Din ilə elm arasındakı konfliktə misal vermək istəyənlər tez-tez kilsənin arxasındakı tarix qəbiristanlığına baş vururlar. Kilsə və kilsə fəaliyyəti hər bir halda tarixdən öz tənqid payını bol bir şəkildə alıb. Bunu inkar etmək mümkün deyildir. Atalarımız haqlı olaraq deyiblər ki, yıxılan ağaca balta çalan çox olar. Avropada yıxılmış ağaclardan biri də kilsə institutu olub və son iki-üç əsrdə bu yıxılmış ağaca balta çalanlar arasında ateistlər, solçular, hətta müsəlman və yəhudilər də olub. Hətta bunun ən aşkar misallarının başlanğıcını protestant hərəkatında, daha sonra fransız inqilabı ilə gəlmiş anti-ruhanilik hərəkatında tapa bilərik.
Ümumilikdə xristian tarixi, xüsusilikdə isə kilsə tarixi haqqında haqlı tənqidlərlə yanaşı çoxlu yalanlar da yazılıb. Christopher Hitchens “Tanrı böyük deyil” kitabının bir yerində Cənubi Amerika coğrafiyasını “kəşf” etmiş xristian avropalıların törədiyi cinayətləri sayır və bu ərəfədə yerli xalqların, xüsusilə Maya mədəniyyətinin riyaziyyatda və astronomiyada tərəqqisinə toxunur. Maya xalqının ilk dəfə sıfır konseptini yaratdığını əlavə edir və həmən bu arada kilsəyə, beləliklə də dinə hücum çəkmək ehtiyacı hiss edir:
“Qeyd edilməsi əhəmiyyətli ola bilər ki, orta əsrlərin papalığı həmişə “sıfır” fikrinə yad və bidət bir ünsür olaraq müqavimət göstərib, bəlkə də bu, həmin fikrin iddia olunduğu kimi ərəb (faktiki olaraq isə sanskrit) mənşəli olmasına görə, bəlkə də özündə qorxuducu bir ehtimal daşımasına görə idi.”1
Maraqlıdır ki, bu iddianı edən ilk və yeganə kəs Hitchens deyildir, onun kimi antiteist müəlliflərdən bir çoxu bu səfsətəni kütləviləşdirməyə çalışırlar. Kilsə tarixini cahillik tarixi, qaranlıq dövrün tarixi kimi göstərmək on doqquzuncu əsrdən başlayaraq məşhurlaşıb və Hitchens də eyni karvanın sonundakı dəvələrindən birini dartır. Həqiqət isə budur ki, burada cahilcəsinə davranan Hitchens’in özüdür və “tutar qatıq, tutmaz ayran” prinsipi ilə dəqiqləşdirmədiyi məlumatları kitabına doldurur. Çox gözəl bilir ki, oxucuların böyük əksəriyyəti bu məlumatları dəqiqləşdirmək üçün nə vaxt, nə də imkan tapa bilirlər.
Qeyd etdiyimiz kimi sıfır rəqəmi ilə bağlı bu fikri ilk səsləndirən o deyildir. Həmkarı jurnalist Charles Seife sıfır haqqında “Zero: The Biography of a Dangerous Idea” (Sıfır: Təhlükəli bir Fikrin Tərcümeyi-Halı) adında bir kitab yazıb və bu kitabın mərkəzi fikri sıfrın qadağan edilməsi ətrafında dönür. Amma Hitchensin həmkarı bu iddiası üçün əsaslı tarixi bir sübut təqdim etmir. Yeni ateizmin nümayəndələrindən Peter Atkins də “Galileo’s Finger” adlı əsərində bu iddiaya yer verir və kilsəni bununla ittiham edir. 2
Doğrudur ki, Avropaya ümumilikdə ərəb-hind rəqəmləri, xüsusilə də sıfır təqdim edildikdə bir çox narazılıq ortaya çıxdı. Ən böyük sıxıntılardan biri bu ərəb hərflərindən hansının hansı rəqəmi təmsil etməsi üzərində idi. Bu günə qədər də avropalıların “sıfır” olaraq yazdıqları simvol ərəblərdə “beş” rəqəminə bənzəyir. Ərəblərdə sıfır isə nöqtə olaraq qeyd olunur. Müsəlmanların yanında elm öyrənmiş italiyalı riyaziyyatçı Leonardo Fibonacci (1175-1250) “Liber Abaci” kitabı ilə avropalılara ərəb rəqəmlərini öyrətdiyində onlar üçün “sıfır” ideyası çox ağır gəlirdi. İnsanlar sıfırı bir rəqəm kimi qəbul etmək istəmirdilər. Sıfır necə rəqəm ola bilər axı? Onunla heç bir şeyi bölmək olmaz, amma necə olur ki, onu bir başqa rəqəmin yanına artırdıqda həmin rəqəm böyüyür. Birin yanına sıfır artıtsan on olur, ikinin yanına artırsan iyirmi olur. Bu fikri ilk əvvəl avropalılar dərk etməkdə çətinlik çəkirdilər. Ona görə də sıfırın tam qəbul olunması üçün uzun bir müddət keçməli idi.
Bu cür qarma-qarışıqlıq üzündən Florens şəhərinin idarəçiləri 1299-cu ildə bankirlərə, mühasiblərə ərəb rəqəmlərini istifadə etməyi qadağan etmişdilər.3 Çünki onlar ərəb rəqəmləri ilə yazılan sənədlərdə aldatma imkanının daha asan olduğunu görürdülər. Rəqəmin sonuna bir sıfır artırmaqla tamamilə başqa xərclər və ya qazanclar göstərmək mümkün idi. Ola bilsin ki, sıfırın qadağan olunması şayəsi buradan qaynaqlanır. Amma gördüyümüz kimi qadağa kilsənin keşişləri tərəfindən deyil, bankın keşişləri tərəfindən verilmişdi. Qısacası heç bir roma papası heç bir zaman dini motivlərə əsasən sıfırı və digər ərəb rəqəmlərini qadağan etməyib. Başqa sözlə desək, bu bir əfsanə və cəfəngiyatdır.
Elm tarixçisi və fizik James Hannam “God’s Philosophers” və “The Genesis of Science” kitabında bunun bir mif olduğunu qeyd edir.4 O əlavə edir ki, İspaniyadakı müsəlmanların istifadə etdikləri rəqəm yazılışı Şərqdəki müsəlmanların yazılışından fərqlənirdi və avropalıların qəbul etdikləri rəqəmlər İspaniyadakı müsəlmanların rəqəmlərinə uyğun idi. Kilsə tarixçisi Dale Albert Johnson “Newton Minbərdə” adlı kitabında din ilə təbiət elmləri arasında konfliktin olmasını dəstəkləyən əfsanələrə misal verərkən bunu ikinci yerdə qeyd edir.5 Burada doğru olan bunun əksini iddia etməkdir; çünki Avropanı ərəb rəqəmləri ilə ilk dəfə tanış edən məhz Uriyaklı Gerbert (Gerbert of Aurillac) olub6 və o, 999-cu ildə roma papasi seçilib və tarixə ikinci Sylvester adı ilə düşüb.
| Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından
Dipnotlar
- “God is Not Great”, səh: 89;
- Peter Atkins, “Galileo’s Finger: The Ten Great Ideas of Science”, səh: 319; Oxford University Press, New York, 2003
- C.J. Budd, C.J. Sangwin, ”Mathematics Galore”, səh: 203; Oxford University Press, New York, 2001
- James Hannam, “The Genesis of Science: How the Christian Middle Ages Launched the Scientific Revolution”, səh: 153; Regnery Publishing, Washington, 2011
- D.A. Johnson, “Newton in the Pulpit”, səh: 31; New Sinai Press, 2017
- E. R. Truitt, ”Medieval Robots: Mechanism, Magic, Nature and Art”, səh: 74; University of Penssylvania Press, 2015
Cavab yaz