Səfa və Mərva təpələri haqqında şübhə
Səfa və Mərva təpələri haqqında şübhə

Səfa və Mərva təpələri haqqında şübhə

“Hətta Kəbə ilə qonşuluqda Əs-Səfa Və Əl-Mərvə adlı iki təpədə birincidə İshaf, ikincidə isə Nailə adlı ilahənin bütü yerləşirdi. Əfsanəyə görə bu qadın və kişi vaxtilə kəbədə yaşayıb və sonradan öz ayıb hərəkətlərinə görə daşa dönüblər. O vaxt Ərəb bütpərəstləri ziyarət zamanı bu bütlərə toxunurdular. Müasir Müsəlmanlar da da bu iki təpəyə qalxmaq rituala çevrilib. Və onun əsasında bütpərəst adət ənənəsi durur.”

Qaraqanın yazdığı bu sətrlərdə oxucuya aşılamaq istədiyi fikir budur ki, müsəlmanların həcc ibadətində Səfa Mərva təpələri arasında səy etmək, yəni yüngülcə qaçmaq ayininin mənşəyi müşriklərin adətidir və İsəf-Nailə büt cütlüyü ilə bağlıdır. Dəlili də budur ki, müşrik ərəblər bu iki bütü Səfa və Mərva təpəsinə qoymuşdular. Bu iddiaya bir neçə yoldan cavab verəcəyik.

Birinci

Səfa və Mərva təpələrinin üzərində bütlərin olmasına dair təsdiqini tapmış tarixi mənbələr yoxdur, bəzi kitablarda bunun qeyd edilməsi tarixi həqiqətlər kimi qəbul edilməz, yoxsa nağıllarımızda deyilən hər şeyə inanmağımız lazım gələrdi. Bu cür tarix kitablarında sonrakı dövrlərdə gəlmiş şəxsiyyətlərin sənədsiz-isnadsız bəzi şeyləri iddia etməsi dərhal fakt olaraq qəbul edilməməlidir, çünki həmçinin İsəf və Nailə bütlərinin zəmzəm quyusunun yanında da qoyulduğu haqqında iddialar vardır.

İkinci

Hətta bunun doğru olduğunu qəbul etsək belə bu, həcdəki səy ibadətinin ordan qaynaqlanması anlamına gəlməz. Çünki bu bütləri Məkkədə ərəblərə təqdim edən Amr bin Luhey olub. Ərəblər daha öncə İbrahimin dini üzərində olub. Lakin tədricən İbrahimin dininə ona zidd olan bütləri daxil etdilər. Beləliklə də daha öncə yalnız tək Allaha ibadət olunan Kəbədə bütlər əmələ gəlməyə başladı. Doğrudur ki, Kəbənin içində və ətrafında bütlər var idi və müşriklər Kəbəni tavaf edərdilər və bütlərə ibadət edərdilər. Lakin bu gün biz Kəbəni tavaf ediriksə müşriklər etdiyi üçün yox, ondan çox zaman öncə İbrahim peyğəmbər oğlu İsmayıl ilə etdiyi üçün edirik.

Üçüncü

Səfa və Mərva təpələri arasında səy etmənin mənşəyi isə İbrahim peyğəmbərin həyat yoldaşı, İsmayılın anası Həcər ilə bağlıdır. İbn Abbasın rəvayət etdiyi xəbərdə deyilir: “İbrahim Həcəri və oğlu İsmayılı gətirdi və Həcər İsmayılı əmizdirirdi və onları Allahın evinin yanında tərk etdi. O zaman Məkkədə heç kim yaşamırdı və su da yox idi. Hər ikisini də orada tərk etdi və yanlarında xurma ilə su buraxdı. Sonra İbrahim dönərək getdi. İsmayılın anası arxasınca düşərək dedi: “Ey İbrahim, hara gedib bizi heç bir insanın, heç bir şeyin olmadığı bu vadidə tərk edirsən?” Bunu bir neçə dəfə təkrarladı, İbrahim isə geri dönüb baxmadı. Sonra dedi: “Sənə bunu Allahmı əmr etdi?” Dedi:”Bəli.” Dedi: “O zaman Allah bizi zay etməz.” Sonra geri qayıtdı…. Sonra İsmayılın anası İsmayılı əmizdirməyə başladı, özü də qabdakı sudan içməyə başladı. Qabdakı su qurtardıqda susadı və uşağı da susadı. Uşağa baxıb onun halsız düşdüyünü gördü və uşağa baxmağa dözə bilmədiyi üçün ondan ayrıldı. Sonra Səfa’nın ən yaxın dağ olduğunu gördü, ona görə də üzərinə çıxdı və vadiyə tərəf baxdı ki, bir kimsənin olub olmadığını görsün. Sonra Səfa dağından aşağı endi və vadiyə çatdıqda ətəyinin ucunu qaldırdı və yorğun bir insan kimi qaçmağa başladı və vadini keçdi. Sonra Mərva dağına çatdı, üzərinə çıxdı və bir kimsəni görüb görməyəcəyi üçün baxdı, heç kimi görə bilmədi. Bunu yeddi dəfə təkrarladı. İbn Abbas dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – buyurdu: “Buna görə də insanlar bu ikisi arasında səy edirlər.” (“Sahih əl-Buxari”, 3364)

Gördüyümüz kimi..

Gördüyümüz kimi İslamda həcdəki bu ibadətin əsli Həcər anamızın etdiyinə bağlıdır, peyğəmbərimiz də – aleyhissələm – bunu bizə bu şəkildə izah edib. Ona görə də müsəlmanlar məhz Həcər anamızın etdiyi kimi dağdan endikdə adi yürüyüşlə enirlər, lakin vadiyə çatdıqda isə yüngül şəkildə qaçırlar və “səy” adlanması da “xəfifcə qaçmaq” mənasındadır. Müsəlmanlar da bunu bu gün yeddi dəfə edirlər. Bunun heç birinin iddia olunduğu kimi bütlərlə heç bir əlaqəsi yoxdur. İslam dini bütləri qıran bir din kimi tanınır və bütün dinlərin içində ən monoteist bir dindir. Yalnız cahil və savadsız bir insan İslamdakı ibadətlərin əslinin bütpərəstlikdən qaynaqlandığına inana bilər.

İndi mən deyirəm ki, hər bir araşdırmaçı kimsə kimi Qaraqan da bu məlumatları araşdırıb tapa bilərdi. Çünki kitabında qeyd etdiyi bu şübhənin çox bəsit bir şübhə olduğunu savadı olan hər kəs bilir. Bununla maraqlanıb bu barədəki məlumatları oxumaq çətin olmamalıdır, təbii ki, burada bir azca insaf və şüur da lazımdır. “İkinci Addım” kitabı bu cür ucuz məlumatlar ilə doludur.

Sonluq

Çox qəribədir ki, bizim cəmiyyətimizdə dini şüur hətta sovet dövründəkindən də çox zəifdir. Mən sovet dövründə yaşayan insanların nə olsa da heç bir zaman dini dəyərləri bu dərəcədə ucuz bir şey qarşılığında satdıqlarını görməmişəm. Ən azından peyğəmbərimizin adı çəkiləndə hörmət edərdilər. Lakin indiki gənclik özünü müsəlman adlandırsa da Qaraqan kimi şou-biznes aləmindəki simalara daha çox könül qapdırıblar. Ona görə də Qaraqan onların mənəvi dəyərləri olan dini dəyərlərini tapdaladıqda millət bu dini dəyərlərin müdafiəsinə qalxmaq əvəzinə Qaraqanın cavabını verənlərə qarşı Qaraqanın müdafiəsinə qalxırlar. Çox acınacaqlı haldır.