Skeptiklər hər zaman müsəlmanın inancının kor bir inanc olduğunu iddia edir və bunu özlərinə xas bir şəkildə izah etməyə çalışırlar. Təbii ki, iyirmi birinci əsrdə yaşayan müsəlmanlar kimi biz öz imanımızı rasional analizlə dəstəkləməyə çalışırıq. Hətta skeptiklər belə bir etiraz edə bilərlər. Allahın bütün kainatı yaratdığına inanırıq, bəs nə üçün dinə inanmalıyıq?
Üç Arqument
Bu, çox önəmli bir sualdır. Bu suala cavab vermək üçün bəzi müqəddimələr üzərində düşünməyimiz lazımdır. Birinci müqəddimə Yaradan Allahın iradəyə, intellektə, şüura sahib olan, özünü dərk edən bir varlıq olduğunu qəbul etməkdir. Bunun isbatı üçün biz üç arqument gətirəcəyik:
Birinci: Kainat peyda olmadan öncə ortada iki seçim var idi, ya kainatın yaradılması, ya da yaradılmaması seçimi idi. Allah kainatı yaratmağı seçdiyi üçün bu Onun iradəyə malik olduğunu göstərir.
İkinci: Allahın yaradılmamış, kainatdan, yəni materiyadan, vaxtdan kənar bir varlıq olduğu və əbədi olduğu zəruri olaraq bilinir. Bu cür düşünmək məntiqlidir ki, əbədi bir “səbəbin” doğurduğu nəticə də əbədi olmalıdır. Lakin kainatın, xüsusilə də canli aləmin əbədi olmaması filosoflar və alimlər tərəfindən qəbul edilmişdir. Çünki genişlənən və genişləmə sürətdə daim artmaqda olan kainatda son nəticə məhvə doğru aparır. Bu onu göstərir ki, əbədi olan ilk “səbəb” yaratdığı kainatın əbədi olmamasına qərar vermişdir. Bu da öz növbəsində Onun iradəyə malik olduğunu göstərir.
Üçüncü: Səhifəmizdə daha öncə də yazdığımız kimi “obyektiv mənəvi-əxlaqi normalar” mövcuddur, onlar mövcuddursa o zaman onları yaradanın iradə sahibi olan, özünü dərk edən bir varlıq olması lazımdır.
Allahın iradə, intellekt və şüur sahibi varlıq olduğunu bu müqəddimə ilə göstərdikdən sonra ikinci müqəddiməyə keçməliyik. Allah hikmət sahibidir, hikmətə zidd olan heç bir şey etməz. Allah yaratdıqlarını əbəs yerə yaratmaz. Bu müqəddimənin doğruluğunu izah etmək üçün belə bir misal vermək olar. Təsəvvür edin ki, bir insan ömrünün iyirmi ilini kibrit çöpləri ilə ev tikməyə həsr edir, tikib qurtardıqdan sonra heç içinə daxil olmadan bir kibrit çöpü də çıxararaq o evi yandırır. Şübhəsiz ki, bu əməli edən insanın intellektə zidd bir şey etdiyini hamı qəbul edir, onun etdiyi bir şey faydasız, gərəksiz bir şeydir. İnsanın intellektini və hikmətini yaradanın da Allah olduğunu nəzərə alsaq belə bir nəticəyə gəlməliyik ki, Allah da hikmətə zidd bir şey etməz, yaratdığını bir məqsəd üçün yaratmışdır.
İnstruksiya
Bunu da izah etdikdən sonra üçüncü və sonuncu müqəddiməyə keçməliyik. Allah yaratdığı aləmi hansı məqsəd üçün yaratdığının elmini gizlətməz. Təsəvvür edək ki, imkanlı biri qərar verir ki, bir şeylər istehsal etsin. Bunun üçün böyük fabrika açır, fabrikaya lazım olan bütün avadanlıqları alıb yerləşdirir. Orada işləyən insanları anons vasitəsilə taparaq fabrika həyətinə toplayır. Lakin onlara nə edəcəkləri barədə heç bir instruksiya vermir, ümumiyyətlə nə istehsal edəcəkləri barədə də bir şey bildirmir. Təbii ki, intellekt və hikmət sahibi bir insan belə bir şey etməz. Eləcə də düşünməliyik ki, insanı yaradan daha üstün intellekt və hikmət sahibidir. O zaman mütləq insanları yaradıb bu dünyada yerləşdirən Yaradıcının insanlara bu barədə bir instruksiya təbliğ etməsi lazımdır. Məntiqi ardıcıllığın bizi gətirib çıxardığı nəticə budur.
Müsəlmanlar kor-koranə bir inanca tabe deyillər, lakin düşünərək inanırlar. Müsəlmanlar bir Yaradıcının olduğuna inandıqları kimi bu Yaradıcının iradə, intellekt, şüur və hikmət sahibi bir Yaradıcı olduğuna inanırlar, ona görə də Onun insanları bir məqsəd üçün yaratdığına inanırlar. Bu baxımdan özəyində eyni olan səmavi dinlərin əsrlər boyunca eyni sözə dəvət etdiyini görürlər və bunun ilahi bir risalə, başqa cür desək instruksiya olduğuna iman edirlər.
Ola bilsin ki, belə bir sual verilsin. Bəs bu qədər dinin içərisindən nə üçün İslam dininin haqq olduğuna əmin olmusuz? Bu sualın cavabını növbəti yazımızda ətraflı izah edəcəyik.
Cavab yaz