Qadın azadlıqları, seks inqilabı, feminist hərəkatı..

Qadın azadlıqları, seks inqilabı, feminist hərəkatı… Bütün bunlar müasir Qərbdə aparılan sosioloji eksperimentlər idi, sınayaq və görək nə olur?

Əlli ildən çox bir müddət keçdikdən sonra nə olduğunu artıq yavaş-yavaş görürük. Hal-hazırda Qərbdə bunun ciddi müzakirələri gedir. Müzakirə olunan bəzi nöqtələri burada qeyd etməkdə fayda vardır:

Azad seks və qadınlar üçün nəzərdə tutulmuş digər azadlıqlar müzakirə edildikdə iqtisadçılar buna müsbət baxırdılar. Gətirdikləri bir arqumentə əsasən qadınların işgüzar həyata qoşulması məhsuldarlığı iki dəfə artıracaq, vergilərdən dövlət xəzinəsinə iki dəfə daha çox gəlir gələcəkdi. Çox güclü bir arqumentdir. Qısa bir zamanda həqiqətən də nəticə öz sözünü dedi, qadınların işgüzar həyata qoşulması dövlətin zənginliyinə zənginlik qatdı, lakin yavaş-yavaş üzərində düşünmədikləri bir vəziyyət ortaya çıxmağa başladı.

1. Doğulan uşaqların sayı azalır

Bu nə deməkdir? Əhalinin sayı azalır, ümumiyyətlə işçi qüvvəsi azalır. Əvvəllər qadınlar ailənin içində aktiv rola sahib olduqlarında ailə böyük olardı və təbii ki, bir ailədən çox sayda fərd çıxardı. İndi isə həmin qadınların bir hissəsi ümumiyyətlə uşaq doğmur, karyera arzusundadır, bir hissəsi isə çox az doğur. Deməli qadınların işgüzar həyata daxil edilməsi qısamüddətli dövrdə işləyən fərdlərin sayını artırdı, amma uzunmüddətli dövrdə işçilərin sayının azalmasına gətirib çıxardı.

2. Cavan nəslin sayı azalır

Qadınların işləməsi həm də onların ömürlərinin gec bir dövründə uşaq doğması demək idi. Bu və həyat keyfiyyətinin artırılması ona gətirib çıxarırdı ki, ölkədə cavan nəslin sayı azalır, yaşlı nəslin sayı isə çoxalırdı. Deməli dövlətin xərcləri artırdı; yaşlı nəslin çoxalması pensiya pullarından əlavə bir də səhiyyə xərclərinin artması deməkdir. Əgər işləyib vergi verən gənc nəsil az olarsa bu yük ciddi problemə çevrilir.

3. Evlilikdən kənar doğulan uşaqlar

Qadınların azad seks trendinə qoşulması evlilikdən kənar çox sayda uşağın dünyaya gəlməsinə səbəb oldu. Bununla “tək anaların” (single mother) sayının çoxalması cəmiyyətdə yeni bir təbəqə əmələ gətirdi, üstəlik analıq vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün tərk edilmiş uşaqların da sayı artdı. Həm tək analar, həm də tərk edilmiş uşaqlar dövlətin xərclərini ciddi şəkildə artırırdı, artıq bu fərdləri “işləyib evə qazanc gətirən atalar” yox, dövlət saxlamalıdır.

4. Məsuliyyətli kişilərin azalması

Tək ana olmaq qadının xoşbəxtliyi üçün ciddi bir sınaqdır, çünki ata olmadığı halda qadın uşağına vaxt ayırmalı olur. Belə bir dövrdə qadının yeni bir kişi ilə bir araya gəlməsi şansı azalır. Bu, həmin qadının romantik və cinsəl həyatının keyfiyyətinin düşməsinə səbəb olur. Azad seksin olduğu bir cəmiyyətdə kişilər məsuliyyətli əlaqələrə girməkdən imtina edirlər, axı nəyinə lazımdır? Azad seks imkanları onsuz da onun tələblərini qarşılaya bilir.

5. Ata-anasız böyüyən uşaqlar

Uşaqların atasız və bir çox halda ata-anasız böyüməsi onların psixologiyasına yaxşı təsir etmir. Xüsusilə oğlan uşaqları üçün nümunə olacaq ataların olmaması onlara ciddi təsir göstərir. Bu uşaqların həm də həyatda ciddi nəaliyyətlər əldə etmək şansı da azalır. Statistika təsdiqləyir ki, tək anaların sayının çoxalması kasıblıq və kriminal reytinqin artması ilə düz mütənasibdir. Bu fenomen sosioloji ədəbiyyatda eninə və dərininə doğru öyrənilmiş bir fenomendir.

6. Abortların sayı çoxalır

Abortların sayı çoxalıb. Həyatın dadını çıxarmaq istəyən, bir uşağa görə imkanlarını məhdudlaşdırmaq istəməyən qadınlar onlara təqdim edilən abort imkanları ilə öz bətnlərindəki uşağı öldürməkdən çəkinmirlər. Bir çox halda bu, qadınlarda psixoloji problemə səbəb olur. Digər hallarda isə sonsuzluğa gətirib çıxarır. Bütün bunların hamısının dövlətin xərclərinə təsiri vardır.

7. Cinsi xəstəliklərin sayı artır

Cinsi xəstəliklərin sayı artır və normal bir hala çevrilir. Çünki azad seks həm kişilər, həm də qadınlar üçün seks partnyorunun çoxalması deməkdir və bu gün hamı bunun nə qədər xoşa gəlməz xəstəliklərə gətirib çıxardığını bilir. Bu hallar da vergi pullarının xərclənməsinə gətirib çıxarır.

8. Məcburi süni mayalanma

Qadınlar karyera üçün çalışdıqlarına görə uşaq sahibi olmağı gecikdirirlər, nəticədə elə bir yaş dövrünə gəlib çatırlar ki, o yaşda uşaq sahibi olmaq çətinləşir. Bunun üçün həm öz pulları ilə, həm də dövlətdən aldıqları maliyyə dəstəyi ilə süni mayalanmaya baş vururlar. Bunun xərcləri isə əvvəlkindən daha çoxdur.

9. Bir-birilərini tanımayan bioloji bacı-qardaşlar

Qadın emansipasiyasının məntiqi nəticəsi olaraq bir çox qadın ailə həyatı qurmaqdan ümumiyyətlə imtina edirlər. Sperma donorlarının xidmətindən istifadə edərək uşaq sahibi olurlar. Avropada bu cür donor uşaqları minlərlədir və atalarının kim olduqlarını bilmirlər. Yəni Avropada ayrı-ayrı ölkələrdə bir-birilərini tanımayan bioloji bacı-qardaş çoxdur.

10. Cinsi sui-istifadə halları

Qadınları evlərindən çıxarıb cəmiyyətin fərqli yerlərində naməhrəm kişilərin arasında çalışmaq üçün onlara şərait yaratmaqla eyni zamanda cinsəl sui-istifadə hallarına da şərait yaradıldı. Kişilər necə də olmasa cinsəl aqressor mövqeyində qalıblar, belə bir nəticəni gözləmək olardı. Ona görə də bu gün nəticədə çox qəribə müzakirələr ortaya çıxıb. “Metoo” söhbətindən sonra qadınla kişi arasında cinsəl qaydaları müəyyənləşdirməkdə gülünc formalar təklif edilir. Bu yöndə eksperiment hələ də davam etməkdədir.

11. Qayğıdan yoxsul qadınlar

Qadınların xeyli bir hissəsi əslində xoşbəxt deyildir, çünki ömürlük həyat yoldaşı yoxdur, daimi qayğı yoxdur. Qadınların xeyli hissəsinin cinsəl və romantik həyatı “kazual seks” və “konfrans macəralarından” ibarət olub. Kişilərdə isə miqtau fenomeni yayılmaqdadır.