Osmanlıda çap qadağası olubmu?

Osmanlı İmperiyasında ilk çap evinin əsası ispanların təqibindən qaçaraq gələn iki yəhudi köçkün, David və Samuel İbn Nahmias tərəfindən 1493-cü ildə İstanbul şəhərində qoyuldu. Lakin onların qurduqları çap evi yalnız yəhudi icması üçün kitablar çap edə bilərdi. (Yəhudilərin) xristian Avropasındakı çap fəaliyyətləri dini səbəblər üzündən ciddi məhdudiyyətlərlə üzləşdiyi halda sultanların təmin etdikləri din və ifadə azadlığı yəhudi mətbuatının (müsəlman torpaqlarında) inkişafına və yayılmasına imkan yaratdı.”1

Stanford Shaw bu sözlərindən sonra yəhudilərin 1530-cu ildə Salonica (Selanik) şəhərində, 1557-ci ildə Qahirədə mətbuat ocaqları açdıqlarını və sonrakı iki əsr boyunca İstanbulda çox sayda bu kimi mərkəzlərin əsasını qoyduqlarını yazır. 1567-ci ildə ermənilər, 1627-ci ildə isə yunanlar öz mətbəələrini qururlar. 1588-ci ildə III Murad fərman ilə italiyalı tacirlərə öz ölkələrində ərəb, fars və türk dillərində çap etdirdikləri kitabları Osmanlı torpaqlarında satmağa izin verdi.

Əsrlər boyu avropalıların beynində bu sual dolaşır. Osmanlılar, ümumilikdə isə müsəlmanlar nə üçün kitabların çapına keçid etmirdilər? Ona görə də Türkiyə, Şam, Misir və digər müsəlman ölkələrinə səfərlər edən qərblilər yazdıqları kitablarda bu mövzu barəsində öz şəxsi fikirlərini bölüşməyi ehmal etməyiblər. Avropada hakim olan təsəvvür hər zaman bu olub ki, Osmanlı ərazilərində kitab çapı sultan fərmanı ilə qadağandır və ölüm hökmü ilə cəzalandırılır. Bu iddialar bir çox avropalı müəllifin kitabında öz əksini tapır. Görəsən, bu iddia həqiqətə əsaslanır, yoxsa avropalıların Şərq haqqındakı qərəzli mövqeyindən qaynaqlanan təsəvvürdür?

Harvard Universitetindən tarix üzrə fəlsəfə doktorluğu qazanmış Kathryn A. Schwartz bu suala cavab vermək üçün bir araşdırma aparıb və onun araşdırması Johns Hopkins Universitetinin nəşr etdiyi “Book History” dərgisinin iyirminci cildində yayınlanıb. Schwartz bu iddianın fransız Fransiskan rahib André Thevet’dən qaynaqlandığını deyir. Fransız diplomat Gabriel de Luetz’ə İstanbula qədər yoldaşlıq etmiş Thevet Parisdə 1584-cü ildə nəşr edilmiş kitabında bu barədə sultanların fərmanının olduğunu deyir.2 Schwartz’a görə bu barədə bundan qədim məlumat yoxdur. Thevet’ə görə sultan Bəyazid ilk fərmanını 1485-ci ildə imzalayıb. Schwartz bu məlumatların doğruluğuna şübhə ilə yanaşır, hətta qəti şəkildə bunu inkar edir.

Bunun doğru olmadığını təsdiqləyən tarixi məlumatlar arasında İstanbulda uzun müddət qalan italiyalı Conte di Marsigli’nin şahidliyi öz əksini tapır. O, Osmanlının hərbi vəziyyəti haqqında yazdığı kitabında bu sözləri deyir: “Türklər həqiqətən də öz kitablarını çap etmirlər. Amma bu, heç də düşünüldüyü kimi kitab çapının qadağan edilmiş olmasına görə deyil və ya kitablarının çap olunmağa layiq olmamasına görə deyil. Onlar sadəcə olaraq bu qədər nasixin çörək pulu qazanmasına mane olmaq istəmirlər və mən İstanbulda olduğum müddətdə 90 000 nasix vardı.”3 Conte Luigi di Marsigli burada iki nüansa diqqət çəkir. Hər şeydən əvvəl Avropada hakim olan təsəvvürə toxunur və bu təsəvvürə görə Osmanlıda kitab çapının qadağan edildiyini ifadə edir. Daha sonra isə bunun doğru olmadığını söyləyir. Ona görə belə bir rəsmi fərman mövcud deyildi və heç bir zaman mövcud olmayıb, sadəcə olaraq Osmanlı hakimiyyət dairələri məhz sosial siyasətin bir hissəsi olaraq kitab çapını Osmanlı cəmiyyətinə daxil etməkdən imtina ediblər.

İtaliyalı müşahidəçinin nasixlərin sayını 90 000-ə çatdırmasını açıq-aşkar mübaliğə kimi görmək olar. Amma burada göstərdiyi sosial səbəb təkcə onun deyil, bir çox avropalı və türk şahidlərin də təsdiqlədikləri bir müşahidədir. Nəzərə alaq ki, di Marsigli Osmanlı cəmiyyətini daha yaxşı tanıyırdı, ömrünün iyirmi ili ərzində osmanlılarla yaxın münasibətdə olub, hətta müharibə əsiri kimi yeniçərilərin arasında yaşayıb.4

Samir Firdovsioglu‘nun “Ataların Kölgəsində” kitabından

Dipnotlar

  1. Stanford J. Shaw, “The Jews of The Ottoman Empire and The Turkish Republic”, səh: 106; Macmillan Press, London, 1991
  2. André Thevet, ”Les Vrais Pourtraits et Vies des Hommes Illustres Grecz, Latins et Payens”, səh: 515; Paris, 1584
  3. Conte Di Marsigli, “Stato Militare dell’Imperio Ottomanno; Incremento e Decremento del Medesimo”, səh: 40; Pietro Gosse, Amsterdam, 1732
  4. John Stoye, “Marsigli’s Europé, 1680-1730: The Life and Times of Luigi Ferdinando Marsigli, Soldier and Virtuoso,” səh: 23-27, 36; Yale University Press, New Haven, 1994