“The Rage Against God” – Peter Hitchens [Kitab Analizi]

Müəllif Peter Hitchens məşhur Chirstopher Hitchens‘in qardaşıdır. Hər ikisi də yeniyetmə dövrlərində sosialist ateist olublar, böyük qardaşı Christopher ateistliyində daha da radikallaşdığı halda kiçik qardaş Peter ateizmin mənasızlığını görüb onu tərk edib. Hər iki qardaş ixtisasca jurnalistdir.

Kitabın birinci yarısında Peter ümumiyyətlə İngiltərənin tarixi xristian cəmiyyətini öz şəxsi həyatı prizmasından ələ alır. Uşaqlıq dövrlərindən, İngiltərə də dinin 30-cu və 60-cı illərə qədərki rolundan danışır. İngiltərənin müasir tarixində baş vermiş bəzi hadisələrin cəmiyyətdə sarsıdıcı effektinə toxunur və bunların nəticəsində insanların ümumilikdə avtoritetə qarşı olan hörməti itirdiklərini deyir. Ateizmin ingilis cəmiyyətinə necə sirayət etdiyini, dinin nüfuzunun necə zəiflədiyini ələ alır. Həmçinin özünün sovet Rusiyasının son illərində Moskvada yaşamağından, Moqadişu, Somali Koreya kimi yerlərdə fəaliyyət göstərməyindən də danışır. Bütün bunların necə ondakı ateizmi sarsıtdığını izah edir.

Kitabın ikinci hissəsində isə neo-ateistlərin gətirdikləri üç problemə toxunur.

  1. Sovet kommunist dövlətinin, Çinin kommunist hökumətinin və buna bənzər rejimlərin törətdiyi cinayətləri ateizmin ayağına yazmaq istəməyən neo-ateistlərə cavab verir.
  2. Allah və din olmadan nəyin xeyir, nəyin şər olduğunu bilməyin mümkün olduğuna inanan ateistlərə qısa cavab verir və burada da tarixi güzgü kimi istifadə edir.
  3. Müasir neo-ateistlərin də dinə qarşı düşmənçiliklərində nə qədər totalitar və radikal olduqlarını göstərir. Bunu göstərərkən onların hətta evin daxilində belə uşaqlara dini təlimi qadağan etmək planlarını misal verir. Həm qardaşı Christopher Hitchens’dən, həm Richard Dawkins’dən, həm də Nicholas Humphrey’dən sitat gətirir.