Quran və apokrifik İncillər

21-ci əsrdə bir çox bilginin əlinin altında hazır olduğuna baxmayaraq kitab adlarını, adi terminləri üzündən düzgün köçürə bilməyən kopipeystçinin Quranın yəhudi qaynaqlarından köçürülməsi şübhəsinə keçən yazımızda cavab verdik. Kopipeystçi sözlərinə belə davam edir:

«..Quranda xristian opoqrafik hekayələri də yer almışdır. Bakirə Məryəm İncil’ə görə Yehoyakimin qızıdır, lakin Quranada o İmranın qızı və Harunun bacı kimi qeyd edilib. Musanın və Harunun bacısı Məryəmlə İsa Məsihin anası Məryəm arasında hardasa 1300-1500 il fərq var. Bu hekayə də Qurana başqa bir yəhudi kitabından alınmışdı. Məryəmə mələklərin yemək gətirməsi hekayəsi də “Xilaskarın uşaqlıq illəri və Məryəmin doğulması” kitabında deyilir. Müqəddəs Kitabda İsanın beşikdə danışması deyilmir. Amma bu Quranda var, bu hekayə də həmən kitabda Quranda olduğu kimi var. Bu mif əslində Hindistanda Buddanın (oxşar olaraq Horos və Mitra) doğum mifindən Qurana alınmışdır. Bu əfsanə Məsihin doğulmasından 557 il əvvəl deyilib və bu hekayə “Didana Katta Yakot Kopt” adlı kitabda yazılmışdır və hekayə həmin kitabın 1-ci bölümünün 15-ci səhifəsində yazılıb.

 Məsihin quşlara can verməsi Quranın Ali-İmran surəsində deyilir, lakin bu hekayə İncildə yoxdur, amma bu əhvalat ilk dəfə Qurandan çox-çox əvvəl yazılan “Məsihin uşqalıq illəri” kitabının 36-cı bölümündən götürülərək Qurandakı kimi yazılmışdır. Bu insanları əyləndirən çox populyar bir mofoloji kitabdır. Qurandakı Cənnətdən enən süfrə hekayəsi də mifoloji kitablarda yazılıb. Həmçinin Qurandakı mağara adamları (Əshab-i Kəhf) hekayəsi də ondan əvvəl kopt kilsəsinin “Senec Seriyan” kitabında yazılıb.»

İddiaya münasibət

İlk öncə “opoqrafik” İncillər mövcud deyildir, mövcud olan “apokrifik” İncillərdir ki, bu, kilsə tərəfindən müqəddəs qəbul edilməyən kitablardır.

İsa Məsihin anası Məryəmin Harunun və Musanın bacısı olması şübhəsinə gəldikdə, Qurandan xəbəri olan bunun batil bir iddia olduğunu dərhal anlayır. Lakin yenə də bunu bir neçə misrada izah edək:

1) Musanın və Harunun hekayələri Quranda ən çox zikr olunan hekayələrdəndir, həmçinin Məryəmin və İsanın hekayələri bir neçə dəfə təkrarlanan qissələrdəndir, hətta Quran Musanın və Məryəmin doğulmalarını xüsusi zikr edir, lakin heç bir yerdə bu iki şəxsiyyəti digərinin qissəsində zikr etmir. Deməli, Quran iddia olunan kimi Məryəmi Musa və Harunun bacısı etmir. Peyğəmbərin hədislərində də belə bir şey tapmırıq. Ali İmran və Məryəm surəsində Məryəmin qissəsi zikr edildikdə onunla bərabər Zəkəriyyənin də qissəsi zikr olunur, çünki Zəkəriyyə Məryəmin kəfili olub. Musa və Harunun adı isə qeyd olunmur.

2) Musa Misirdə doğulmuş və Beytul Maqdisə daxil olmadan vəfat etmişdir. Məryəm isə Fələstində doğulmuşdur.

Əlavə olaraq:

3) Qurandan Musa və İsa arasında uzun zaman keçdiyi asanlıqla anlaşılır. Quran Musadan sonra peyğəmbərlərin gəldiyini və bəzən onların yahudilər tərəfindən yalanlandıqlarını və bəzən öldürüldüklərini də qeyd edir. Adları ilə qeyd olunan peyğəmbərlərdən Davud və Süleymanı zikr edə bilərik. İsa bu peyğəmbərlərin sonuncusudur. Necə olur ki, Musa İsanın dayısıdır, ikisi də peyğəmbərdir, lakin ikisi arasında peyğəmbərlər vardır?! (Bax Nisa 153-158, Maidə 70). Eyni zamanda unutmayın ki, Quran yəhudiləri Tövratı təhrif etməkdə ittiham edir, necə olur ki, Tövratın təhrifi eyni nəsildə baş verir?

4) Quran iki yerdə Musanın bacısını zikr edir (Taha 40, Qasas 11-12), lakin heç bir yerdə onun adını zikr etmir, baxmayaraq ki, İsanın anası Məryəmin adı Quranda 34 dəfə zikr olunur! Eyni zamanda unutmayın ki, Musanın bacısı Misirdə yaşayır, Quran isə Məryəmin Fələstində doğulduğunu qeyd edir.

5) Yahudilərin Məryəmi zinada ittiham etdiyi zaman Musa və Harun bacılarının müdafiəsində durmamalıdırmı? Lakin bu qissədə də onlar haqda bir hərf belə yoxdur.

Bütün bunlardan sonra aydın olan odur ki, Quran İsanın anası Məryəmi Musanın və Harunun bacısı etmir. Bibliya ilə fərqlilik isə odur ki, Quran Məryəmi İmranın qızı edir, Bibliya isə Məryəmin atasını Joachim adlandırır. Maraqlısı isə budur ki, bu ad kanonik İncillərdə deyil, apokrifik İncil olan “Gospel of James”ə aiddir. Hətta bu ad kanonik Bibliyada gəlsə belə hər kəsə məlumdur ki, Bibliyanın nəsəbləri təyin etməkdə tarixi fakt kimi qəbul etmək olmaz.

Məryəmin Harunun bacısı edilməsi

Məryəmin Harunun bacısı edilməsinin cavabını isə Peyğəmbər ﷺ özü vermişdir! Nəcran Xristianları onun bu məsələdə xəta etdiyini Muğirə ibn Şu`bə adlı səhabəyə demiş, Allah Rəsulu bunu bildikdə: “Nəyə görə onlara xəbər vermədin ki, onlar (yəhudilər) özlərindən öncə olan peyğəmbərlərin və salehlərin adlarını qoyurdular”? (Səhih Muslim). Hədisin mənasında ixtilaf vardır: bəziləri Məryəmin qardaşı Harunun Musanın qardaşı Harun olmadığını, sadəcə onun adını daşıdığını demiş, digərləri isə yəhudilərin Məryəmi Harunun nəslinə nisbət etdiklərini qeyd etmişlər, ona görə də yahudilər Məryəmi Haruna nisbət edirlər, əgər o Harun və Musanın həqiqi bacısı olsa idi, heç bir şəkk yoxdur ki, onu Musanın bacısı adlandırardılar, çünki Musa Harundan daha fəzilətlidir. Hər bir halda hədis “özlərindən öncəki peyğəmbərləri” qeyd etməklə Quranın Məryəmin Musa və Harunun bacısı olduğu iddiasını rədd edir.

Apokrifik İncillərə gəldikdə isə deyirik:

Bu apokrifik İncillər iki yerə bölünür. Onlardan bəziləri Qurandan sonrakı dövrə aiddir. Misal üçün, İsanın beşikdə danışması hekayəsi Arabic İnfancy Gospel adlanan apokrifik incildə varid olmuşdur. Bəzi araşdırmaçılar bu kitabın Qurandan öncə yazıldığını iddia edib. Lakin bunu isbat etmək üçün gətirdikləri yeganə dəlil eyni qissənin həm Quranda, həm də bu kitabda varid olmasıdır. Dedikləri budur ki, Quran bu qissəni bu kitabdan alıb, deməli bu kitab Qurandan öncə yazılıb. Ağlı başında olan hər kəs bunun dəlil olmayacağını anlayır, çünki bu kitabın Qurandakı qissəni alması eyniylə möhtəməldir. İslamdan sonrakı yahudi və xristian mədəniyyətlərinin Qurandan nə qədər təsirləndiyini nəzərə alsaq bunun daha möhtəməl ola biləcəyini deyə bilərik.

Bu kitab Qurandan təsirlənmişdir!

Biz keçən yazımızda qeyd etdiyimiz kitabların necə Qurandan təsirləndiyini gördük, ona görə də bu iddianın tam əksini iddia etmək daha məntiqlidir: bu kitab Qurandan təsirlənmişdir! Bizim dediyimizi təsdiqləyən bir çox araşdırmaçı var. 1 2 3 4

Həmçinin bu rəyi dəstəkləyən bir çox səbəb var: Bu kitabı ilk dəfə 9-cu əsrdə İshodad of Merv adlı yepiskop zikr edir; ən qədim əlyazmalarda açıq aydın İslam mədəniyyətinə aid olan sözlər istifadə olunur, misal üçün, əlyazma bəsmələ ilə başlayır, digər İncillərdə çox nadir olan “Məryəmin oğlu İsa” xitab forması bu kitabda barizdir. Bunlar və digər səbəblər bizim dediyimizin daha doğru olduğunu təsdiqləyir. Bəzi araşdırmacılar isə kitabın assiriya dilindəki əslinin Qurandan daha qədim olduğunu desə də, sırf bu qissənin sonradan əlavə edildiyinə işarə edir.  5

Apokrifik İncillər haqda:

Apokrifik İncillərin bəzilərinin isə ümumən Qurandan öncə mövcud olduğu qəbul edilir. Buna misal kimi İsanın quşlara can verməsinin qeyd olunduğu “İnfancy Gospel of Thomas”ı və Mələklərin Məryəmə yemək gətirməsi qeyd olunan “Gospel of James”ı qeyd edə bilərik. Gospel of Thomas ikinci əsrin ortalarına aid olunur, həmçinin Gospel of James də ikinci əsrin ortalarına aid edilir, ondan bəzi hissələrin isə bundan da əvvəlki dövrə aid olduğu söylənilmişdir. 6

Bu nə deməkdir? Bu o deməkdir ki, bu İncillər kanonik hesab olunan dörd İncil ilə çox yaxın vaxta aiddir. Hətta bəziləri Gospel of James`ın dörd kanonik İncilin əslini təşkil etdiyini iddia etmişlər. 7  Deməli bu kitabların kanonik İncillərdən fərqi yoxdur, yeganə fərq odur ki, Nikeya Kilsə Məclisində imperatorun dəstəyini qazanan tərəf bu kitabları kanonik deyil apokrifik etməyə qərar vermişdir! Ona görə də Quranın bu kitablara müvafiq xəbərlərlə gəlməsi kanonik İncillərə müvafiq olması kimidir.  Biz digər yazımızda bunun eyib deyil, əksinə Quranın Allahdan vəhy olduğuna dəlil olduğunu qeyd etmişik.

Allah Rəsulu apokrifik İncillərdən xəbərdar idimi?

Apokrifik İncillər haqqında bu qədər deməyimiz kifayətdir, lakin bəzi əlavələr edək.

1) Allah Rəsulunun yaşadığı cəmiyyətdə ərəblərin apokrifik İncillər haqda xəbərləri yox idi. Ona görə də oriyentalistlərin Encyclopaedia of Islam adlı kitabı  bu xəbərlərin “şifahi yolnan” nəql olunduğunu qeyd edir. 8  Lakin bu iddia da batildir, çünki belə olduğu təqdirdə Məkkə müşrikləri bu qissələrdən xəbərdar olar və Allah Rəsulunu yalanlayardılar, onlar isə bu qissələrin doğru olub olmadığını Mədinədə olan yəhudilərdən soruşurdu! Üstəlik digər yazımızda isbat etdik ki, ərəblərin kanonik İncillərdən belə xəbəri  olmayıb, o zaman apokrifik İncillərdən necə xəbərdar olsunlar?

2) Bu apokrifik İncillərin Allah Rəsulunun dövrünə aid heç bir ərəb tərcüməsi olmayıb, Allah Rəsulu isə ərəb dilindən başqasını bilməyib, heç ərəb dilində oxumağı da bacarmayıb!

3) İslam dininə qarşı ittihamlar John of Damascus adlı keşişdən başlayır, o isə Müaviyənin hökm etdiyi dövrdə anadan olmuşdur. Lakin biz nə onun, nə də qədim xristian alimlərinin apokrifik incillər haqda danışdığını görmürük. Əgər bu kitablar o zamanki ərəb cəmiyyətində geniş yayılsaydı İslama qarşı kitablar yazan xristian alimləri bu fürsəti əldən verməzdi.

Son söz:

Bu şübhələrin əsl yazarı olan xristianları anlamaq olar. Onlar apokrif kitabların, həmçinin yəhudilərin kitablarının müqəddəsliyinə inanmır, onların mif olduğuna inanır, ona görə Muhammədin bu kitablara müvafiq xəbərlərlə gəlməsini onun həqiqətə uyğun danışmadığına dəlil edirlər. Lakin bu şübhəni gözübağlı tərcümə edən dinsizlər nə bu kitabların, nə də kanonik Bibliyaya aid olan heç bir kitabın doğruluğuna inanmır və bununla özlərinə böyük bir problem yaratmış olurlar. Əgər xristianlar yazıb oxumağı bacarmayan, heç bir zaman dini təhsil almayan Muhammədin (protestant inancına görə) 66 kitabdan ibarət kanonik Bibliya haqda hardan məlumat aldığını izah etməli idilərsə, bu dinsizlər işlərini daha da çətinləşdirdilər. Onlar Bibliyaya izafə Allah Rəsulunun müxtəlif dillərdə (yunan, latın, qıpti, assiriya) və müxtəlif regionlarda yazılmış cildlərlə yahudi midraşları, Talmud, apokrifik İncillər haqda hardan məlumat aldığını izah etməlidirlər! Sadəcə Talmud 63 traktatdan ibarətdir və bu günkü çap vərəqləri ilə 6200 vərəqdə yerləşir!

Dipnotlar

  1. David S. Margoliouth, ‘Is Islam a Christian Heresy?,’ in The Moslem World, 1933, V.23, p.9
  2. Benjamin Harris Cowper Tony Chartrand-Burke B. Harris Cowper, The Apocryphal Gospels and Other Documents Relating to the History of Christ, Edinburgh: Williams and Norgate, 187٠, 3rd edition, p.171.
  3. Tony Chartrand-Burke, The Infancy Gospel of Thomas: The Text, its Origins, and its Transmission, Ph.D. thesis, University of Toronto, 2001, p.127 (manuscript).
  4. Geoffrey Parrinder, Jesus in the Qur’an, Oxford: Oneworld Publications, 1996, p.27
  5. Montague Rhodes james, The Apocryphal New Testament.
  6. William Smith and Henry Wace, eds. A Dictionary of Christian Biography, Literature, Sects and Doctrines, London: John Murray, 1880 , 1/703
  7. Edgar Hennecke, New Testament Apocrypha, 1/372
  8. A. J. Wensinck, ‘Maryam,’ in P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs, eds. Encyclopaedia of Islam