“Pascal mərci” və Allahın varlığı

Blaise Pascal deyir:

“İşin sonunda insan övladı təbiətdə nədir? Əbədiliyə nisbətdə bir heçdir, heçliyə nisbətdə isə hər şeydir; heç ilə hərşeyin arasında orta nöqtədir… içindən çıxarıldığı heçi və içinə sorulmaqda olduğu əbədiliyi görməkdən eyni dərəcədə acizdir.”

İnsanlar müxtəlifdir; onların içərisində öz varlığı üzərində düşünən, həyatın mənası haqqında maraqlanan, bir sözlə ona bəxş edilmiş beynini istifadə edərək ətrafını dərk etməyə çalışanlar olduğu kimi bu suallar üzərində düşünməyi – ya lisənul-məqal ilə, ya da lisənul-hal ilə – mənasız hesab edənlər də vardır. Bu ikincilərin arasında dünyanı sadəcə əyləncə meydanı görən şəhər tipləri vardır. Modern həyatımızda bu birincilər azalmaqda, ikincilər isə çoxalmaqdadır.

Həm birincilərin, həm də ikincilərin arasında ateistləri olduğu kimi müəyyən dərəcədə din yaşayanlar da vardır. İkincilərin arasında ateist olmaq asandır, çünki onsuz da öz varlığın, kainatın və əbədiyyatın varlığı üzərində düşünmürsən və dindən uzaq, heç bir məhdudiyyət olmadan yaşamaq asandır. Lakin birinci qrupa aid olan insanların arasında ateist olmaq çətindir, çünki üzərində düşündüyün suallara ateistik dünya görüşü ilə cavab verdiyində hər şey qorxunc görünür, heç bir şey sənə xoş gəlmir; çünki hədəf və məqsədi inkar etməlisən, azad iradəni inkar etməlisən, obyektiv mənəviyyatı inkar etməlisən, kainatın və insanın sonunun sadəcə bir heç, soyuq bir boşluq olduğuna inanmalısan. Bu cür gördüyün dünyada bu cür cavablarla yaşamaq asan deyildir, olduqca çətindir. İşin daha da qorxunc tərəfi budur ki, Blaise Pascal’ın “mərci” Damokles qılıncı kimi, hətta daha dəhşətli aqibət ilə başlarının üstündə asılı vəziyyətdədir:

Əgər onlar haqlıdırsa, onlar bir şey qazanmış olmurlar, nə də nəsə uduzmurlar. Əgər biz haqlıyıqsa o zaman onlar yenə heç bir şey qazanmırlar, amma uduzduqlarını təsəvvür etmək belə insanın nəfəsini kəsir.

Bunun ən acı tərəfi isə budur ki, Pascal’ın mərcinə əsasən, sırf hesab olaraq, bir tacir kimi iman gətirmək də mümkün deyildir.