Nübuvvət Arqumenti: Özünə imtiyaz tanımayan başçı

Təsəvvür edin ki, Qay Yuli Sezar Qalliya səfərində şəxsi əşyalarını heç bir xadimə daşımağa icazə verməzdi, öz əşyalarını daim özü daşıyardı. Düşərgə saldıqda isə hər bir əsgərə iş tapşırdıqdan sonra odun yığmaq işini öz boynuna götürərdi. Şirürəkli I Riçard Qüdsə yürüyüş etdiyində qoşunun minik vasitələri az olduğundan hər bir atı 3 əsgər növbə ilə minərdi. Riçard kral olmağına baxmayaraq bu növbələşmədə əsgərləri ilə bərabər iştirak edərdi. Aleksandr Suvorov Alp dağlarını keçdikdə qoşunu aclıq çəkdiyini görər və öz şəxsi ehtiyatlarını qoşunu ilə bölüşər, onlarla birlikdə aclıq çəkər və aclığa görə qarnına daş bağlayardı. Napoleon Bonapart öz sarayını tikdirdiyində işçilərə yardım edər, onlar bir daş daşıyanda imperator iki daş daşıyardı. Böyük Karl döyüşlərdən birində səngər qazmağı əmr edər, sonra əsgərlər ilə bərabər özünə də qazacağı yeri təyin edərdi və əlləri ilə səngər qazardı.

Təsəvvür etdiniz?

Təsəvvür etdiniz? Təbii ki, təsəvvür edə bilmədiniz. Bu şəxsiyyətlər nə qədər böyük idarəçi olsalar belə bu sadaladıqlarımızı heç bir vaxt etməzdilər. Lakin tarix bunları edən şəxsiyyəti tanıyır. Bu, davamçıları tərəfindən sadəcə sərkərdə, kral, imperator deyil, həm də peyğəmbər hesab olunan Muhamməd ibn Abdullahdır. Mədinədə məscid tikintisində səhabələr bir daş qaldıranda iki daş qaldıran, səfərlərdə öz əşyalarını daşıyan, əshabı ilə at minməkdə növbələşən, odun yığmaqla məşğul olan bir peyğəmbər. Əzhab döyüşündə 57 yaşı olduğuna baxmayaraq səhabələr ilə bərabər səngər qazan, onlarla soyuğa, aclığa dözən və özünə heç bir imtiyaz tanımayan peyğəmbər. Bəzilərinin iddia etdiyi kimi dünya qazancı üçün yalandan peyğəmbərlik iddia edənin bütün bunlarda iştirak etməsinin mənası nədir? Tanınmış yazıçı və dramaturq Corc Bernard Şou bizə deyir:

“Mən İslamı və onun Peyğəmbərinin həyatını diqqətlə araşdırmışam… Elə nəticəyə gəldim ki, Muhəmməd böyük şəxsiyyət, əzablı ağrılar altında qıvrılan bəşəriyyətin böyük xilaskarıdır…”

Corc Bernard Şou