Xristian Sionizmin Tarixi I Qərb Niyə İsraili Dəstəkləyir?

İsrail dövlətinin yaranması və niyə beynəlxalq miqyasda geniş şəkildə dəstəklənməsi prosesini anlamaq üçün xristian sionizminin tarixi köklərini dərk etmək olduqca vacibdir. Sionist dövlətin 1948-ci ildə elan olunması sadəcə yəhudi xalqının istəklərinin nəticəsi deyildi; bu hadisənin arxasında qərb dünyasının, xüsusən də Britaniya və Amerika siyasətçilərinin ideoloji və dini təsəvvürləri dayanırdı. Xristian sionizmi, yəni yəhudilərin müqəddəs torpaqlara qayıdışını ilahi planın bir hissəsi kimi görən teoloji yanaşma qərb siyasətçilərinin düşüncələrini formalaşdıran mühüm amillərdən biri olmuşdur. Erkən kilsə atalarının düşüncəsində heç vaxt bu cür ideyalar olmasa da sonralar ortaya çıxan bu fikir zəncirvari proseslərlə bu günümüzədək dünya siyasətində ciddi təsirə malikdir.

Bu mövzunu anlamaq, sadəcə dini-fəlsəfi-tarixi bir polemika deyil, həm də bu gün baş verən hadisələrdə hələ də gücünü qoruyan tarixi irsin izini sürmək deməkdir. Belə ki, ABŞ və Avropada bir çox siyasi hərəkat və liderin İsrailə münasibətində xristian sionizminin təsiri indi də güclü şəkildə özünü biruzə verir. Ona görə də, müasir beynəlxalq münasibətlərin gedişatını və Sionist İsrailin beynəlxalq aləmdə necə bu qədər güclü siyasi dəstək qazandığını başa düşmək istəyən hər kəs üçün bu məqalədə müzakirə etdiyimiz xristian sionizminin tarixi böyük əhəmiyyət kəsb edir.