. Həmin hüquqşünasın adını daşıyan Lemkin İnstitutu (Lemkin Institute for Genocide Prevention and Human Security) eyni gündə, yəni CAR-ın BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə baş vurduğu gündə öz səhifələrində bir bəyannamə yerləşdirdi və orada sionist dövlətinin fələstinlilərə qarşı etdiklərinin soyqırım olduğunu elan etdi.2 Şəlalə Məmmədova oxucularına bunu da xəbər verə bilərdi, yəni baş verənlərin sadəcə olaraq bir dövlətin başqa dövləti ittiham etməsi olmadığını, bunun soyqırım üzrə mütəxəssis saydığımız şəxslərin rəyi olduğunu deyə bilərdi (deməli idi). 2023-cü ilin dekabr ayının 8-ə aid olan məqaləyə isə Şəlalə Məmmədova belə bir müqəddimə ilə başlayır:
“Son dövrdə İsrail-Fələstin qarşıdurması bütün dünyanın diqqətini Yaxın Şərqə cəlb edib. Azərbaycan cəmiyyətinin İsrail-Fələstin problemi ilə bağlı fikirləri isə köhnə Sovet təbliğatının təsiri altında formalaşıb. SSRİ-nin bu münaqişədə Fələstini müdafiə etməsi təbii olaraq cəmiyyətdə anti-İsrail əhvali-ruhiyyəsinin formalaşmasına səbəb olmuşdur. Eyni zamanda Fələstin ərəblərinin əksərən müsəlman olması İsrailə olan münasibətə təsir edən mühüm amillərdəndir.”3 Təqdimatın çirkinliyinə diqqət edək. Sanki cəmiyyətdəki anti-İsrail əhvali-ruhiyyəsinin səbəbi sovet propaqandası olub. Yəni sionistlərin iyirminci əsrin əvvəllərindən o torpaqlara köçüb fələstinlilərə qarşı törətdiyi cinayətlər, etnik təmizləmə və qətliamlar anti-İsrail sentimentlərinə səbəb ola bilməzdi və belə bir şeyi yalnız sovet propaqandası ilə izah edə bilərik. Üstəlik, onu da qeyd edək ki, Azərbaycan cəmiyyəti Fələstin torpaqlarında baş verənlər haqqında ən xəbərsiz cəmiyyətlərdən biridir və burada nəinki anti-İsrail əhvali-ruhiyyəsi var, əksinə ümumilikdə anti-ərəb, xüsusilikdə anti-fələstin düşmənçiliyi var və bu, həqiqətən də uğurlu sionist propaqandasının nəticəsidir. Bu propaqandanın bəzi misallarını ayrı-ayrı hissələrdə ələ almışıq. İndi isə gəlin, sizinlə üçüncü məqalənin girişi ilə tanış olaq:
“2023-cü il dekabrın 5-də ABŞ universitetlərində antisemitizm dalğasının güclənməsi fonunda ölkənin aparıcı universitetlərindən üçünün, Pensilvaniya Universiteti (UPenn), Harvard Universiteti (UH) və Massaçusets Texnologiya İnstitutunun (MİT) prezidentləri dinləmə üçün ABŞ Konqresinə dəvət olundular. Dinləmələr zamanı hər üç prezident sadə bir suala, “Yəhudilərin soyqırımına çağırış sizin rəhbərlik etdiyiniz universitetin Əxlaq Kodeksinə ziddirmi?” sualına konkret cavab verə bilmədi. Bu vəziyyət təkcə ABŞ-da deyil, bütün dünyada geniş rezonans doğuraraq antisemitizmin nə qədər aktual olduğunu bir daha xatırlatdı. Bəs antisemitizmin kökləri haradan gəlir və nə üçün bu ideologiya ilə aparılan mübarizə uğurlu nəticə vermir?”4 Şəlalə xanımın burada yada saldığı Konqres dinləməsindəki epizod respublikaçı deputat Elise Stefanik’in sualından qaynaqlanır. Burda bir-neçə nöqtəyə diqqət çəkməliyik.
ABŞ universitetlərində antisemitizm dalğasının güclənməsi sionist propaqandasıdır və təəssüf ki, Şəlalə Məmmədova kimi bu propaqandanın Azərbaycandakı uzantıları bu kimi ucuz ittihamları sorğulamadan təsdiqləyirlər.
Əvvəla, ABŞ universitetlərində güclənən heç də antisemitizm deyildi, antisionizm idi. Yəni ABŞ universitetinin tələbələri sionist dövlətinin apardığı soyqırım kampaniyasına etiraz olaraq nümayişlərə başlamışdılar və bu, Stefanik kimi islamafob irqçiləri narahat edirdi. Danılmaz bir faktdır ki, bu nümayişləri təşkil edənlərin arasında ciddi bir rol yəhudi tələbələrin üzərinə düşürdü, yəni sionist dövlətə qarşı nümayişlər planlaşdırıb təşkil edənlərarasında yəhudi tələbələr də var idi. Lakin bu yəhudi tələbələr belə “antisemitizm” damğasından qurtula bilmədilər.
Heç kimə qəribə gəlməməlidir ki, Harvard universiteti bu “Konqres dinləməsindən” sonra antisemitizmə qarşı mübarizə məqsədiylə qurulmuş qrupa həmsədr olaraq yəhudi tarixçi professor Derek Penslar’ı təyin etdikdə Stefanik onun şəxsinə hücum edərəkonu antisemit olmaqda ittiham etdi.5 Derek Penslar’ı “antisemit” edən səbəb isə onun İsrailin aparteid siyasətini tənqid etməsi idi. Üstəlik, Stefanik’in ağzına çörək loxmalarını qoyanların məhz sionist lobbisi olduğu da heç kimə sirr deyil və buna görə də Amerika Sionist Təşkilatı 2024-cü ilin əvvəlində Stefanik’ə “İsrailin Müdafiəçisi” mükafatını təqdim etdi. Stefanik Konqres dinləməsində universitet prezidentlərinə tələ qurduğu kimi Şəlalə xanım da məqaləsində oxuculara tələ qurur.
Ümumiyyətlə “əxlaq kodeksi” nədir? İngilis dilindəki “code of conduct” sözünü hansı məntiqlə “əxlaq kodeksi” olaraq tərcümə etmək olar? Bunu ən uzağı azərbaycan dilində “etik davranış nizamnaməsi” və ya “etik davranış kodeksi” olaraq tərcümə edə bilərik Əxlaq isə tamamilə fərqli və daha dərin mənaya sahib bir sözdür. Oxucuların bəlkə də bilmədikləri və Şəlalə xanımın paylaşmadığı məlumat budur ki, həmin “dinləmədə” Stefanik’in sualındakı “yəhudi soyqırımına çağırış” sözü ilə qəsd olunan “(İordaniya) çay(ın)dan (Aralıq) dəniz(in)ə qədər Fələstin azad olacaq!” və “intifada!” şüarlarıdır. Yəni sionist dövlətinin apardığı vəhşi, acımasız və irqçi siyasətə müqavimət olaraq edilən bu çağırışları islamafob olmağı ilə tanınan Stefanik, “yəhudi soyqırımına çağırış” olaraq dəyərləndirirdi. Ona görə də universitet prezidentlərinin bu cür çağırışların nizamnamə ilə cəzalandırılacağını söyləməkdə tərəddüd etmələri doğru başa düşülməlidir.
Yəhudi ekskluzivliyi
Şəlalə xanımın məqalələrinin girişlərini bir kənara qoyub onların tərkibinə nəzər salaq. Çünki hər şeydən əvvəl o tarixçidir və ən azından bir tarixçi kimi onun nə yazdığı bizə maraqlı gəlməlidir.
Müəllif eramızın əvvəllərində İsgəndəriyyə şəhərində baş vermiş yəhudi qətliamları haqqında məlumatlar verdikdən sonra belə bir izah verir: “Qədim dünyada yəhudi qırğınlarının əsas səbəbi qonşu icmaların yəhudilərin iqtisadi çiçəklənməsi və dini mütəşəkkilliyinə qarşı dözümsüzlüyü idi. Lakin bu qırğınların bir səbəbi də yəhudilərin itaətsizliyi idi. Yəhudilər ədalətsiz idarəçiliyə, hakimlərin rüşvətxorluğuna, öz dinlərinə tətbiq edilən məhdudiyyətlərə qarşı çıxaraq siyasi hakimiyyətin etibarını itirir və hücum hədəfinə çevrilirdilər.” Şəlalə xanım etdiyi araşdırmalardan sonra gəldiyi nəticə budur ki, burada əsasən iki səbəb olub; 1) Yəhudilər bacarıqlı, zəngin və mütəşəkkil olduqları üçün başqa millətlər onlara paxıllıq ediblər və 2) onlar ədalətsiz hökmdarların zülmünə və rüşvətxor bürokratiyaya qarşı mübarizə aparmış qəhrəmanlar idilər. Başqa sözlə, yerli xalqın yəhudiləri təqib etmələrinin səbəbi onların bacarığına, iqtisadi imkanlarına paxıllıq etmələri idi, siyasi hakimiyyət dairələri isə onlardakı ədaləti və dürüstülüyü hakimiyyətə təhlükə gördükləri üçün onları təqib edirdilər. Şəlalə xanım məsələni həddindən artıq bəsitləşdirməklə məqalənin oxucularını bu mövzuda tarixçilərin qeyd etdiyi həqiqi səbəbləri öyrənməkdən məhrum buraxır. Biz isə Şəlalə xanımın buraxdığı bu boşluqları doldurmaq və oxucuları həqiqi səbəblərlə tanış etmək üçün yəhudi tarixçisinə müraciət edəcəyik.
New York şəhərindəki Yeshiva universitetində klassik tarix üzrə, xüsusilə də ellenik mədəniyyət üzrə mütəxəssis professor olan Louis H. Feldman (1926-2017) o dönəmdəki fərqli dövlətlərin yəhudi icmalarına münasibəti haqqında “Jews and Gentile in the Ancient World” kitabında geniş məlumat verib. O yazır:
“Eradan əvvəl 336-cı ildən 323-cü ilə qədər hakimiyyətdə olmuş İskəndərlə yəhudilər üçün yeni bir dövr başlandı. Onlar indi onun qurduğu şəhərlərdə, xüsusilə də Misirdəki İsgəndəriyyə şəhərində məskunlaşmağa təşviq edilirdilər.İskəndər kifayət qədər realist olduğu üçün başa düşürdü ki, sayları az olan yunan və makedoniyalılar ilə özünün yeni əldə etdiyi bu geniş imperiyanı, sələfləri olmuş farslar kimi yerli xalqlara qarşı dözümlü münasibəti davam etdirmədən idarə edə bilməz. O və həmçinin onun Misirdəki varisləri olan Ptolomeylər anlayırdılar ki, “vasitəçilik” rolunu oynayacaq bir qrupa güvənməsələr, keçmişin şanlı krallıqlarını hələ də xatırlayan yerli misirlilərə heç vaxt nəzarət edə bilməyəcəklər; Bu roldakı boşluğu isə yəhudilər və digər qeyri-misirlilər asanlıqla doldurdular…
Çox qısa bir müddətdə İsgəndəriyyə şəhəri Aralıq dənizi dünyasının mədəniyyət və ticarət mərkəzi kimi Afinanı əvəz etdi və yəhudilər böyük kütlələrlə bu şəhərə axın etməyə başladılar. Onlara verilən muxtariyyət, həmçinin müxtəlif sahələrdə – xüsusilə də (yazıb-oxuma bacarıqlarının daha yüksək olması səbəbindən) dövlət idarəçiliyinə və hətta orduya daxil ola bilmələri onlar üçün böyük bir cəlbedici amil oldu. Papiroloji sənədlər indi qəti olaraq göstərir ki, yəhudilər həqiqətən Ptolemeylərin ordusunda xidmət etmişlər və ona görə də Tövratın şənbə günü iş görməyi qadağan etməsindən dolayı onların əsgər ola bilməsinə şübhə edənlərin tərəddüdünə heç bir əsas yoxdur.
Ptolomeylər isə sayca özlərindən dəfələrlə çox olan yerli misirlilərin etibarlı olmadığını düşündüklərindən, yəhudiləri xüsusilə məmnuniyyətlə qarşılayırdılar., yəhudiləri xüsusi bir məmnuniyyətlə qarşılayırdılar və buna görə də farsların ənənəsini davam etdirərək yəhudiləri sərhəd qalalarında yerləşdirirdilər. Bu əsgərlərin övladları ‘Epigon’ adlanırdı və onlar da daimi yeni qoşun mənbəyi, əslində isə ehtiyat ordu rolunu oynayırdılar… Bundan əlavə, ən azı Aristeasın Məktubunda (38-39) işarə edildiyi kimi, e.ə. 270-ci ildə kral Ptolemey Filadelf yəhudi icmasını məmnun etmək üçün onların müqəddəs kitabının bir nüsxəsini özünün yeni böyük kitabxanasına daxil etmək istəmişdi. E.ə. 198-ci ildə Ptolemeylər İsrail torpağını Suriyanın Selevkilərinə uduzduqdan sonra, Misirdəki yəhudilər əvvəlləkindən daha çox Yəhudeyadan təcrid olundular və içində yaşadıqları yunan mədəniyyətinin təsirinə daha çox məruz qaldılar. Görünən odur ki, Ptolemeylər Misir yəhudilərini yalnız siyasi cəhətdən deyil, həm də dini cəhətdən Yerusəlimdən asılılıqdan azad etməyə çalışırdı. Diqqətəlayiqdir ki, e.ə. 175-ci ildə IV Antiox Epifanın hakimiyyətinin əvvəlində baş kahinliklə bağlı mübahisələr zamanı qanuni varis olan Onya (Onias) IV Misirdə sığınacaq tapdı. Misir kralı VI Ptolemey Filometor o qədər qonaqpərvər idi ki, göründüyünə görə sabiq hərbi təcrübəsi olmamasına baxmayaraq Onya, onun silahlı qüvvələrinin baş komandanı təyin edildi (Josephus, Against Apion, 2.49) və ona Leontopolisdə öz məbədini tikməyə icazə verildi (Ant. 13.62–73; War 7.426–32).” 6
Beləliklə də görünür ki, amerikan-yəhudi tarixçi Feldman işğalçı bir hakimiyyətin yerli xalqı idarə etmək üçün yəhudilərdən necə yararlandığını bizə dönə-dönə deyir və buna misallar verir. Şəlalə xanımın izahını oxuyan elə düşünəcək ki, yəhudilər zalım hakimlərə qarşı müxalifətdə olublar və ona görə də siyasi dairələr tərəfindən sevilməyiblər, amma Feldman’ı oxuyan bunun heç də elə olmadığını görəcək. Hətta Feldman növbəti səhifədə belə bir haşiyəyə çıxır və deyir:
“Onların siyasətə qarışmaları, İspaniyanın Kordova şəhərində X əsrdə Hisdai ibn Şaprut, İspaniyanın Qranada şəhərində XI əsrdə Samuel Ha-Nagid, Almaniyada XX əsrdə Valter Ratenau və ABŞ-da Henri Kissincer kimi qədim dövrlərin nazir analoqlarını yetişdirməkdə qazandıqları uğur, həmçinin sülalə müharibələri zamanı hakim hökmdara sədaqətləri yəhudilərin dövlətin ən yaxşı maraqlarına həqiqətən də sadiq olmamaları barədə ittihamların irəli sürülməsinə səbəb olmuşdu.” 7
Feldman səmimi olaraq etiraf edir ki, klassik dönəmdə gedən siyasi proseslərə aktiv müdaxilə edərək krallara xidmət etdikləri üçün onlar haqqında mənfi bir təsəvvür formalaşmışdı. Suriyadakı Selevkilər haqqında yazarkən o, deyir: “Suriyalı Selevkilər barədə danışsaq, onlar da imperiyalarında yunanlar və makedoniyalılarla birlikdə azlıq təşkil etdiklərinə görə, farsların və İsgəndərin ənənəsini davam etdirərək dini dözümlülüyə icazə verirdilər. E.ə. 198-ci ildə Selevkilərİsrail torpaqlarını ələ keçirdikdən sonra, bu torpaqlardakı yəhudilərin, İsgəndərin ölümündən bəri mülayim hakimiyyəti altında yaşadıqları Ptolemeylərə meyil göstərə biləcəyindən qorxdular. Buna görə də görürük ki, Suriya hökmdarı III Antiox (Ant. 12.138–44) yəhudilərə xüsusi imtiyazlar verdi. O, onları üç il ərzində bütün vergilərdən azad etdi, sonra isə onların vergilərini üçdə birə qədər azaltdı. Həmçinin kahinləri, yazıçıları və məbəd oxuyanlarını, eləcə də yəhudi idarə orqanı olan “gerousia” üzvlərini bir sıra vergilərdən azad etdi.
Yəhudeyada yəhudilərə qarşı IV Antiox Epifan tərəfindən aparılan məşhur və qeyri-tipik təqibi isə sadə bir yəhudi düşmənliyi kimi izah etmək çətindir. Çünki bildiyimiz qədəri ilə Antiox öz hakimiyyətindəki digər bölgələrdə – xüsusilə Suriyada və Kiçik Asiyada – yaşayan yüz minlərlə yəhudini təqib etməmişdir. Əslində, o, dini dözümlülük mühitində təhsil almış və dini fanatik olmamışdı. Onun hərəkətləri, xüsusilə də pul ehtiyacı (biz Porfirinin bəyanatına [Jerome, “Commentary on Daniel” 11.31] diqqət çəkə bilərik ki, Antiox’a tamahkarlıq təkan verirdi) – bu pulu da məbəddə bol şəkildə tapmışdı – daha çox onun dörd böyük mübarizədə dərindən iştirak etməsi ilə izah edilə bilər: Parfiyalılara, Ptolemeylərə və Romalılara qarşı müharibələr, həmçinin öz dövlətinin daxilindəki sülalə çəkişmələri. Xüsusilə, o, atasının – III Antiox’un – Romalıların əlində məğlubiyyətini və özü isə e.ə. 168-ci ildə Romalı general Popilius Laenas’ın (Polybius 29.27.1–8) qarşısında Misirdən geri çəkilməyə məcbur edilməsinin yaratdığı alçaldıcı təcrübəni unuda bilmirdi. Üstəlik, belə bir sual da verə bilərik: əgər Antiox yəhudilərin qatı düşməni idisə, nə üçün fərmanlarını hakimiyyətinin əvvəlində (e.ə. 175-ci ildə) elan etməmişdi? Əslində, Yəhudeyadakı mübarizə daha çox yəhudilər arasındakı vətəndaş müharibəsi kimi görülməlidir. Bu fraksiyaların hər biri digərindən daha çox ellinləşməyə çalışırdı…”8
Roma imperiyasına gəldikdə isə bu barədə Feldman yazır: “Romalılar dövründə yəhudilər hakim güclə olan şaquli ittifaqlarını qorudular və hətta daha da gücləndirdilər. Əvvəllər Roma üçün Suriya yunanlarının – Aralıq dənizinin şərqindəki əsas rəqiblərinin – hakimiyyətinə qarşı Makabeylərin üsyanını (e.ə. 167–141) dəstəkləmək sərfəli idi; əslində isə yəhudilər bu iki böyük güc arasındakı mübarizədə sadəcə bir oyuncaq idilər. Hətta Yəhuda Makabey Romalılarla ittifaq da bağlamışdı. Üstəlik, yəhudilik sonrakı iki əsrdə yayılmağa davam etdikcə, realist romalılar yəqin ki, belə qənaətə gəlmişdilər: yəhudilər o qədər çox idilər ki, (Avqustun hakimiyyəti dövründə bütövlükdə Roma imperiyası əhalisinin təxminən 10 faizi və imperiyanın şərq yarısının 20 faizi) onları qarşılarına almaq böyük risk olardı. E.ə. II əsrdən eramızın I əsrinə qədər olan dövrdə, Məsih vasitəsilə mənəvi qurtuluş ideyasının və bununla yanaşı, yadellilərin hakimiyyətindən siyasi azadlıq ideyasının yayılması isə yəhudiliyin genişlənməsinə böyük təkan vermiş olmalı idi. Bibliyadakı fironu yəhudiləri kölələşdirməyə sövq edən səbəbin, daha dəqiq desək onların sayca artaraq çoxalmaqları qorxusunun, e.ə. 139-cu ildə də Romada yəhudilərin şəhərdən qovulmasına səbəb olması diqqətəlayiqdir… Bu addımın səbəbi barədə isə, qeyd etdiyimiz kimi, Valerius Maxsimus’un Januarius Nepotianus epitomunda (1.3.3) belə göstərilir: yəhudilər öz müqəddəs ayinlərini romalılara ötürməyə cəhd etmişdilər. Bu isə açıq şəkildə təbliğat (prozelitizm) mənasına gəlir. Julius Paris’in epitomunda isə belə deyilir ki, yəhudilər Yupiter Sabazios kultu ilə romalıların adətlərini “bulaşdırmağa” çalışmışdılar. Bu isə ya sinkretizmə cəhd, ya da daha çox ehtimalla, dini dəyişmə ayini olmadan yəhudi ayinlərini ona rəğbət bəsləyənlər arasında yaymaq cəhdi idi. Həmin vaxt Romadakı yəhudilərin sayı çox az olmalı idi; lakin bu hadisə ilə bir ənənə qoyuldu: yəhudilərə öz dinlərini icra etmək hüququ tanınsa da, romalılar – e.ə. 186-cı ildə Bacchus kultunun yatırılmasında göstərdikləri kimi (Livy 39.8–18) – yad bir dinin Roma əhalisi arasında yayılmasından narahatlıq duyurdular.
Lakin belə bir sürgün qısa müddətli olmuşdur. Maraqlıdır ki, e.ə. 65-ci ildə qəbul edilən lex Pappia qanunu – romalılarla birgə yaşamağa layiq olmadıqları və sayca çoxluq təşkil etdikləri səbəbi ilə bütün vətəndaş olmayanların Romadan ümumi şəkildə çıxarılmasını tələb etsə də – yəhudilərə ciddi təsir göstərməmiş kimi görünür. Çünki cəmi bir neçə il sonra, e.ə. 59-cu ildə, Çiçeron Pro Flacco əsərində (28.66) onların nə qədər çox olduqlarını, nə dərəcədə qapalı şəkildə yaşadıqlarını və siyasi məclislərdə hansı səviyyədə təsirə malik olduqlarını vurğulayırdı. Şübhəsiz ki, Çiçeron bir vəkil olaraq bir müştərisini müdafiə edərkən bəzi şişirtmələr etmiş ola bilər. Ancaq əgər şəhərdə yəhudi icması gözəçarpan dərəcədə mövcud olmasaydı və müəyyən nüfuza sahib olmasaydı, bu cür məhkəmə taktikası heç bir halda mümkün olmazdı.
Çiçeronun sözlərindən qısa müddət sonra Roma Respublikasında yəhudilərin mövqeyi birbaşa Yuli Sezarın təşəbbüsü ilə xeyli gücləndirildi. Atdığı addımları özündən sonrakı bütün varislərinin gözündə nüfuzlu presedentlər olaraq qəbul olunan Sezar, Pompeylə aparılan vətəndaş müharibəsi zamanı yəhudilərin ona göstərdiyi köməyə görə minnətdar idi və nəticədə onlara çoxsaylı imtiyazlar verdi. Kiçik Asiyanın şəhərlərində bir-birinin ardınca fərmanlar verildi: yəhudilər hərbi xidmətdən azad edildi, Yerusəlimdəki Məbədə sərbəst şəkildə pul göndərmələrinə icazə verildi və korporativ birliklər yaratmalarına şərait yaradıldı. Bu isə yalnız yəhudilərə tanınan və qeyri-yəhudi əhali üçün həm təəccüblü, həm də xoş qarşılanmayanbir güzəşt idi. Çünki belə bir imtiyaz Roma hakimiyyətinə meydan oxumağa doğru atılan ilk addım təsiri bağışlaya bilərdi. Təbii ki, bu cür xüsusi münasibət və ayrıseçkilik digər icmalarla əlaqələrə müəyyən dərəcədə xələl gətirdi.
Yəhudilərə qarşı təqibləri dayandırmaq üçün Kiçik Asiyanın ən azı səkkiz şəhərinə Romalıların təzyiq tətbiq etməsi onu göstərir ki, bu imtiyazlar dərin narazılıq doğurmuşdu. Eyni hal Misirdə də yaşandı: Romalılar e.ə. 31-ci ildə bu ölkəyə nəzarəti ələ keçirdikdə, yəhudilər öz muxtariyyətlərini – gerousialarını, etnaxlarını, sinaqoqlarda toplaşmaq hüququnu və məhkəmə sistemlərini – qoruyub saxladılar. Halbuki əvvəllər hakim mövqedə olan yunanlar indi öz şuraları belə olmayan asılı bir təbəqəyə çevrilmişdilər. Bu vəziyyət onların ciddi narazılığına səbəb olurdu. Hətta yəhudilər öz mövqelərini daha da möhkəmləndirmək və yunanların sahib olduğu vətəndaşlığa qəbul edilmək istədiklərində, yunanlar haqlı görünən bir tələb irəli sürdülər : əgər yəhudilər vətəndaşlıq hüquqlarını istəyirlərsə, onda müvafiq vətəndaşlıq öhdəliklərini – məsələn, indiyədək azad olduqları hərbi xidmət kimi öhdəlikləri – üzərlərinə götürməlidirlər. Nəhayət, e.ə. 14-cü ildə general Markus Vipsanius Agrippa hər iki tərəflə üz-üzə qaldıqda, diplomatik yolla mövcud vəziyyəti olduğu kimi təsdiqlədi və status-kvonu qorudu.” 9
Bu sözlərdən aydın olur ki, yəhudilər müxtəlif dövlətlərdə və imperiyalarda yerli əhalinin idarəetmə strukturlarında, siyasi hakimiyyət dairələrinin yanında yer alıblar. Bu hadisələri qələmə almış yəhudi tarixçi Flavius Josephus özü bunu belə izah edir:
“Lakin İsgəndəriyyədə yerli əhalinin yəhudilərə qarşı fitnə və iğtişaşları daimi xarakter daşıyırdı. Bugərginlik hələ Böyük İsgəndərin dövründən başlamışdı. İsgəndər Bö misirlilərə qarşı mübarizədə yəhudilərin ona göstərdikləri kömək və hazırkı vəziyyətdəki dəstəklərini görüb, bunun mükafatı olaraq onlara bu şəhərdə yunanlarla bərabər imtiyazlar vermişdi. Bu şərəfli mükafat sonrakı varislərinin dövründə də davam etdirildi. Hətta onlar yəhudilər üçün ayrıca bir məhəllə ayırdılar ki, bütpərəstlərlə ünsiyyətdə çirklənməsinlər və əvvəlki kimi yadellilərlə çox qarışmasınlar. Bundan əlavə, onlara “makedoniyalılar” adlandırılmaq imtiyazı da verildi. Hətta romalılar Misiri ələ keçirdikdə belə, nə birinci Sezar, nə də ondan sonra gələnlərdən heç biri İsgəndərin yəhudilərə bəxş etdiyi imtiyazları azaltmağı düşünmədilər.” 10 Feldman bunu belə şərh edir: “Hadisəni nəql edərkən Josephus bizə xatırladır ki, Böyük İsgəndərin misirlilərə qarşı yəhudilərin ona göstərdikləri dəstək müqabilindəmükafat olaraq onlara isomoiria – yəni yunanlarla bərabər hüquqlar – verdiyi vaxtdan bəri yerli sakinlərlə yəhudi köçkünlər arasında davamlı qarşıdurmalar olmuşdur. Bu imtiyazlara və işğalçılara dəstək verdiklərinə görə yəhudilərə təkcə misirlilər nifrət bəsləmirdi, həm də az keçmədən yunanların özlərində də yəhudilərə qarşı güclü bir düşmənçilik hissi formalaşmağa başladı.” 11
Sözünü etdiyimiz bu düşmənçiliyin əsas səbəbi siyasi imtiyazlarla əlaqalə idi, çünki yəhudilər – az bir qismi istisna olmaqla – İsgəndəriyyə şəhərinin vətəndaşları deyildilər, lakin özlərini elit vətəndaş hesab edən yunanlardan daha çox imtiyazlara və muxtariyyətə sahib idilər. Agrippa’nın İsgəndəriyyə şəhərinə bir kral olaraq gəlməsi və yəhudilər tərəfindən təmtəraqla qarşılanması daha əvvəlcədən mövcud olan gərginliklərə katalizator rolu oynadı.
Şəlalə xanım üstəlik yazır ki, İsgəndəriyyə qiyamı ərəfəsində “..yəhudilərin şəhərdə yaşamasını məhdudlaşdıran, onları xüsusi məhəlləyə sıxışdıran sərəncam verir. Beləliklə, tarixdə ilk yəhudi gettosunun əsası qoyulur.”
Bunu sadəcə olaraq “ilk getto” adlandırıb bununla kifayətlənmək tarixi mənzərəni tam əks etdirmir. Çünki 38-ci ilin qiyamından əvvəl də yəhudilər İsgəndəriyyə şəhərində öz seçimləri ilə kompakt şəkildə, şəhərin digər məhəllələrindən izolyasiya (təcrid) olunmuş formada yaşayırdılar. Harold Bell bu barədə yazır: “Erkən Ptolemeylərdən biri (hansı olduğu dəqiq bilinmir) yəhudilərə xüsusi bir məhəllə ayırmışdı. Bu məhəllə Delta məhəlləsi adlanırdı və kral sarayının yaxınlığında, şərq istiqamətində, sahil boyunca yerləşirdi. Müasir müəlliflər bu yeri çox vaxt Getto adlandırıblar, lakin bu termin yanıltıcıdır, çünki orta əsrlərdə yəhudilərin məcburi şəkildə təcrid olunmasını xatırladır. Halbuki, İsgəndəriyyədə belə bir məcburi məhdudiyyət mövcud deyildiksinə, yəhudilərin sayı artdıqca, onlar təkcə ikinci məhəllənin çox hissəsini doldurmaqla kifayətlənmədilər, həm də şəhərin digər yerlərinə yayıldılar və demək olar ki, hər bir bölgədə onların sinaqoqları fəaliyyət göstərirdi.”12
Misirdəki yəhudilərin tarixini qələmə alan Joseph M. Modrzejewski də təsdiq edir ki, Delta məhəlləsi bir getto deyildi. O əlavə edir ki, İsgəndəriyyədə yəhudilərin sıx şəkildə məskunlaşdığı başqa bir məhəllə də mövcud idi. 13
Şəlalə xanım məqaləsində yazır ki, “həmin dövrdə şəhər əhalisinin təqribən beşdə iki hissəsini təşkil edən yəhudilər vətəndaş hüquqlarına malik idilər.”
Şəlalə xanımın qeyd etdiyi “şəhər əhalisinin təqribən beşdə iki hissəsi” ifadəsi , həqiqəti tam əks etdirmir. Doğru olan isə yəhudilərin şəhərin beş məhəlləsindən ikisində yaşaması idi. Feldman bu barədə yazır: “Antik dövrdə gettolar yox idi və yəhudilər istədikləri yerdə məskunlaşmaqda azad idilər. Buna baxmayaraq onlar sosial cəhətdən bir-birlərinə o qədər yaxın idilər ki, İsgəndəriyyə şəhərinin beş məhəlləsindən ikisində toplaşmışdılar (Philo, In Flaccum 8.55). Eyni şəkildə, Yuxarı Misirdəki Edfuda (Apollinopolis Magna) da (CPJ 2.194, 200, 202, 209, 213) yəhudilərin bir məhəllədə cəmləşdiyini görürük. Josephus’a görə (War 2.488), yəhudilərin qeyri-yəhudilərdən ayrı yaşamağa üstünlük verməsinin səbəbi kimi “qeyri yəhudilərə az qarışmaqla, öz dini ayinlərinə daha ciddi riayət edə bilmək” göstərilir. Başqa sözlə, bu, assimilyasiyadan qaçmaq mənasına gəlirdi. Qeyri-yəhudilər isə bəzən “yəhudi qapalılığı” adlandırdıqları bir halı tənqid edirdilər.” 14
İsgəndəriyyəli Filo hadisələri vəsf edərkən isgəndəriyyəlilərin yəhudiləri şəhərin digər yerlərindən sıxışdıraraq bir məhəlləyə həbs etdiklərini qeyd edir. Burada qəsd olunan yəhudilərin daimi kompakt halda yaşadaqları məhəllələrin xaricində yerləşən ərazilərdən uzaqlaşdırılmasıdır və özəlliklə də Delta məhəlləsinə sıxışdırılmalarıdır.15 Beləliklə də başa düşürük ki, burada “getto” ilə qəsd olunan yəhudilərin daha əvvəldən kompakt olaraq yaşadıqları məhəllələr idi. Lakin aradakı fərq budur ki, əvvəllər yəhudilərə bu məhəllədən kənarda da sərbəst yaşamağa imkan verilirdisə, sonradan onları məcburi şəkildə yalnız həmin məhəllələrdə məskunlaşdırdılar. Şübhəsiz ki, istənilən halda bu, yəhudilərə qarşı edilmiş bir cinayət idi, lakin məsələnin tam mənzərəsini görmək üçün həmin nüansların nəzərə alınması vacibdir.
Yəhudilərin də yunanlar kimi İsgəndəriyyə şəhərinin bərabərhüquqlu vətəndaşları olub-olmaması məsələsi isə tarixçilər arasında mübahisəlidir. Müasir tarixçilərin əksəriyyəti onların vətəndaş statusuna malik olmadıqlarını yazırlar. Andrew Harker bu barədə deyir: “Yunan müəlliflər vurğulayırlar ki, İsgəndəriyyə yəhudilərinin vətəndaşlıq hüququ yox idi. Apion, yəhudilərin özlərini “isgəndəriyyəlilər” adlandırmaq haqqını şübhə altına alaraq iddia edirdi ki, onlar vətənpərvər deyildilər, hökmdarlarına qarşı daim sədaqətsiz idilər və buna görə də İsgəndəriyyə vətəndaşlarının malik olduğu müəyyən imtiyazlardan haqlı olaraq məhrum edilmişdilər. Apion sübut kimi həm Kleopatranın, həm də Germanikusun yəhudilərə paylanacaq taxıl ərzağını verməkdən imtina etməsini göstərir. Onun fikrincə, yəhudilərin İsgəndəriyyə tanrılarına sitayişdən imtina etmələri və son qarışıqlıqlar üçün məsuliyyət daşımaları onların vətəndaşlıq iddiasını tamamilə əsassız edirdi. Üstəlik, onların imperatora sitayiş etməkdən imtina etmələri onların üsyankar xarakterini ortaya qoyurdu.
Diqqət çəkən məqam odur ki, Josephus’un Apiona qarşı irəli sürdüyü cavab arqumentləri zəif idi və onun əsas üsulu Apionun şəxsiyyətini gözdən salmaqdan ibarət olduğu görünürdü; onu acı, xoşagəlməz və qeyri-dəqiq yazıçı kimi təqdim edirdi ki, əsərinə etibar edilməsin. Məsələn, Josephus özü etiraf edir ki, Kleopatra və Germanikus, həqiqətən də, İsgəndəriyyə yəhudilərinə taxıl verməmişdi, amma bunu hamıya çatacaq qədər taxılın olmaması ilə izah edir. Buna baxmayaraq, Apionun yəhudilərin tam hüquqlu vətəndaş olmamaları barədəki iddiası daha inandırıcı görünür.” 16
Harker qeyd edir ki, 20-ci əsrin əvvəllərində tarixçilər arasındakı konsensus bu idi ki, yəhudilər İsgəndəriyyə şəhərinin vətəndaşları idilər. Onlar bu məsələdə yəhudi tarixçilər İsgəndəriyyəli Philo və Josephus’un yazdıqlarına əsaslanırdılar. Yunan tarixçilər isə (misal üçün, Apion, Chaeremon və Acta Alexandrinorum’um müəllifləri) onların vətəndaş olmadıqlarını yazırdılar. 1924-cü ildə Harold Bell imperator Cladius’un məktubunu dərc etdikdən sonra tarixçilərin rəyi dəyişdi, çünki imperator Cladius İsgəndəriyyədə yaşayan yəhudilərə onların öz şəhərlərində yaşamadıqlarını xatırladırdı. Beləliklə də tarixçilər arasında sonradan formalaşan hakim rəyə görə yəhudilər vətəndaş deyildilər, lakin bu imtiyazı əldə etməyə çalışırdılar.17 Bu əslində önəmli nöqtədir və Gambetti kitabında yəhudilərin hüquqi statusunun qətliamlara necə təsir etdiyini təfsilatlı şəkildə izah edir.
Burada onu da əlavə etməyimiz lazımdır ki, İsgəndəriyyə şəhərindəki yəhudi icması həm misirlilər, həm də yunanlar tərəfindən qeyri-loyal hesab olunurdular, onların İsgəndəriyyə şəhərinin maraqlarına sadiq olmadıqlarına inanırdılar. Feldman butəsəvvürü gücləndirən dörd hadisəyə misal verərək yazır: “Bu ikili sədaqət ittihamı, çox güman ki, Misir yəhudiləri ilə bağlı dörd hadisə ilə güclənmişdi.
Birinci hadisə təxminən e.ə. 102-ci ildə baş verdi (Josephus, Ant. 13.353–55). Yəhudeya kralı Alexander Jannaeus’un ekspansionist siyasətindən narahat olan III Kleopatra’nın bəzi dostları açıq şəkildə anti-yəhudi ifadələrlə ona məsləhət gördülər ki, “bu qədər böyük imkanların yəhudi olan bir nəfərə aid olmasına yol verməsin,” əksinə, Yəhudeyanı ələ keçirsin. Lakin onun baş sərkərdəsi – yəhudi Ananias – Kleopatraya xəbərdarlıq etdi ki, əgər o, onun müttəfiqi olan Alexandr’a belə bir ədalətsizlik edərsə, bütün yəhudilər onun düşməninə çevriləcəklər. Çünki görünür, Misir yəhudiləri İsrail torpaqlarındakı din qardaşlarına qarşı çox güclü bir bağlılıq hiss edirdilər. Onların özləri, valideynləri və ya babaları oradan köç edib gəlmişdilər. Ptolemey ordularında çoxlu sayda yəhudinin xidmət etdiyini nəzərə alsaq, belə bir xəbərdarlığı yüngül saymaq olmazdı və həqiqətən də, Kleopatra Ananiasın sözlərinə qulaq asaraq Alexandr’la olan ittifaqını təsdiqlədi. Lakin Josephus’un Kleopatranın məsləhətçilərinin reaksiyalarını diqqətlə gizlətməsinə baxmayaraq ehtimal etmək olar ki, onlar yəhudiləri İsrail torpaqlarındakı din qardaşlarına Misirdəki öz hökmdarlarına nisbətən daha çox sadiq olmaqda ittiham etmişdilər.
İkinci hadisə (Josephus, War 1.175, Ant. 14.99) isə Misir yəhudilərinin öz hökmdarları Pontlu Arkelausa (Archelaus of Pontus) sədaqətlə İsrail torpaqlarındakı din qardaşlarına sədaqət arasında seçim etməli olduqları vaxt baş verdi. Bu, e.ə. 55-ci ildə baş vermişdi. Həmin vaxt Suriyanın Roma prokonsulu Gabinius Misirə gəlib XI Ptolemey Aulet’i taxta qaytarmaq istəyirdi. Misir sərhədini qoruyan əsgərlər yəhudilər idi və onları o vaxt yəhudi dövlətinə nəzarət edən, romalıların müttəfiqi Antipater inandırdı ki, Gabiniusa keçid versinlər.
Bundan bir neçə il sonra, e.ə. 48-ci ildə (Josephus, War 1.190, Ant. 14.131–32), Yuli Sezar (Julius Caesar) Misirdə çətin vəziyyətə düşdükdə və Antipater’in da daxil olduğu bir müttəfiq qüvvə ona köməyə gəldikdə, sərhədi yenə də yəhudilər qoruyurdu. Bu dəfə də Antipater onları inandırdı, lakin indi o, (yəhudilərin) baş kahin(i) Hirkandanın (Hyrcanus) məktubunu göstərdi. Məktubda onlara romalı ordunu qonaqsevərliklə qarşılamaq tapşırılırdı. Nəticədə, yəhudi əsgərlər Sezarın müttəfiqlərinin ordusunun sərhədi maneəsiz keçməsinə icazə verdilər. Beləliklə, mənbələrimiz Apionun ittihamı ilə bağlı konkret detallar verməsə də, bu ittihamın konteksti tamamilə qaranlıq deyil. Lakin görünür ki, yəhudilər sayca o qədər çox və təsirli, ptolemeylər isə onlardan o qədər asılı idilər ki, bütün bu hadisələrin nəticəsi olaraq yəhudilərə qarşı heç bir təqib baş verməmişdi.
Bir qədər sonrakı dövrdə yəhudilər – yaxud ən azı bəzi yəhudi rəhbərləri – məşhur VII Kleopatranın (e.ə. 52–31-ci illərdə hökmranlıq etmişdi) ətrafında baş verən mürəkkəb siyasi hadisələrə qarışdılar. Görünür, əvvəlcə onlar Yuli Sezar’ı dəstəkləyərək onun tərəfində durmuşdular; lakin Sezarın ölümündən sonra, Kleopatra Mark Antoni ilə əlaqə qurduqda, yəhudilər onun rəqibi – gələcək imperator Oktavianın tərəfini tutmuşdular. Hər halda, biz bilirik ki, (Against Apion 2.60) Misiri qıtlıq bürüyəndə Kleopatra yəhudilərə zülm etmiş və onlara heç bir taxıl payı verməmişdi.”18 Yuxarıda Feldman yəhudilərin yaşadıqları yerdə siyasətə qarışmaqlarından danışdıqda Kissinger’i misal verməsi hansı “töhfələrə” görə insanlarda yəhudilərə qarşı imecin formalaşdığını başa düşməyə kömək edir. İnsanlar isə bütün zamanlarda olduğu kimi müəyyən qrupa mənsub olan şəxslərin etdikləri cinayərkar əməllərə görə ümumiləşdirməyə və bütün qrupu ittiham etməyə meyilli olurlar.
Müsəlmanlar və yəhudilər
Öz məqaləsində Şəlalə xanım yəhudilərin həm də müsəlmanlar tərəfindən təqib olunduqlarını göstərmək istəyir. Onun təqdimatı məqalənin digər hissələrində olduğu kimi bütün tarixi nüanslardan xalidir və heç bir kontekstə yer verilmir, əksinə, bir çox halda hadisələr o qədər sadələşdirilir ki, sanki tarix boyu hər zaman yəhudilərə qarşı nifrət olub və onlara paxıllıq edilib və müsəlmanlar da bunda istisna deyillər. Oxucuda elə təəssürat yaradılır ki, sanki nifrətin və ya konfliktlərin başqa heç bir səbəbi olmayıb. Müəllifin, müsəlmanlar haqqındakı təqdimatı ümumiyyətlə çox ucuz xətalarla yanaşı həm də radikal şəkildə qeyri-səmimidir. O yazır: “Tarixə Banu Qurayza mühasirəsi kimi daxil olmuş bu hadisə Mədinədə yaşayan 3 yəhudi tayfasından birinin, Banu Qurayza tayfası (digər ikisi Xaybar və Fadak tayfaları idi) ilə Məhəmməd peyğəmbərin hərbi qarşıdurmasının nəticəsi idi.” Hər şeydən əvvəl burada gözümüzə çarpan ilk xəta budur ki, yəhudi tayfalarının adı səhv yazılıb; digər iki tayfanın adı Bənu Nadir və Bənu Qaynuqa idi. Xeybər və Fədək isə Mədinə şəhərindən şimalda yerləşən ərazinin adıdır, tayfa adı deyil. Şəlalə xanım daha sonra buyurur: “Banu Qurayza qırğınının əsas səbəbi kimi Səngər döyüşündə yəhudilərin Məhəmməd peyğəmbəri deyil, rəqibi Qureyşi tayfasını dəstəkləməsi göstərilir.” Bu sözləri oxuyan kimsə elə düşünər ki, yəhudilər sadəcə olaraq iki tərəfdən birinə dəstək verdiyinə görə bu aqibətlə üzləşiblər.Xeyr, müsəlmanların Bənu Qureyza qəbiləsi ilə qarşıdurmasının səbəbi onların Mədinəni mühasirəyə almış Qüreyşlilərlə baş verən ağır döyüş zamanı, şəhərin içində – müsəlmanların arxasında yerləşdikləri halda – müsəlmanlarla bağladıqları əhdə (sözləşməyə) xəyanət etmələri idi.
Yəni məsələ müəllifin göstərmək istədiyi kimi sadəcə müharibədə tərəf seçməkdən ibarət deyildi. Əksinə, daha əvvəlki qarşıdurmalar nəticəsində Mədinədən qovulmuş yəhudilər bu dəfə Xeybərdən gələn qoşunlarla birləşərək Qüreyşlilərə dəstək vermiş və Xəndək döyüşündə müsəlmanları məğlub etməyə çalışmışdılar. Görünür ki, müsəlmanlar bu hadisədən sonra anladılar ki, potensial döyüşçü olan yəhudiləri sadəcə qovmaq kifayət etmir.
Şəlalə xanım daha sonra yazır: “Xəlifə Ömərin dövründə yəhudilərin kütləvi şəkildə Ərəbistandan sıxışdırılmasına başlanılır.”
Bu cümlə də yalnışdır, çünki oxucuda elə bir təsəvvür formalaşır ki, sanki Ərəbistandan bütün yəhudilər qovulublar. Bunun doğru olmadığını tarixçilər təsdiq edirlər. Məşhur amerikalı yəhudi tarixçi Bernard Lewis bu barədə yazır: “Erkən dövrlərdə yeganə mühüm istisna xəlifə Ömər bin əl-Xattab’ın yəhudiləri və xristianları Ərəbistandan çıxarmaq qərarı idi və burada məqsəd yalnız İslam dininin öz vətəni olan müqəddəs torpaqlarda qalması idi. Bu qərar görünür yalnız Hicaza aid idi, çünki yəhudi və müəyyən bir müddətə qədər xristian icmaları Ərəbistanın cənub və şərqində mövcudluqlarını davam etdirdilər.”19 Bəli, həqiqətən də Hicazın şərqində yerləşən Teym bölgəsinin yəhudiləri və Cənubda yerləşən Yəmən yəhudiləri yaşamağa davam etdi və onları heç kim Ərəbistandan çıxarmadı. Bu, onu göstərir ki, Ömərin bu siyasəti yalnız Hicaz bölgəsi ilə, yəni Məkkə və Mədinə ətrafı ilə bağlı idi. Təkrar qeyd etmək lazımdır ki, sözügedən qərar sadəcə yəhudilərə deyil, bütün qeyri-müsəlmanlara aid idi.
Diqqətəlayiq hal isə budur ki, İslam coğrafiyasının digər bölgələrində xəlifə Ömər yəhudilərə qarşı olduqca müsbət siyasət yürütmüşdür. Misal üçün, müsəlmanlar Qüds’ü xristianların əlindən aldıqda ora yəhudi ailələrinin köçməyinə izn verdilər. Hətta bəzi müsəlman qaynaqlarda Qüdsdə yəhudilərin yerləşməsinə dair əvvəlki qadağanın davam etdirildiyi qeyd olunsa da, tarixçilər bu məlumatı şübhə ilə qarşılayırlar. Belə ki, Francis E. Peters bu bu məsələni şərh edərkən yazır: “Burada sənədin səhihliyinə dair müzakirə açmağa ehtiyac yoxdur, sadəcə qeyd etmək kifayətdir ki, yəhudilərin Qüdsdən kənarlaşdırılması ilə bağlı maddə – daha doğrusu, xristianların özlərinin çoxdan yəhudiləri şəhərdən uzaqlaşdırmış olduqlarını nəzərə alsaq, onların kənarlaşdırılmasının davam etdirilməsi – mövcud olan bütün digər sübutlarla ziddiyyət təşkil edir. Qəti olaraq görünən budur ki, yəhudilərə nəinki Qüdsdə yaşamağa icazə verildi, hətta onlar müsəlman fatehlər tərəfindən müəyyən hörmət əlamətləri ilə qarşılanıblar.”20 Norman Stillman hətta bu barədə yəhudi qaynaqlarından nəql edir ki, xəlifə Ömərin Qüds patriarxı ilə bağladığı razılaşmaya əsasən Qüdsə ilk mərhələdə yetmiş yəhudi ailəsi qaytarılmışdır.21 Bu o deməkdir ki, Hicaz ərazisindən yəhudilər başqa yerlərə köçürülsələr də Qüdsə yəhudilərin qayıtmasına icazə verilib.
Tiberiyalı İosif
Şəlalə xanım yazır: “Konstantin yəhudi icmasını əzmək və yəhudiləri xristianlığı qəbul etməyə məcbur etmək məqsədilə Tiberiyalı İosifi Tiberiya, Nazaret və Kapernaumda (Kafr Naum) kilsələr tikdirməyə göndərir. Bəzi şəhərlərdə yeni kilsələr tikilən zaman sinaqoqlardakı əşyalar müsadirə edilir.” Şəlalə xanım bu iddiası üçün heç bir qaynağa istinad etmədən yəhudi icmasını əzmək və yəhudiləri məcburi xristianlaşdırma cəhdinin Tiberiyalı İosif tərəfindən aparıldığını yazır. Tiberiyalı İosif’in yəhudi şəhərlərində kilsə tikməsi haqqında yeganə qaynaq kilsə atalarından sayılan Salaminli Epifani’nin (Epiphanius Salaminis) yazdığı Panarion kitabıdır, başqa heç bir qaynaqda onun barəsində məlumatla qarşılaşmırıq. Hətta Epifani’nin kitabına müraciət etdiyimizdə belə görürük ki, belə bir iddia ümumiyyətlə yoxdur. Epifani kitabında daha əvvəl yəhudi din xadimi olmuş İosif (Josephus) ilə qarşılaşdığını, onun başına gələnləri nəql etdikdən sonra deyir: “ Amma bir az sonra ona müqəddəs vəftiz nəsib oldu — çünki o, (çaydan) xilas edilmişdi. O, saraya getdi, imperator Konstantinlə dostluq qurdu və ona bütün hekayəsini; yəhudilər arasında necə ən üstün dərəcədə olduğunu, Rəbb onu müqəddəs dəvətinə, imanının və elminin xilasına çağırdığı üçün necə ard-arda ilahi röyalar gördüyünü danışdı. Və xeyirxah imperator — Məsihin həqiqi xidmətçisi və Davud, Hizqiya və Yoşiyadan sonra ən böyük ilahi qeyrət sahibi hökmdar — onu, artıq qeyd etdiyim kimi, öz ölkəsində yüksək bir rütbə ilə mükafatlandırdı. Ona qraf titulunu verdi və öz növbəsində nə istədiyini söyləməsini buyurdu. Yosif İmperatordan tək bu böyük lütfdən başqa heç nə istəmədi; o, imperator fərmanı ilə yəhudilərin yaşadığı şəhər və kəndlərdə, heç kimin indiyədək kilsə qura bilmədiyi yerlərdə, kilsələr tikməyə icazə istədi. Çünki həmin yerlərin əhalisi arasında yunanlar, samariyalılar və ya xristianlar yox idi. Öz aralarına yadelliləri almamaq qaydası xüsusilə Tiberiyada, Diokaisareyada, Sepforisdə, Nazaretdə və Kafərnaumda müşahidə olunurdu. Məktubu və səlahiyyəti, həmçinin öz titulunu aldıqdan sonra İosif Tiberiyaya gəldi. Bundan əlavə, onun imperator xəzinəsindən qəbzi var idi və imperatorun ona maaş təyin etməsi ilə şərəfləndirilmişdi. Beləliklə, o, Tiberiyada tikintiyə başladı.”
Epifani daha sonra onun bəzi çətinliklərdən sonra “nəhayət Tiberiya’dakı məbədin bir hissəsini bərpa edə bildi və orada kiçik bir kilsə tikdi. Daha sonra tərk etdi və daha sonra Scythopolis’ə gələrək orada yerləşdi. Lakin o, Diokaisareya və bəzi digər qəsəbələrdə tikintiləri başa çatdıra bilmişdi.”22 Burada heç bir məcburi xristianlaşdırmadan və ya yəhudilərin əzilməsindən söhbət getmir. Ümumiyyətlə Epifani’nin kitabı özlüyündə etibarlı bir qaynaq hesab olunmur. Moshe Hartal və Edno Amos tərəfindən 2007-ci ildə aparılmış qazıntılar nəticəsində Tiberiya ərazisində qədim bir kilsə tapılır. 2014-cü ildə israilli arxeoloqlar Benjamin Arubas və Rina Talgam birgə yazdıqları məqalədə bu kilsəni məhz İosif’in tikdiyi kilsə olaraq müəyyənləşdirirlər. Lakin yəhudi əslli arxeoloq və tarixçi Jodi Magness bu deyilənlərlə razı deyil, çünki Epifani’nin dediklərinə əsasən Tiberiyada tikilən kilsə qədim bir məbədin bərpa olunması ilə başlayıb. Lakin bu kilsənin əsasında belə bir məbədin olduğuna dair heç bir dəlil yoxdur. Üstəlik İosif’in tikdiyi iddia olunan kilsə kiçikdir, arxeoloji qazıntılarda tapılmış kilsə isə böyükdür. Jodi Magness qeyd edir ki, digər şəhərlərdəki arxeoloji qazıntılar da bu dövrdə kilsələrin tikildiyini dəstəkləmir.23
Sözümüzü xülasə etməli olsaq deyə bilərik ki, imperator Konstantin nəinki yəhudiləri əzməyi, məcburi xristianlaşdırmağı fərman olaraq vermiş, heç ümumiyyətlə yəhudi şəhərlərində İosif adlı biri tərəfindən hansısa kilsənin tikilməsinə dair sübut yoxdur.
Fars imperiyası və yəhudilər
Şəlalə xanım yəhudi diasporasının Fars imperiyasındakı fəaliyyətləri haqqında məlumat verərkən çox maraqlı nöqtələrə toxunur. Lakin çox təəssüf ki, bu dəfə də tarixçilərin nəzərində milli-romantik xəyallar üzərində yazılmış materialları tarixi həqiqətlər kimi təqdim edir. O yazır: “Qədim mənbələr Fars şahənşahı I Artakserksin Suzdakı sarayında baş vəzir postunu tutmuş Mordekayın İudeyadan sürgün edilmiş yəhudi əsirlərdən birinin, Kişin nəvəsi olduğuna işarə edir.” Qədim mənbələr dedikdə görəsən hansı tarixi mənbələri qəsd edir?! Mordecay şəxsiyyəti Bibliyanın özündə mübahisəli hesab olunan Esther kitabında keçir ki, tarixçilər bu kitabın heç bir tarixi etibarının olmadığını deyiblər. Jean-Daniel Macchi qeyd edir ki, bu kitab “Fars imperiyasında qurulmuş bir novella’dır.”24 Matthieu Richelle izah edir ki, “alimlər uzun zamandan bəridir qeyd edirlər ki, bu kitabda zikr edilən hadisələr Bibliyadan kənar qaynaqlarda təsdiqini tapmayıb; xüsusilə də Fars imperiyasında yəhudilərin təqibinin və ya onlarla bağlı vətəndaş müharibəsinin baş verməsinə dair heç bir əsər-əlamət yoxdur. Üstəlik bu kitabın qeyd etdiyi bəzi aspektlər tarixi nöqteyi-nəzərdən imkansız görünür. Misal üçün, Ahasuerus’un (Xerxes I) əsas arvadının adı Amestris idi, nə Vashti, nə də Esther deyildi; onun iki fərqli adının ola biləcəyini güman etməyimiz üçün heç bir səbəb yoxdur. Əlavə olaraq, kitabdakı personajların komik və gülünc davranışları və qətliamın baş verəcəyini on bir ay qabaqcadan elan edən bir fərman verməyin ağlasığmazlığı onu göstərir ki, bu kitab bir uydurmadır.”25 Ona görə də Şəlalə xanım – “Ester xalqını qorumağı bacarır” – yazanda bunun nə qədər ciddi bir tarix olduğunu təxmin edə bilərsiz. Heredot yazırdı ki, fars şahları imperiyanın ərazisindəki yeddi görkəmli fars ailəsindən qız ala bilərdilər və Esther’in belə bir ailədən olan kraliça Vashti’ni əvəz etməsi iddiası yunan tarixi qaynaqlarına tamamilə ziddir.26
Şəlalə xanım “gözqamaşdıran” tarixçiliyinə davam edərək yazır: “Əhəməni sarayının yəhudi mənşəli ikinci məşhur şəxsi Nehemiahdır. Qədim dövrdə hökmdarlar zəhərlənməkdən qorxduqları üçün içkiləri yalnız çox inandıqları və etibar etdikləri insanların əlindən içərdilər. Əhəməni imperiyasında şahənşahların əksəriyyəti sui-qəsd nəticəsində öldürüldüyündən etibarlı insanlar mühüm əhəmiyyət kəsb edirdi. Artakserks üçün bu adam yəhudi mənşəli Nehemiah idi. Şahənşaha yaxınlığı onu İudeyanın canişini vəzifəsinə qədər yüksəltmişdi. Əhəmənilər ərazisində məskunlaşmış yəhudilər ciddi diskriminasiya ilə üzləşməmiş, imperiyanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş, maliyyə imkanlarını və siyasi nüfuzlarını möhkəmləndirə bilmişdilər. İmperiyanın əsas dili aramey dili olduğu üçün yəhudi icmasının dövlətin idarə aparatında təmsiliçiliyinə ciddi maneələr olmamışdır.” Beləliklə, gəlin Mordekayın tarixçilər nəzərində tarixi yox, ədəbi bir personaj olduğunu öyrəndikdən sonra Nehemiah şəxsiyyətinə nəzər salaq. Burada da Şəlalə xanımı və onun oxucularını məyus etməli olacağıq, çünki Nehemiah haqqında Bibliyadan kənarda heç bir məlumat yoxdur və onun ümumiyyətlə tarixi şəxsiyyət olması özü də tarixçilər arasında mübahisəlidir. Frevel yazır: “Nehemiyanın missiyasının mənşəyi, konkret forması və dəqiq tarixləndirilməsi barədə aydınlıq yoxdur. Uzun zamandan bəridir ki, (Bibliyadakı) Neh *1–7; *11–13 hissələrinin e.ə. V əsrin ikinci yarısına aid “Nehemiya memuarı” adlanan orijinal mətnləri təşkil etməsi gümanına əsaslanaraq Nehemiya tarixi rekonstruksiya olunurdu. Son zamanlar isə bu mətnlərin tarixi dəyəri, mənşəyi və məqsədi olduqca mübahisəli hala gəlib. Maksimalist mövqe bu mətnlərdəki münaqişə detallarını, Nehemiya missiyasını və onun həyata keçirdiyi tədbirləri mümkün qədər tarixi hadisələr kimi qiymətləndirir və bunların Nehemiyanın birinci şəxsdən yazdığı hesabatla orijinal şəkildə təsdiq edildiyini qəbul edir (məsələn, Rainer Kessler, Titus Reinmuth, Ralf Rothenbusch). Minimalist mövqe isə hətta Nehemiyanın tarixi şəxsiyyət olmasına da şübhə ilə yanaşır. Onlar “Nehemiya Memuarını” orijinal sənəd deyil, daha sonrakı müəlliflərin teoloji məqsədlərlə yazdığı uydurma mətn hesab edirlər. Bu müəlliflər Nehemiyanı nümunəvi siyasi lider obrazı kimi təqdim etmişlər. Beləliklə, “Nehemiya Memuarı” mümkün qədər arxetipik bir təsvir, lakin tarixi dəyəri olmayan bir mətn kimi başa düşülür (məsələn, Joachim Becker, Erhard S. Gerstenberger). Hekayəyə görə, Artakserks kasadarı Nehemiyanın kədərli halını gördükdə, ona Susadakı fars sarayını tərk edib dağıdılmış Yerusəlimi bərpa etməyə icazə vermişdi (Neh 2). Bu isə əfsanəvi bir rəvayət kimi qəbul olunur. (Diana V. Edelman)… Lakin Bibliyadankənar mənbələrdə Nehemiya adlı bir valinin mövcudluğuna dair etibarlı bir dəlil yoxdur. Hətta Nehemiyyanın dəqiq nə zaman yaşadığı da əslində aydın deyil.”27 Əgər yəhudilərin tarixi qələmə alınacaqsa bunu etibarlı qaynaqlara əsaslanaraq etmək lazımdır, Şəlalə xanım isə belə etməyib…
Qədim yəhudilər və dövlətçilik
Şəlalə xanım oxuculara İsrailin dövlətçilik tarixini təqdim etdikdə bəzən tarixi və arxeoloji əsasları olmayan, sadəcə milliyyətçi ideologiyaya əsaslanan iddialara da yer verir və bunlar barədə oxucunu xəbərdar etmir. Misal üçün o, yazır: “Qədim yəhudilər eramızdan əvvəl II minillikdə heç bir mərkəzi hakimiyyətə tabe olmadan 12 tayfa konfederasiyası halında bu ərazilərdə yaşamışdılar. Mərkəzi dövlət yaranana qədər yəhudilər bir neçə yüz il hakimlər tərəfindən idarə olunublar. Əsasən hərbi liderlik rolunu oynayan hakimlərə ehtyac isə xarici düşmənə qarşı mübarizələr zamanı yaranıb. Dəmir dövründə (b.e.ə. II minilliyin son yüzillikləri) Yəhudilərə qarşı ən güclü təhdidləri Kanaanın cənubunda məskunlaşmış filistinlər yaradıb. Egey sivilizasiyasının təmsilçiləri olan filistinlər bu ərazilərə e.ə. II minillikdə gəliblər. Dövrün tədqiqatçıları onların qədim Kritin sakinləri olduğunu güman edirlər. Bu fikir həm arxeoloji qazıntılar, həm də bioloji qohumluq testlərinin təhlilləri əsasında möhkəmlənir.” Gəlin bu mətni təhlil edək. İlk olaraq diqqət etmək lazımdır ki, burada yəhudilərin Fələstin ərazisindəki mövcudluqlarının tarixi məzmunu çox qəribə şəkildə çatdırılır. Şəlalə xanımın sözlərini oxuyanlar elə başa düşəcəklər ki, yəhudilər bineyi-qədimdən bu ərazilərdə yaşayıblar, ona görə də onlar haqqında verilə biləcək ilk məlumatlar bunlar olmalıdır. Yəni yəhudilər II minillikdə adı müasir səslənən bir “konfederasiya” şəklində yaşayırdılar. Təbii ki, oxucu üçün bu konfederasiya quruluşu müəmmalı qalır; bir tarixçi üçün “konfederasiya” nə deməkdir? Konfederasiya modern zamanda siyasi bir birlikdir, yəni müstəqil siyasi qurumları bir araya gətirən siyasi bir ittifaqdır, siyasi bir çətirdir. Mətndən sanki yəhudilərin ilk tarixi yaddaşı siyasi şüurlu tayfalar halında olduğu anlaşılır. Başqa sözlə desək, burada yəhudilər Fələstin torpaqlarının ən köklü etnik qruplarından biri kimi təqdim olunur. Şəlalə xanım bunu yuxarıdakı hissədən əvvəlki abzasında belə təqdim edir: “Müasir İsrail dövləti XX əsrin məhsulu olsa da, yəhudilərin dövlətçilik tarixi çox uzun keçmişə malikdir. Arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi abidələr və Bibliyada (Əhdi-Ətiq və Əhdi-Cədid) adı çəkilən coğrafi adların müqayisəli təhlili alimlərə qədim yəhudilərn Kanaan sivilizasiyasına aid olduqlarını iddia etmək imkanı verir. Bu sivilizasiya Qərbi Asiya bölgəsinin Aralıq dənizinin şərqindəki geniş ərazilərin daxil olduğu Levantın (Məşriq) cənubunda yaşayan semit dilli tayfalarla identifikasiya olunur. Dövrümüzdə bu sivilizasiya təxminən müasir İsrail dövlətinin, Fələstin və İordaniyanın ərazilərini əhatə edir.” Gördüyümüz kimi yəhudilər Kanaan sivilizasiyasına aid olduqları halda fələstinlilər Egey sivilizasiyasının təmsilçiləridir, yadellilərdir. Bu sözləri oxuyan oxucu Şəlalə xanım kimi bir tarixçinin təqdimatına inanmaqdan başqa çarəsi olmayacaq. Amma əgər Levant sözünü mötərizədə “Məşriq” olaraq təqdim etməsi üzərində fikirləşsə başa düşəcək ki, Şəlalə xanımın bu mövzuda yazdıqlarına ciddi yanaşmaq doğru deyildir, çünki Levant müsəlman qaynaqlarında Şam olaraq adlanır. Görünür ki, Şəlalə xanım wikipedia səhifəsində Levant sözünün hərfi tərcüməsini görüb və elə düşünüb ki, müsəlman qaynaqlarında onun adı Məşriqdir. Xeyr, “Məşriq” coğrafiyası tarixi olaraq Levant’dan daha böyük əraziləri əhatə edir.
Fələstinlilərə gəldikdə isə ümumiyyətlə indiki fələstinlilərin qədim “filiştin” və ya “filistin” ilə bir əlaqəsi yoxdur, necəki indiki yəhudilərin qədim ivritlərlə bir əlaqəsinin olduğunu iddia etməyimiz üçün heç bir əsas yoxdur. Lakin buna baxmayaraq Şəlalə xanımın təqdimatı yenə də səhvdir, çünki Fələstin torpaqlarının cənubunda formalaşmış “Filiştia” (və ya Filistia) sivilizasiyası təkcə Krit adasından gəlmiş miqrantlardan ibarət deyildi, onlar miqrantların yerli kənanlılar ilə qarışaraq əmələ gətirdikləri bir etnik tərkib idi. Eyni şəkildə ivritlər də kənar ərazilərdən bura daxil olaraq yerli əhali ilə qarışaraq formalaşmış yeni bir etnik tərkib idi. Finikiyalılar üçün də eyni şeyi demək mümkündür.28 İsrailin yerli Kənan xalqları içindən seçiləcək dərəcədə formalaşması arxeoloji və tarixi araşdırmalara görə eradan əvvəl 1150-ci illər ilə 900-cu illər arasında baş verib.29 Egey sivilizasiyasına aid edilən qədim fələstinlilər də təxminən bu dövrdə bu coğrafiyanın cənubuna köçmüş miqrantlarla yerli əhalinin qaynayıb qarışması ilə formalaşıb. Bu baxımdan, həm qədim fələstinlilər, həm də qədim ivritlər Kənan sivilizasiyanı təmsil edirlər. Lakin bir daha vurğulamağımız lazımdır ki, indiki fələstinlilər qədim fələstinlilərlə eyni deyil; zamanımızın fələstinliləri etnik qazanın içində qaynayaraq əsrlər boyunca formalaşmış bir etnosdur; bu etnik tərkibin formalaşmasında qədim fələstinlilərin rolu olduğu kimi qədim ivritlərin də rolu olub.
Yəhudilərin ümumiyyətlə “12 tayfa konfederasiyasında” yaşamaqları tarixi iddia olaraq etibarlıdırmı? Belə ki, Şəlalə xanım bu iddianı sorğulamadan oxucusuna fakt kimi təqdim edir. Lakin tarixçilər qeyd edirlər ki, əslində Bibliyadan kənarda 12 tayfa konfederasiyasını dəstəkləyəcək heç bir tarixi sənəd və ya arxeoloji sübut yoxdur. Ona görə də Christian Frevel yazır: “Dəfələrlə vurğulanmalıdır ki, guya ‘hakimlər dövrü’ adlanan dövrə dair Bibliya rəvayətləri bu inkişaf barədə etibarlı tarixi məlumat verməkdə acizdir. ‘Hakimlər dövrü’nün nizamsız və əsasən xaotik bir zaman kimi təqdim olunması böyük ölçüdə teoloji bir quruluşdur.” Davamında buyurur: “Tarixi baxımdan İsrailin başlanğıcdan on iki qəbilədən ibarət olması inandırıcı deyil. Buna görə də çətinlik ondan ibarətdir ki, bibliya rəvayətini uyğun tarixi və ədəbi-tarixi çərçivədə birləşdirici tarixi uydurma kimi təsnif etmək lazımdır… İsrailin on iki qəbilə sisteminin ədəbi ifadəsini nə vaxt tapması tədqiqatlarda mübahisəlidir. Sürgündən sonrakı dövrə aid mənşə fərziyyəsi, monarxiya dövrünün ortalarında mənşə fərziyyəsi ilə ziddiyyət təşkil edir. Hər halda, on iki qəbilə sisteminin ədəbi quruluşu çox güman ki, (bəzi) qəbilələrin tarixi varlığına və ilkin qəbilə ittifaqlarına əsaslanırdı. Mütləq olan budur ki, qəbilələr eyni zamanda yaranmamışdı (Bibliyaya görə: bir ailədən), əksinə, Dəmir Dövrü I-in mürəkkəb məskunlaşma tarixindən göründüyü kimi, bir-birinin ardınca və yanaşı meydana çıxmışdılar… Fırıldaq, aldatma, rəqabət və sonsuzluq mövzuları ilə Yaqubun nəslini bir-birilə əlaqələndirən rəvayətlər heç də tarixi deyil və təsvir edildiyi kimi on iki qəbilə sistemi heç vaxt tarixi reallıqda mövcud olmamışdır. Lakin bu düzülüşün tamamilə təsadüfi olduğunu da güman etmək olmaz. İndiyə qədər təqdim olunan izahların heç biri tarixi cəhətdən sübuta yetirilməyib: məsələn, coğrafi bölgü fərziyyəsinə qarşı, Leanın qəbilələrinin ərazilərinin bir-biri ilə coğrafi baxımdan bağlı olmaması faktı durur – məsələn, Transiordaniyada Rəuben, cənub dağlarında Yəhuda və Şimon, Aşağı Qalileyada isə İssaxar və Zevulun. Arxeoloji baxımdan isə yeni İsrail kənd mədəniyyətinin Efrayim və Mənnəsə dağlıq bölgəsində başlaması, düzülüşün müxtəlif ittifaqların ardıcıl inkişafını əks etdirdiyi fərziyyəsinə qarşı çıxır. Bu halda prioritet Rəhilin qəbilələrinə verilmiş olur ki, bu da ənənəvi olaraq Leanın qəbilələrinin daha qədim qrup olduğu fərziyyəsinə ziddir. İsrailin on iki qəbilə sistemi arxasında duran tarixi proses artıq aydınlaşdırıla bilməz.”30 Beləliklə də başa düşürük ki, tarixçilər arasında 12 tayfa konfederasiyası sadəcə olaraq teoloji bir təsəvvür olub, tarixi sübutlarla təsdiqini tapmamış bir iddiadır. Tarixçilər müəyyən tayfaların ola biləcəklərini və bunların öz aralarında müəyyən ittifaqlar qura biləcəklərini qəbul edirlər, lakin Bibliya kitabında təqdim olunan və Şəlalə xanımın fakt kimi oxucuya təqdim etdiyi “konfederasiya” quruluşunun heç bir tarixi əsası yoxdur.
Yəhudi kimliyi
Şəlalə xanım bizə modern zamanımızdakı İsrail ilə bağlı bir giriş etdikdən sonra tarixə qayıdaraq yəhudilər haqqında danışır, sanki müasir İsrail adlanan siyasi bir vahidin tarixən kökləri yəhudilər ilə bağlıdır. O zaman təbii olaraq ortaya belə bir sual çıxır, yəhudilik nədir? O bir dindir yoxsa etnik kimlikdir? İsrail dövləti 1950-ci ildə qəbul etdiyi qanun ilə dünyanın istənilən yerindən İsrailə köçən yəhudilərə avtomatik vətəndaşlıq verirdi, lakin qanun “yəhudi” üçün bir kriteriya müəyyən etməmişdi. 1970-ci ildə qanuna edilmiş əlavəyə görə bir yəhudi, “yəhudi anadan dünyaya gəlmiş və ya yəhudiliyi din olaraq qəbul etmiş və başqa bir dinin nümayəndəsi olmayan kəsdir.”31 Aydındır ki, yəhudilik İsrail dövlətinin qanunlarına görə etnik bir kimlik deyildir, əksinə yəhudi dini ilə sıx bağlıdır. Belə ki, tamamilə etnik kimliyə mənsub bir qadın yəhudiliyi qəbul edərsə, ondan sonra tamamilə fərqli bir etnik kimliyə mənsub bir ateistə ərə gedərsə, ondan uşaqları dünyaya gələrsə həmin uşaqlar da yəhudi sayılacaq və əgər bu qadından əmələ gələn gələcək nəsillər başqa bir dini mənimsəməzlərsə onlar hüquqi olaraq yəhudi sayılacaqlar.
Tarixə nəzər salsaq görəcəyik ki, miladdan əvvəlki dönəmin yəhudiləri başqa millətlərdən olan qadınlarla evlənməkdə problem görmürdülər. Shaye J. D. Cohen bunu gözəl şəkildə izah edir və xatırladır ki, Bibliya kitabına görə Yaqub peyğəmbərin oğlu Yəhudanın özü kənanlı qızla evlənmişdi, Yusuf peyğəmbər misirli qadınla, Musa midiyalı və efiopiyalı qadınla, Davud isə fələstinli qadınla və Süleyman peyğəmbər isə hər millətdən bir qadınla evlənmişdi. Cohen yazır ki, “nikah, dini müqəddəslik statusu olmadan, bir kişinin bir qadını şəxsi məzmunda əldə etməsi idi və dövlətin bu məsələdə çox az hüquqi müdaxiləsi var idi. İsrailli bir kişi ilə evlənən əcnəbi qadının ata evindəki bütlərini tərk etməsi lazım idi, amma əgər bunu etməsə belə, onun uşaqlarının israilli olmadığını iddia etmək heç kimin ağlına gəlməzdi.”32
Bu dövrdə bir yəhudi kişidən dünyaya gələn uşaqlar da yəhudi sayılırdı və yəhudi kimliyi təkcə anaya bağlı deyildi. Miladın ikinci əsrində ravvinlər bunu dəyişdirdilər və belə bir qərar verdilər ki, yəhudi yalnız, yəhudi qadından dünyaya gəlmiş kimsədir. Üstəlik yəhudiliyi din olaraq qəbul edənlər də hər zaman yəhudi hesab olunublar və yəhudi olaraq qəbul ediliblər, çünki keçmişdə yəhudilik həmişə, bütün hallarda dini bir kimlik olaraq qəbul edilib. Beləliklə də ikinci əsrdən başlayaraq atanın dini ilə davam edən bir “etnik kimlik” anlayışı tərk edildi və yeni sistem yəhudi anaya və yəhudiliyi din olaraq qəbul edən qeyri-məhdud sayda dönmələrə əsaslanmağa başladı. Tarixçilər belə bir dəyişikliyin səbəbini dəqiq bilmirlər, müxtəlif fərziyyələr irəli sürürlər. Jits van Straten’ə görə burada uşağın ana tərəfindən tərbiyə olunması nəzərə alınıb.33
Üstəlik eramızın ilk əsrindən başlayaraq yəhudilik bir din olaraq geniş bir coğrafiyaya yayılmağa başladı və fərqli coğrafiyalara yayılmış yəhudilər getdikləri ərazilərdə özlərinə xeyli sayda yeni din qardaşları döndərə bildilər, yəni yerli əhalinin kütləvi şəkildə yəhudiliyi qəbul etməklərinə nail ola bildilər. Xüsusilə də eradan əvvəl birinci əsrdə Roma imperiyasının ərazilərində yəhudilərin sayının radikal şəkildə artmasının yeganə izahı başqa millətlərin yəhudiliyi qəbul etməkləri idi. Macarıstan yəhudilərindən olan tarixçi etnoqraf Raphael Patai yazır: “Sosioloqlar və tarixçilərin hesablamalarına görə, Titusun Yəhudeyanı dağıtdığı dövrdə (70-ci il), yəhudilərin sayı təxminən 4,5 milyon idi ki, bu da Roma imperiyasının ümumi əhalisinin 8–10 faizini təşkil edirdi; imperiyanın əhalisinin sayı isə (imperator) Avqustusun ölümündən sonra (14-cü il) aparılmış siyahıyaalmanın nəticələrinə görə 54 milyon göstərilmişdi. Bundan qısa müddət sonra yəhudilərin sayı azaldı və XVIII əsrin sonuna qədər 1 ilə 2 milyon arasında dəyişirdi, bu dövrdən etibarən isə sürətli artıma başladı. 1840-cı ilə gəldikdə, onların sayı yenidən 4,5 milyona çatdı və 1940-cı ildə, nasistlərin soyqırımından dərhal əvvəl, 16,5 milyona yüksəlmişdi.”34 Arthur Ruppin, Salo W. Baron və Alexandre Roudinesco’nun çalışmalarına əsaslanan Alain Corcos yazır ki, Roma imperiyasında onların sayı 6-7 milyon idi və bu, ümumi roma əhalisinin 12 faizini təşkil edirdi.35 Cicero hələ eramızdan əvvəl 59-cu ildə yəhudilərin Roma şəhərindəki çoxluğundan şikayət edirdi: “Sən bilirsən ki, o kütlə nə qədər böyükdür, onların yekdilliyi nə qədər qüvvətlidir və xalq yığıncaqlarında onların çəkisi nə qədər ağırdır.” 36Yəhudilərin Roma İmperiyasındakı sayı tarixçilər arasında ixtilaflıdır və yekdil bir rəy yoxdur; Keith Hopkins ehtiyatlı davranaraq onların saylarının 4,2-4,8 milyon olduğunu yazır və ona görə bu, ümumi əhalinin 7-8%-ini təşkil edirdi.37 F. J. Foakes Jackson və Kirsopp Lake isə daha yuxarı sayı doğru hesab ediblər, onlara görə 60-70 milyonluq əhalinin 10%-i yəhudilər idi.38 Salo Baron isə ümumən imperiya əhalisinin səkkizdə birini yəhudilərin təşkil etdiyini, hətta İmperiyanın şərq hissəsində bu nisbətin 20%-ə qədər çatdığını yazırdı.39 Louis Feldman onunla razılaşır.40 James Jeffers isə onların sayının 6,5 milyon ilə 8,5 milyon arasında dəyişdiyinə inanır.41 Tarixçilərin irəli sürdükləri bu rəqəmlər əslində dəqiq məlumatlara əsaslanmır, biz həqiqətən də yəhudilərin sayının nə qədər olduğunu bilmirik və bir çox tarixçilər ortaya qoyulan rəqəmləri tənqid ediblər və yəhudilərin həqiqi saylarının nə qədər olduğunu bilməyin imkansız olduğuna diqqət çəkiblər. Lakin Fələstin torpaqlarında 66-cı ildən 135-ci ilə qədər və diasporada 115-117-ci illərdəki yəhudi üsyanları onu göstərir ki, onların sayı İmperiya ərazilərində çox olmalı idi, əks təqdirdə bu cür uzun çəkən və şiddətli güc ortaya qoya biləcək üsyanları başqa cür izah etmək mümkün deyildir.42 Yəhudi tarixçi Josephus özü Strabo’nun belə dediyini nəql edir: “İndi isə bu yəhudilər artıq bütün şəhərlərə yayılıblar; və insanların yaşadığı dünyada elə bir yer tapmaq çətindir ki, bu tayfanı qəbul etməmiş və onlar tərəfindən tutulmamış olsun.”43
Bəziləri yəhudilərin sayının bu qədər radikal şəkildə artmasını sadəcə olaraq sürgün və ya könüllü köçlər ilə izah etməyə çalışırlar; lakin əksər tarixçilər bu izahın imkansız olduğunu deyirlər, çünki bir qəbilənin və ya tayfanın artımı öz dövründəki digər etnik qruplarla eyni olmalı idi, belə ki, artım üçün mövcud olan şərtlər hər yerdə eyni idi. Yəhudilərin sayındakı belə bir dəyişikliyin əsas səbəbi yəhudilərin yerləşdikləri yerlərdə apardıqları missionerlik fəaliyyətləri idi. Menahem Stern yazır: “Yəhudi diasporasının coğrafi genişlənməsinə və sayca artmasına müxtəlif amillər səbəb olmuşdu: ölkədən sürgünlər; Yəhudeyadakı siyasi və dini təzyiqlər; firavan ölkələrdə, məsələn, e.ə. III əsrdə Misirdə aşkarlanan iqtisadi imkanlar; və İkinci Məbədin ilk dövrlərində başlamış və eramızın I əsrində zirvəsinə çatmış missionerlik hərəkatı.”44 İsrailli tarixçi Shlomo Sand burada önəmli bir nöqtəyə toxunur. “Necə ola bilərdi ki, dənizə arxa çevirmiş və heç vaxt geniş bir imperiya qurmamış əkinçi bir xalq bu qədər çox mühacir çıxara bilsin? Yunanlar və finikiyalılar dənizçi xalqlar idilər, onların böyük bir qismi tacirlərdən ibarət idi və onların genişlənməsi peşələrinin və ümumi həyat tərzlərinin məntiqli nəticəsi idi. Onlar köç edərək Aralıq dənizinin hər tərəfində yeni koloniyalar və şəhərlər salırdılar. Onlar yayılır və onun ətrafında — Platonun canlı ifadəsi ilə desək – “göldəki qurbağalar” kimi toplaşırdılar. Onların ticarəti onları mövcud olan çoxlu cəmiyyətlərlə təmasa gətirirdi və bu xalqların mədəniyyətlərinə təsir göstərirdi. Sonralar romalılar da təxminən eyni şeyi etdilər. Amma yadda saxlanmalı iki məqam var:
- Yunanların, finikiyalıların və romalıların (geniş ərazilərə) yayılmağına baxmayaraq, onların vətənləri qəfildən boşalmadı və viran qalmadı.
- Onlar ümumiyyətlə diasporlarında öz dillərindən istifadə etməyə davam edirdilər.
Onlardan fərqli olaraq, yəhudalıların çoxu öz vətənlərində – Josephus’un təkrar vurğuladığı kimi – tacir deyildilər, müqəddəs torpağın əkinçiləri idilər: “Biz özümüz isə dəniz ölkəsində yaşamırıq, ticarətdən zövq almırıq, ondan doğan qarışıq həyat tərzində də iştirak etmirik; bizim yaşadığımız şəhərlər isə dənizdən uzaqdadır.” Tacirlər, muzdlu döyüşçülər və siyasi-mədəni elitalar yəhudi cəmiyyətində mövcud olsa da, onların sayı heç vaxt əhalinin onda birindən çox olmamışdır. Əgər İkinci Məbəd dövrünün zirvəsində Yəhuda Krallığında ümumilikdə təxminən səkkiz yüz min sakin var idisə, onların nə qədəri köç edə bilərdi? Ən çox bir neçə on min nəfər.
Bəs niyə yəhudi icmaları köç etdikləri yerlərdə öz dillərində – ivrit və ya arami dillərində – danışmırdılar? Niyə onların adları, ümumiyyətlə desək, birinci nəsildə ivrit adları deyildi? Və əgər onlar əkinçi idilərsə, niyə diasporalarında bir dənə də olsun yəhudi-ivrit kənd təsərrüfatı icması belə qurmadılar?
Bir neçə min, hətta bir neçə on min yəhudi köçməni iki yüz il ərzində Aralıq dənizi mədəniyyət dünyasına yayılmış bir neçə milyonluq yəhudi dininə mənsub kəslərə çevrilə bilməzdi. Yuxarıda qeyd olunduğu kimi, həmin dövrdə əhəmiyyətli demoqrafik artımlar yox idi, çünki əhali – şəhər və kənd fərq etmədən – kənd təsərrüfatı istehsalının imkanları ilə məhdudlaşırdı. Ümumilikdə əhali sayı ellinistik və Roma dünyasında əhəmiyyətli dərəcədə artmamışdı və – kiçik artımlar istisna olmaqla – çox uzun müddət sabit qalmışdı, artım yalnız yeni torpaqlarda koloniyalar salmaqla və yeni torpaqlar becərməklə olurdu.”45 Sand bundan sonra sionist tarixçilərin necə missioner fəaliyyətlərini və başqa millətlərin yəhudiliyi din olaraq qəbul etməklərini əhəmiyyətsizləşdirməyə çalışdıqlarını yazır. Bu ənənədən ilk ayrılan və ilk dəfə bunun əhəmiyyətinə diqqət çəkən Uriel Rapaport oldu. Sand kitabında Rapaport’un bu analizinin keçdiyi doktorluq dissertasiyasının çap olunmadığına diqqət çəkir. Lakin özü Rapaportun gəldiyi nəticəni belə qeyd edir: “Onun böyük miqyasını nəzərə alsaq, qədim dünyada yəhudiliyin genişlənməsini nə təbii artım, nə vətəndən miqrasiya, nə də kənardan qoşulanların iştirakını nəzərə almayan başqa bir izahla açıqlamaq mümkündür.”46 Shlomo Sand qeyd edir ki, Rapaport gəldiyi bu nəticə ilə özündən əvvəl yaşamış qeyri-yəhudi tarixçilərin nəticələri ilə razılaşmış oldu, belə ki, Ernest Renan, Julius Wellhausen, Eduard Meyer və Emil Schürer daha əvvəldən qeyd edirdilər ki, qədim yəhudilik də xristianlıq və İslam kimi missioner bir din idi. Beləliklə də yəhudi diasporasının əslində missionerlik fəaliyyəti nəticəsində yəhudi dinini qəbul etmiş müxtəlif etnik qruplar olduğunu deyə bilərik. Van Straten də təsdiq edir ki, birinci əsrdən başlayaraq yəhudi dinini qəbul edənlərin sayı artıb və yəhudiliyi qəbul etmək çox asan bir iş olub. Moshe Samet’in çalışmasına47 istinad edən Straten qeyd edir ki, yəhudiliyi qəbul etmək üçün bütpərəstliyi inkar etmək kifayət edirdi.48 Yəhudilərin qədim zamandan fərqli etnik tərkiblərdən formalaşması bir sirr deyildi, əslində tarixlə maraqlanmış “yəhudilər” də bunu hər zaman biliblər. John Quigley yazır: “1919-cu ildə Versal konfransına qatılan Dünya Sionist Təşkilatının nümayəndəsi Fələstini yəhudi xalqının “əcdadlarının torpağı” adlandırmışdı. Lakin bu iddia sual altına alındı. Fransız parlamentinin anti-sionist yəhudi üzvü Joseph Reinach 1919-cu ildə irəli sürürdü ki, “fələstin mənşəli” yəhudilər müasir yəhudi icmasının yalnız “çox kiçik bir azlığını” təşkil edirlər. O deyirdi ki, yəhudilər “xristianlar və müsəlmanlar qədər həvəslə təbliğçilik etmişlər”; qədim dövrlərdə onlar çox sayda ərəbi, yunanı, misirlini və romalını dinə gətirmiş, daha sonralar isə Asiyada, Şimali Afrikada, İtaliyada, İspaniyada və Qalliyada yeni tərəfdarlar qazanmışdılar. Onun sözlərinə görə, “rus, polyak və qalisiya yəhudilərinin” əksəriyyəti Xəzərlərdən – Charlemagne dövründə kütləvi şəkildə yəhudiliyi qəbul etmiş, Rusiyanın cənubundan olan tatar xalqından – törəmişdir.”49
Tamamilə fərqli etnik tərkibə malik olan xalqların da bu dönəmdə məcburi olaraq yəhudiləşdirildiyini görürük. Hasmonean sülaləsindən olan kral Yohanan Hyrcanus eradan əvvəl 125-ci ildə Edom krallığını işğal etdi və oranın əhalisini silah gücü ilə yəhudiləşdirdi. Yəhudi tarixçi Josephus bunu belə nəql edir: “Hyrcanus həmçinin İdumea ölkəsinin Dora və Marissa şəhərlərini də ələ keçirdi və bütün idumealıları tabe etdi; onlara yalnız o halda bu ölkədə qalmağa icazə verdi ki, cinsiyyət orqanlarını sünnət etsinlər və yəhudilərin qanunlarına əməl etsinlər. Onlar isə ata-babalarının torpaqlarında yaşamağa o qədər həvəsli idilər ki, sünnət olunmağa və yəhudilərin digər həyat qaydalarına tabe olmağa razılaşdılar; elə həmin vaxtdan onların başına bu gəldi ki, bundan sonra onlar artıq yəhudidən başqa bir şey sayılmadılar.”50 Ammonius’un De Adfinum Vocabulorum Differentia əsərində keçən nəqlə əsasən “yəhudilər və idumealılar fərqlidirlər, Ptolemey də bunu “Kral Herodun Tarixi” əsərinin birinci kitabında qeyd edir: “Yəhudilər mənşə və təbiət etibarilə elə olanlardır. İdumealılar isə əvvəlcə yəhudi deyildilər, onlar finikiyalılar və suriyalılar idilər; yəhudilər tərəfindən tabe edildikdən və sünnət olunmağa məcbur edildikdən sonra, yəhudi xalqı arasından sayılmaq və eyni adət-ənənələrə riayət etmək üçün artıq onlar da yəhudi adlandırıldılar.”51 Beləliklə də Edom krallığının sakinləri yeni dini qəbul etməyə məcbur edildilər; təbii ki, bu krallığın əhalisi bir gecə içində yeni dinə etiqad etməyə başlamadı, bu, tədricən baş verən bir proses oldu. Lakin Edom krallığının əhalisi olan idumealılar içindən tanınmış yəhudilər çıxıblar; Shlomo Sand qeyd edir ki, kral Herod onlardan biri idi. Ravvin Shammai’nin ən sərt tələbələri və zelotların üsyanındakı ən radikal ünsürlər edomit əslli idilər.52 Daha sonra Hyrcanus’un oğlu Judas Aristobulus eradan əvvəl 104-103-cü illərdə Qalileya’dan tutmuş Yəhudeya’ya qədər olan əraziləri ələ keçirdi və orada yaşayan iturealıları məcburi yəhudiləşdirdi. Josephus bununla bağlı yazır: “O, “yunanları sevən” adlandırılırdı; öz ölkəsinə çoxlu faydalar bəxş etmişdi, İtureyaya qarşı müharibə aparmış və onun böyük bir hissəsini Yəhudeyaya qatmışdı, sakinləri isə əgər o torpaqda qalmaq istəyirlərsə, sünnət olunmağa və yəhudi qanunlarına görə yaşamağa məcbur etmişdi. O, təbiətən səmimi və böyük təvazökarlığa sahib bir insan idi, Strabo bunu Timagenes’in adından şahidlik edərək təsdiqləyir; o belə deyir: “Bu adam səmimi idi və yəhudilərə çox faydalı oldu; çünki onlara bir ölkə əlavə etdi və itureyalıların bir qismini onlar üçün qazandı və onları cinsiyyət orqanlarının sünnəti ilə onlara bağladı.”53 Shlomo Sand itureyalıların etnik mənşəyi haqqında dəqiq məlumatın olmadığını deyir; onlar ya finikiyalı idilər, ya da ərəb mənşəli idilər.54 Əgər itureyalılar ərəb mənşəli idilərsə yəhudiliyi qəbul etmiş yeganə ərəblər deyildilər. Əslində ərəblər arasında bundan sonrakı dönəmdə də yəhudiliyi qəbul etmiş qəbilələr, şəhərlər, hətta dövlətlər olub.
Ərəb Yarımadasında yəhudiliyin yayılma tarixinin dəqiq nə zaman başladığını bilmirik. Lakin fərqli şəhərlərdə yerləşmiş yəhudi icmalarının olduğunu bilirik. Həmçinin bilirik ki, yarımadada yəhudilərin yaşadığı şəhərlərə yerləşmək istəyən qeyri-yəhudilərdən yəhudiliyi din olaraq qəbul etmək tələb olunurdu. Teymə şəhərində yaşayan yəhudilər ora yerləşmək istəyən ərəblərə yəhudiliyi qəbul etməyi şərt qoşurdular. Hətta onların daha sonra köçərək Mədinə şəhərində yerləşdiyi deyilib.55 Üstəlik etnik yəhudilərin ərəblərlə evləndiyinə dair məlumatlar gəlib. Altıncı əsrdə Teymə şəhərindəki əl-Əblaq adlı qəsrdə yaşamış məşhur yəhudi şairi Səməv’al bin Adiyə’nin anasının ğassəni ərəblərindən olduğu bilinir.56 Francis Peters qeyd edir ki, əksər tarixçilərə görə Mədinə şəhərindəki yəhudilər yəhudiliyi din olaraq qəbul etmiş ərəblər idilər.57 Yəhudi tarixçi Moshe Gil’in rəyi budur ki, Mədinə şəhərindəki yəhudilər daha əvvəl bədəvi ərəblər olublar, “onlar Roma zülmündən qaçaraq Ərəbistana sığınmış yəhudi qaçqınlar tərəfindən (çox güman ki, eramızın 70-ci ilində, bəlkə də 135-ci ilində) döndərilmişdilər. Görünür ki, şimali Hicazdakı yəhudi əhalinin ilk təbəqəsini məhz bu qaçqınlar təşkil etmişdi. Sonrakı əsrlərdə isə sayca artmaları ərəb tayfalarının yəhudiliyi qəbul etməsi hesabına baş vermiş və həmin tayfalar təkcə yəhudilərin dinini və yaşayış tərzini deyil, həm də danışıq dilləri olan arami dilini mənimsəyərək əkinçi həyata keçmişdilər.”58 Bernard Lewis inanır ki, Mədinə şəhərində yaşamış yəhudilər “şübhəsiz ki, həm Yəhudeya əyalətindən olan qaçqınlardan, həm də yəhudiliyi qəbul etmiş ərəblərdən ibarət idi.”59 Simon Dubnow’a görə Mədinə şəhərinə yerləşmiş ilk yəhudilər Yəməndə 4-cü əsrdə qurulmuş Himyar yəhudi dövlətindən köçmə yəhudilərdir; 6-cı əsrdə dövlətin dağılması ilə xristianların təqibindən qaçmalı olurlar və Yəsrib (Mədinə) şəhərinə yerləşirlər.60 Rabbinik yəhudiliyin qaynaqlarına nəzər saldığımızda görürük ki, hətta Ərəbistanın şimalındakı, yəni tarixi Fələstin torpaqlarına yaxın yerdə yaşayan ərazilərdəki yəhudilər də dönmə yəhudilər idilər. Mişna’da keçən məlumata əsasən “Reqem’dən gələn bütün qan ləkələri təmizdir. Rabbi Yəhuda onları natəmiz hesab edir, çünki onlar (yəhudi) dönmələrdir və xəta edirlər.”61
Yuxarıda sözünü etdiyimiz Himyar dövləti Ərəbistan yarımadasının cənubunda mövcud idi. Müsəlman qaynaqlarına əsasən bu dövlətin kralı Əbu Kərib (385-420) yəhudi dinini qəbul etmiş ilk Himyar kralıdır.62 Lakin bu o demək deyildir ki, Əbu Kərib oradakı ilk yəhudi idi; belə görünür ki, orada yəhudilər daha əvvəldən mövcud olublar. Xristian tarixçi Philostorgius yazırdı ki, IV əsrin ortalarında imperator ikinci Konstantin himyarlıları xristianlaşdırmaq üçün missionerlər göndərdi, lakin yerli yəhudilər tərəfindən müqavimətlə qarşılaşmışdılar.63 Shlomo Sand deyir ki, yəhudiliyin daha əvvəlki krallar tərəfindən qəbul edilmiş olması da mümkündür. Belə ki, Malik Kərib Yuhamin’in 378-ci ildə tikdirdiyi bəzi abidələrin üstündə yəhudi dinində işlənən terminlər tapılıb. Yəməndəki Beyt əl-Əşval məntəqəsində Malik Karib Yuhamin’in oğluna həsr edilmiş yazılar tapılıb ki, yazıların bir hissəsi ivrit dilində, bir hissəsi isə himyəri dilindədir. Yazıların yəhudi inancına sahib kəslər tərəfindən yazıldığı görünür.64 Əbu Kərib Assad isə Malik Kərib Yuhamin’in ikinci oğludur və onun zamanında krallıq yəhudi dini üzərində davam edib. Assad’ın oğlu Şurahbil Yaffur’un da 440-cı ildə yəhudi dinində olduğuna dair dəlil var. Ondan sonrakı kral Şurahbil Yakkaf’ın (və ya Yakkuf’un) ölümündən sonra oğullarının dönəmində Himyar krallığı zəifləyir və onlar efiopiyalı xristianlar tərəfindən məğlub olunurlar. Bir neçə il xristianların hökmranlığından sonra Zu Nuvas’ın (520-530) hakimiyyətə gəlməsi ilə yəhudı krallığı öz gücünü bərpa edir, lakin Zu Nuvas sonuncu yəhudi kralı olur.65 Ondan sonra yəhudi Himyər krallığı tarix səhnəsindən itir. Efiopiya ərazisindəki yəhudiliyin də əslində Cənubi Ərəbistan’dan ora keçdiyini deyiblər. Bəziləri bunu Zu Nuvas’ın efiopiyalılara məğlubiyyəti ilə ələ keçirilmiş müharibə əsirlərinin Efiopiyaya gətirilməsi ilə əlaqələndirsə də Seteven Kaplan bunun daha qədim olduğunu, hətta artıq 2-ci və 3-cü əsrlərdə Efiopiyada yəhudiliyin yayılmağa başladığını qeyd edir.66
Yəhudi dini icmalarının şimali Afrika boyunca yayıldığını da bilirik. Hətta Liviya və Misirdəki yəhudilərin üsyanından anlaşılır ki, Liviya (Kirenaika) 115-ci ilə qədər böyük bir yəhudi icmasının yaşadığı yer idi. 115-117-ci illərdə yəhudilərin başlatdığı üsyan yunanların oradan sıxışdırılması ilə müşaiyət olundu və çox qanlı bir döyüşlərlə nəticələndi. Eusebius üsyana rəhbərlik edənin adını Lucuas olaraq qeyd edir və onun “yəhudilərin kralı” olduğunu da vurğulayır.67 Belə başa düşürük ki, bu üsyan başlamadan əvvəl yəhudilərin sayı ciddi şəkildə çox olmalı idi. Hirschberg Liviyada, xüsusilə də Benqazi’də yaşamış yəhudilər haqqında yazır: “Marcus Titius Sextus, Roma prokurorlarından biri, imperator fərmanını hərfi və ruhu ilə həyata keçirdiyinə görə yəhudi icmasının ona hörmət nişanəsi olaraq ucaltdığı bir stelə ilə (πολίτευμα) təltif edilmişdi. Bu, o dövrdə bir çox yəhudinin yaşadığı Berenice’də (indiki Benqazi) baş vermişdi. Adətən memorial kimi qoyulan çələnglə bəzədilmiş heykəl əvəzinə, dini səbəblərə görə bunu edə bilməyən yəhudilər onun şərəfinə çələnglə haşiyələnmiş fəxri lövhə qoymuşdular. Lövhədə icma başçıları tərəfindən “nəcib və yaxşı” qubernatora təşəkkür ifadəsi yazılmışdı – o, ümumilikdə vətəndaşlara, xüsusilə də Berenice’dəki yəhudilərə qarşı rəsmi və şəxsi münasibətlərində göstərdiyi xeyirxahlığa görə minnətdarlıqla yad edilirdi. Bu icma olduqca fəal görünür. Tapılmış başqa bir yazı isə yəhudi Decimus Valerius Dionysius’u – Roma vətəndaşını – amfiteatrı təmir etdiyinə görə şərəfləndirmə qərarını qeyd edir; bu amfiteatr, görünür ki, icmanın toplaşdığı məkan idi. S. Applebaum isə yaxınlarda Benqazidə tapılmış bir yəhudi yazısını dərc etmişdir; bu yazı eramızın 56-cı ilinə aiddir və sinaqoqun bərpasını, həmçinin bunu mümkün edən donorların adını yad edir. Kirenaykada yəhudilərin sayı getdikcə artırdı. Filon bildirir ki, onun dövründə Misir və Liviya (Kabathmosdan, yəni indiki Sollumdan, Efiopiyaya qədər) təxminən bir milyonluq yəhudi əhalisinə sahib idi. Müasir alimlər bunu şişirtmə hesab etsələr də, bu rəqəm papiruslarda və dövrün digər ədəbiyyatlarında təsdiqlənir. Əlbəttə, yəhudilərin böyük əksəriyyəti Misirdə, xüsusilə İsgəndəriyyədə yaşayırdı, kənd bölgələrində isə sıx yəhudi məskənləri vardı. Hətta Filonun verdiyi rəqəmi ondan on dəfə azaltsaq belə, Kirenaika’dakı yəhudi sayı hələ də əhəmiyyətli olaraq qalır.”68 Belə böyük bir əhali payı qısa bir zamanda sürətlə artımdan xəbər verir və belə bir artım demoqrafik artım deyildi, bu yalnız təbliğat və missionerlik fəaliyyətlərinin nəticəsi idi. Mərakeşə doğru uzanan zolaqda daha əvvəllər finikiyalılar yaşayırdılar və Roma imperiyası ilə müharibələrdə onların məğlub olduqlarını bilirik. Lakin o finikiyalılar hara getdilər? Bəzi tarixçilər – o cümlədən fransız tarixçi Marcel Simon – onların yəhudiliyi din olaraq qəbul etdiklərinə inanırlar.69 Belə görünür ki, Misir, Anadolu, Yunanıstan və İtaliya sahillərində yəhudi dininin genişlənməsində durğunluq, hətta azalma müşahidə olunsa da Tunis’dən Mərakeşə qədər olan ərazilərdə yəhudi dini çiçəklənib. Shlomo Sand qeyd edir ki, epiqrafik və arxeoloji tapıntılar 3-cü əsrdə bu bölgədəki yəhudilərin həyatının aktivliyinə şahidlik edir.70 Müsəlman tarixçi İbn Xaldun da şahidlik edir ki, İslam dini gəlmədən əvvəl bərbər qəbilələrinin bir hissəsi yəhudi dininə əməl edirdi.71 Hətta müsəlmanlara qarşı müqavimət göstərən bərbərlərə rəhbərlik edən bir kraliçalarının da olduğunu yazır və Dihyə əl-Kəhinə adı ilə tanınan bu kraliça ilk müsəlman hücumlarını məğlub etməyi bacarsa da nəticədə məğlub olur.
Şimal-şərqə doğru baxdıqda görürük ki, yəhudilik o tərəflərə də yayılmışdı. Paytaxtı Arbela (indi İraqın şimalındakı Ərbil şəhəri) olan Adiabene krallığı kiçik bir krallıq idi və Parfiya krallığından asılı idi. Birinci əsrin ortalarında bu krallığın şahzadəsi İzates’in və anası Helena’nın yəhudi dinini qəbul etdiyini bilirik. Helena hətta 46-cı Qüdsə səfər edir və burada aclıq dönəmi olduğu üçün Misirdən buğda və Kipr’dən qurudulmuş əncir alaraq gətizdirir və yerli əhalinin arasında paylayır. Kral İzates də Qüdsdəki liderlərə ciddi məbləğdə maddi dəstək verir. O öldükdən sonra qardaşı Monobazos onun yerinə kral olur və anası Helena 56-cı ildə Qüdsdən vətəninə qayıdır və orada qısa bir müddətdən sonra ölür. Kral Monobazos anası Helena’nın və qardaşı İzates’in sümüklərini basdırılmaq üçün Qüdsə göndərir.72 Hətta 66-cı ildə yəhudilərin Roma imperiyasına müqavimət göstərdikləri bir məzmunda onlar Adiabene krallığından kömək gözləyirdilər. Lakin bu kiçik krallıq Parfiya krallığının vassalı olduğu üçün üsyankarlara Roma imperiyasına qarşı kömək edə bilmirdi. Amma adiabenelilərin fərdi şəkildə yəhudilərin yanında romalılara qarşı vuruşduqlarını bilirik.73 Adiabene krallığı 115-ci ildə Roma imperiyasının o əraziləri tutması ilə sona yetir.
Yəhudiliyi din olaraq qəbul etmiş daha bir dövlət məşhur Xəzər xaqanlığı olub. Xəzər xaqanlığı adından məlum olduğu kimi bir türk dövləti idi və Qara Dənizin şimalından Qazaxıstanın şimalına qədər olan ərazini əhatə edirdi. Tarixdə yəhudilərin Xəzər dövlətindən daha böyük və daha güclü bir dövlətləri olmayıb. Xəzərli yəhudilərin ciddi şəkildə yəhudiliyi yaşadıqlarını və xüsusilə də ravvinik ənənələrə tabe olduqlarını biz İspaniyadakı yəhudilərin şahidliklərindən bilirik, çünki ravvin Abraham bin David yazır ki, Toledo şəhərində xəzərli tələbələr ilə qarşılaşıb.74 Xəzərlilərin nə zaman yəhudiliyi qəbul etməkləri tarixçilər arasında mübahisəlidir. Təxminən 880-ci illərdə yazıldığı ehtimal edilən Vita Constantini qaynağına görə Xəzər xaqanının sarayında yəhudilik, İslam və xristianlığı təmsil edən din xadimlərinin debatı təşkil olunub və qaynaqdan anlaşılır ki, Xəzər xaqanlığı hələ bu zaman rəsmi olaraq yəhudiliyi qəbul etməmişdilər, lakin xaqanlığın ərazisində ciddi bir yəhudi icmasının olduğunu görmək mümkündür. Peter Golden əmindir ki, Xəzər dövləti bundan əvvəl artıq yəhudiliyi qəbul etmişdi və Vita Constantini’nin verdiyi məlumatlar xritianlığın marağı üçün yazılıb. Çünki müsəlman alim İbn Fədlan 921 və ya 922-ci ildə bu coğrafiyadan keçən və onlara şahid olan biri kimi yazırdı ki, “xəzərlərin və onların krallarının hamısı yəhudidir.” Golden müzakirəsində tarixçi əl-Məsudi’nin sözlərinə diqqət çəkir ki, ona görə xəzərlər yəhudi dinini xəlifə Harun ər-Rəşid’in zamanında (786-809) qəbul etmişdilər. Həmçinin 1140-cı ildə xəzərlər haqqında kitab yazmış Yehudah Halevi qeyd edir ki, xəzərlər yəhudiliyi dörd əsr əvvəl qəbul etmişdilər. Douglas Dunlop, Omeljan Pritsak, Dieter Ludwig, Artamanov, Novosel’cev kimi tarixçilərin çalışmalarına əsaslanan Golden təsdiq edir ki, xəzərlərin yəhudiliyi qəbul etməkləri səkkizinci əsrin birinci yarısına təsadüf edir.75Peter B. Golden, “The Conversion of the Khazars to Judaism”, The World of the Khazars: New Perspectives, ed. P. B. Golden, Haggai Ben-Shammai & András Róna-Tas, səh: 139-154; Brill, Leiden, 2007 Shlomo Sand qeyd edir ki, Xəzər dövlətinin etnik tərkibi fərqli millətlərdən olub; siyasi elita xəzər türklərindən olsa da yerli əhali qarışıq etnik tərkibə malik olub. Ona görə xəzərlər türklərin və hun-bolqarların qarışığından formalaşmış bir qrup idi və o ərazilərdə yerləşdiklərində yerli skiflərlə qaynayıb qarışıblar. Xəzər dövlətinin ərazisində alanlar, bolqarlar, macarlar və slavyan xalqları yaşayırdılar.76 Bu dövlətin mövcud olduğu müddətdə ora İraq, kiçik Asiya və digər bölgələrdə yəhudilər axışıb gəlirdilər və orada yerləşirdilər. Şübhəsiz ki, Xəzər dövlətinin yəhudiləri tədricən tamamilə fərqli bir etnik qarışımı formalaşdırmağa başlayırlar, çünki slavyanlar, türklər və başqa etnik mənşələrdən olan xalqların tədricən bu dövlətin himayəsi altında yəhudiliyi qəbul etdiklərini bilirik. Sand təxminən 930-cu ildə Kiyev şəhərindən göndərilmiş və ivrit dilində yazılmış bir məktuba diqqət çəkir ki, orada bütün mülkünü itirmiş Yakov ben Hannukah adlı yəhudi üçün kömək istənirdi. Məktubu imzalayanların arasında xəzər-türk adları daşıyanların da olduğu görünür. Məktubda həmçinin türk hərfləri ilə yazılmış “mən bunu oxudum” sözləri də yer alıb.77
Aşkenazi yəhudilərin mənşəyi alimlər arasında mübahisəlidir. Bəzilərinə görə onlar yəhudiliyi qəbul etmiş Xəzər dövlətindən köç etmiş və oradan törəmiş bir tərkibdir. Hugo von Kutschera, Abraham N. Polak, Arthur Koestler və Shlomo Sand kimi tarixçilər aşkenazilərin mənşəyi üçün ən doğru izahın bu olduğunu deyirlər. Əksər tarixçilər bu izahı qəbul etmirlər, hətta bu mövqedə olanlardan Shaul Stampfer bunu qəbul etməyin siyasi olaraq problemlərlə üzləşdiyini etiraf edir: “Bu, müasir yəhudilərlə İsrail torpağı arasındakı bağlarla əlaqədar siyasi nəticələrə gətirib çıxarır.”78 Shlomo Sand müzakirəsində qeyd edir ki, bu barədə ən çox yazan polşalı yəhudi tarixçilər olublar və onların arasında xüsusilə Yitzhak Schipper’in adını qeyd edir. Yəhudi əslli böyük tarixçi Salo Baron da həmin tarixçilərin araşdırmalarına əsaslanaraq qeyd edir ki, Şərqi Avropanın yəhudilərinin formalaşmasında xəzərlilər əsas ünsür olub və məhz bu dövlətdəki yəhudilik şərqə doğru yayılıb, Balkanlardan və Almaniyadan gələn yəhudilərin də töhfəsi ilə o bölgələrdəki yəhudi icması əmələ gəlib.79 Hətta 1950-ci illərdə İsrail dövlətinin təhsil naziri olaraq çalışmış sionist tarixçi Ben-Zion Dinur da bu fikirlə razılaşaraq yazırdı ki, “çox saylı sürgünlərdən gəlmiş yəhudi miqranları və köçkünləri qəbul etmiş” Xəzər dövləti “özü də diaspora anası olmalı oldu; İsrailin ən böyük diasporalarından – Rusiya, Litva və Polşa diasporalarının – anası oldu.”80 Amerikalı yəhudi linqvist Paul Wexler linqvistik analizlərə81 əsaslanaraq və israil-amerikalı genetikaçı Eran Elhaik isə genetik araşdırmalara əsasən bu nəzəriyyəni müdafiə ediblər. Qeyd etmək lazımdır ki, Elhaik’in nəticələri haqlı iradlarla qarşılanıb və onun araşdırmasında ciddi xətaların olduğu göstərilib. Lakin nəzəriyyənin özü “mümkünlük” dairəsində qalmaqdadır. Hətta yəhudiəslli amerikalı genetikaçı David B. Goldstein bu barədə yazdığı kitabında Koestler’in nəzəriyyəsinə daha əvvəl şübhə ilə yanaşdığını xatırladaraq bunları deməli olub: “Artıq o qədər də əmin deyiləm. Xəzərlərlə bağlı əlaqə Cohen nəslinin qeyri-adi davamlılığı, həmçinin Cənubi Afrikanın Bantu xalqında yəhudi genetik izlərinin mövcudluğu qədər mümkün görünür. Üstəlik, Aşkenazi levitlərində çox rast gəlinən, lakin görünür başqa heç yerdə tapılmayan o problemli Y xromosomu məsələsi də var. Mən bu sübutun Xəzərlərlə bir əlaqəni qəti şəkildə isbat etdiyini iddia edə bilmərəm. Amma bu, belə bir ehtimalı ortaya qoyur və etiraf edirəm ki, hələ sübut edə bilməsəm də, indi bu fikir mənə ən azından inandırıcı, bəlkə də həqiqətə yaxın görünür.”82 Van Straten özü bu nəzəriyyəyə tənqidi yanaşır və bunun doğruluğu üçün ciddi bir dəlil görmədiyini deyir. Əslində van Straten’in rəyi heç də Shlomo Sand’ın rəyindən radikal şəkildə uzaqlaşmır, nəticədə hər ikisi də razılaşır ki, aşkenazi yəhudilərin kökü Avropanın şərqindən qaynaqlanır. Sand bunu Xəzər dövlətində mövcud olmuş yəhudi icmasının bu dövlətin süqutundan sonra Şərqi Avropaya köçümü ilə əlaqələndirirsə van Straten bunu birbaşa Ukrayna və Belarusiyada yaşamış və yəhudiliyi din olaraq qəbul etmiş yerli xalqlara dayandırır. O deyir: “Xülasə olaraq, araşdırmalarımdan görünür ki, Şərqi Avropa yəhudiləri Avropa daxilində əsasən bu günkü Ukrayna və Belarus ərazilərində yaşamış insanların nəslindəndirlər. Onlar hind, efiopiya və ya mərakeş yəhudilərində olduğu kimi mədəni-dini bir qrupdur.”83 Mədəni-dini bir qrupdur deməklə onların etnik bir bağ ilə qədim yəhudilərlə heç bir bağlarının olmadığını təsdiqləmiş olur. Heç bir bağ dedikdə qəsdimiz genetik markörlərin hansısa cüzi bir hissəsinin qədim Fələstin torpaqları ilə əlaqəli ola biləcəyini inkar etmək deyildir, lakin bu, etnik tərkibin formalaşmasında ciddi bir rol oynamadığı üçün diqqətə alınmamalıdır.
Əgər yəhudiliyin anadan keçdiyi iddiasını qəbul etsək aşkenazilər haqqında çox maraqlı nəticələr ilə qarşılaşırıq. Marta D. Costa və onun kolleqaları aşkenazi yəhudilərindəki mitoxondrik DNT-ni analiz edərək bu barədə nəticələri 2013-cü ildə dərc etdilər.84 Jitz van Straten bu genetik araşdırmaya istinad edərək yazır ki, aşkenazi yəhudilərdə tapılan dörd ən əsas mtDNT üsul xətti, yəni K1a1b1a, K1a9, K2a2a və N1b dörd yeni sülalə başlatmış qadına qədər gedib çıxır. Costa araşdırmasında göstərir ki, bu dörd mtDNT xətti qədim avropalılara aiddir və nəticə olaraq qeyd edirlər ki, aşkenazi qadınların 80%-inin əcdadı avropalılardır. Bu qadınlardan yalnız 8,3%-in əcdadı Yaxın Şərqə gedib çıxır və 1.1%-inin əcdadı isə Asiyadan qaynaqlanır. Straten qeyd edir ki, bu tapıntıları hələ inkar edəcək heç bir məqalə ilə rastlaşmayıb.85 O qeyd edir ki, K1a1b1 mtDNT xətti qeyri-avropalı yəhudilərdə və samirilərdə mövcud deyildir. Bu genetik araşdırmalar həmçinin onu da göstərir ki, Qərbi Avropanın aşkenaziləri ilə Şərqi Avropanın aşkenaziləri arasında aşkar fərqlər mövcuddur, yəni birincilərin anaları ilə ikincilərin anaları arasında fərq olub, lakin hamısının anaları böyük əksəriyyətlə avropa mənşəlidir. Erkəklərə gəldikdə isə oğul atasından Y xromosomlarını miras aldığı üçün genetik araşdırmalar məhz bu xromosomlar üzərində aparılıb və aşkenazi erkək əhalinin 80%-indəki müştərək genetik xətlərin bunlar olduğunu müəyyən ediblər: E3b, G, J1, J2, Q, R1a və R1b1. Araşdırmanı etmiş müəlliflər yazırlar ki, E3b və J2 aşkenazilər ilə Yaxın Şərq millətləri arasında daha çox yayğın olduğu halda Avropanın qeyri-yəhudi xalqlarında onlara daha az rast gəlinir. R1a və R1b haploqrupları isə günümüzün Avropa xalqlarında üstünlük təşkil edir. Yaxın Şərq mənşəyi demək heç də qədim yəhudilərdən törədiyi anlamına gəlmir. Straten haqlı olaraq yazır ki, “Yaxın-Şərq mənşəyinin avtomatik olaraq israilli yəhudi kökünü ifadə etdiyine güman etmək bir qədər sadəlövhlükdür.” 86
Beləliklə də bilmək lazımdır ki, yəhudi irqi və ya xalqı və ya geni deyilən bir şey yoxdur. Yəhudilik bir dindir, etnik kimlik deyildir. Bu gün yəhudilərə xas olan nə bir gen, nə bir qan, nə də bir xəstəlik var. Bəziləri iddia edir ki, yəhudilərə xas olan xəstəliklər onların ayrı bir etnik kimlik olduğunun sübutudur. Bunun üçün Tay-Sachs xəstəliyini misal verirlər. Lakin Alain F. Corcos izah edir ki, əksinə bu xəstəlik onu sübut edir ki, yəhudi deyilən bir etnik kimlik yoxdur, çünki bu xəstəlik özünü yəhudi adlandıran qruplar içində yalnız aşkenazi yəhudilərində yayğındır. Sefardik və mizrahi yəhudilərində isə bu xəstəlik həddindən artıq nadirdir. Hətta franko-kanadalılarda da bu xəstəlik yayğındır. Ona görə də Alain Corcos yazır ki, “nəticə etibarı ilə ortada heç bir yəhudi qanı yoxdur, heç bir yəhudi geni yoxdur və heç bir yəhudi xəstəliyi də yoxdur.”87 Jits van Straten bizim diqqətimizi fərqli coğrafiyalarda yaşayan yəhudilərin fenotiplərinə yönəldir və qeyd edir ki, Hindistan, Çin, Efiopiya və Avropada yaşayan yəhudilər bir-birinə oxşamırlar, hamısı yerli əhaliyə bənzəyirlər. Ona görə bütün bunlar onu göstərir ki, qədimdəki “yəhudilər” yerli xalqlarla ciddi bir şəkildə qaynayıb qarışıblar. Maraqlı bir mülahizə olaraq van Straten buyurur: “(Yerli əhaliyə) fenotipik bənzərliklərinə baxmayaraq yəhudi genetika alimləri avropalı yəhudiləri avropalılar hesab etmirlər. Digər tərəfdən isə ağ olmayan hindistanlı və efiopiyalı yəhudiləri isə keçmişdə yəhudi dinini qəbul etmiş kəslərin törəmələri hesab edirlər.”88 Bu, İsrail cəmiyyətindəki irqçilikdən xəbər verir və həqiqi yəhudilərin aşkenazi yəhudilər, yəni məhz ağdərili avropalıların həqiqi yəhudilər olduqlarına inanırlar, lakin qaradərili yəhudilərin isə dönmə yəhudilər olduğunu düşünürlər. Müasir İsrail dövlətində ağdərili və zahirən avropalı görkəminə sahib olan yəhudilərin digər yəhudi qruplara qarşı necə ayrıseçkilik etdikləri barədə yazsaq məqaləmiz uzanacaq, bu barədə bəlkə də müstəqil bir məqaləyə ehtiyac var…
Didərgin yəhudi yoxsa müsəlmanlaşmış yerli
Ona görə də Şəlalə xanım növbəti sətrləri yazarkən sionistlərin formalaşdırdıqları məşhur əfsanəni təkrarlayır, beləliklə də sionist propaqandası üçün bir alətə çevrilir. Şəlalə xanım yazır: “Yəhudi-Roma müharibələrinin son mərhələsi yəhudilərin Yerusəlimdən tamamilə qovulması ilə nəticələndi. Yəhudi dövlətinin ərazisində kütləvi qırğınlar və sürgünlər nəticəsində bölgədə yaşayan insanların sayı kəskin şəkildə azaldı. Yəhudilər dünyanın dörd tərəfinə səpələndilər.” Bu, sionistlər tərəfindən aparılmış bir əfsanədir; sanki Roma imperiyası dönəmində Fələstin ərazilərindən bütün yəhudilər sürgün edilmişdilər və onlar dünyanın dörd tərəfində yayılmışdılar, indi öz vətənlərinə geri qayıdırlar. Halbuki yəhudilərin hamısının sürgün edilməsinə dair heç bir ciddi tarixi arqument yoxdur. Bar-İlan Universitetinin alimi Chaim Milikowsky çoxsaylı müasir ravvin mənbələrində dəlillər tapıb ki, eramızın ikinci və üçüncü əsrlərində galut (sürgün) termini deportasiyadan daha çox siyasi tabelik mənasında işlədilib və bu iki məna mütləq şəkildə bir-biri ilə bağlı olmayıb. Digər rabbin mənbələri isə Babil sürgününü yeganə galut kimi qəbul ediblər və onu, hətta İkinci Məbədin yıxılmasından sonra da davam edən bir vəziyyət hesab ediblər.89 Qüdsdəki Hebrew Universitetində tarixçi Israel Jacob Yuval, daha da irəli gedib. O, sübut etməyə çalışır ki, sürgünlə bağlı yenilənmiş yəhudi mifləri əslində kifayət qədər gec meydana çıxmış və əsasən xristian mifologiyasının yüksəlişi ilə bağlı olmuşdur; bu mifologiyada yəhudilərin İsanı rədd edib çarmıxa çəkdirdiklərinə görə cəzalandırılaraq sürgün edildiyi təsəvvür edilirdi.90 Əslində, “Kənanlı” hərəkatının intellektual atası Adiyah Horon çox əvvəl demişdi: “Sürgünün əsasən (Qüdsün) dağıntı(sın)dan sonra – guya Titus və Hadrian yəhudiləri Fələstindən qovduqda – baş verdiyi iddiasında heç bir həqiqət yoxdur. Bu fikir, tarixi nadanlıqdan qaynaqlanan, xristian kilsəsinin ataları tərəfindən uydurulmuş düşmən mövqeli bir saxtalaşdırmadır; onların məqsədi Allahın yəhudiləri İsanın çarmıxa çəkilməsinə görə cəzalandırdığını göstərmək idi.”91 Görünür ki, yəhudilərin sürgün edilməsi ilə bağlı diskursun mənbəyi II əsrin ortalarında yaşamış Justin Martyr’in yazılarında yatır; o, Bar Kokhba üsyanından sonra sünnət olunmuş kişilərin Yerusəlimdən qovulmasını ilahi kollektiv cəza ilə əlaqələndirmişdi.92 Sonradan digər xristian müəlliflər də ona tabe oldular və yəhudilərin müqəddəs torpaqlarından kənarda yaşamalarını onların günahlarının sübutu və cəzası kimi qəbul etdilər. Beləliklə, sürgün mifologiyası yavaş-yavaş mənimsənilərək yəhudi ənənəsinə daxil oldu.
Babil Talmudunda isə ilk dəfə sürgünün İkinci Məbədin süqutu ilə əlaqələndirildiyi fikirlər meydana çıxır. Yəhudi icması Babilistanda eramızdan əvvəl VI əsrdən etibarən fasiləsiz mövcud olmuşdu və hətta qüdrətli Hasmoneylər krallığı dövründə belə heç vaxt “Siona qayıtmaq” istəyi özünü göstərməmişdi. Xristianlığın IV əsrin əvvəllərində imperiyanın dini kimi qələbə qazanması ilə özünü yəhudiliyə nisbət edənlər də dünyanın digər yerlərində sürgünü ilahi cəza kimi qəbul etməyə başladılar. Köklərin qoparılması ilə günah, dağıntı ilə sürgün arasındakı əlaqə dünyanın müxtəlif bölgələrində yəhudi mövcudluğunun izahlarında möhkəmlənmişdi. “Sərgərdan Yəhudi” mifində – günahlarına görə cəzalandırılan bu obraz – xristian-yəhudi nifrətinin dialektikasında köklənmişdi; bu nifrət əsrlər boyu hər iki dinin sərhədlərini müəyyənləşdirəcəkdi. Daha mühüm olan isə bundan sonra sürgün anlayışının yəhudi ənənələrində açıq şəkildə metafizik məna kəsb etməsi idi; bu isə sadəcə vətəndən uzaq düşməkdən qat-qat artıq anlam daşıyırdı.93
Hətta erkən sionistlər özləri də etiraf edirdilər ki, xüsusilə torpaq əkməklə məşğul olan və qədimdən o ərazilərdə yaşayan yerli fələstinlilər əslində qədim yəhudilərin törəmələridirlər, lakin tədricən xristianlığı və daha sonra İslam dinini qəbul etmişdilər. Misal üçün, fələstinlilər haqqında yazdığı “The Arabs in Eretz-Israel” adlı kitabında rus-yəhudi tarixçi Israel Belkind (1861-1929), Roma imperatoru Titus tərəfindən İkinci Məbədin dağıdılmasından sonra yəhudilərin İsrail torpağından didərgin salınması fikrinin “düzəldilməsi vacib olan tarixi bir səhv” olduğunu irəli sürdü. O yazırdı ki, şəhərlərin yəhudi icmasının böyük bir qismi dünyaya səpələnsə də, “öz torpaqlarına bağlı qalan əkinçilər” orada qaldılar və nəticədə əvvəlcə xristianlığa, daha sonra isə islama keçdilər.94 Mandat dövründən əvvəlki – Ahad Ha-am və Ber Borochovdan tutmuş David Ben-Gurion və Yitzhak Ben Zvi-yə qədər – bir sıra sionistlər, fələstinli kəndli əhalisinin qədim Bibliya ivritlərindən gəldiyinə inanırdılar, lakin bu inancın ideoloji nəticələri problemli hala gələndə bundan imtina olundu. Bu sionistlər inanırdılar ki, Avropa mədəniyyətindən gəlmiş yəhudilər tədricən Fələstinin yerli əhalisini özünə assimilyasiya edə biləcəklər, çünki onlar – yəni fələstinli əkinçilər – əslən qədim ivritlərin nəslindəndirlər və eyni zamanda Avropa mədəniyyəti daha üstün mədəniyyət idi. “Belə bir proses” – Borochov yazırdı – “başqa tarixi şəraitdə həmişə böyük əzab və qan tökülməsi ilə müşayiət olunsa da, Fələstində fəllahların (torpaqla məşğul olan kəndlilərin) mənşəyi səbəbindən daha asan olacaq. Fəllahlar bu kontekstdə “kiçik bir ərəb qanı qarışığı ilə birlikdə” qədim ivrit və kənanilərin nəsilləri kimi qəbul edilirdi.95 Hətta ərəblərin milliyyətçi hislərini və onların torpaqla bağını nəzərə almamağın təhlükəsi barədə xəbərdarlıq edən Ahad Ha’Am da bir yerdə yazmışdı ki, “müsəlmanlar torpağın qədim sakinləridir; onlar am ha-aretz (sadə xalq) idilər ki, xristianlığın yayılması ilə xristian oldular və islamın gəlişi ilə – istər zorla, istərsə də iqtisadi səbəblərə görə və ya sosial dağılma nəticəsində – müsəlman oldular.”.. Eyni mövqeni David Ben-Gurion və Yitzchak Ben Zvi də 1918-ci ildə ivrit dilində yazdıqları “Eretz Israel in the Past and in the Present” kitabında ifadə etmişdilər. Onlar yazırdılar: “Fəllahlar, eramızın VII əsrində Eretz-İsraili və Suriyanı ələ keçirmiş ərəb fatehlərin nəsilləri deyillər. Qələbə çalmış ərəblər ölkədə qarşılaşdıqları kənd təsərrüfatı əhalisini məhv etmədilər. Onlar yalnız yad Bizans hökmdarlarını qovdular və yerli əhaliyə toxunmadılar. Ərəblər koloniallaşdırma ilə də məşğul olmadılar. Hətta öz əvvəlki yurdlarında da ərəblər əkinçiliklə məşğul olmurdular… Onlar kəndlilərini yerləşdirmək üçün yeni torpaqlar axtarmırdılar, çünki belə kəndli təbəqəsi demək olar ki, yox idi. Onların yeni torpaqlara marağı yalnız siyasi, dini və maddi idi: hökmranlıq etmək, islamı yaymaq və vergi toplamaq.”96 Shlomo Sand və Yaacov Shavit və başqaları bu dönəmdəki fərqli sionist fikirləri, onların arxasında duran motivləri və hədəfləri müzakirə edirlər.97
Shlomo Sand bu səslərə səs qataraq yazır ki, hətta Yitzhak Baer və Ben-Zion Dinur kimi tarixçilər də bilirdilər ki, qədim ivritlər Fələstin torpaqlarından sürgün olunmamışdılar və romalıların yəhudiləri Qüdsdən çıxarmaları onların bütün Fələstin ərazilərindən sürgün edilməsi mənasına gələ bilməzdi. Sand burada məşhur Bar Kochba üsyanına və Judah Ha’Nasi dönəmindəki yəhudi kənd təsərrüfatına diqqət çəkir; beləki əgər iddia olunduğu kimi romalılar yəhudiləri 70-ci ildə bütün Fələstindən sürgün etmiş olsaydılar, o zaman 132-136-cı illərdə Bar Kochba üsyanının baş verməsi ağlasığmazdır. Hətta bu üsyandan sonra Judah Ha’Nasi kimi görkəmli yəhudi alimi və ravvini aktiv bir yəhudi icmasında fəaliyyət göstərib, onun müəllimləri və tələbələri bu dönəmdə Fələstin ərazisində yaşayıb fəaliyyət göstərmiş dindar ziyalı təbəqəni formalaşdırırdılar. O yazır: “324-cü ildə Fələstin əyaləti xristian protektoratına çevrildi və əhalisinin böyük bir hissəsi xristian oldu. Yerusəlim – I əsrdə yerli yəhudilər tərəfindən qurulmuş ilk xristian icmasının məkanı və Bar Kokhba üsyanından sonra sünnət olunmuş kişilərin qovulduğu şəhər – tədricən əsasən xristian şəhərinə çevrildi. 325-ci ildə Nikeyada keçirilən ilk xristian şurasında iştirakçıların siyahısı göstərir ki, Qəzza, Yavne, Aşkelon (Əsqəlan), Aşdod, Lod (Lidda), Beyt Şean, Şekem, Qadara və başqa yerlərdə də xristian icmaları var idi. Görünür, ölkədən yəhudilərin yoxa çıxması onların çoxunun xristianlığı qəbul etməsi ilə üst-üstə düşmüşdür. Bununla belə, sübutlar göstərir ki, xristianlığın yayılması ölkədə yəhudi varlığını aradan qaldırmadı və əhali çoxsaylı yeni xristianlardan, möhkəm yəhudi inanclılar blokundan, güclü samaritan azlığından və əlbəttə, uzun müddət monoteist dini mədəniyyətlərin kənarında mövcudluğunu davam etdirən bütpərəst kəndlilərdən ibarət rəngarəng bir mozaika idi. Yəhudeyadakı ravvin yəhudiliyinin ənənəsi, Babilistanla güclü əlaqələri ilə möhkəmlənmiş şəkildə, dinamik xristianlığın müqəddəs torpaqlarda hər yerdə tərəfdar qazanmaq imkanlarını məhdudlaşdırırdı. Bizans hakimiyyətinin xristian təqibləri də yəhudi dinini və ibadətini söndürməyə və ya yeni sinaqoqların yaranmasının qarşısını almağa nail ola bilmədi; bunu isə eramızın 614-cü ilində Qalileyada Tiberyalı Benjamin tərəfindən idarə olunan son üsyan açıq şəkildə sübut etdi.”98
Romalıların apardıqları təqib siyasətinə baxmayaraq torpağına bağlı olan kəndlilər o əraziləri tərk etmədilər. Sionist yazarlar çox gözəl anlayırdılar ki, kəndlilərin öz torpaqlarını tərk etmək üçün heç bir səbəb yox idi. Belkind yazırdı: “Dinini vətənindən üstün hesab edən elit təbəqə – alimlər, Tövrat adamları – öz torpaqlarını tərk etdilər. Bəlkə də hərəkətli şəhər əhalisinin də xeyli bir hissəsi belə etdi. Lakin torpağı əkənlər öz torpaqlarına bağlı qaldılar.”99 Ben Gurion da öz həmkarı ilə birlikdə bu fikri belə əsaslandırırdılar: “Titus tərəfindən Qüdsün işğalından və Bar Kokhba üsyanının uğursuzluğundan sonra yəhudilərin ümumiyyətlə Eretz-İsrail torpağında əkinçiliklə məşğul olmağı tamamilə dayandırdıqlarını iddia etmək, İsrailin tarixi və dövrün ədəbiyyatı haqqında tamamilə cahil olmağın göstəricisidir… Yəhudi kəndlisi, başqa hər bir kəndli kimi, öz torpağından – özünün və əcdadlarının təri ilə suvarılmış torpaqdan – asanlıqla qoparıla bilməzdi… Təqiblərə və əzablara baxmayaraq, kənd əhalisi dəyişməz qaldı.”100
Ben-Zvi fəllahların mənşəyi ilə bağlı fəsli öz müstəqil araşdırmasının bəhrəsi hesab edirdi və görünür ki, Ben-Gurionun onun materialını mənimsəməsindən incimişdi. 1929-cu ildə o, bu mühüm mövzuya ivrit dilində yalnız öz adını daşıyan xüsusi bir kitabçada yenidən qayıtdı. Bu kitabça iki sionist liderin birlikdə dərc etdikləri kitabdakı həmin mövzuya həsr olunmuş fəsildən əhəmiyyətli dərəcədə fərqlənmirdi, lakin bəzi genişləndirilmiş material və yeni vurğular əlavə olunmuşdu. Gələcək dövlət başçısı burada təhsilli yəhudi elitası ilə bütün qarışıqlıqlara baxmayaraq torpağa bağlı qalan kənd təsərrüfatı cəmiyyəti arasındakı tarixi fərqlərin bir qədər daha geniş sosial təhlilini əlavə etmişdi. İslamın gəlişindən əvvəlki zorakı şəkildə xristianlığa keçid də xüsusi vurğulanırdı və bu, daha sonra baş verəcək kütləvi islamlaşmaya əlavə əsaslandırma kimi təqdim olunurdu. Yəhudilərin çoxunun fatehlərin dinini qəbul etməsinə səbəb yalnız vergi sistemi deyildi, həm də torpaqdan didərgin düşmək qorxusu idi… Ərəb üsyanı və Xevrondakı qırğın – hansı ki, Ben-Zvi öz risaləsini nəşr etdirdiyi ildə baş vermişdi – və ardınca 1936–39-cu illərdəki genişmiqyaslı fələstinli qiyamı, inteqrasiyaçı sionist ideoloqların əlində qalan son ümidləri də tamamilə puç etdi. Yerli millətçiliyin yüksəlişi savadlı yəhudi köçkünlərə açıq şəkildə göstərdi ki, onların etnomərkəzçi “qucaq açma siyasəti”nin heç bir gələcəyi yoxdur. Sionistlərin qısa zaman sonra tərk etməli olduqları “bütünləşdirici” konsepsiya belə bir fərziyyəyə əsaslanırdı ki, “aşağı və ibtidai” saydıqları Şərq mədəniyyətini asanlıqla assimilyasiya etmək mümkün olacaq. Ancaq bu orientalist xülya sahiblərinə qarşı göstərilən ilk zorakı müqavimət onların qəfil ayılmasına səbəb oldu. O andan etibarən qədim ivrit kəndli təbəqəsinin törəmələri müasir yəhudi milli yaddaşından silindi və unudulmağa məhkum edildilər. Çox keçmədən müasir fələstinli fəllahlar “yaddaşın qoruyucularının” gözündə XIX əsrdə, demək olar ki, boş qalmış bir ölkəyə gəlmiş ərəb mühacirlərinə çevrildilər. Yeni uydurulmuş mifə görə isə onlar XX əsrdə inkişaf edən sionist iqtisadiyyatın cəlb etdiyi minlərlə qeyri-yəhudi fəhlə ilə birlikdə ölkəyə axışmağa davam etmişdilər.101
XIX əsrin sonlarından və XX əsrin əvvəllərindən başlayaraq Fələstinə köçmüş və Qərb kolonialist güclərin dəstəyi ilə orada dövlət qurmuş avropalılar o gündən bəridir ki, Fələstinin yerli xalqlarını ən vəhşi və mədəniyyətdən uzaq siyasətlərə məruz qoymağa davam edirlər. Onlar bunu həyata keçirmək üçün müasir texnologiyanın təqdim etdiyi bütün imkanlardan istifadə edirlər və kütləvi propaqanda da bunun bir hissəsidir. Azərbaycanda BRI kimi platformalar isə bu propaqanda üçün münbit zəminə çevrilib.
Dipnotlar
- “Yəhudi qırğınları: Orta əsrlərdən Yeni dövrə doğru”, Baku Research Institute, 19 fevral 2024
- https://www.lemkininstitute.com/statements-new-page/statement-on-why-we-call-the-israeli-attack-on-gaza-genocide
- “Yəhudi xalqının qədim dövr tarixinə qısa bir nəzər”, Baku Research Institute, 8 dekabr 2023
- “Qədim İmperiyaların Yəhudi İcması: Antisemitizmin mənşəyində nə durur?”, Baku Research Institute, 10 yanvar, 2024
- “Is Derek Penslar the Wrong Kind of Jew for Harvard?”, The Nation, 2 fevral, 2024
- L. H. Feldman, “Jew and Gentile in the Ancient World: Attitudes and Interactions from Alexander to Justinian”, səh: 86-87; Princeton University Press, New Jersey, 1993
- Eyni mənbə, səh: 88
- Eyni mənbə, səh:91-92
- Eyni mənbə, səh: 92-94;
- Josephus, “The Wars of the Jews”, 2.487-488
- L. H. Feldman, “Jew and Gentile in the Ancient World: Attitudes and Interactions from Alexander to Justinian”, səh: 117; Princeton University Press, New Jersey, 1993
- H. I. Bell, “Antisemitism in Alexandria”, The Journal of Roman Studies, cild 31 (1941), səh: 1;
- J. M. Modrzejewski, “The Jews of Egypt: From Rameses II to Emperor Hadrian”, səh: 91; Princeton University Press, New Jersey, 1995
- L. H. Feldman, “Jew and Gentile in the Ancient World: Attitudes and Interactions from Alexander to Justinian”, səh: 65; Princeton University Press, New Jersey, 1993
- H. I. Bell, “Antisemitism in Alexandria”, səh: 7; A. K. Petersen, Alexandrian Judaism, Rethinking a Problematic Cultural Category, “Alexandria: A Cultural and Religious Melting Pot”, ed. George Hinge & Jens A. Krasilnikoff, səh: 137; Aarhus University Press, Aarhus, 1990
- A. Harker, “Loyalty and Dissidence in Roman Egypt: The Case of Acta Alexandrinorum”, səh: 216; Cambridge University Press, 2008
- Sandra Gambetti, “The Alexandrian Riots of 38 CE and the Persecution of the Jews: A Historical Reconstruction”, səh: 2-3; Brill, Leiden, 2009; A. Harker, “Loyalty and Dissidence in Roman Egypt: The Case of Acta Alexandrinorum”, səh: 212-213
- L. H. Feldman, “Jew and Gentile in the Ancient World: Attitudes and Interactions from Alexander to Justinian”, səh: 89-90; Princeton University Press, New Jersey, 1993
- B. Lewis, “The Jews of Islam”, səh: 28; Princeton University Press, New Jersey, 2014
- F. E. Peters, “Jerusalem: The Holy City in the Eyes of Chroniclers, Visitors, Pilgrims, and Prophets from the Days of Abraham to the Beginnings of Modern Times”, səh: 185-186; Princeton University Press, New Jersey, 1985
- N. A. Stillman, “The Jews of Arab Lands: A History and Source Book”, səh: 154-155; The Jewish Publication Society of America, Philadelphia, 1979; Steven B. Bowman, Antisemitism in Byzantium, 4th-7th Centuries, “The Cambridge Companion to Antisemitism”, ed. Steven Katz, səh: 132; Cambridge University Press, New York, 2022
- “The Panarion of Epiphanius of Salamis: Book I (Sects 1-46), trans. Frank Williams, səh: 139-141; Brill, Leiden, 2009
- J. Magness, “Ancient Synagogues in Palestine: A Re-evaluation Nearly a Century After Sukenik’s Schweich Lectures”, səh: 64-66; Oxford University Press, Oxford, 2024
- The Book of Esther: A Persian Story in Greek Style, “A Palimpsest: Rhetoric, Ideology, Stylistics and Language Relating to Persian Israel”, ed. Ehud Ben Zvi, Diana V. Edelman və Frank Polak, səh: 109; Gorgias Press, 2009
- M. Richelle, “Interpreting Israel’s Scriptures: A Practical Guide to the Exegesis fo the Hebrew Bible/Old Testament”, səh: 135; Hendrickson Academic, Massachusetts, 2022
- Isaac Kalimi, “The Book of Esther between Judaism and Christianity”, səh: 104;Cambridge University Press, 2023
- C. Frevel, “History of Ancient Israel”, səh: 462-463; SBL Press, Atlanta, 2023
- Jonathan M. Golden, “Ancient Canaan and Israel: An Introduction”, səh: 61; Oxford University Press, New York, 2009
- Marie-Louise Winbladh, “Archaeology as a Weapon: Long-lasting legacies of colonialism and nationalism in Israel, Palestine, Cyprus and Greece”, səh: 13-14; Vernon Press, Delaware, 2025
- C. Frevel, “History of Ancient Israel”, səh: 111-116; SBL Press, Atlanta, 2023
- I. McGonigle, “Genomic Citizenship; The Molecularization of Identity in the Contemporary Middle East”, səh: 45-46; Massachusetts Institute of Technology Press, 2021
- S. J. D. Cohen, “The Beginnings of Jewishness: Boundaries, Varieties, Uncertainties”, səh: 264-265; University of California Press, Berkeley, 1999
- J. Straten, “Ashkenazic Jews and the Biblical Israelites: The Early Demographic Development of East European Ashkenazis”, səh: 16; De Gruyter, Oldenbourg, 2021
- R. Patai & J. P. Wing, “The Myth of the Jewish Race”, səh: 52; Charles Schriber’s Sons, New York, 1975
- A. F. Corcos, “The Myth of the Jewish Race: A Biologist’s Point of Views”, səh: 97; Lehigh University Press, Pennsylvania, 2005
- “The Orations of Marcus Tillius Cicero”, literally translated by C. D. Yonge, II cild, səh: 454; Clay, Son and Taylor, London, 1856
- Keith Hopkins, “Christian Number and Its Implication”, JECS 6 (1998): səh: 213-214;
- F. J. Foakes Jackson & Kirsopp Lake, “The Beginnings of Christianity”, cild I, səh: 159; Macmillan and Co., London, 1920
- S. W. Baron, “A Social and Religious History of the Jews”, cild I, səh: 170, 370-372; Columbia University Press, New York, 1952
- L. H. Feldman, “Jew and Gentile in the Ancient World: Attitudes and Interactions from Alexander to Justinian”, səh: 92; Princeton University Press, New Jersey, 1993
- James S. Jeffers, “The Greco-Roman World of the New Testament Era: Exploring the Background of Early Christianity”, səh: 213; Downers Grove, II.: InterVarsity Press, 1999
- Thomas A. Robinson, “Who Were the First Christian? Dismantling the Urban Thesis”, səh: 41-48; Oxford Univerity Press, New York, 2017
- Josephus, Antiquities of the Jews, 14.7
- M. Stern, “The Time of the Second Temple”, History of the People of Israel, ed. Haim ben Sasson, səh: 268; Dvir, Tel-Aviv, 1069;
- Shlomo Sand, “The Invention of the Jewish People”, səh: 148-149; Verso, London, 2009
- Eyni mənbə, səh: 154
- Moshe Samet, “Conversion in the First Centuries C.E.”, Jews and Judaism in the Second Temple, Mishna and Talmud Period: Studies in Honor of Shmuel Safrai, ed. Gafni, A. Oppenheimer & M. Stern, (Jerusalem, 1993) səh: 316-343
- J. Straten, “Ashkenazic Jews and the Biblical Israelites: The Early Demographic Development of East European Ashkenazis”, səh: 93; De Gruyter, Oldenbourg, 2021
- J. Quigley, “Palestine and Israel: A Challange to Justice”, səh: 69; Duke University Press, Durham, 1990
- Josephus, Antiquities of the Jews, 13.257-258;
- Menahem Stern, “Greek and Latin authors on Jews and Judaism: Volume 1 – From Herodotus to Plutarch”, səh: 356; Brill, Leiden, 2024
- Shlomo Sand, “The Invention of the Jewish People”, səh: 158; Verso, London, 2009
- Josephus, Antiquities of the Jews, 13.318-319;
- Shlomo Sand, “The Invention of the Jewish People”, səh: 159; Verso, London, 2009
- Moshe Gil, “The Origins of the Jews of Yathrib”, J.S.A.I, 4 (1984): 210f; G. D. Newby, “A History of The Jews of Arabia: From Ancient Times to Their Eclipse under Islam”, səh: 52-53;
- G. D. Newby, “A History of The Jews of Arabia: From Ancient Times to Their Eclipse under Islam”, səh: 55;
- F. E. Peters, “Mecca: A Literary History of the Muslim Holy Land”, səh: 62, Princeton University Press, New Jersey, 1994
- Moshe Gil, “The Origins of the Jews of Yathrib”, J.S.A.I, 4 (1984): 218-219;
- B. Lewis, “The Arabs in History”, səh: 37; Oxford University Press, New York, 2002
- S. Dubnow, “History of the Jews: From the Roman Empire to the Early Medieval Period”, trans. Moshe Spiegel, cild 2, səh: 311; A. S. Barnes and Co, New Jersey, 1968
- “The Oxford Annotated Mishnah: A New Translation of the Mishnah, With Introductions and Notes”, ed. Shaye J. D. Cohen, Robert Goldenberg və Hayim Lapin, cild III, səh: 853; Oxford University Press, 2022
- Edith Bruder, “The Black Jews of Africa: History, Religion, Identity”, səh: 121; Oxford University Press, New York, 2008
- S. Sand, “The Invention of the Jewish People”, səh: 193; Verso, London, 2009; G. D. Newby, “A History of The Jews of Arabia: From Ancient Times to Their Eclipse under Islam”, səh: 52-53;
- S. Sand, “The Invention of the Jewish People”, səh: 193-194; Verso, London, 2009;
- Eyni mənbə, səh: 194-195
- S. Kaplan, “The Beta Israel (Falasha) in Ethiopia: From Earliest Times to The Twentieth Century”, səh: 32; New York University Press, New York, 1992
- William Horbury, “Jewish War under Trajan and Hadrian”, səh: 196; Cambridge University Press, 2014
- H. Z. Hirschberg, “A History of the Jews in North Africa”, cild I, səh: 26; Brill, Leiden, 1974
- M. Simon, “Recherches d’Histoire Judéo-chrétienne”, səh: 44-52; Mouton, Paris, 1962
- S. Sand, “The Invention of the Jewish People”, səh: 200-201; Verso, London, 2009;
- “Tərixu İbn Xaldun”, 6/140; Darul-Fikr, Beyrut, 1981
- Guy M. Rogers, “For the Freedom of Zion: The Great Revolt of Jews Against Romans, 66-74 CE”, səh: 104-105; Yale University Press, 2022
- Barry Straus, “səh: “Jews vs. Rome: Two Centuries of Rebellion Against the World’s Mightiest Empire”, 97-98; Simon & Schuster, New York, 2025
- S. Sand, “The Invention of the Jewish People”, səh: 213; Verso, London, 2009;
- Peter B. Golden, “The Conversion of the Khazars to Judaism”, The World of the Khazars: New Perspectives, ed. P. B. Golden, Haggai Ben-Shammai & András Róna-Tas, səh: 139-154; Brill, Leiden, 2007
- S. Sand, “The Invention of the Jewish People”, səh: 214; Verso, London, 2009;
- Eyni mənbə, səh: 226;
- J. Straten, “Ashkenazic Jews and the Biblical Israelites: The Early Demographic Development of East European Ashkenazis”, səh: 30; De Gruyter, Oldenbourg, 2021
- S. Baron, “A Social and Religions History”, cild 3, səh: 206; S. Sand, “The Invention of the Jewish People”, səh: 241-242;
- Dinur, “Israel in Exile”, cild 1, səh: 2 və 5; S. Sand, “The Invention of the Jewish People”, səh: 242-243
- P. Wexler, “Tw-Tiered Relexification in Yiddish”, səh: 514-517; De Gruyter, Berlin, 2002
- D. B. Goldstein, “Jacob’s Legacy: A Genetic View of Jewish History”, səh: 74; Yale University Press, New Haven, 2008
- J. Straten, “The Origin of Ashkenazi Jewry: The Controversy Unraveled”, səh: 202; De Gruyter, Berlin, 2011
- https://pubmed.ncbi.nlm.nih.gov/24104924/
- J. Straten, “Ashkenazic Jews and the Biblical Israelites: The Early Demographic Development of East European Ashkenazis”, səh: 36; De Gruyter, Oldenbourg, 2021
- Eyni mənbə, səh: 39-41
- A. F. Corcos, “The Myth of the Jewish Race: A Biologist’s Point of Views”, səh: 77-78; Lehigh University Press, Pennsylvania, 2005
- J. Straten, “Ashkenazic Jews and the Biblical Israelites: The Early Demographic Development of East European Ashkenazis”, səh: 20; De Gruyter, Oldenbourg, 2021
- Chaim Milikowsky, “Notions of Exile, Subjugation and Return in Rabbinic Literature”, Exile: Old Testament, Jewish and Christian Conceptions, ed. James M. Scott; səh: 265-296; Brill, Leiden, 1997
- Israel Jacob Yuval, “The Myth of the Exile from the Land: Jewish Time and Christian Time”, Alpayim 29, 2005 (ivrit dilində), səh: 9-25
- A. G. Horon, “East and West: A History of Canaan and the Land of the Hebrews”, səh: 344; Dvir, Tel-Aviv, 2000
- Bax: David Rokéah, “Justin Martyr and the Jews”, Brill, Leiden, 2002 və Justin Martyr, “Dialogue with Trypho”, 2.92,2.
- S. Sand, “The Invention of the Jewish People”, səh: 133-135; Verso, London, 2009;
- I. Belkind, “The Arabs in Eretz-Israel”, səh: 8; Ha-Meir, Tel-Aviv, 1928;
- B. Borochov, “Writings of Ber Borochov”, cild 1, səh: 10; Kibbuts Meukhad Publishing, 1955
- David Ben-Gurion & Yitzhak Ben-Zvi,” Eretz Israel in the Past and in the Present”, səh: 196; Ben-Zvi, Jerusalem, 1979
- Yaacov Shavit, “The New Hebrew Nation: A Study in Israeli Heresy and Fantasy” səh: 123-124; Frank Cass, London, 1987; Bu barədə fərqli yanaşmaları oxumaq üçün bax: Jonathan Mark Gribetz, “Defining Neighbors: Religion, Race, and the Early Zionist-Arab Encounter”, səh: 125; Princeton University Press, 2016; Tom Segev, “A State at Any Cost: The Life of David Ben-Gurion”, səh: 138-139; tərc. Haim Watzman, Farrar, Straus & Giroux, 2019; Rachel Havrelock, “The Joshua Generation: Israeli Occupation and the Bible”,səh: 154-157; Princeton University Press, 2022
- S. Sand, “The Invention of the Jewish People”, səh: 179; Verso, London, 2009;
- I. Belkind, “The Arabs in Eretz-Israel”, səh: 10-11; Ha-Meir, Tel-Aviv, 1928;David Ben-Gurion & Yitzhak Ben-Zvi,” Eretz Israel in the Past and in the Present”, səh: 198; Ben-Zvi, Jerusalem, 1979
- David Ben-Gurion & Yitzhak Ben-Zvi,” Eretz Israel in the Past and in the Present”, səh: 198; Ben-Zvi, Jerusalem, 1979
- S. Sand, “The Invention of the Jewish People”, səh: 187-188; Verso, London, 2009;


































Cavab yaz