“İslam qadını yarım insan görür” şübhəsi

Qardaşlarımızdan biri bəzilərinin “İslam qadını yarım insan görür” kimi ittihamlarına cavab verməyimizi xahiş etmişdir. Bu ittihamın səbəbi Bəqərə surəsində gələn borc ayəsinin bir hissəsidir. Ayədə buyurulur: “Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, (qadınlardan) biri unutduqda, o birisi onun yadına salsın.” (Bəqərə, 282)
Bu ayəni oxuyanda bəzi insanlar dərhal İslamda qadının zülmə uğradığını və “yarım insan” hesab olunduğunu iddia edirlər.

Ayənin şərhi:

Bu ayəyə alimlərimiz iki cür şərh veriblər. Bir qrup alimə görə burada bir kişi yerinə iki qadının tələb olunması qadınların borc, alış veriş və və ümumən ticari işlərdə xüsusi biliyinin və təcrübəsinin olmamasına görədir. Yəni, qadınlar adətən bu işlərlə məşğul olmadıqlarına görə bu sahədə unutqanlığa uğramaları daha möhtəməldir. Buna görə də borc sahibinin malını qorumaq üçün iki qadının olması tələb olunmuşdur.

Diqqət yetirin eyni ayədə ilk öncə iki kişinin şahidliyi tələb olunur. Bu kişilərdən biri “xeyir ola təkcə mənim şahidliyimi qəbul etmirsiz” deyərsə, cavab olaraq deyəcəyik ki, səbəb sənə inanmamağımız və ya əqlində şübhə etdiyimizə görə deyildir, sadəcə mal sahibinin haqqını iki nəfərin şahidliyi ilə qorumaq daha etibarlıdır. Eyni şeyi də qadın haqda deyə bilərik. Onun şahidliyinin yanında digər qadını tələb etməyimiz onu alçatmaq üçün deyil, sadəcə şahidliyi qüvvətləndirmək üçündür. Bu qrup alimlər deyirlər ki, onların gətirdikləri səbəbi gücləndirən fakt odur ki, qadınların adətən məşğul olduğu işlərdə sadəcə bir qadının şahidliyi kifayətdir. Misal üçün bir adil doğum mütəxəssisi qadın filan uşağı filan qadının doğduğu haqqında şahidlik edərsə, lakin qadının əri bunu inkar edərsə bir çox alimə görə bu qadının şahidliyi yetərlidir. Şəkk yoxdur ki, bir uşağın bir ailəyə nisbət olunması və ya olunmaması ticari məsələlərdən daha önəmli bir məsələdir, lakin gördüyümüz kimi burada bir qadının şahidliyi kifayət görülmüşdür. Ədalət naminə qeyd edək ki, bu bütün İslam alimlərinin görüşü deyildir, lakin məsələnin təfsilatına girmək yazımızı uzadacaqdır.

Kişi və qadın arasındakı fərqlər:

Digər qrup alimə görə məsələ qadın və kişinin təbiətlərinin fərqliliyindədir. Kişi məsələlərə daha çox rasional, təmkinli və sərt yanaşır. Qadının temperamenti isə daha çox emosionallıq, həssaslıq, xeyirxaxlıq, mərhəmət və həya ilə fərqlənir. Kişi daha çox əqli ilə hərəkət edirsə, qadının qərarlarına emosiyalarının təsir etməsi daha çoxdur. Ümid edirik ki, oxucularımız bu nöqtədə bizimlə razılaşar. Sırf buna görə də dəqiqlik və təmkinlik tələb olunan yerdə – şahidlik məqamında – kişinin şahidliyi daha etibarlı hesab olunmuşdur. Qadının yalan danışdığı və ya “yarım insan” olduğu üçün deyil, sadəcə yaradılış şəklinin bu cür olmasına görədir. Və bu, qətiyyən bir eyib deyildir. Əksinə, bu, qadının ən əsas rollarından biri olan – analıq rolunu ən gözəl şəkildə ifa etməsinə gözəl zəmin yaradır. Hər kəsə məlumdur ki, ananın övladına bəxş etdiyi sevgi və qayğını atası verə bilməz. Qadının təbiəti onu analıq məsələsində kişidən üstün etdiyi kimi, kişinin da daha rasional təbiəti onu şahidlik məsələlərində daha üstün edir. Beləcə biz bir daha da şəriətin hər bir şəxsin rolunu onun təbiətinə görə uyğunlaşdırdığını aydın şəkildə görürük.

Dediyimiz kimi emisonallıq, həssaslıq, mərhəmət və həya qadının təbiətinin ayrılmaz bir hissəsidir. İndi düşünün ki, bu təbiətə malik olan birisini biz hakim, ittihamçı, bir biri ilə xüsumətdə olan iki tərəf və digər insanların qarşısına çıxarıb onun şahidlik etməyini tələb edirik. Şəkk yoxdur ki, onun bu halda bir növ qorxu, tərəddüd, sıxıntı və unutqanlığa düşməsi möhtəməldir. Yəqin ki, bir çoxunuz insanların bir hissəsinin hakim qarşısına çıxdığında necə tərəddüdə düşdüyünü görmüsüz. Özəlliklə diqqət yetirin ki, müsəlman cəmiyyətində müsəlman qadın ehtiyac olmadan yad kişilər ilə bir məclisdə toplanmır. Buna öyrəşməyən qadının bu məqamda şahidlik etməsi kişinin şahidlik etməsindən daha çətin olacaqdır.

Bunları dedikdən sonra bəzi nöqtələrə diqqətinizi yetirmək istəyirik:

Birinci

1. İslam cəmiyyətdəki funksiyaları şəxslərin təbiətlərinə görə uyğunlaşdırır. Şahidlik məqamında kişiyə üstünlük verən şəriət mərhəmət və lütf tələb edən məqamlarda daim qadına üstünlük vermişdir. Buna misal olaraq fəqihlərimizin “hadanə” adlandırdığı məsələləri zikr edə bilərik. Qısacası bu qayğıya ehtiyacı olan insanların – istər uşaq, istər özünə qayğı göstərə bilməyən dəli olsun və s. – halının müzakirə olunduğu məsələlərdir. Fəqihlərimiz burada qadına mütləq üstünlük vermişdir. Əgər ana və ata balaca uşağın kimin yanında qalacağı haqqında ixtilaf etsələr, qazi bu uşağı anasına verəcəkdir. Digər qohumlar arasında da qadınlara üstünlük verilir. Maraqlıdır, bu cür məsələlər nəyə görə kişinin haqqlarının tapdalandığı məsələlər kimi qələmə verilmir?

Bura başqa bir misal da vermək olar. Qadının təbiətcə daha həyalı olduğuna nəzərən şəriət qadının bədənin kişiyə nisbətdə daha çox örtülməsini və yad baxışlardan qorunmasını tələb edir.Yəni, əslində şəriət qadını azadlıqdan məhrum etmək üçün deyil, əksinə onu qorumaq üçün ona bu üstünlüyü verir.

Həmçinin yenə də yad kişilərlə qarışmaması üçün bəzi hallarda hakim qadının ifadəsini evində ala bilər və ya onun ifadəsi haqda bir şahidin sözünü qəbul edə bilər. Kişilər üçün isə bir imtiyaz yoxdur. Bü cür misalları uzada bilərik, lakin verdiklərimizi kifayət hesab edib soruşuruq: bunları da kişi haqqlarının pozulması kimi qəbul edəcəksiniz?

İkinci

Səhih bir hədisdə gəlir ki, bir kişi Allah Rəsuluna insanlar arasında kimin ən yaxşı rəftara layiq olduğunu soruşur. Allah Rəsulu o insanın anası olduğunu deyir. Kişi sualı iki dəfə təkrarladı və hər dəfəsində “anan” cavabını aldı. Sualı dördüncü dəfə təkrarlayanda cavab “atan” oldu. Gördüyümüz kimi, İslam hər iki valideynə gözəl bir rəftarı əmr etsə də mütləq olaraq anaya üstünlük verir. Lakin çox maraqlıdır ki, İslama etiraz edənlər bu hədisi yada salmırlar. Bunun haqda düşünən birisi səbəbini anlayacaqdır. Uşaq üzərində ananın zəhməti, sevgisi və qayğısı daha çoxdur. Bu danılmaz bir faktdır. Buna görə də İslam bunu nəzərə alaraq ananı atadan üstün etmişdir. Bir daha şahidi oluruq ki, İslamın hökmləri insanların fitrətinə, təbiətinə və cəmiyyətdəki duruma müvafiqdir.

Üçüncü

Qadınların yarım insan hesab olunmadığını və sözlərinə etimad edilyinin ən bariz nümunəsi odur ki, İslam alimlərini ittifaqı ilə bir qadın Allah Rəsulundan rəvayət edilən hədisin sənədində mövcuddursa, o zaman kişi ilə heç bir fərqi yoxdur. Allah Rəsulundan bir çox hədis rəvayət edən qadın olub. Alimlər heç bir zaman rəvayət edənin qadın olduğu üçün onun rəvayətini inkar etməyiblər, rəvayətin qəbul olunması üçün qoyduqları şərtlər kişilər və qadınlar üçün eynidir. Allah Rəsulu adından şahidlik etmək isə istənilən borc və ya başqa şey üçün şahidlik etməkdən daha şərəfli və önəmlidir.

Burada bir faktı da qeyd etmək yerinə düşər. İslam alimləri hədisləri rəvayət edən bütün insanların həyatlarını toplamış, araşdırmış və o şəxslərin rəvayətlərinin qəbul edilib edilməyəcəyinə qərar vermişdir. Bəzilərinin daim doğru deyən, bəzilərini doğru deyən lakin xəta edən, bəzilərini həyatı bilinməyən, bəzilərinin isə yalançı və rəvayətləri tərk olunan ravi olduqlarına qərar veriblər. Böyük alim Hafiz Şəmsuddin əz-Zəhəbi bu məsələ ilə əlaqədər yazdığı “Mizanul itidəl” adlı ensiklopediya da otuz min altyüz kişinin həyatı haqda söhbət açdıqdan sonra deyir: “Tanınmayan və adları qeyd olunmayan qadın ravilər haqqında fəsil. Və mən onlar arasında yalanda ittiham olunmuş heç bir kəsi tanımıram”. Yəni bütün İslam tarixində yalanda ittiham olunmuş heç bir qadın ravi yoxdur. Bəli, bəzən rəvayət edən qadının kim olduğu bilinməyə bilər, lakin qəsdən yalandan hədis rəvayət edən heç bir qadın tanınmır. Bundan sonra islam alimlərinin ədalətində şəkk edilə bilərmi?

Dördüncü

Qadının yarım insan hesab olunmadığına daha bir bariz nümunə. Məlumdur ki, islam qanunvericiliyinə görə məsum bir insanı qəsdən öldürənin cəzası qisasdır. Əgər qadın yarım insan hesab olunsaydı o zaman qadın ödürən bir kişinin cəzası qisas olmamalıdır, uzaq başı daha yüngül bir cəza olmalı idi. Lakin biz bilirik ki, qadını öldürən kişi cəza olaraq öldürülər, və bu bizə sübut edir ki, şəriət qadının canını kişinin canı qədər dəyərli hesab edir.

Bu qədərinin kifayət olacağını düşünürük. Müvəffəqiyyət Allahdandır.