“Qərb dəyərləri”ndən təsirlənən bəzi gənclərimizin müharibəyə yox deməsini hamımız gördük. Bu gənclərimizə ithafən müharibəyə yox deməklə (democratic peace theory), xalqların öz müqəddaratını həll etmək hüququnu müdafiə etməklə və beynəlxalq əlaqələrdə liberal nəzəriyyəyə töhfə verməklə məşhur olan ABŞ-ın 28-ci prezidenti Woodrow Wilson haqda yazmaq istəyirik ki, gənclərimiz kimlərin yolu ilə getdiklərini görsünlər. Wilson`un həqiqi üzünü gördükdən sonra müasir hadisələrə də qısaca toxunacağıq.
Sizcə, Wilsonun adının Monmouth Universitetinin əsas binasının üzərindən götürülməsi tələbinin səbəbi nədir? Wilson Cənub Demokratlarından idi, qaradərililərə qarşı xüsusi qərəzliliyi var idi. ABŞ Vətəndaş Müharibəsi zamanı onun keşiş olan atası cənubluları müalicə etmək üçün öz kilsəsini hospitala çevirmişdi. Qısası, Wilson daima Neo-Lamarck rasist nəzəriyyəsinə bağlı idi.1 Buna görə o, Princeton Universitetində prezidentlik etdiyi zaman qaradərili tələbələrin universitetə daxil olmasını qadağan etmişdir.2
Qaradərililərin seqreqasiyası
Eyni səbəbdən Wilson ABŞ prezidenti olduğunda öz administrasiyasında qaradərililərin seqreqasiyasını da həyata keçirmiş, razı olmayanlara isə bunun qaraların xeyrinə olduğunu söyləmişdir.3
Wilsonun qaradərililərə bərabərlik hüququ və səs vermə hüququ tanıyan ABŞ Konstitusiyasının 14 və 15-ci düzəlişlərinə qarşı olan düşmənçiliyi məlumdur. Müharibədən sonraki Rekonstruksiya dövrünün (1863-1877) Cənub Ştatlardakı problemini Wilson həm “yaxşı” ağların seçki hüququnun məhdudlaşdırılmasında, həm də cahil qaralara bu hüququn verilməsində görürdü.4 Eyni zamanda Wilson qaradərililərə qarşı dəhşətli vəhşiliklər törədən Ku Klux Klan`a üzr axtarmağa çalışır, onların “başqa çıxış yolu” olmadığını qeyd edir.5 Klanın bəzi əməllərini qınasa da, ümumən onların motivlərini müdafiə edirdi. Ona görə də Ku Klux Klanı qəhraman, qaradərililəri isə ağılsız və cinsi aqressor kimi göstərən D.W. Griffith`in “The Birth of the Nation” filmi ətrafında mübahisə yarananda Prezident Wilson şəxsən onu dəstəklədi və Ağ Evdə göstərilməsinə icazə verdi.6 Bu film ABŞ tarixinin ən uğurlu kinolarından oldu. Filmin süjet xətti Wilsonon dostu Thomas Dixon`nun yazdığı “The Clansman” əsəri üzərinə əsaslanıb. Filmin başlıqlarında Wilson`un tarixi əsərlərinə istinad tapmaq olar. Bu film Ku Klux Klan`ın yenidən dirçəlməsinə və milyonlarla insanın onlara qatılmasına səbəb oldu. Təbii ki, bunlarla paralel olaraq qrupun şiddəti, vəhşiliyi də dirçəlmişdir.
Rasist-elitist düşüncə
Wilsonun rasist-elitist düşüncəsi Paris Sülh Konfransında sərgilədiyi duruşdan da görünür. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə konfransa gəldiyi iddia olunan Wilson sadəcə Osmanlı və Avstriya imperiyalarından “azad” olan Avropa xalqlarının öz müqəddəratını təyinetməsini tanıdı. Bunu Orta Şərq ölkələrinin mandat adı ilə imperiyalar tərəfindən bölünməsi ilə bərabər onun “Misir, Hindistan və İrlandiyada Britan hökmranlığını, Hind-Çin yarımadasında Fransız hökmranlığına son qoymamasında görmək olar”.7 Hindistan və Misirin öz müqəddəratını təyinetməsini istəyən Ghandi və Sa`d Zağlul Wilson ilə görüşmək istəsə də, Britaniya imperiyası onların Parisə gəlməsinin qarşısını aldı. Lakin qaradərili intellektual W.E.B. Du Bois və o zaman Parisdə olan və gələcəkdə Ho Şi Min adı ilə tanınacaq Nguyen Sinh Cung ilə görüşməmək Wilson`un öz seçimi idi.8
Kamposun hekayəsi
ABŞ-ın bir hissəsi olan Puerto Rico`nun adına Wilson ilə görüşmək istəyən Pedro Albizu Kampos`un hekayəsi də maraqlıdır. Tam qaradərili olmasa da, əcdadlarından bəziləri qaradərili olduğuna görə ABŞ höküməti onun Parisə getməsinə maneələr törətmişdir. Bunlardan biri Wilsonun əmri ilə Parisə De Bois`in Pan-African Konqresinə `inə getmək istəyən qaradərililərə pasportun verilməsinə problemlər yaradılması idi. Qara olmadığına etiraz edən Albizu Kampos alçaldıcı “ağlıq” testindən keçməli oldu və sonda həkimlər onun ağ olmadığına qərar verdilər.9 Maraqlısı odur ki, Albizu Kampos Harwarddan 2 elmi dərəcə sahibi idi, öz ana dili istisna olmaqla yeddi əcnəbi dildə sərbəst danışa bilirdi. Çox böyük ehtimal ki, nəinki ona “ağ deyil” diaqnozu qoyan həkimlərdən, həmçinin, sadəcə almanca bilən Wilsonun özündən belə yüksək İQ`yə sahib idi. O zamanlar ABŞ tərəfdarı olan Albizu Kampos sonralar ABŞ`ın ən töhlükəli daxili “terroristinə” çevirilir, Puerto Rico hadisələri ilə yanaşı, 1950-ci ildə prezident Trumenin qətli cəhdinin arxasında onun olduğu iddia olunur.
Konfransın sonunda baş verənlər
Paris Sülh Konfransının sonunda da maraqlı hadisə baş verir. İmperialist kluba daxil olan yaponlar yeni yaradılmış Millətlər Liqasının konvensiyasına İrqi Bərabərlik maddəsinin əlavə olunmasını tələb edirdilər. Oxucumuza aydın olmalıdır ki, Wilson bu maddəyə qarşı idi. Doğrudur, Wilson`un bəxtindən bu məsələdə ondan daha şiddətli mövqe tutanlar da var idi: Avstraliya baş naziri Billy Hughes, Böyük Britaniya nümayindəsi Lord Robert Cecil və Cənubi Afrika Birliyinin baş naziri Jan Smuts. Fələstin torpaqlarını atasının mirası kimi yahudilərə vəd edən Arthur Balfour da orda idi və o da “afrikalının avropalı və ya amerikalıya bərabər olacağını düşünməkdən uzaq idi”.10 Wilson bu yükün onun çiyinlərindən qaldırılıb britaniyalıların çiyinlərinə qoyulmasından məmnun idi.11 Lakin, Wilson`un rolunu da qeyd etməliyik. Bu məsələ haqda səsvermədə əksəriyyət bu maddəni dəstəkləsə də, Wilson (sədr olaraq) yekdilliklə qərar verilmədiyini deyərək təklif olunan maddənin qəbul olunmadığına qərar verir. Bundan öncəki və Wilsona sərf edən məsələlərdə isə yekdil qərar tələb edilmirdi, sadəcə çoxluğun olması kifayət hesab olunurdu.
Wilsonun bu maddəni qəbul etməməsinin daha praqmatik səbəbi qərb ştatlarına, xüsusilə də, Kaliforniyaya olan siyasi asılılığı idi. Qərb ştatlarında İrqi Bərabərlik Maddəsinin “sarı immiqrantların” amerikaya dolmasına səbəb ola biləcəyi qorxusu var idi. Üstəlik, bu zaman onlara bərabər hüquqlar da tanınmalı idi (Lake, Marilyn, and Henry Reynolds, 12ci fəsil).12
Wilsonun daxili siyasəti də Parisdəki siyasəti ilə üst-üstə düşür. Fillipinlərə öz müqəddəratını həlletmə haqqını vermək əvəzinə, 1917-ci ildə Danimarkadan Virgin Adalarını alır, üstəlik, Haitinin 1934-cü ilə qədər davam edən işğalı Wilsonun zamanında həyata keçirilir.
Xülasə
Xülasə edə bilərik ki, dərsliklərdə bizə demokrat, anti-imperialist və anti-kolonialist liberal kimi göstərilən Wilson əslində rasist, elitist və imperialist liberal olub.
P.S.
Wilson`dan aşağı yuxarı yüz il ötür. Elə zənn edilə bilər ki, müasir Qərb Wilson və ətrafındakılar kimi ikiüzlü deyil. Ancaq təəssüf ki, Azərbaycan xalqı heç bir şeyin dəyişmədiyini öz gözləri ilə görür. Qərbin bütün dünyaya diktə etdiyi beynəlxalq hüququn bütün maddələrinə görə Azərbaycanın haqlı olmasına baxmayaraq demək olar ki, qərb liderlərinin hamısı susmağa üstünlük verdi, ən yaxşı halda Qarabağın Azərbaycana aid olduğunu etiraf edib müharibə yolunu qınadılar, ən şərəfsizləri isə Macron kimi açıq aydın erməniləri dəstəklədi. Avropada liberallar arasında rock-star olan Bernard Henri Levy də erməniləri dəstəklədi. Bunun paralelində isə Qərb dərsliklərində yeni-avtoritar rejim kimi qələmə verilən Türkiyə və terrorizmi maliyələşdirməklə ittiham olunan Pakistan Azərbaycanı dəstəklədi.
Qərb mediası haqda danışmaq ümumiyyətlə əbəsdir. Dövlət telekanalları bir tərəfə, Noam Chomsky kimi medianın necə idarə olunduğu haqda yazan dissidentin təriflədiyi, daimi qonağı o lduğu, gecə-gündüz homoseksualların və digər azlıqların haqqlarından danışan DemocracyNow belə konfliktin şərh edilməsi üçün erməni dəvət etdi. Ardını isə siz düşünün…
Dipnotlar
- Stocking, George W. 1982: Race, Culture and Evolution (Chicago: University of Chicago Press).
- Arthur Stanley Link, Woodrow Wilson: The Road to the White House (Princeton, Princeton University Press, 1947)
- Lauren, Paul Gordon 1996: Power and Prejudice (Boulder, CO: Westview Press)
- Wilson, Woodrow 1902: A History of the American People, Vol. 5 (New York: Harper & Brothers).
- Wilson, Woodrow 1902: A History of the American People, Vol. 5 (New York: Harper & Brothers).
- Arthur Stanley Link, Woodrow Wilson and the Progressive Era, 1910–1917 (New York, Harper, 1954)
- Ambrosius, Lloyd E. 2002: Wilsonianism (Houndmills: Palgrave Macmillan)
- Margaret McMillan, Peacemakers: Six Months That Changed the World (London, John Murray, 2001)
- Carl E. Stanford, Report 100–3906, May 26, 1943, Albizu FBI File, sec. 2
- S. Bonsal, Unfinished Business (London, Michael Joseph, 1944)
- Margaret McMillan, Peacemakers: Six Months That Changed the World (London, John Murray, 2001)
- Racial Equality Clause üçün bax Lake, Marilyn, and Henry Reynolds 2008: Drawing the Global Colour Line Cambridge: Cambridge University Press).chapter 12.
Cavab yaz