Məkkə şəhəri İslamdan sonramı salınmışdır?

Xristian missionerlər Məkkənin dördüncü əsrdən öncə mövcud olmadığını iddia etməyi çox sevirlər. Lakin bizim bu azərbaycanlı Qaraqanın və onun tayfasının iddiasına görə isə Məkkə ümumiyyətlə daha sonrakı vaxtlarda da mövcud olmamışdır. Guya Məkkə və oradakı Kəbə daha sonrakı zamanda müsəlmanların uydurmasıdır.

Bu iddianın nə qədər gülünc olduğu, nə qədər absurd olduğu hər bir tarixçiyə məlumdur. Bu barədə müsəlman tarixi qaynaqlarında, İslamdan öncəki cahiliyyə şerlərində kifayət qədər məlumat vardır. Lakin gəlin görək qeyri-müsəlman tarixi mənbələr bu barədə nə deyir? Bunun üçün mən müsəlman alimlərinin sözlərinə yox, elə qərbli tarixçi akademiklərin sözlərinə müraciət edəcəm.

Qərbli tarixçilərdən sitatlar:

Diodorus Siculus yunan tarixçisi olub və miladdan öncə birinci əsrdə yaşayıb. Onun yazdığı tarix kitabı “Bibliotheca Historica” adı ilə tanınır. Diodorus qərbli akademiklər yanında Kəbəni öz kitabında zikr edən ilk tarixçi kimi tanınır. Andrew Crichton özünün “The History of Arabia, ancient and modern” kitabında deyir:

“Yerin şöhrətindən çox geniş həcilər toplusu hər tərəfdən bura toplaşardı. Şəhərin başlanğıcı və adının özünün həmin yerin böyük sığınacaq yeri olduğunu ifadə edən Məkkənin fövqəl-təbii şanının əvvəli belə olmuşdu. Bu adətlərin nəticəsi olaraq hansı etimadların olmasından asılı olmayaraq Kəbənin qədimliyi şübhə götürməyən məsələdir, çünki onun mənşəyi xristian tarixinin başlanğıcından çox öncəyə gedib çatır. Diodorus kitabından bir hissədə aşkar şəkildə ondan danışılır, belə ki, (Diodorus) bizomenyanlar adlandırdığı bir xalq arasında məşhur bir məbəd haqqında danışır və bu məbəd bütün ərəblər tərəfindən ən müqəddəs olaraq təzim olunur.”

Digər bir tarixçi yunan-roma mənşəli Claudius Ptolemy olub, biz onu Ptolomey olaraq tanıyırıq. Ptolemey 90-cı ildə Misirin Ptolemey Hermi şəhərində anadan olmuş, 168-ci ildə İsgəndəriyyədə vəfat etmişdir. O, İslamdan əsrlər öncə Məkkənin adını kitabında qeyd edir, lakin onun adını “Makoraba” olaraq zikr edir. Cyril Glassé yazdığı “The New Encyclopedia of Islam” adlı kitabında deyir:

“Məkkə (Məkkə əl-Mukərramə, həqiqi mənada bərəkətli qılınmış Məkkə deməkdir). Məkkə minlərlə il ruhani mərkəz olub. Ptolomey, ikinci əsr yunan coğrafiya alimi Məkkəni zikr etmiş, onu “Makoraba” adlandırmışdır. Bəziləri bunu məbəd anlamına gələn cənubi ərəblərin dilindəki “Məqribə” sözü olaraq yozublar, lakin bu, həm də “Ərəblərin Məkkəsi” mənasını da verə bilər.”

Bunu həmçinin rus akademiki, Leninqradın Yaxın Şərq universitetinin tarix professoru İlya Pavloviç Petruşovski də (1898-1977) “İranda İslam” adlı kitabında deyir. Mogens Herman Hansen şəhər dövlətləri mədəniyyəti haqqında yazdığı “A Comparative Study of Thirty City-state Cultures: An Investigation” adlı kitabında deyir:

“Ptolomey “Geographies” kitabında Məkkəyə “Macoraba” adı ilə müraciət edir.”

Hətta İslam tənqidçisi kimi tanınmış xristian tarixçisi Charles Augustus Goodrich İslam haqqında yazdığı tənqidi kitabında Kəbənin tarixinin xristianlıqdan qədim olduğunu və Diodorus’un kitabında Kəbəni zikr etdiyini etiraf edir.

Burada təqdim etdiyimiz qərb akademiklərin, tarix professorlarının yazdıqları elmi işlərdəndir, Qaraqan kimi reperin yazdığı kitabdan deyildir.