İnsanın həqiqi İlahdan gələn bir dinə inanmamasını (inanmaq istəməməsini) doğru hesab etməsək də, anlaya bilirik. Belə ki, insan özünü ali qüvvə tərəfindən idarə olunmasını, “azadlığının” əlindən alınmasını istəmir və nəticə etibarilə də dinləri inkar etmək məcburiyyətində qalır. Lakin bütün bunlar insanın özünə hörmət etməsinə əsla maneə olmamalıdır. Yalanladığın dinə qarşı inanmadığın başqa bir dindən olan kimsənin iddialarını “copy-paste” edərkən, ən azından Wikipediyanı açıb qaynaq olaraq göstərdiyin kitabların adlarının doğruluğunu yoxlamaq lazım idi. Bu səhifənin adminlərinin bu dəfəki iddiası Quranın miflərdən və folklordan ibarət olduğu yalanıdır.
Kopipeyst:
«..Quranda olan digər hekayələrin böyük əksəriyyəti Qurandan min illər əvvəl yazılmış yəhudi folklor və mifoloji kitablarında TALMUD, MİDRAŞ, HAMEŞNA, HAQQADA, TARQUM, həmçinin fars və hind əfsanələr kitablarında da yazılıb, hansı ki, bu kitablarda yazılan hekayələr ”Müqəddəs Kitab” Tövrat, Zəbur və İncilin heç birində yoxdu, və həmin hekayələr şeytani və əfsanəvi kitablar adlanıb ki, onlar peyğəmbərlər tərəfindən həmeşə rədd edilib.
Məsələn:
Qabilin Habili öldürməsindən sonra onu dəfn etməyi qarğa vasitəsilə öyrənməsi “Farqeya Rabbi Eleazar” kitabının 21-ci bölümündə mövcuddur. Nəmrudun İbrahimi oda atması “Midraş Raba” adlı yəhudi mifoloji kitabında yazılmışdır. Süleyman peyğəmbərin cinlərlə, İblislə və quşlarla olan hekayəsi və Səba krailçasını taxta çıxarması yəhudi mifoloji kitabı olan “Tarqum”un “İsrail” bölümündə başqa ad ilə “Ester” bölümündə yazılmışdır. Bir başqa mif də Harut və Marutun hekayəsi “Medas İlkot”, yəni yəhudi Midraşında mövcüddur. Yəhudilərin başına dağın zirvəsini qaldırma hekayəsi yəhudi mifoloji kitabı olan “Abada Zaeren”in 2-ci və 45-ci bölümlərində mövcuddur. Bir də yəhudiləri meymuna çevirməsi hekayəsi Quranda var, bu da qədim yəhudi əfsanələrində deyilib, və Quranda həmin hekayə orda olduğu kimi deyilib.. Cənnətin yeddi qatlı təsviri “Hakeyka” kitabından götülülmüşdü ki, bu da bir əfsanədi, və ”Müqəddəs Kitabda” bu bildirilmir. Cəhənnəmin 7 qapısının olması Qurana yəhudi mifoloji kitabı olan “Zohar”dan götürülüb. Əfsanəyə görə Nuh tufanı qaynayan sulardan olub, amma ”Müqəddəs Kitabda” qaynayan sulardan deyil, yağış və su daşqınından olduğu deyilir. Bu qaynayan sular yəhudi əfsanələr kitabı olan “Rassini”də deyilir. İbrahimin bütləri qırması hekayəsi Qurana yəhudi kitabı olan “Tarqum”dan köçürülmüşdür..
..İndi isə meydana belə bir sual çıxır, Quran Tanrıdandırsa əgər belə olan halda onda yazılan ŞEYTANİ, ERETİK, OPOQRAFİK, KAFİR, MİFOLOJİ və ƏFSANƏVİ HEKAYƏLƏRİN nə işi var ?»
İddialarını bir-bir ələ almağa çalışaq.
Kopipeystçinin ilk iddiası Habil və Qabilin hekayəsinin “Farqeya Rabbi Eleazar” adlı kitabdan götürülməsidir. Doğrudur ki, Habil və Qabilin hekayəsi bu kitabda mövcuddur. Ancaq bu kitabın yazılma tarixi Muhammədin ﷺ yaşadığı dövrdən sonraya aiddir. Bəzi müsəlman şəxsiyyətlərinin adlarının, Fələstindəki Qubbətus-Saxra`nın və İslam fəthlərinin bu kitabda qeyd olunması bizim bu kitabın nübuvvətdən sonra ortaya çıxmasını əminliklə deməyimizə əsas verir. Bunu təsdiq edən başqa digər sübutlar da var: “The Jewish Encyclopedia” bu kitabın qəti olaraq Nübuvvətdən sonra – təxminən Harun ər Rəşidin xilafəti dönəmində – ərsəyə gəldiyini deyir. 1 “Encyclopedia Judaica” isə bu kitabı miladi 8-ci əsrə aid edir. 2 “The Universal Jewish Encyclopedia”da deyilir: kritiklər bu kitabın 8-ci əsrdən öncə ərsəyə gəlmədiyində həmrəydirlər. 3
Təsdiqləmə:
“The Oxford Dictionary of the Jewish Religion” da eyni şeyi təsdiqləyir. 4 Bu kitab haqqında ən mühim araşdırmanı edənlərdən biri olan Leopold Zunz bu kitabın 8-ci əsrə aid olduğunu qeyd edir. 5 Bütün bunlardan başqa Yəhudi qaynaqları ilə Quran arasında mənaca ciddi fərqliliklər də var. Məsələn, Yəhudi qaynağında Habili basdıran Adəm, Quranda isə Qabil olur. Həm də Yəhudi qaynaqlarında “bir Yəhudini öldürən bütün bəşəriyyəti öldürmüş kimidir” qeyd olunduğu halda, Quranda isə milliyətindən asılı olmayaraq məsum bir cana qıymağı bütün insanları öldürmək ilə bərabərləşdirilir.
“Genesin Rabbah”
Davamında İbrahim ilə Nəmrudun hekayəsinə keçək. Kopipeystçinin “Medras Rabba” adlandırdığı “Genesin Rabbah” adlı midraşın yazılma tarixində fikir ayrılığı vardır. Bu midraşın 5-6-cı əsrlər arasında yazıldığını qəbul etsək belə, kritiklər bu midraşın daima dəyişikliklərə və əlavələrə məruz qaldığını deyirlər. 6 Kitabın ən qədim mövcud nüsxəsi nübuvvətdən 300-500 il sonraya aid olduğuna görə İbrahimin qissəsini Muhammədin ﷺ bu kitabdan kopyaladığını heç kimsə iddia edə bilməz.
“Targum Sheni”
Süleyman peyğəmbərin qissəsini zikr edən “Targum Sheni” Encyclopedia Judaica`ya 7 əsasən 7-ci əsrin sonları 8-əsrin əvvəllərinə təsadüf edən bir kitabdır. Yəni, yenə də İslamdan sonrakı dövrdə yazılmış bir kitab ilə qarşılaşırıq. “Medas İlkot” adı ilə təqdim olunan “Yalkut Shimoni“ 8 midraşı da ən yaxşı təqdirdə 11-ci əsrə aiddir.
“Cənnətin yeddi qatlı təsviri…”
Kopipeystçinin “Cənnətin yeddi qatlı təsviri…” sözünə gəldikdə isə bir söznən deyə bilərik ki, Quranda Cənnətin yeddi qat olduğu qeyd olunmur. Əslində qeyd olunan Səmanın yeddi qat olmasıdır. Bunu bir neçə yolla sübut edə bilərik:
1) Yeddi rəqəminin bir çox dində müqəddəsliyi vardır. Talmudun özündə (Hagigah Talmudun bir hissəsidir) aləmin 7 sütun üzərində dayandığı qeyd olunur. Sual ortaya çıxır ki, əgər Muhamməd səmanın neçə qat olduğunu öz kitabına köçürdübsə, bəs nəyə görə yerin sütunlar üzərində durduğunu da qeyd etmədi? Və ya bunun həqiqətə uyğun olmadığını hardan bilirdi ki, bunu qeyd etmədi?
2) Hagigah 7 səma qatını qeyd etdikdən dərhal sonra digər ravvinin 8 qat görüşünü də qeyd edir. Talmudun digər yerində isə səmaların sayının 2 olduğu qeyd olunur. Anlaşılan odur ki, Talmud özü bu məsələdə yetkin bir rəyə sahib deyildir, əksinə, müxtəlif görüşləri bir araya toplayıb.
Davam edək:
3) Talmudda 7 səma məfhumu qəti olaraq Qurana müxalif etiqadlar ilə birlikdə qeyd edilir. (misal üçün birinci səmanın gecə girdiyini, səhər isə çıxdığını, həmçinin, günəş, ay və ulduzların ikinci səmada olduğunu qeyd edir. Biz isə bunları Quranda tapmırıq).
4) Yeddi səma məfhumu bir çox erkən Xristian və Yəhudi qaynaqlarında qeyd olunur. Sadəcə “yeddi” sözünə görə Muhammədin bu qaynaqlardan kopya etdiyini iddia etmək axmaqlıqdır.
Cəhənnəmin 7 qapısı olması şübhəsinə gəldikdə isə, əgər kopipeystçi özünə əziyyət verib “Zohar” traktatını Wikipediyada axtarsaydı, o zaman görərdi ki, bu traktat yahudi Kabbalasına aiddir və kritiklərin ittifaqı ilə 13-cü əsrdə İspaniyada yazılmışdır.
“Rosh Hashanah”
Nuhun qissəsindəki tufanın qaynağını öyrənmək istəyirsinizsə Qurandakı Qəmər surəsinin 11-12-ci ayələrinə baxa bilərsiniz və orada suyun Müqəddəs Kitaba uyğun olaraq yağış və su basqınından olacağını görəcəksiniz. Şübhə müəllifinin işarə etdiyi yer isə Hud surəsinin 40-cı ayəsindəki “təndir qaynadığı zaman” ifadəsidir. Oxşarlığın isə Rosh Hashanah traktatında (birisi kopipeystçiyə Rossininin bəstəkar olduğunu desin) mövcud olduğu deyilir. Beləliklə, bu mənbələrdə tufan suyunun qaynar olduğu qeyd olunduğuna görə bu mənbələr Quranın köçürdüyü yer kimi qeyd olunur. Dediyimiz ayələrə baxdığınızda Quranın “qaynar” su haqda danışmadığını görəcəksiz. “Təndir qaynadığı zaman” cümləsini şübhə müəllifi suyun qaynar olmasına dəlil kimi istifadə edir. Ayənin açıqlaması üçün Qurtubinin izahına baxdıqda 7 müxtəlif görüş qeyd etdiyini görürük, lakin bunlar arasında suyun qaynar olmasını qeyd etmir. Müfəssirlərin kitablarında geniş şəkildə yahudi xəbərlərinə yer verilməsinə baxmayaraq bu cür təfsir tapmaq mümkün deyil. Üstəlik təndir mənasında olan ərəbcədəki “tənnur” sözü ibranicədəki qarşılığına çox yaxındır. Əgər Muhamməd ﷺ Yəhudi mənbələrindən kopya etmişdirsə, o zaman bu sözün ibranicə qarşılığını bu mənbələrdə tapmalıydıq. Ayənin ən məşhur təfsirlərindən biri Nuhun təndiri olmasıdır və bu təndirin qaynaması ona qövmünün həlak olduğuna işarə edən bir əlamətiydi.
Talmud
Bununla da “Yəhudi mifləri” qismini bitirmiş olduq. Kopipeystçi heç bir araşdırma etmədən bu Yəhudi qaynaqlarının “mif, folklor” olduğunu qeyd edir. Daha doğru desək, bizə ünvanlanan şübhənin əsas müəllifinin sözünü kopyalayır. Şübhənin əsli müəllifi xristian olduğu üçün bu qaynaqlara mif deməsi normaldır, lakin dinsiz kopipeystçinin belə deməsi gülüncdür. Qeyd olunan kitablar əsasən yahudi midraşları və Talmudun daxil olduğu kitablardır. Midraşlar Tövratın müxtəlif hissələrinin şərhidir. Misal üçün “Genesin Rabbah” Tövratın ilk kitabı olan “Book of Genesis”in şərhidir. Talmud (yahudi etiqadına görə) isə Musaya Tövratla bərabər vəhy olunan kitabdır və o şifahi yolla Musadan nəql olunur (Tövrat isə yazılı formada nəql olunur). Yəni, yəhudilərə görə bu kitablar anaların uşaqlara laylay oxuduğu nağıllar deyil, dini kitablardır. Şübhə müəllifi bu kitabları mif görürsə, yahudilər də şübhə müəllifinin kitablarını mif görür. Dinsiz kopipeystçi üçün isə bütün bu kitablar mif və folklor olmalıdır.
Doğru olan isə odur ki, həm müəllifin inandığı müqəddəs kitab, həm Talmud təhriflər ilə doludur. Hər ikisinin qəti mənbəsi bilinmir, hər ikisi bir çox halda şifahi şəkildə nəql olunur. Bəli, bəzi kitablar digərlərindən daha az təhrifə uğraya bilər. Eyni zamanda yahudilərin dini nəqllərinə digər millətlərin mifləri daxil ola bilər (ki bu Bibliyaya da aiddir). Lakin bu, hər ikisində müxtəlif dərəcədə olsa belə həqiqi hadisələrin yer almasına maneə deyildir.
Fərz edək:
Ona görə də bütün bu kitabların Muhamməddən ﷺ öncə yazıldığını fərz etsək belə bu, heç bir şeyi dəyişdirmir. Bunlar təhrif olunmuş dini mənbələrdir. Onlarda həqiqətə uyğun olan faktların qeyd olunması təəccüblü olmamalıdır, əksinə, Muhamməd eyni zamanda peyğəmbər olduğu üçün bunu bilməsi lazımdır və Muhammədin ﷺ bu faktların bəzilərinə işarə etməsi onun peyğəmbərliyinə dəlildir. Lakin dinsiz əql bu hekayəyə başdan uydurma kimi baxdığına görə qissənin həqiqətdə baş verib vermədiyinə yox, kimin kimdən kopya etdiyinə qərar verməyə çalışır. Digər tərəfdən, əgər şübhə müəllifi bu qaynaqların dini kitablar olduğunu desə, o zaman Muhammədi ﷺ heç bir halda yalançılıqda ittiham edə bilməz, çünki Quran özü Muhammədin Müqəddəs Kitablara müvafiq xəbərlərlə gəldiyini qeyd edir və bu da onun peyğəmbərliyinə başqa bir dəlildir!
Midraşların Muhammədin ﷺ dövründən sonra yazıldığına görə bu hissədə sadəcə Talmudu ələ alacağıq.
“Vavilon Talmudu”
Burada və ümumən Talmud deyildikdə qəsd olunan “Vavilon Talmudu”dur. Muhamməd ﷺ bu Talmuddan xəbərdar idi mi?
1) Talmudun ən yaxşı halda 500-700-ci illər arasında toplandığını deyə bilərik. Ona görə də onun Qurana müvafiq xəbərlərinin 7-ci əsrdə deyil, 5-ci əsrdə yazıldığını kimsə qəti şəkildə isbat edə bilməz. Hətta bunu deyən kritiklər belə Talmudun sonradan yenə də dəyişikliklərə uğradığını qəbul edirlər. 9 Günter Stenberger adlı araşdırmaçı isə onun İslamdan sonrakı dövrə aid olduğunu birmənalı olaraq qeyd edir. 10
2) Talmud ibranicə və aramey dillərində yazılıb, Muhamməd isə bu dilləri bilməyib. Onun ərəbcə tərcüməsi nəinki o zaman, heç bu gün də yoxdur.
3) Digər yazımızda Muhammədin Mədinə yahudilərinin əlində olan Tövrat haqqında xəbərsiz olmasını isbat etməyə çalışdıq. Muhammədin Tövratdan xəbəri yoxdursa, o zaman sadəcə bəzi ravvinlərin bildiyi Talmuddan necə xəbərdar olsun?!
4) Quran ilə Talmud arasında olan bu azacıq oxşarlıqlara görə Quranın ondan köçürüldüyünü demək sadəcə axmaqlıq ola bilər, əksinə, bu cür oxşarlıqlar yalnız Talmuddakı bəzi qissələrin təhrif olunmadan nəql olunduğuna dəlildir!
Dipnotlar
- The Jewish Encyclopedia, 10/09).
- Encyclopaedia Judaica, 16/182
- The Universal Jewish Encyclopsedia 8/541, R. J. Zwi Werblowsky and Geoffrey Wigoder, eds.
- New York: Oxford University Press, 1997, p.534
- Steven Daniel Sacks, Midrash and Multiplicity: Pirke De-Rabbi Eliezer and the Renewal of Rabbinic Interpretive Culture, Berlin: Walter de Gruyter, p.3
- The Jewish Encyclopedia 3/64, Chaim Milikowsky, ‘On the Formation and Transmission of Bereshit Rabba and the Yerushalmi: Questions of Redaction, Text-Criticism and Literary Relationships,’ in The Jewish Quarterly Review, New Series, vol.92, No. 3/4, p.526
- Encyclopedia Judaica, 19/514
- Phil.D.Üigoder and others,eds. The Encyclopedia of Judaism, New York: Macmillan Publishing Company, p352
- Charlotte Elisheva Fonrobert and Martin S. Jaffee, eds. The Cambridge Companion to the Talmud and Rabbinic Literature, Cambridge: Cambridge University Press, p.59
- Reimund Bieringer and others, eds. The New Testament and Rabbinic Literature, Leiden: BRILL,p. 82
Cavab yaz