Alman Reyxi, əl-Hüseyni, Rəsulzadə, Düdənginski və sionist propaqanda

Bu gün İsrail dövlətinin apardığı propaqanda ilə fələstinliləri hər cür qaralamaq üçün əsassız və ya şişirdilmiş, həmçinin, təhrif olunmuş məlumatlar yayılır. İsrailin baş naziri Netanyahu hələ 2015-ci ildə Sionist Konqresində çıxışında belə bir iddia irəli sürmüşdü: “Hitler o zaman yəhudiləri məhv etmək istəmirdi, o, yalnızca yəhudiləri sürgün etmək istəyirdi. Həcc Əmin əl-Hüseyni buna görə Hitlerin yanına getdi və dedi: “Sən əgər onları qovsan, onlar hamısı bura (yəni Fələstinə) gələcəklər.” Hitler soruşdu: “Bəs nə edim?” Müfti dedi: ”Yandır onları!”1 Netanyahu bu iddianı ilk dəfə deyildi ki, səsləndirirdi. Maraqlıdır ki, İsrailin öz tarixçiləri Netanyahu’nun tarixi saxtalaşdırmaq cəhdlərinə kifayət qədər cavab veriblər. Bu tarixçilər Həcc Əmin əl-Hüseyni’nin antisemit olduğunu desələr də, onun yəhudi soyqırımı ilə heç bir əlaqəsinin olmadığını təsdiqləyirlər. Müftinin əsas qayğısı Fələstinin müstəqilliyi üçün Almaniyanın dəstəyini qazanmaq idi.2 Hansı ki, eyni məqsədlə Reyx rəsmiləri ilə görüşlər keçirənlər arasında azərbaycanlılar da var idi.

Məlumdur ki, Azərbaycanın siyasi liderləri də zamanında Alman Reyxi ilə əməkdaşlıq etmək üçün təkliflər irəli sürürdülər. Bu, təkcə Azərbaycana aid deyildi; Sovetlər İttifaqının zülmündən qurtulmaq üçün müharibədə digər tərəfin dəstəyinə ümid edənlər arasında tatarlar, başqırdlar da var idi. Zəki Vəlidi Toğan, Məmməd Əmin Rəsulzadə və Əhməd Cəfəroğlu “Müharibə əsirləri düşərgəsindən türk əslli məhbuslardan seçilməklə nasist alman ordusunda vuruşmaları üçün döyüş dəstələri hazırlanması fikrinə dəstək verirdilər.”3 

Rəsulzadə 1943-cü ilə qədər Azərbaycanın müstəqilliyini tanımaq qarşılığında Hitler administrasiyası ilə danışıqlar içində idi və yalnız belə bir vədin almanlar tərəfindən verilməyəcəyini anladıqdan sonra o, danışıqları tərk edir və Türkiyəyə gəlir. Yalnız müharibənin sonlarında Reyx ordusunda xidmət edəcək müsəlman əsgərlər üçün imamlar hazırlamaq məqsədi ilə qurulmuş məktəbə müəllimlər axtarılarkən Məmməd Əmin Rəsulzadə yada düşür və Reiner Olzscha belə bir təklifi suriyalı Rida Muhəmməd İstanbuli’yə və Məmməd Əmin Rasulzadəyə təklif edir. Lakin Rasulzadə yaşlı olmağını səbəb göstərərək bu təklifdən imtina edir.4 Reyxin generallarından Niedermayer özü etiraf edirdi ki, Rasulzadə Azərbaycanın müstəqilliyinin təminatı qarşılığında Reyx ilə əməkdaşlıq etməyə razı idi.5Əlbəttə ki, bunların heç biri Reyxin törətdikləri cinayətlərə azərbaycanlı liderlər tərəfindən dəstəyin olduğunu sübut etmir.

Maraqlı faktlardan biri də budur ki, Nazi Almaniyasında ruslara qarşı vuruşmaq üçün yaradılmış azərbaycan legionuna başçılıq etmiş Mayor Əbdürrəhman Fəthəlibəyli-Düdənginski ilə Müfti Həcc Əmin əl-Hüseyni arasında yaxşı münasibətlər olub. Schechtman’ın təqdimatına əsasən müsəlman legionların – o cümlədən, Azərbaycan legionunun – yaradılmasında müftinin böyük rolu olub.6 Enver Altaylı özbək əslli Ruzi Nazar haqqında maraqlı bir kitab yazıb. Ruzi Nazar Berlində Düdənginski ilə tanış olmuşdu və onunla növbəti dəfə 1945-ci ildə İtaliyada Komo gölünün yanında qarşılaşır: “Əsir düşərgələrində tutulmaları halında həyatda qalmaq ehtimalı olmayan onminlərlə azərbaycanlının yaşaması və Azərbaycanın müstəqilliyi üçün vuruşan bir orduya ehtiyacı olduğundan, Düdənginski, Rəsulzadənin razılığı ilə almanlarla əməkdaşlıq içində idi… 

Ruzi, Azərbaycan Milli Komitəsində Düdənginski ilə birlikdə çalışan yaxın dostu Fuad Əmircanın halı ilə maraqlandı. Ona Əmircan’ın qaldığı yeri və nə etdiyini soruşdu. Əmircan, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Respublikasının maliyyə naziri Əbdüləli Bəy Əmircanov’un oğlu idi. İstanbulda Qalatasaray liseyini bitirmiş, daha sonra isə universitet təhsili üçün Fransaya getmişdi. Müharibə başladıqda Berlinə gəlmiş, azərbaycanlı müharibə əsirlərinin xilas olması və Azərbaycan legionunun qurulması üçün çalışarkən Düdənginski ilə əsir düşərgəsində görüşmüş və dost olmuşdu. Düdənginski, Fuadın nasistlərin mövqeyindən narahat olduğunu və bu səbəbdən Parisə döndüyünü söylədi.” Bu görüşdə Ruzi, “Düdənginskinin, azərbaycanlı legioner əsgərlərin Sovetlərin əlinə keçməməsi məsələsində köməyini əldə etmək üçün, Qüds müftisi Əmin əl-Hüseyni ilə görüşməyə Roma şəhərinə getdiyini öyrəndi.“7

Fəthəlibəyli Düdənginski daha sonra İtaliyada ikən döyüşlərdə amerikalılara əsir düşür və bir müddət müharibə əsirləri üçün nəzərdə tutulmuş düşərgədə qalır. Lakin hansısa yolla o, Sovetlər İttifaqına repatriasiya olunmaq taleyindən qurtulur və 1948-ci ildə Romada yerləşir; Sovetlər əleyhinə və müsəlmanların maraqları üçün çalışan bir publisist olur. Onun hazırladığı pamfletlər Romada fəaliyyət göstərən bəzi fələstinlilərin təqdirini qazanır və o, Misirə dəvət edilir. Orada Düdənginski hərbi ekspert kimi çalışır, hətta 1948-ci ildə İsrail ilə gedən müharibədə iştirak etmiş olması da ehtimal edilir. Dediyinə görə hərbi əməliyyat planları hazırlasa da, ərəblər bu planları icra etməmişdilər.8 Daha sonra bəzi fələstinli liderlər ilə birlikdə İordaniyaya gəlir və ordan tədricən Türkiyəyə keçərək İstanbulda qərar tapır. Qahirədə ikən antisovet siyasi pamfletlər yazıb ABŞ və Britaniya rəsmilərinə göndərdiyini deyən Düdənginski daha sonra İstanbulda olarkən onlardan iş təklifi alır. Azadlıq Radiosunda işləmək üçün Münhenə intervyu olunmağa gedir və daha sonra yenidən İstanbula qayıdır. 1950-ci ildə Münhenə köçən Fəthəlibəy jurnalistika fəaliyyəti ilə məşğul olur və Bolşevizmdən Azadlıq uğrunda Amerikan Komitəsi qurulduqda amerikalılar Düdənginskini ora daxil edirlər.9 O, Münhen şəhərində Azadlıq Radiosunda Azərbaycan bölməsində baş redaktor vəzifəsinə gətirilir. Azadlıq Radiosunda çalışan həmkarı belarus Leonid Karas 1954-cü ildə Münhen yaxınlığında çayda boğulmuş halda tapıldı. Bundan iki ay sonra, noyabr ayının 22-sində yaşlı bir qadın evini təmizləyərkən divanın altında əlləri arxadan bağlı şəkildə, üzü üstə yatırılmış bir kişi cəsədi tapdı. O, polisə xəbər verərkən ölünün sovetlərdən mühacirət etmiş Mixail İsmailov olduğunu dedi, çünki İsmailov mətbəx üçün kirayə pulu ödəyirdi və bəzən oradan istifadə edirdi; onun mətbəxi istifadə etmək üçün açarı var idi. Qadın cəsədin üzünü görə bilmirdi, çünki paltosu başına sarılmışdı. Cəsədi incələmiş ekspert belə qərar gəldi ki, başından küt alətdən vurulduqdan sonra boğularaq öldürülmüşdü. Bu zaman Fəthəlibəy bir neçə gün işə çıxmadı və nəticədə onun mənzilini axtardılar, lakin mənzilində heç kimin olmadığını gördülər. Polis İsmailovun ölümündə Düdənginski şübhəli şəxs olaraq qeydiyyata aldı, lakin daha sonra dəfn olunmuş şəxsin İsmailov yox, Düdənginski olması barədə şayə yayıldı. Bundan sonra qəbri yenidən açan polis cəsədin Düdənginskiyə aid olduğunu təsdiqlədi.10

Bu gün qəbul edilmiş versiyaya görə Mixail İsmailov əslində KQB-nin əməkdaşı idi. İsmailov da azərbaycanlı idi və o da Düdənginski kimi almanların azərbaycanlı legionerlərdən ibarət qurduqları “Aslan” batalyonunda sovetlərə qarşı vuruşmuşdu. Xəbərlərə görə o, batalyonu tərk edərək italyan partizanlarına qoşulur, əsir düşür və bir neçə düşərgədə qalır, daha sonra azad edilir. O, İtaliyada qalır, italiyalı bir qadın ilə ailə qurur və ondan iki uşağı olur. O, daha sonra 1951-ci ildə Sovetlər İttifaqına qayıtmaq üçün qeydiyyata alınır və ailəsini tərk edərək Neapoldan gəmi ilə yola düşür. Qayıtdıqda dezertir kimi həbs olunur və 25 il həbs cəzası ilə üzləşir. 1952-ci ildə o, Drezden şəhərinə gəlir, orada onu italiyalı arvadı və uşaqları qarşılayır. İsmailov 1953-cü ildə Almaniyanın sovetlər tərəfindən kontrol olunan hissəsini tərk edərək amerikalıların zonasına gələ bilir. Orada Nuremberg’də bir neçə həftə köçkünlər üçün düşərgədə qaldıqdan sonra Münhenə köçmək icazəsi alır. Düdənginskinin ölümündən bir il əvvəl, yəni 1953-cü ilin noyabr ayında ABŞ kəşfiyyat orqanları İsmailovun casus olmasından şübhələnirlər, lakin alman polisinin səriştəsizliyi nəticəsində İsmailov sadəcə iki aylıq həbsdən sonra sərbəst buraxılır.11 Bir versiyaya görə İsmailov məhz Sovetlər İttifaqına qarşı fəaliyyət aparan fəalların, xüsusilə də Düdənginskinin öldürülməsi üçün göndərilmişdi.12

Onu da əlavə edtmək mümkündür ki, Alman Reyxi ilə hələ 1933-cü illərdən etibarən sionistlər arasında gizli münasibətlər olub. 1933-cü ildən başlayaraq bütün qəzet və jurnallar almanların Propaqanda Nazirliyinə tabe edildiyi halda yalnız sionistlərin “Jüdische Rundschau” qəzetinə müstəqil şəkildə fəaliyyət göstərilmə izni verilmişdi. Həmçinin Almaniyada yəhudilərə qarşı poqromlar başladığı müddətdə Almaniyaya qarşı boykot hərəkatına start verilməsinə baxmayaraq Almaniyadakı və Fələstindəki sionist qruplar Reyxin iqtisadiyyatının çalışması üçün boykot əleyhinə fəaliyyətlərdə idilər. 

1933-cü ilin yayında sionistlər ilə Almaniya İqtisadiyyat Nazirliyi arasında başladılmış danışıqların nəticəsi olaraq “Haavara” razılaşması imzalandı. Bu razılaşmaya əsasən yəhudilərə öz mülklərini götürərək Fələstinə köçmək imkanı verilirdi və almanların buradakı qazancı bu idi ki, köç edən yəhudilər alman mallarını satın almaqla bunu edə biləcəkdilər. Ernst Marcus’un yazdıqlarına əsasən bu dövrdə sionistlərin lideri Chaim Weizmann ilə alman dövlət katibləri von Schubert və von Bulow arasında görüşlər baş vermişdi.13 Sionist qrupları içində ən radikal falanqı təmsil edən Yehoshua Yeivin və Abba Ahimeir kimi sionistlər açıq şəkildə Hitleri və Mussolini’ni tərifləyirdilər, onları nümunə götürməyi təklif edirdilər.14

Reyxin kəşfiyyat orqanlarının da sionistlər ilə əlaqələri var idi. Sionistlərin müdafiə dəstələrini təşkil edən Haganah təşkilatının komandirlərindən olan Feivel Polkes almanlar tərəfindən Berlinə dəvət olunur. 1937-ci ilin fevral ayının 26-sından mart ayının 2-sinə qədər Polkes Berlində SD agentləri ilə görüşür, onların arasında məşhur Adolf Eichmann da var idi. Polkes bu görüşlərdə Haganah təşkilatının maraqlarının yalnız bir şey olduğunu ifadə edirdi; sionist liderlər Almaniyadakı yəhudilərin yalnız və yalnız Fələstinə köç etməklərini və o ərazidə demoqrafik üstünlüyü əldə etməyi istəyirdilər. Bu, nasistlərin planları ilə uzlaşırdı. Polkes öz əməkdaşlıq iradəsini göstərmək üçün hətta Eichmann’ı Fələstinə yəhudi koloniyalarını ziyarət etməyə dəvət etdi. 1937-ci ilin noyabr ayında Eichmann və Herbert Hagen artıq Fələstində Haifa şəhərində enmişdilər və Haganah təşkilatı onları Haifa şəhərində gəzdirirdi. 

Sionist tarixçilər yəhudilərin məşhur qatili Adolf Eichmann’ın sionistlər tərəfindən Fələstinə dəvət olunması faktını gizlətmək üçün yeni bir tarix uydurdular; onlara görə Eichmann Fələstinə fələstinli üsyankarlar ilə, xüsusilə də, Həcc Əmin əl-Hüseyni ilə görüşməyə gəlmişdi. Bu yalanı uyduran məşhur sionist Simon Wiesenthal idi ki, hələ 1947-ci ildə Eichmann’ın Fələstində ərəblər arasında agent şəbəkəsini qurduğunu iddia edirdi. 1951-ci ildə Leon Poliakov buna bənzər bir versiyanı Die Welt qəzetində nəşr etdi və Gerald Reitlinger iki il sonra bunu ordan götürərək “The Final Solution” kitabına daxil etdi. Bundan sonra bu əfsanə böyüdü, hətta amerikalı yazıçı Quentin Reynolds yazırdı ki, Eichmann guya xüsusilə Qüdsün müftisini ziyarət etmək üçün gəlmişdi. Eichmann’ın bioqrafiyasını yazmış Comer Clarke daha da irəli gedərək Eichmann’ın özü ilə fələstinli üsyankarlar üçün 50 000 dollar dəyərində “nasist qızılı” gətirdiyini yazıb. Bütün bunları təfsilatlı şəkildə qeyd edən Polkehn əlavə edərək deyir: “Bu əfsanələr həqiqi hadisələr ilə müqayisə edildikdə Eichmann’ın məhkəməsinin başqa heç bir yerdə yox, məhz İsraildə keçirilməsi üzərində israrlı olmasının ən azından bir səbəbi aydınlaşmış olur; yalnız İsraildə sionistlərin nasistlər ilə əlaqələri ictimaiyyətdən gizli qala bilərdi.”15

Bu ziyarətdən həmən sonra sionistlər yəhudilərin Fələstinə miqrasiyası üçün Mossad Aliya Beth təşkilatını qurdular və faşistlərin razılığı ilə Berlində fəaliyyətə başladılar. Bu məqsədlə Fələstindən Berlinə iki emissar, Pina Ginsburg və Moshe Auerbach göndərilmişdi. Ginsburg orada Gestapo ilə görüşmüşdü. 1938-ci ilin yay ayında Eichmann daha bir Mossad agenti ilə, Bar-Gilead ilə Vyana şəhərində görüşmüşdü. Bar-Gilead yəhudilərin Fələstinə köç etmədən əvvəl təlim olunmaqları üçün bir təlim düşərgəsinin açılmasına Eichmann’dan icazə aldı. 1938-ci ilin sonlarına qədər minə yaxın yəhudi bu düşərgələrdə təlim almışdılar.16Sionistlərin ən radikal silahlı qruplarından olan Lehi qrupu, başqa adı ilə Stern dəstəsi hətta 1941-ci ildə Nasist Almaniyası tərəfində vuruşmağı təklif etmişdi.17

İsrail dövləti qurulandan bəri diktatorlar ilə və radikal sağ qruplar ilə yaxından əlaqələr qurmaqla, onlara bəzən siyasi, bəzən də hərbi dəstək verməklə tanınıblar. İsrailin bu baxımdan Cənubi Afrikadakı aparteid rejim ilə, həmçinin, Argentinadakı xunta rejimi, Çilidəki Pinoçet diktatorluğu ilə isti münasibətlərdə olması tədqiqatçı jurnalistlər tərəfindən işlənib hazırlanmış materiallarda mövcuddur. İsrail dövləti həmçinin Boliviyadakı, Quatemaladakı xuntalara da silah satmışdı. Eləcə də bosniyalı müsəlmanlara qarşı soyqırım və qətliamlar törətmiş Serbiya milliyyətçilərinə də silah dəstəyi vermişdi. 2016-cı ildə isə Myanmardakı qətliama və müharibə cinayətlərinə baxmayaraq oranın hərbi xuntası ilə münasibətlərini qorumuş və onlara hər cür hərbi sursatın satılmasına razılıq vermişdi.18

Dipnotlar

  1. https://www.theguardian.com/world/2015/oct/21/netanyahu-under-fire-for-palestinian-grand-mufti-holocaust-claim
  2. https://www.washingtonpost.com/news/worldviews/wp/2015/10/22/the-real-reason-a-palestinian-mufti-allied-with-hitler-its-not-so-shocking/
  3. Behlül Özkan, “From the Adobe of Islam to the Turkish Vatan”, səh: 173; Yale University Press, New Haven, 2012
  4. David Motadel, “Islam and Nazi Germany’s War”, səh: 259-260; The Belknap Press of Harvard University Press, Cambridge, 2014; (213 nömrəli qeyd)
  5. Enver Altaylı, “A Dark Parth to Freedom: Ruzi Nazar, from the Red Army to the CIA”, səh: 94-96; Hurst & Company, London, 2017
  6. Joseph B. Schechtman, “The Mufti and the Fuehrer: The Rise and Fall of Haj Amin El-Husseini”, səh: 141; T. Yoseloff, 1965
  7. Altaylı, səh: 96-98;
  8. Arch Puddington, “Broadcasting Freedom: The Cold War Triumph of Radio Free Europe and Radio Liberty”, səh: 229; The University Press of Kentucky, 2000
  9. Richard H. Cummings, “Cold War Radio: The Dangerous History of American Broadcasting in Europe: 1950-1989”, səh: 34-37; Macfarland & Company, Jefferson, 2009
  10. Puddington, səh: 228; Cummings, səh: 35
  11. Cummings, səh: 37-38;
  12. Altaylı, səh: 148;
  13. Polkehn, K. (1976). The Secret Contacts: Zionism and Nazi Germany, 1933-1941. Journal of Palestine Studies, 5(3/4), səh: 55–68
  14. Joseph Heller, ”The Stern Gang: Ideology, Politics and Terror, 1940-1949”, səh: 21-22; Routledge, Oxon, 2004
  15. Polkehn, səh: 72-73
  16. Polkehn, səh: 74-76
  17. Polkehn, səh: 78-79
  18. https://lobelog.com/israels-sordid-history-of-supporting-dictatorships