Materialistlərin Məhrum Olduğu Hisslər

Din və imanın verdiyi bəzi hislər, şüurlar və təcrübələr vardır ki, materialist insanlar onlardan məhrumdur. Bu hisləri Ian Barbour altı kateqoriyada cəm edir1 və biz onun sözlərini bir qədər parafrazalı şəkildə sizlərə təqdim edirik.

1. Müqəddəslik qarşısında ehtişam hissi

Müxtəlif dinlərdə və mədəniyyətlərdə insanlar xüsusi bir təzim duyğusu, müqəddəslik, qutsallıq hiss edirlər. Bu, onların gözündə canlanan ilahi bir nümunəd ən qaynaqlanır. Belə bir müqəddəslik hissi insanlara həqiqi rol modelinin simasında ali davranış nümunələri göstərir. Bu, insanın faniliyi ilə ilahi sonsuzluq arasındakı kontrastı ifadə edir.

2. Əsrarəngiz birlik hissi

Dinlərdə fərdlər bir çox halda bir bütövlük, bir birlik hiss edirlər; yəni hiss edirlər ki, ətrafımızda gördüyümüz hər şey bir bütövün hissələridir və insan da həmin birliyin bir parçasıdır. Bu, insana harmoniya, rahatlıq və sükunət verir. Üstəlik bu, insana təvazökarlıq aşılayır, çünki özünü başqalarından ayırmırsan, özünü yaradılışın bir hissəsi kimi görürsən.

3. Şəxsi dəyişkənlik və dönüş

Bu hal çox zaman dinlərdə fərdlərin öz günahlarını etiraf etməkləri və bu günahlarına görə bəraət qazanmaq üçün dəyişiklik etməyə cəhdlərdə özünü göstərir. Buna İslamda biz tövbə deyirik, Allaha qayıdış deyirik. Bu hisdən sonra bağışlanılmış olmaq hissini yaşayırsan, dəyişə biləcəyinə inanırsan. Qırıqlıqdan, özgəlikdən, çirkinlikdən uzaqlaşıb bütövlüyə, barışa və təmizliyə yönəlirsən. Bu zaman daxili təmizlənmə, mənəvi sağalma baş verir.

4. Bəla və ölümlə üzləşməkdə cəsarətli olmaq

Din bəlalara, fəlakətlərə, ölümə xüsusi məna qatdığı üçün onlara dini baxış tamamilə fərqli olur. Ölüm əslində bir son deyildir, fəlakətlər də əslində uduzmaq, itirmək halı deyildir, əksinə ölümdən sonra həqiqi həyat, fəlakətdən sonra isə yüksəlik şansı, təmizlənmək imkanları mövcuddur. Ona görə də məhz dini təcrübə sayəsində xərçəng xəstəsi olan insanlar tamamilə başqa cür bu xəstəliyi yaşaya bilirlər, hətta bu xəstəliyi Yaradıcıdan bir nemət olaraq görə bilirlər. Belə bir şey yalnız dini təcrübə ilə mümkündür.

5. Mənəvi məsuliyyət və ya vəzifə hissi

Vicdan və mənəvi məsuliyyət dindar olmayan şəxslərdə də mövcuddur, lakin bunun təməli dini təsəvvürlərdən qaynaqlanır. Dini təcrübələr bu cür mənəvi məsuliyyət hissini gücləndirir, çünki onun üçün həyat nisbi deyildir, həyatda Allahın müəyyən etdiyi doğrular və yalnışlar vardır və onlara qarşı mənəvi məsuliyyət dindar insanlarda daha qabarıq özünü göstərir.

6. Nemətlərə qarşı şükür

Dindar insanlar həyatı, dünyanı, kainatı və insanın özünü Allahdan bir nemət olaraq görüb dəyərləndirirlər. Onlar ətrafındakı təbii nizam, kosmik qayda-qanun, rəng gözəlliyi qarşısında dini bir təzim hiss edirlər, Yaradıcının qüvvəsini, sonsuz hikmətini görə bilirlər. Həyat ən böyük nemətlərdən biri kimi dəyərləndirilir və nizamın, qayda-qanunun qaynağı olan Yaradıcını təzim edilməsi bu hissin gərəyidir. Bu halda insan Yaradıcı qarşısında öz acizliyini və asılılığını aydın şəkildə hiss edə bilir.

Dipnotlar

  1. Ian G. Barbour, “Religion And Science: Historical And Contemporary Issues”, Harper Collins, New York, 1997, səh: 110-112;