Kainatdan kənar səbəbiyyət prinsipi işləyirmi?

Kainatın təqribən 14 milyard il öncə var olması hadisəsinin açıq-aydın çıxarışlarından biri bu Kainatın bir səbəbə, başqa sözlə, Yaradıcıya ehtiyacı olmasıdır. Buna görə də Big Bang Kainatın başlanğıcını izah edən əsas nəzəriyyə olaraq qəbul edilməzdən əvvəl bir çox ateist fizik və alim bu nəzəriyyənin sırf fəlsəfi yöndən doğru olmamasını arzulamışdır.

Dediyimiz çıxarışı inkar etmək üçün eşitdiyimiz cəfəngiyyatlardan biri fiziki kainatdan kənar səbəbiyyət prinsipinin işləyib-işləmədiyini bilmədiyimizi, ona görə də bir teistin bu prinsipdən istifadə edərək Yaradıcının varlığına arqument qura bilməyəcəyini iddia edilməsidir.

Buna cavab olaraq deyirik ki, səbəbiyyət prinsipi əqlimiz ilə bildiyimiz ən qəti məntiqi hökmlərdəndir. Ateistin iddiasını sillogizm şəklində qeyd etməyimiz işimizi asanlaşdıra bilər. Arqument belədir:

  1. Biz Kainatdan kənar qəti məntiqi hökmlərin (səbəbiyyət prinsipi də bunlardandır) işləyib işləmədiyini bilmirik.
  2. Biz bilmədiyimiz şeylər haqda dəlil olmadan hökm verməməliyik.

Nəticə

Kainatdan kənar qəti məntiqi hökmlər haqda hökm verməməli və onları arqumentasiyada istifadə etməməliyik.

Fikir verin ki, ikinci cümlə özü-özlüyündə qəti məntiqi hökmlərdəndir və ateist onu Kainatdan kənara tətbiq edir. Ateist nəticə olaraq “Kainatdan kənar qəti məntiqi hökmlər haqda hökm verməməliyik” deməsi üçün Kainatdan kənar qəti məntiqi hökmlər isbat etməlidir! Beləliklə arqument özü özünü batil edir.

Daha sadə dildə desək, ateist deyir: “ biz kainatdan kənar məntiqin işləyib işləmədiyini bilmirik. İşləyib işləmədiyini bilmədiyimiz bir şeyi arqument kimi istifadə edə bilmərik. Deməli, siz Yaradıcının var olduğunu isbat etmək üçün Kainatdan kənarda məntiqi istifadə edə bilməzsiz”. Fikir verin ki, ateist birinci cümlədə Kainatdan kənar məntiqin işləyib işləmədiyini bilmədiyimizi iddia etdi, ikinci cümlədə isə Kainatdan kənar məntiqi işlətdi, çünki “işləyib işləmədiyini bilmədiyimiz bir şeyi arqument kimi istifadə edə bilmərik” sözü özü məntiqin bir hissəsidir!
Beləliklə, ateist inkar etmək istədiyi şeyi özü istifadə edir və qaçılmaz təzada düşür.