Sam Harris və müsəlmanların soyqırımı | Harris’in təhlükəli fikirləri

“Bəzi fikirlər o qədər təhlükəlidir ki, bunlara inanan insanları öldürmək belə etik hesab oluna bilər. Bu qeyri adi səslənə bilər, lakin bu içində yaşadığımız dünya haqqında sadə faktı əks etdirir. Bəzi inanc sahiblərini sülh yolu ilə inandırmaq mümkün deyil, eyni zamanda, bu inanclar onları başqalarına qarşı qeyri adi şiddət göstərməyə təhrik edir. Bəzi insanlar ilə danışmaq mümkün deyil. Əgər onları tutmaq mümkün deyilsə, necəki bu əksər hallarda mümkün deyil, tolerant insanlar özlərini müdafiə adına belə insanları öldürməkdə haqlı ola bilərlər. Birləşmiş Ştatlar bunu Əfqanıstana etməyə çalışmışdır və biz digər qərb ölkələri ilə bərabər bunu digər Müsəlman ölkələrində etməliyik. Biz ideyalar müharibəsində qan tökməyə davam edəcəyik.“ 1

Bu sözlər Yeni Ateizm cərəyanının liderlərindən biri Sam Harrisə aiddir. Sözlər o qədər absurd və ziddiyyətlidir ki, adam bunların ciddi qarşılanacağına təəəcüb edir. Amma Harrisin kitabı New York bestseller`i olmuşdur! Harris davam edir:

“Bizim nüvə silahına sahib olan İslam rejimi ilə soyuq müharibədə olmamızın ehtimalı azdır… Belə halda, bizim sağ qalmamızı təmin etmək üçün yeganə çıxış yolu qabaqlayıcı ilk nüvə zərbəsi ola bilər. Deməyə ehtiyac yoxdur ki, bu ağlasığmaz cinayət olar, beləki, bir gün ərzində onlarca milyon günahsız mülki vətəndaş öləcək, ancaq islamçıların inanclarını nəzərə alsaq, bu bizim yeganə çıxış yolumuz ola bilər.” 2

Qısacası, Harrisə görə müsəlmanların Allaha olan inancı rasional deyil. Bu inanc müsəlmanları özlərindən olmayanları, yəni Allaha inanmayanları öldürməyə təşviq edir. Buna görə də qərb nüvə silahı ilə müsəlmanlar arasında soyqırım etməkdə haqlı ola bilər. İroniya ondandır ki, Harrisin dediklərini bir-bir özünə şamil etmək olar. Sizcə sadəcə İslam ölkələrindən biri nüvə silahı əldə etdiyi təqdirdə o ölkəni qabaqlayıcı nüvə zərbəsi ilə vurmaq və milyonlarca günahsız insanın ölümünə bəraət qazandırmaq təhlükəli fikir deyilmi? Bəli, “bəzi fikirlər o qədər təhlükəlidir ki, bunlara inanan insanları öldürmək belə etik hesab oluna bilər…”

Fəlsəfi dəlillərdən ziyadə iyirminci əsr ərzində elmin inkişafı Big Bang nəzəriyyəsi ilə Kainatın özündən xaric səbəbi olduğuna, Kainatda mövcüd olan dəqiq tənzimləmə ilə də Kainatın təsadüf nəticəsində var olmasının mümkün olmamasına – yəni bu Kainatın üstün bir Varlıq tərəfindən ərsəyə gətirilməsinə işarə etsə3 də Harris yenə də ateistik inancına kor iman etməyə davam edir. Bu rasional olmayan inanca boyun əyməyənləri də nüvə silahı ilə yox etməyi etik görür. “Bəzi inanc sahiblərini sülh yolu ilə inandırmaq mümkün deyil, eyni zamanda, bu inanclar onları başqalarına qarşı ekstraordinar şiddət göstərməyə təhrik edir.”

Harris müsəlmanları inanclarına görə terror aktlarında ittiham edir, öz növbəsində isə ABŞ`ın Əfqanıstanda və digər müsəlman ölkələrində etdiklərinə bəraət qazandırır. Və açıqca da bunun ideyalar naminə edildiyini etiraf edir: ”Biz ideyalar müharibəsində qan tökməyə davam edəcəyik.”. Başqasını ideyalara görə qan tökməsini pisləyən öz ideyası naminə qan tökməyə bəraət qazandırır?4 Gülməli deyil mi?

Dipnotlar

  1. Sam Harris, The End of Faith: Religion, Terror, and the Future of Reason (New York: Norton, 2004), 52–53
  2. IBID p 128–129
  3. Biz elmin metafizik Yaradıcının olduğunu isbat etdiyini demirik, lakin elmi kəşflər bu cür metafizik arqumentasiyada məntiqi fərziyələr kimi istifadə oluna və arqumenti gücləndirə bilər. Ona görə də biz “işarə edir” sözünü istifadə etmişik.
  4. Təbii ki, Harris`in burada yeganə çıxışı öz ideyasının daha üstün olduğunu iddia etməsidir. Ateizmin din inancından daha rasional olduğunu iddia etmək iddiadan başqa bir şey deyil.