Allahsız həyatdakı absurdluq kitabı

“Allahsız Həyatdakı Absurdluq” – [PDF Kitab]

Gündəlik məişət həyatında “günortaya nə bişirim?”, “axşama nə bişirim?” sualları altında əziyyət çəkildiyini sıx-sıx görə bilərsiniz. Seçim çoxaldıqca ailəni razı salmaq da çətinləşir. Bu problem əslində müasir bir problemdir. Keçmişdə aqrar mühitdə yaşayan insan üçün yeyəcəyi yeməkdəki seçim çox məhdud idi, bostanında becərdiyini yeyib onunla kifayətlənirdi. Bu, müasir həyatın problemidir.

Yemək seçimi çox konkret bir misaldır, bir də ümumilikdə “həyatımı necə yaşamalıyam?” sualına cavab tapmaq lazımdır. Müasir həyatda insanın xoşbəxt olması daha da çətinləşib. Keçmiş zamanlarda həyatda gedəcəyin yolu müəyyən etmək üçün xüsusi qərarlar verməyə ehtiyac yox idi, əgər cütçü ailəsində doğulmuşdunsa çox ehtimal ki, cütçü olacaqdın. Sultan sarayında doğulmuşdunsa çox ehtimal ki, sarayda bir vəzifə sahibi olacaqdın. Tacir ailəsində doğulmuşdunsa atanın məsləyini davam edəcəkdin. Amma müasir həyatımızda, xüsusilə urbanizasiyanın yüksək olduğu cəmiyyətlərdə cavanların həyatda xoşbəxtlik üçün verməli olacağı qərarlar çox kompleks və qəliz qərarlardır. Bir tərəfdən “müasir dünyada istədiyin kəs ola bilərsən” ideyası aşılanır, digər tərəfdən də seçimlərin çoxluğu qarşısında insanlar tərəddüd edirlər. Belə bir iztirabın qarşısında uğursuzluğa düşmək çox asandır. Ona görə də tutduğu yolu, karyerası puç olmuş kəslərin radikal addımlar atdığını görürük.

Bütün bunları nəzərə aldıqdan sonra həqiqi mənada ateist həyat tərzi sürməyə çalışan insanları düşünün. Ateizmi məntiqi nəticələrinə gətirib çıxaran insan həyatın, kainatın məqsədsiz, mənasız və dəyərsiz olduğunu qəbul edəcək. Ən yaxşı halda belə biri həyatına məna qatmağa çalışacaq və bu gün mövcud olan ideoliyalardan, “…izmlərdən” birini seçib yaşayacaq. Amma əgər seçdiyi yol gözləntilərini doğrultmasa, həyatına məna qatmaqda uğurlu olmasa o zaman onun qarşısında iki seçim vardır: bədbəxt bir həyat yaşamaq və yaxud da intihar edib canını qurtarmaq. Ölümdən sonra həyata inanmayan bir kəs üçün başqa alternativ yoxdur.

Ateist dünya görüşünün mahiyyətini dərk etmək istəyənlərə xristian filosof William Lane Craig’in yazdığı bu esseni oxumağı tövsiyə edirik.

Kitabı aşağıdakı linkdən PDF formatında endirərək oxuya bilərsiniz.