Nə üçün İslam – 2: Yaradılışın MƏQSƏDİ

Yaradılışımızın qayəsi nədir? Bu sualın qısa cavabı budur: Allah bizdən Onun ən yaxın dostları olmağımızı istəyir. Başqa sözlə desək Allah insanları onların arasından Özünə yaxın dostlar seçmək üçün yaradıb. Bu nəticəyə necə gəldiyimizi bilmək istəyirsizsə aşağıdakı mətni oxuyun.

Hər şeydən əvvəl bir şeyi dərk etməyimiz lazımdır. Cavabın nə olmasından asılı olmayaraq Allah bizi yaradıb və bizi yaradılış faktı qarşısında qoyub. Bundan qurtuluş yoxdur. Allahın bizi yaratmaqdakı həqiqi məqsədini dərk edə bilmədiyimizi fərz etsək yenə biz bu həqiqəti dəyişdirə bilmərik, çünki mövcud fakt qarşısında qoyulmuşuq. Bəli, yaradılmışıq, bir məqsəd üçün yaradılmışıq, çünki Hikmətin Yaradıcısı heç bir şeyi əbəs olaraq yaratmaz.

Üç növ cavab

Bu nöqtəni vurğuladıqdan sonra belə bir sual verək: Bizim Allahın yaradılışdakı hədəfini, məqsədini bilməyimiz necə mümkündür? Buna insanlar üç cür cavab verə bilərlər:

1) Bunu bilmək mümkün deyildir.
2) Bunu öz əqlimiz və təfəkkürümüz ilə bilmək mümkündür.
3) Bunu vəhy yolu ilə, yəni Allahdan aldığımız mərifət yolu ilə bilmək mümkündür.

Birinci və ikinci cavab dinləri, vəhyi inkar edən deistlərin cavabıdır. Birinci cavab əhli ilə söhbətimiz kökündən fərqlidir, çünki onların halı bu ikisindən biridir: ya əbəs yerə yaradan hikmətsiz Allaha inanırlar, ya da bir məqsəd üçün bizə həyat bəxş etmiş, amma o həyatla nə etməli olduğumuzu bizə deməmiş bir Allaha inanırlar. Hər ik hal üçün söhbəti uzatmağa ehtiyac yoxdur.

İkinci cavabın problemi

İkinci cavabın əhlinə gəldikdə isə belələrinin problemi budur ki, öz aralarında fikir ayrılığındadırlar. Biri təfəkkür ilə bir nəticəyə, digəri isə tamamilə başqa bir nəticəyə gəlib. Üstəlik sadə insan təfəkkürünün Allahın muradına necə çıxışının olduğunu soruşsaq cavab ala bilməyəcəyik.

O zaman yerdə üçüncü və sonuncu cavab qalır. Allah bizi yaradıb və yaradılış qayəsini bizə vəhy yolu ilə çatdırıb. Maraqlı olan budur ki, bütün səmavi dinlər bu qayədə ittifaq halındadır. Əşiya kitabında Allahın adından bu sözlər deyilir: “Adımla adlanan, Şanıma xəlq etdiyim, Şəkil verib yaratdığım bütün o kəsləri (gətir).” (Əşiya 43:7)

Allah insanları Öz Şanının ucaldılması üçün yaradıb. Quranın dilində isə Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.” (Zəriyət, 56) Burada həm dinə şəkk edənlərin, həm də dindarların özlərinin etdikləri bir xəta vardır. Dini inkar edənlər, deistlər – özləri Allahın yaradılışdakı hədəfi haqqında heç bir təsəvvürə sahib olmadıqları halda – etiraz edirlər ki, məgər Allahın bizim ibadətimizə ehtiyacı varmı? Xeyr, yoxdur.

İradə və Qüdrət sahibi

Belə bir təsəvvür Allahı insana bənzətməkdən ortaya çıxır, çünki insan bir şeyi bir məqsəd üçün etdikdə əksər hallarda bunu o məqsədə ehtiyacı olduğu üçün edir. Allah Vacibul-Vucud’dur, hər şey Ona möhtacdır, Onun heç bir şeyə ehtiyacı yoxdur. Amma biz müsəlmanlar eyni zamanda panteistlərdən, pandeistlərdən, Spinozalardan fərqli olaraq Allahın İradəyə və Qüdrətə sahib bir Varlıq olduğuna inanırıq. İngilislər buna “personal God” deyirlər. Burada məna cəhətdən qəsd olunan budur ki, Allahın öz yaratdıqları ilə münasibəti vardır, Allahın sevdiyi və sevmədiyi şeylər mövcuddur. Allah Öz ixtiyarı ilə istədiyini edir.

Misal üçün Allah ədaləti sevir, zülmü sevməz. Allahın ədaləti sevməsi ona ehtiyacı olduğu üçün deyildir, eləcə də Allah rəhməti, şəfqəti sevər. Bunları sevməsi isə bunların Allahın ilahi vəsfləri olmasına görədir. Allah ədalətli olduğu üçün ədaləti sevər, rəhimli olduğu üçün mərhəməti sevər. Yaradan olmaq, Bağışlayan olmaq, Məbud olmaq Allahın əzəli ilahi sifətləridir və ona görə də yaratmağı, bağışlamağı, ibadət olunmağı sevər. Ona görə də Allah istədiyini edir. Bəzi kəslərin bu nöqtəni anlayışlarındakı xətaları isə qayəni sadəcə ibadətdə məhdudlaşdırmaqdadır, ibadət sözünün zahirində durarlar və ondan ötəsini düşünməzlər, bu barədə tələb olunduğu şəkildə təfəkkür etməzlər. Biz təfəkkür etmək istəyənləri istiqamətləndirmək istərdik.

İbadət nədir?

Bunun üçün Allahın ilahi vəsflərini bir daha xatırladaraq növbəti düşüncəmizi bunun üzərinə bina edəcəyik. Allah məbuddur, ibadət olunmağı sevər, heç kimin və heç bir şeyin ibadətinə ehtiyacı yoxdur. Biz “Mən cinləri və insanları ancaq Mənə ibadət etməkləri üçün yaratdım” ayəsində sadəcə “ibadət” sözü üzərində dursaq bəzi suallar ortaya çıxacaq.

Məgər Allah bizə Bəqərə surəsində bunu xəbər vermirmi? “Rəbbin mələklərə “Mən yer üzündə bir xəlifə yaradacam” dediyində onlar – “biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan axıdacaq kəslərimi yaradacaqsanmı?” – dedilər.” (Bəqərə, 30) Mələklər – “biz onsuz da Sənə ibadət edirik, Səni müqəddəsləşdiririk, Səni həmd-səna ilə ucaldırıq, insanlar isə Sənə itaətsizlik edəcəklər, fəsad çıxaracaqlar, nə üçün onları yaradırsan?” – dedilər. Allah isə buna cavabında “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm” dedi.

İnsanla mələyin fərqi

O zaman bizim Zariyət surəsindəki ayədə keçən “ibadət” sözünün üzərinə mərkəzləşməyimiz doğru deyildir, çünki onsuz da mələklər də Allaha ibadət edirdilər. O zaman mələklərdən bizi fərqli edən nədirsə onun üzərində düşünməliyik. Mələklərdən əsas fərqlərimizdən biri budur ki, biz xəta edə bilirik. Xəta etməyimiz isə Allahın bizə verdiyi seçim haqqı ilə mümkündür. Ola bilsin ki, Tövratda və nəbəvi hədislərdə keçən “Allah Adəmi Öz surətində yaratdı” sözünün sirri burdadır, yəni seçim və ixtiyar Allahın sifətlərindəndir və belə bir xüsusiyyəti bəşəriyyətə bəxş edib. Mələklər xəta etməzlər, lakin insanlar xəta edərlər, üstəlik bu xətalarından tövbə də edərlər, peşman da olarlar, Allahdan bağışlanma da diləyərlər. Biz insanlar mələklərin edə bilmədikləri ibadət növlərini edə bilirik, biz Allahın qarşısında tövbə edə bilirik, Allaha yalvarıb günahlarımız üçün bağışlanma diləyə bilirik, Allahın rəhmətinə ən çox möhtac olduğumuzu göstərə bilirik, təkəbbürlük edib şeytana tabe olduğumuz kimi tövbə edib Rəbbimizə də qayıda bilirik.

Allah bağışlayandır..

Yuxarıda dedik ki, Allah Bağışlayandır və bağışlamağı sevər, Allah Rahməndir və rəhməti sevər, Allah Rahimdir və mərhəməti sevər. Ona görə də bir hədisi-şərifdə peyğəmbərimiz – aleyhissalətu vassələm – buyurur: “Nəfsim əlində olana and olsun ki, siz günah etməsəydiniz Allah sizi kənarlaşdırar və yerinizə günah edən bir başqa qövmü gətirərdi ki, onlar Allahdan bağışlanma diləsinlər və Allah da onları bağışlasın!” (Sahih Muslim)

Quranda da bu mənaya dəlalət vardır:

“Əgər Rəbbin istəsəydi insanları tək bir ümmət edərdi, onlar isə daim ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı.”

Hud, 118119

Bir təfsirə görə Allah burada “onları bunun üçün yaratdı” dedikdə muradı, onları “seçimlərində ixtilaf etsinlər deyə” yaratdım olacaq. Mücahid, Qatədə və Dahhək’dən gələn bir başqa təfsirə görə isə “Allah onları bunun üçün yaratdı” sözü ilə “rəhməti” qəsd etmişdir. Yəni Allah onlara seçim haqqı vermiş, onları ixtilaf edənlər, xəta edənlər olaraq yaratmışdır ki, onlardan tövbə edib Allahın yoluna qayıdanlara rəhm etsin! Ona görə də ayədə “cinlər və insanların” xüsusiləşdirilməsinin mənası bundadır, yoxsa Allah mələkləri də ibadət etsinlər deyə yaradıb.

“İbadət” sözünün ötəsi

Bəs ayədə keçən “ibadət” sözünün ötəsi nədir? Biz ibadət sözündən hansı mənaları anlamalıyıq? İbadət Allahın sevdiyi, bizim isə ehtiyac duyduğumuz əməldir. Lakin ibadətdən ötədə bir qayə vardır. Bu qayəni bizə Allahın elçisi – aleyhissalətu vassələm – qüdsi bir hədisdə belə çatdırır: “Allah dedi: Kim Mənim bir dostuma düşmənçilik edərsə ona hərb elan edərəm. Qulum Mənə ona buyurduğum ibadətlərdən daha sevimli bir şeylə Mənə yaxınlaşmaz. Qulum mənə nafilələr ilə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevərəmsə onun eşitdiyi qulağı olaram, görən gözü olaram, tutduğu əli olaram, gedən ayağı olaram. Əgər Məndən istəyərsə verərəm. Əgər Mənə sığınarsa ona sığınacaq verərəm.” (Sahih əl-Buxari)

Bu hədis, Allah dostları haqqındadır. Bəli, ibadətlərimiz bizi Allaha yaxınlaşdırır və bizim Allahın dostları zümrəsindən olmağımız üçün qapımız ibadətdir. Allahın dostları isə yaratdıqları içərisindən Allahın ən sevdiyi məxluqlardır. Allahın yaradılışdakı qayəsinin daha bir tərkib hissəsi də budur. Şəhvətlərini, əyləncələrini, ləzzətlərini tərk edib Allaha üstünlük verən Allah dostları bu yaradılışın ən əsas qayəsidir. Allah onları sevər və onlar da Allahı sevərlər.

Allahın dostları

Ona görə də deyə bilərik ki, Allah onlara görə bu kainatı yaratdı. Bu Allah dostlarının başında Onun elçiləri gəlir, sonra siddiqlər, şəhidlər və salehlər gəlirlər. Ona görə də peyğəmbərdən – salləllahu aleyhi va səlləm – və bəzi səhabələrdən rəvayət olunan “Muhəmməd olmasaydı göyləri və yeri yaratmazdım, cənnəti və cəhənnəmi yaratmazdım” hədisinin sirrinin bu olduğunu deyə bilərik. Yəni yaradılışın ən son qayəsi peyğəmbərimiz Muhəmməddir, yeganə qayəsi o deyildir, lakin ən güclü qayə odur, onun kimi digər peyğəmbərlər də, salehlər də bu yaradılış qayəsinin ən önəmli tərkib hissələridirlər. Bəli, əgər Muhəmməd olmasaydı, peyğəmbərlər, övliyalar olmasaydı Allah bu kainatı, cənnəti və cəhənnəmi yaratmazdı. İbn Teymiyyənin bu barədəki sözləri maraqlıdır: “Muhəmməd Adəm oğullarının ağasıdır, yaradılmışların ən əfzəlidir və Allahın ən sevdiyidir və “Allah onun üçün aləmi yaratdı” və ya “o olmasaydı Allah ərşi, kürsini, səmanı, yeri, günəşi və ayı yaratmazdı” sözünü deyən kəs buradan çıxış edərək deyib… və Muhəmməd bu növün insanıdır, bu dəyirmanın ortasıdır və bu toplunun hissələri sanki məxluqatlarda qayələrin qayəsidir.

Ona görə də “hər şey onun üçün yaradılıb” və ya “o olmasaydı heç bir şey yaradılmazdı” deyənin sözü inkar edilməməlidir. Bu və buna bənzər sözlər Kitab və sünnətin dəlalət etdiyi məna ilə təfsir olunarsa qəbul edilər.” Qısacası peyğəmbərimiz – aleyhissalətu vassələm – övliyaların seyididir, Allahın ən çox sevdiyi məxluqdur, lakin Allahın sevdiyi yeganə məxluq deyildir. O, qayələrin qayəsidir, yeganə qayə deyildir. Bu mənada Allah insanları və cinləri yaradıb ki, Ona ibadət edək, ibadətlərimizlə Ona yaxınlaşaq, Onun ən yaxın bəndələrindən olaq və Onun dostlarından olaq, Onunla ünsiyyətdə olaq. Yaradılışın qayəsi, hədəfi, məqsədi budur. Allah bizi o gözəl mənzilə çatanlardan etsin!