Kitablarının birində Richard Dawkins deyir:
“Əslində biz hamımız bəşəriyyət tarixində inanılan bir çox ilaha nisbətdə ateistik. Sadəcə bəzilərimiz bir ilah irəli gedir”.
Richard Dawkins
Məsələni anlamayanlar üçün izah edək: bu cür “arqumentləri” istifadə edənlərin demək istədikləri odur ki, teistlərin inandığı Yaradıcının Zevs, Tor, Baal, Ra kimi ilahlardan heç bir fərqi yoxdur. Bəziləri deyirlər ki, teistlər sadəcə təsadüf nəticəsində öz dinlərindəki Yaradıcıya inanırlar, onlar digər dinlərin ilahlarının mövcud olub olmadığını yoxlamadan onları inkar edirlər. Digərləri isə deyirlər ki, teistlər öz dinlərinin ilahı istisna, digər dinlərin ilahlarına nisbətdə ateistdirlər. Yəni, Dawkinsin də dediyi kimi, ateistlər teistlərdən sadəcə bir addım irəli ataraq əlavə bir ilahı da inkar edirlər. Sonra atesitlər tesitləri eyni standartlarla inandıqları Yaradıcını da inkar etməyə dəvət edirlər. İstifadə edilən kəlmələrin fərqli olmasına baxmayaraq, deyilən eynidir:
Teistlərin inanmadığı milyonlarca ilahların mövcud olmadığı kimi, onların inandıqları ilah da mövcud deyildir; həmçinin, teistlər digər ilahların mövcud olub olmadığını araşdırmayıblar, beləliklə necə ki, teistlər araşdırmadan Zevs, Tor, Baal Ra və milyonlarla digər ilahları inkar edirlərsə, biz də onların inandığı ilahı inkar edirik.
Burda bir neçə məqama diqqət yetirmək lazımdır:
Birinci məqam:
Birinci məqamı qeyd etmək sadəcə sizin və bizim vaxtımızı almaqdan başqa bir şey olmasa da, Dawkins kimi ateistlər tərəfindən intellektual qəbul olunanların dar düşüncəsini göstərmək üçün vaxtınızı alaq. Teistlərin öz ilahları istisna digər ilahlara qarşı ateist olduğunu demək, subay birisinin evli birisinə:
“əslində sən də mənin kimi subaysan, sadəcə mən səndən bir qadın çox subayam”
deməsi kimidir. Bu qədər kifayətdir.
İkinci məsələ:
İkinci məsələ budur ki, milyonlarca ilahın mövcudluğunun iddia edilməsi, həqiqi ilahın və Yaradıcının mövcud olduğunu inkar etmir. Ağlı başında olan insan sadəcə saxta pulun həqiqi olduğu iddiasının mövcud olduğuna görə həqiqi pulun mövcudluğunu inkar etməz. Saxta pulun nə qədər olmasından asılı olmayaraq, onların mücərrəd mövcud olması faktı həqiqi pula heç bir cəhətdən təsir edə bilməz.
Üçüncü məsələ:
Üçüncü məsələ isə budur ki, həqiqi ilahın kim olduğunu təsbit etmək üçün heçdə həqiqiliyi iddia edilən bütün ilahları araşdırmaq lazım deyil. Əgər biz Dawkinsin iddia etdiyi kimi, bir qrup seçənək arasında doğru olanı seçmək üçün bütün qrupu analiz etməli olsaydık, o zaman bu, çox qəribə nəticələrə gətirib çıxaracaqdı. Mona Liza əsərini örnək verək. Orijinal rəsmləri təsbit edən mütəxəssislər əllərində olan bir neçə nüsxəni, hətta bir nüsxəni analiz edəndən sonra onun orijinal və ya reproduksiya olduğunu anlaya bilirlər. Təsəvvür edin ki, mütəxəssislər Luvrda olan rəsmi analiz edib onun orijinal olduğu nəticəsinə gəlirlər. Biz isə onlara deyirik ki, siz dünyada mövcud olan milyonlarca nüsxələri araşdırmamısınız. Necə ki, siz araşdırmadan o nüsxələrin reproduksiya olduğunu iddia edirsizsə, biz də bir addım irəli gedərək, sizin əlinizdə olanın orijinal olduğunu inkar edirik…
Başqa bir misal:
Başqa bir misal da vermək olar. Cinayəti törətdiyini iddia olunan bir qatil məhkəmə qarşısına gətirilir. Heç bir şəkk yoxdur ki, müstəntiq dəlillərin bu şəxsin əleyhinə olduğunu nəzərə alaraq, onu məhkəmə qarşısına çıxarmışdır, yer üzərində yaşayan və cinayəti törətməsi mümkün olan qalan 7 milyard adamı araşdırmamışdır. Buradan gəldiyimiz nəticə budur ki, əgər biz inandığımız ilahın həqiqi İlah olduğunu isbat ediriksə, o zaman digər ilahların həqiqi olub olmadığını araşdırmamız lazım deyil. Bu cür sadə misallar ilə ateistlərin bu “arqumentinin” nə qədər gülünc olduğu anlaşılır. Məhz buna görə biz ateistləri bu cür boş ritorikanı tərk edib, normal müzakirəyə dəvət edirik. Verilə biləcək sual isə budur: niyə görə Zevs deyil, teistlərin inandığı ilah mövcuddur? Bir yaradıcının mövcud olması haqda əqli dəlilləri əvvəlki yazılarımızda qeyd etmişik. Yaradıcının varlığını qəbul edən birisi üçün isə, onun nəyə görə Zevs və bənzərləri olmayacağını anlamaq isə daha asandır. Amma yazımızı uzatmamaq üçün bunu növbəti yazımızda ələ alacağıq.
Dərin Hikmət
Həqiqətən də Allahın hər bir işində dərin hikmət vardır. Dawkins kimi intellekt iddia edənlərin bu cür ifadələr istifadə etməsi onların həqiqətdə nə qədər küt düşüncəli olduğuna bariz bir sübutdur. Onların sözlərini beyinlərini söndürərək ilahi vəhy kimi qəbul edənlərin halından isə danışmırıq. Beləliklə, gələn dəfə bir ateist sizinlə bu üslubla mübahisə etmək istəsə, siz ona asanlıqla “mən təkamül nəzəriyyəsinə inanmıram. Necə ki, sən panspermiya nəzəriyyəsini araşdırmadan onu inkar edirsən, mən də bir addım irəliləyərək, təkamül nəzəriyyəsini inkar edirəm”. Bununla siz sadəcə onun istifadə etdiyi arqumenti özünə qarşı istifadə etmirsiz. Əksinə, bizim misal daha barizdir. Çünki biz əqlimiz ilə Yaradıcının mövcud olduğuna və onun sırf monoteistlərin inandığı Yaradıcı olduğu nəticəsinə gəlirik. Təkamülə inanan isə sadəcə Dawkins kimilərin sözünə “iman” edir, panspermiya nəzəriyyəsindən isə ümumiyyətlə xəbəri belə yoxdur.
Cavab yaz