Elmi İnqilabın Sənaye İnqilabına Təsiri olubmu?

Əslində məsələ 17-ci əsrdən bu tərəfə müzakirə mövzusu olsa da, daha müasir araşdırmalar 1960-70-ci illərdə aparılmış və əksər tarixçilər bu suala neqativ cavab vermişdirlər (Musson, Robinson, Landes, Mathias, Hall, Rosenberg və s.). Bu tarixçiləri qətiyyən Avropa düşmənçiliyi etdiyini zənn etməyin, onlar arasında misal üçün David Landes opponentləri tərəfindən “avrosentrizm”də ittiham olunur və Avropa haqda dediyi bu sözlər məşhurdur: Tarixi faktlar göstərir ki, son min ildə Avropa (Qərb) inkişafın və müasirliyin əsas hərəkətverici qüvvəsi olmuşdur” 1

Bunun müqabilində 80-90-cı illərdə Elmi İnqilabın Sənaye İnqilabına birbaşa təsiri olmasa belə, dolayı yol ilə, “elmi ənənə” yaratmaq yolu ilə təsiri vardır deyən tezislər məşhur olmuşdur. Bu fikrin ən məşhur müdafiyəçilərindən Margaret Jacob və Joel Mokyr`ı qeyd edə bilərik. Jacob`a görə elmi inqilab daha rasional “yeni insan”ın ərsəyə gəlməsini təmin etmişdir ki, bu yeni insan sənayə inqilabının başında duran texnologiyaları icad etmişdir. Mokyr`a görə insanların kainatı idarə edən qanunları başa düşməsi onları bu qanunauyğunluqları gündəlik həyatda axtarmasına və işlərinə tətbiq etməsinə gətirib çıxarmışdır. Elitanın öyrəndiyi elm bir növ populyar mədəniyyətə sirayət etmiş və yeni texnologiyanın icadında böyük rol oynamışdır. 

Şübhə yoxdur ki, bu arqumentdə böyük doğruluq payı vardır. Lakin, bununla bərabər “elmi ənənə”nin Avropanın inkişafında yeganə və ya hətta əsas səbəb olduğunu deməyə tələsməmək lazımdır. Eric Hobsbawn “Sənaye İnqilabı haqda danışan mütləq pambıq haqda danışmalıdır” sözünü xatırlamaq lazımdır. Pambıq Sənayesi Britaniyada Sənaye İnqilabını başladan sənayədir, lakin bununla bərabər bu sənayənin ən əsas icadlarını edən James Hargreaves, Richard Arkwright və Samuel Crompton`un icadları ilə nəzəri elmin əlaqəsi yoxdur. Bu icadların Britaniyada edilməsinin əsas səbəbi iki amilin eyni zamanda Britaniyada toplanmasıdır: Atlantik ticarətin nəticəsi olaraq Britaniya işçilərinin maaşlarının çox yüksək olması + Hindistan pampıq məhsullarının Britaniya məhsullarıyla müqayisədə daha ucuz və daha keyfiyyətli olmasıdır. Bu iki səbəb Britaniyalı üçün mexaniki istehsala keçməyi sərfəli etmişdir. İşçilərin maaşları yüksək olduğuna görə Britaniyadakı sahibkarlar isçi qüvvəsinə ehtiyacı azaldan mexaniki istehsala keçmişdir. La Manş kanalanın digər tərəfində, Fransada isə maaşlar daha aşağı idi, buna görə də mexaniki istehsala keçmək sərfəli deyildi. 

Elmi inqilab ilə ən yaxın əlaqəsi olan sənayə icadı buxar mühərrikidir. Amma burada da belə bir sual ortaya çıxır: atmosfer təziqini öyrənməkdə bir çox Avropa alimi töhvə vermişdir: Galileo, Toricelli, Otto von Guericke, Robert Boyle, Robert Hooke, Christiaan Huygens və digərləri. İlk buxar mühərrikini  isə fransalı Denis Papin 1695-ci ildə icad etmişdir. Nəyə görə bu sənayə Britaniyada ən uğurlu nəticələrə gətirib çıxarmışdır? 1712-ci ildə Thoman Newcomen`ın icad etdiyi buxar mühərriki yeni bir mərhələ idi və bundan sonra Britaniyalılar yüz ildən uzun çəkən müddət ərzində bu icad; təkmilləşdirirdi. Buxar mühərrikinin həqiqi təsiri sadəcə 19-cu əsrin ikinci hissəsindən sonra hiss edilməyə başlamışdır. Bunun cavabı çox sadədir: Britaniya çoxlu daş kömür yataqlarına sahib idi və o zaman dünyada ən ucuz daş kömürü olan ölkə idi. Buxar mühərriki həm bu yataqları qurutmaq üçün istifadə edilir həm də özü yanacaq olaraq kömür istifadə edirdi. Britaniyanı digərlərindən fərqləndirən cəhət orada araşdırma və inkişaf etmənin sərfəli olması idi. Təbii ki, bu fərq sadəcə Britaniya ilə digər Avropa ölkələri arasında deyildi. Misal üçün, Çin üzrə mütəxəssis tarixçilərdən də bir çoxu Çin ixtiraçılarının atmosfer təzyiqini anladıqlarını və mürəkkəb buxar maşınları  icad etdiklərinə işarə edirlər, Britaniyanın Çindən daha tez sənayələşməsini yenə də Britaniyanın daha əlverişli kömür yataqları ilə əlaqələndirirlər. (misal üçün, Kenneth Pomeranz). 

Düşünürük ki, ən doğru yanaşma orta yolu tutmaqdır. Avropanın inkişafına elmin rolunun olduğunu etiraf etmək lazımdır, lakin eyni zamanda bu elmin inkişafının bir çox vaxt ortaya çıxan imkanlardan, bəzən isə tarixi “bəxt” amilindən də asılı olduğunu da qəbul etmək lazımdır. Bu bizə nəyə görə Sənaye İnqilabının İntibahın baş verdiyi və Elmi İnqilabın başladığı İtaliyada deyil Britaniyada baş verdiyini də izah edir. Misal üçün, Qeyd etdiyimiz Atlantik ticarət amilinin mühim olduğunu deyən tezis son illərdə nisbətən güc qazanmışdır, Joel Mokyr belə son araşdırmalarında onun rolunu etiraf etməli olmuşdur.

Məsələ haqda daha geniş yazmağı düşünürdük, lakin son günlərdə bəzi şəxslərin qeyd etdiyimiz məsələlərdən, akademiklər arasındakı debatlardan bixəbər olmalarına baxmayaraq yerli-yersiz şablonlaşmış fikirləri təkrar etməsi səbəbilə bu qısa yazını paylaşmağı uyğun bildik. İmkan olduqca oxucularımızı məsələlərlə daha ətraflı tanış etməyə çalışacağıq.

Dipnotlar

  1. D. S. Landes (1998), The Wealth and Poverty of Nations: Why Some Are So Rich and Some So Poor (Little, Brown and Company), p. xxi.)