Elmi izahla Dini izah ziddiyyət təşkil edirmi?

Hər hansısa mövzu üzərindən elm və dini qarşı qarşıya qoymaq müasir dövrün ən çox yayılmış trendlərdən biridir. İddialara görə dinin məsələlərə verdiyi izahla elminki üst üstə düşmür, deməli, biri inkar edilməlidir. Belə bir məntiq xətasına düşənlərə veriləcək ən gözəl cavablardan birinin müəllifi Oxford Universitetinin professoru John Lennox’dur. Din və elm arasındakı münasibətə yazdığı məqalələrdə, kitablarda tez-tez toxunan müəllif belə bir analogiyadan istifadə edir:1

“Hər hansısa bir şeyin yeganə mümkün izahı tək bir izah deyildir, belə ki, eyni zamanda bir neçə izahat məqbul ola bilər. 

Məsələn, belə bir sual verək, su niyə qaynayır? Deyə bilərəm ki, su ona görə qaynayır ki, qazın alovu sayəsində yaranan istilik enerjisi çaydanın mis örtüyü vasitəsilə ötürülür və tempraturun artması nəticəsində su molekullarının sürətini artırır, nəticədə su qaynayır. Həmçinin deyə bilərəm ki, su ona görə qaynayır ki, mən çay içmək istəyirəm. Bu izahatların hər ikisinin eyni dərəcədə rasional olduğunu dərhal görürük. Onların hər biri mükəmməl məna kəsb edir, lakin onlar çox fərqlidirlər. Birincisi elmi, ikincisi isə mənim niyyətimi, iradəmi və məqsədimi ehtiva edir. Həmçinin aydın olan odur ki, bu iki izahat ziddiyyət təşkil etmir və hətta yarışmır, tam əksinə bir-birini tamamlayır. Üstəlik, məsələni tam olaraq anlamaq üçün hər ikisini bilmək mütləqdir. 

Normal insanlar bu iki izahın bir-birinə zidd oluğunu deyənlərə sadəcə gülərlər, çünki bu, çox axmaq səslənir. Elmi izah heç bir halda fərdi izahla ziddiyyət təşkil etmir. Başqa sözlə, hər iki izah doğrudur, bu iki izahdan birini rədd etməyə və bunlardan yalnız biri doğrudur deməyə ehtiyac yoxdur. Axı suyun istilik enerjisindən qaynamağı o demək deyil ki, çay içmək istəyən John Lennox mövcud deyil. 

Ford avtomobili və yaradıcı

Oxşar şəkildə, ford avtomobilinə nəzər salaq, Onu ilk dəfə görən və heç bir elmdən xəbəri olmayan birinin mühərrikin içində onu hərəkətə gətirən bir yaradıcının (cənab Ford) olduğunu təsəvvür edə biləcəyi düşünülə bilər. Əlbəttə, əgər o, sonradan mühəndisliyi öyrənsə və mühərriki söksəydi, onun içərisində cənab Ford’un olmadığını kəşf edərdi. O, həmçinin görəcəkdi ki, onun işinin izahı olaraq cənab Fordu təqdim etməyə ehtiyac yoxdur; onun daxili yanmanın prinsiplərini dərk etməsi bunu etmək üçün kifayət edərdi. Bununla yanaşı, o bundan yola çıxaraq qərara gəlsə ki, ilk növbədə mühərriki dizayn edən cənab Fordun varlığına inanmaq mümkünsüzdür, bu, açıq-aydın xəta olardı. Mexanizmləri tərtib edən cənab Ford olmasaydı, onun başa düşməsi üçün də heç bir şey mövcud olmazdı.2

Kainatın işlədiyi prinsiplər haqqında elmi anlayışımızın onu dizayn edən, yaradan və daima ayaqda tutan Yaradanın varlığına inanmağı ya lazımsız, ya da qeyri-mümkün etdiyini düşünmək də eyni dərəcədə xətalıdır. Hətta uşaqlar belə bunu anlaya bilərlər. Mən 10-11 yaşlı uşaqlara deyirəm ki, “baxın uşaqlar, qarşınızda Ford avtomobilinin mühərriki var və mən bunun necə ərsəyə gəlməsinin izahı üçün iki təklif irəli sürürəm: 

1. Mühəndislik və fizika

2. Henry Ford.

Sizcə, hansı izah doğrudur?”

Uşaqlar bir ağızdan cavab verirlər ki, “Hər iki izah doğrudur.” 

Hətta uşaqlar belə bunu anlayırlar. Bəs nə üçün Richard Dawkins kimi professorlar bunu anlaya bilmirlər? Mənə elə gəlir ki, onlara ümumiyyətlə bir Tanrının mövcud olma ideyası xoş deyil və onlar bu fikirdən hər vəchlə uzaq durmağa çalışırlar.”3

Dipnotlar

  1. Can Science Explain Everything? – John C. Lennox p 29
  2. Beyond Opinion: Living the Faith We Defend by Ravi Zacharias, p 149 
  3. Can Science Explain Everything? – John C. Lennox p 30