Qaranlıq enerji və inanc

Müasir elmin ən son kəşflərindən biri də budur ki, kainat genişlənir. Bu kəşf təbii ki, daha sonra “Big Bang” adlandırılan “elmi teoriya” ilə nəticələndi. Daha sonrakı illərdə kainatın genişlənməsi ilə bağlı yeni məlumatlar ortaya çıxdı. 1998-ci ildə aparılmış müşahidə nəticəsində ortaya çıxan hesabatda elm adamları iddia etməyə başladılar ki, kainat sadəcə genişlənmir. Lakin bu genişlənmənin sürəti getdikcə artır. Başqa sözlə genişlənmə sabit bir sürətə malik deyildir, lakin getdikcə artan sürətlə genişlənir.

Bu müşahidələr elm adamlarının qarşısında yeni bir aləmin qapısını açırdı. O zamana qədər elm adamları müşahidə edə bildikləri kainatdan xeyli bir hissəni öyrəndiklərini güman edirdilər. Lakin bu həqiqətdən sonra öyrəndiklərinin əslində cüzi bir şey olduğunu dərk etdilər. Müşahidələrə elmi bir izah vermək üçün yeni bir qavram ortaya atıldı və buna ingilis dilində Dark Energy” və “Dark Matter adları verildi. “Dark Energy” qaranlıq enerji deməkdir, “dark matter” isə qaranlıq maddə deməkdir. Son hesablamalara görə elm adamları bütün kainatın 68,3 faizini qaranlıq enerji, 26,8 faizini qaranlıq maddə, yerdə qalan 4,9 faizini isə adi maddənin təşkil etdiyini söyləməyə başladılar.

Əslində işlətdikləri “dark”, yəni qaranlıq sözü nə enerjinin, nə də maddənin rəngini ifadə etmir. Lakin elm adamlarının bu maddə və enerji haqqında heç bir məlumata sahib olmamaqlarını göstərir. Ona görə də buna “qaranlıq” deyirlər. Bir sözlə elm adamları iman edirlər ki, kainat öz-özünə, heç bir səbəb olmadan daim sürətlənən tərzdə genişlənə bilməz və bunun arxasında bir qüvvə durmalıdır. Görə bilmədikləri, hələ sübut edə bilmədikləri o qüvvəni “qaranlıq enerji” adlandırırlar. Yalnış oxumadınız, bəli, elm adamları da hələ sübut olunmamış şeylərə inanırlar. Ola bilsin ki, gələcəkdə həmin şeyin həqiqət olduğu sübut olunsun, sübut edilməyə də bilər, amma elm adamları hər bir halda belə bir şeyin mövcud olduğuna inanırlar.