din elmə manedirmi?

“Konflikt Tezisi Əfsanələri” – Din elmə manedirmi? – [PDF Kitab]

Konflikt tezisi nədir?

İnsanlar əfsanələr dövrünü geridə qoyduğumuza inanmaq istəyirlər. Həqiqət isə budur ki, biz sadəcə olaraq keçmişin əfsanələrini yalanlayıb müasir zamanımızın əfsanələrini qəbul etmişik. Müasir əfsanələrin bir hissəsi din ilə təbiət elmləri arasında bir uyğunsuzluğun, hətta konfliktin olması təsəvvürünü insanların beyinlərində möhkəmləndirməyə xidmət edir. Bu fikirlər on doqquzuncu əsrdə Andrew Dickson White (1832-1918) və John William Draper (1811-1882) adlı iki amerikalı alimdən əvvəllər də mövcud olsa da onları ilk dəfə kütləviləşdirməyə başlayanlar məhz onlar idilər. Hər iki kitab Galileo’nun kilsə ilə qarşıdurmasını əsas misal kimi veriblər.

Bu yazımızda kütləviləşdirilmiş konflikt tezisinin üzərində dayandığı bəzi tarixi iddiaların əfsanə olduğunu nümayiş etdirməyə çalışacağıq. Təbiəti araşdıran elmlər ilə dini elmlər arasında hər hansı bir ziddiyyətin olmadığına, əksinə bu iki qüvvənin bir-birinə ehtiyac duyduğuna inanırıq. Həm əfsanələri ifşa etmək, həm də təbiət elmlərinin dini elmlərə möhtac olduğunu göstərmək bir məqalənin məzmunu kimi görünmür. Ona görə də burada yalnız bəzi mifləri ifşa etməklə müasir mifologiyanın mövcudluğunu sübut etməyə çalışacağıq.

Din əleyhinə uydurulmuş yalanlar

Sözümüzə başlayarkən qeyd etməliyəm ki, din əleyhinə uydurulmuş yalanlar bu məqaləyə sığmayacaq qədər çoxdur. Bir əfsanəyə görə kilsə xadimləri miladi 585-ci ildə Burqundiya əyalətindəki Macon şəhərində keçirilən şurada qadının ruhu olmadığına qərar veriblər. Hətta bəzi müsəlmanlar da kilsəyə qarşı etirazlarında bu cür sübutunu tapmamış iddialarda diqqətsizcə istifadə edirlər. Erkən kilsə tarixində filosof Hypatia’nın xristianlar tərəfindən öldürülməsi bəziləri tərəfindən dini motivlərlə əlaqələndirilsə də həqiqətən də bunun dinlə heç bir əlaqəsi yox idi. Çexiyalı tarixçi Maria Dzielska ingilis dilinə “Hypatia of Alexandria” adı ilə tərcümə olunmuş kitabında Hypatia’nın siyasi mübarizənin qurbanı olduğunu göstərir. Bəziləri iddia ediblər ki, katolik kilsəsi Avropaya sıfır rəqəminin daxil olmasına qarşı mübarizə göstərib, çünki sıfır müsəlmanların istifadə etdikləri rəqəm idi. Hitchens bunu “God is not Great” adlı kitabında kilsənin elmə qarşı müqavimətinə misal olaraq göstərir.2 Lakin tarixçilər bunun da bir əfsanə olduğunu deyirlər. Bu əfsanələrin içində ictimaiyyətin fikrini zəbt etməyi bacarmış ən güclü mif bəlkə də dindarların yerin düz olduğuna inanması iddiasıdır.

“Konflikt tezisi əfsanələri” kitabını PDF formatında aşağıdakı linkdən endirib oxuya bilərsiniz.