Qadına ən yüksək dəyər verilən dövr

Bədnam bir jurnalistin facebook-dakı statuslarından biri ilə qarşılaşdım. Adam “İslam dini qadına ən yüksək dəyər verir” iddiasına etiraz etmək üçün yazır: “Bütün bəşər tarixi ərzində qadına ən yüksək dəyər verilən zaman və məkan Viktoriya dövrünün Britaniyası olub.” Statusunu bu cümləsi ilə başlayır.

Görəsən bu jurnalist necə belə bir nəticəyə gələ bilib? Çətin deyil, Viktoriyan dövrünü romantikləşdirən bir iki filmə baxıb belə bir nəticəyə gəlmək asandır. Özü də bəzi novellərin adlarını çəkir: “Far from the Madding Crowd”, “Furthering Heights”, “Pride and Prejudice”. Emily Brontë’nin əsərinin adı “Furthering Heights” yox, ”Wuthering Heights” olmalıdır.

İndi baxın görün bu üstünlük özünü nədə göstərir. Bu jurnalistə görə viktoriyan dövründə qadın “az qala ilahi məxluqa…çevrilmişdi”, qadın “bir incəsənət əsəri, bir ikona, bir ali dəyər sayılırdı.” Ona görə o cəmiyyətdə qadın “günahkar ola bilməz, qadın olmaq avtomatik məsum, saf olmaq anlamına gəlirdi.”

Əvvəla ən üstün dəyəri vermək heç də hər zaman ən doğru dəyəri vermək anlamına gəlmir. Qadını “məsum, günahsız, saf” hesab etmək nisbətdə üstün görünə bilər, amma həqiqətdə heç də doğru dəyər deyildir və hər zaman qadın üçün yaxşı nəticələrə gəlib çıxarmır. Biz uşaqları məsum, günahsız gördüyümüz üçün onları qorumaq namına bir çox hüquqlarından məhrum edirik. Nə yeyəcəyinə, nə geyinəcəyinə, nə düşünəcəyinə qərar veririk. Görəsən qadınlar üçün də belə bir nəticə onların öz nəzərində üstünlük sayılırmı? Buna görə də Viktoriya dövründə qadın çox sadə hüquqlardan məhrum idi.

Misal üçün o dövrdə qadın ərə getdikdə mülkiyyət hüququnu, öz bədəni üzərindəki haqqını itirirdi, praktiki olaraq öz ərinin mülkünə çevrilirdi “Far from the Madding Crowd” kitabını yazan Thomas Hardy də bunu öz dövründə tənqid edirdi. Jurnalist əgər kitabı oxumuşdusa bunu başa düşməli idi. Kitabda Thomas Hardy bu həqiqəti əsərinin baş qəhrəmanı Bathsheba’nın dili ilə ifadə edir. Bathsheba çoban Gabriel’in evlənmək təklifinin rədd edərkən bunu belə izah edirdi: “Mən o şəkildə kişilərin mülkü kimi görünməyə nifrət edirəm.” 1

Boşanmış qadınlar

Bu, o dövrün reallığı idi. Sir William Blackstone ingilis qanunlarına yazdığı kommentariyasında deyir: ”Evlilik ilə ər və arvad qanunda bir şəxs olurlar; bu o deməkdir ki, qadının mövcudluğunun özü və ya hüququ mövcudluğu evlilik müddətində ləğv edilir.” 2Qadının şəxsi mülkü evləndikdən sonra ərinin mülkünə çevrilirdi. Evli qadının əmlak əldə etməyə haqqı yox idi, eyni zamanda etibara alınan kontraktlar da bağlaya bilməzdi. Boşandığı təqdirdə isə qadın ikinci dəfə ərə gedə bilmirdi, ümumiyyətlə boşanmağın özü qadın üçün həddindən artıq çətin idi. 3

Boşanmış qadınlar cəmiyyətdə uğursuzluq əlaməti sayılırdılar. Həmçinin qadınları abort etmək qanunsuz idi və kontrasepsiyadan istifadə etməyə icazə vermirdilər. 4

Hətta boşandıqdan sonra sizcə uşaqlar kimin himayəsində qalırdı: atanın yoxsa ananın? O dövrdə ingilis qanunu atalara üstünlük verirdi və analara qəyyumluq şansı tanımırdı. Qız uşaqlar atalarının mülkiyyəti hesab olunurdu, evləndikdən sonra bir çox yöndən ərlərinin mülkünə çevirilirdilər. 5 Vəziyyət o qədər insafsız idi ki, aşağı və orta sinfin qadınları dul qaldıqlarında özlərini və uşaqlarını dolandırmaq üçün yalnız fahişəlik etməyi çıxış yolu kimi görürdülər.

Bu dövrdə qadının – jurnalistin dili ilə desək – o dərəcədə “məsum” görürdülər ki, onlar üçün seksuallığı tamamilə inkar edirdilər. Qadının seksual ehtiyacları yox hesab edilirdi, cinsəl ehtiyaclar yalnız kişilərə aid idi. Qadında cinsəl şəhvətin olması xəstəlik kimi ələ alınırdı və buna görə o, günahkar hesab edilirdi. Viktoriya dövründəki qadınların hüquqları, taleləri haqqında yazılmış tarixi əsərlərdə bizim qeyd etdiklərimizdən də qat-qat çox sarsıdıcı məlumatlar mövcuddur.

Xülasə, T.H. Marshall’ın sözü ilə desək 19-cu əsrdə qadın sivil və siyasi vətəndaşlığın bir çox aspektindən məhrum idi. 6

İslam dini

Bütün bu qeyd etdiklərimizdə İslam dini qadına böyük hüquqlar tanıyıb. Qadın ərə getdikdə ərinin mülkünə çevrilmir, müstəqil hüquqi şəxsiyyətini, öz mülkü üzərində haqqını qoruyub saxlayır. Boşandıqdan sonra təkrar ərə getmək haqqı tanınır və boşandıqda uşaqlar ananın himayəsinə verilir.

Bütün bunları oxuduqdan sonra bu bədnamın sözü üzərində fikirləşin: “Bəşər tarixinin başqa heç bir dövründə qadın bu qədər təmiz, toxunulmaz və uca təsəvvür edilməyib.” İndi bu nəticəni haradan çıxardığı sirr olaraq qalır.

Dipnotlar

  1. Far from the Madding Crowd, səh: 64
  2. “Commentaries on the Laws of England”, fəsil: 15, səh: 343
  3. Walby, S. (1990) Theorizing Patriarchy (Oxford: Basil Blackwell), pp 160-171
  4. Walby, S. (1994) ‘Is Citizenship Gendered?’, Sociology, Vol. 24, no. 2, May, pp 380-381
  5. Lewis, J. (1984) Women in England 1870–1950: Sexual Divisions and Social Change (Sussex: Wheatsheaf Books), p. 3
  6. Marshall, T.H. (1950) Citizenship and Social Class, and Other Essays Cambridge: Cambridge University Press.