- Tim Whitmarsh’un kitabı yazmaqdakı məqsədi “neo-ateizmin” heç də o qədər də “neo” olmadığını, yəni qədim olduğunu isbat etməkdir. Müəllif heç bir yerdə özünün ateist olduğunu demir, amma kitabı oxuduqda ateist olması təəssüratı oyanır. Lakin Tim antik dünyada ateistlərin olduğunu sübut etməklə yalnız ateizmin qədimliyini sübut etmiş olur, “neo-ateizmin” qədimliyini sübut etmiş sayılmaz. Düşünürəm ki, Tim bu nöqtədə “neo-ateistlərin” digər ateistlərdən nə üçün seçilməsi haqqında verilmiş dəyərləndirmələrin hamısını nəzərə almayıb.
- Avropanın “mədəniyyət” beşiyi sayılan Qədim Yunanıstan əslində bir çox yaradıcılığını Şərqə borcludur. Bu gün belə istifadə etdikləri əlifba Şərqin finikiyalılarından götürülüb, finikiyalılar isə semit hesab olunurlar, yəni ərəblər və yəhudilərlə qohumdurlar. Ona görə də yunanların “alfabet” sözü bizim əlifba sözünə bənzəyir, çünki “əlif” hərfini götürüb “alfa”, “bət” (ev) hərfini götürüb “beta” ediblər.
- Bu gün mövhumatlara qarşı sahib olduğumuz tənqid edici yanaşma əslində müasir bir fenomen deyildir. Kitabdakı təəccüblü məlumatlardan biri qədim dövrdə açıq-düşüncə ilə əfsanələri tənqid edən ziyalıların olması və onların kitablarının bizim zamanımıza qədər gəlib çatması oldu. Misal üçün miladdan öncə altıncı və beşinci əsrlərdə yaşamış miletli Hakateyus “yunan hekayələrinin gülməli” olduğunu deyir. Yaxud da miladdan öncə altıncı əsrin filosofu Ksenofan nəhənglər və sentaurlar haqqındakı hekayələrin uydurma olduğunu yazır. Miladdan dördüncü əsrin şəxsiyyətlərindən olan Palefatus – misa üçün – sentaurların uydurma olduğunu izah edərkən, insanın yediyi ilə atın yediyinin fərqli olduğunu əsas gətirir. Yəni tamamilə elmi bir metodla mövhumatları ifşa edir. Artıq qədim zamanlarda bu cür parlaq zəkaların olması onu göstərir ki, sərbəst düşüncə qədimdən insanların ixtiyarında olub.
- Sokratdan öncəki fəlsəfə müasir Yunanıstan ərazilərində deyil, müasir Türkiyə ərazilərindən başlamışdır. Yunanların İoniya adlandırdıqları bölgə bu gün İzmir ətrafını əhatə edən ərazilərdir. Hittit dövləti tərəfindən idarə olunurdu. Bu dövrün filosofları kosmik, yaradıcı varlığa inanırdılar və Tim Whitmarsh etiraf edir ki, “bu, yunanların Yaxın Şərqin elmlərini kəşf etməkdən qaynaqlanırdı”. Bu dövrün tanınmış filosofları insanların ibadət etdikləri “insanabənzər” ilahları rədd edirdilər, lakin eyni zamanda da kosmik bir ilahın varlığını qəbul edirdilər.
- Maraqlı olan məlumatlardan biri də budur ki, miladdan öncə dördüncü əsrdən bizim zamanımıza qədər gəlib çatmış yazılardan öyrənirik ki, bir sıra filosoflar yunan ilahlarının əslində tarixi şəxsiyyətlər olduqlarını, sonradan isə ilahlaşdırıldıqlarını deyiblər. Onlar bunun üçün bəzi tarixi məlumatları da qeyd edirlər. Bu isə Məkkə müşriklərinin ibadət etdikləri bütlər haqqında səhabələrin və İslam alimlərinin verdikləri izah ilə üst-üstə düşür.
- Hər zaman ateist olduqlarına inandığım Epikür və onun davamçıları – sən demə – heç də sözün əsl mənasında ateist olmayıblar. Müəllif etiraf edir ki, Epikür və davamçıları materialist olsalar da, dünyanın yalnız atom və boşluqlardan ibarət olduğunu desələr də, kainatdan kənarda kosmik bir ilahın olduğunu qəbul edirdilər. Müəllif qismən bunu o dövrdə mühakimə olunmaq qorxusu ilə izah edir; guya Sokrat kimi mühakimə olunub öldürülməkdən qorxduğu üçün Epikür öz təlimlərinə “tanrı inancını” da daxil edib. Amma bu izahın güclü bir əsasının olmadığına eyham edir.
- Müəllif qədim Yunanıstandakı politeizmin monoteizmə nisbətdə daha tolerant olduğunu müdafiə edir. Xristianlıq tarix səhnəsinə əsas qüvvə olaraq daxil olduqdan sonra həmin tolerantlığın aradan qalxdığını da əsaslandırır. Bu baxımdan müəllifin apardığı müqayisələr həqiqətən də informativdir. Qədim Yunanıstandakı dini təsəvvürlər haqqında verdiyi məlumatlar da maraqlıdır. Qədim Yunanıstanda kanonik bir kitabın olmamağı, ortodoks və standart inancın olmaması genişliyə yol açırdı, amma monoteizm daxil olduqdan sonra bu güzəştlərin aradan qalxması təbii bir proses oldu.
Cavab yaz