Fövqəladə iddialara fövqəladə dəlillər lazımdırmı?

Bu arqumentin daha yüngül forması müasir neo-ateistlərin dilində sevimli mantraya çevrilib: “Fövqəladə iddialar fövqəladə dəlillər tələb edir.” Bu fikri bir aforizm kimi populyarlaşdıran Carl Sagan oldu.1 Bir çoxları əks tərəfin arqumentini rədd etmək üçün bunu bir düstur kimi istifadə edir və ilk dəfədən belə bir qayda insana təbii səslənir. Amma işin həqiqəti budur ki, bu iddianın özünün isbata və ya ən azından izaha ehtiyacı vardır. Çünki bir şeyin fövqəladə olması özü də nisbidir, ona görə də həm isbat edilməsi tələb olunan hadisənin fövqəladə olması, həm də istifadə edilən dəlillərin fövqəladə olması fərddən fərdə, məzmundan məzmuna dəyişə bilər.

Bizim zamanımızdakı bir çox elmi kəşfləri fövqəladəlik ilə vəsf edə bilərik. Einstein 1915-ci ildə ümumi nisbilik nəzəriyyəsində ”fəza-zamanın” (spacetime) büküldüyünü irəli sürdüyündə bəşəriyyət üçün bu, fövqəladə səslənirdi. Çünki maddə və enerjinin bizim ətrafımızdakı fəzanı əyməsi, bükməsi sağlam düşüncəyə tamamilə zidd gələn bir iddia idi, lakin belə bir iddianın isbatı üçün adi bir proqnoz və müşahidə kifayət etdi. 1919-cu ildə günəş tutulması zamanı günəşə yaxın görünən uzaq ulduzların işığının – Einstein’in xəbər verdiyi kimi – yer dəyişdirdiyi müşahidə edildi.

Bu sadə bir müşahidə məşhur fizikin iddiası üçün ilk və əsaslı bir dəlil idi, lakin biz bunu fövqəladə dəlil adlandıra bilərikmi? 2011-ci ildə nobel mükafatını qazandıran kəşfi, yəni Kainatın daim sürətlənən tempdə genişlənməsi, fövqəladə bir kəşfdirmi? Əgər bunu fövqəladə adlandıra biliriksə bunun dəlilini o qədər də föqvəladə adlandırmaq olmaz. Kvant fizikasındakı bir çox yeniliklər də bu kateqoriyaya daxil olur; məşhur qoşa-yarıq eksperimenti mahiyyət baxımından çox adi bir eksperimentdir, amma dəlalət etdiyi nəticələr həddindən ziyadə fövqəladədir.

Məşhur insanların dedikləri hər “prinsipin”, hər “qaydanın” doğru olması zəruri deyildir. “Dünyəvi insanlar… hamılıqla haqdan payı olmayan bir-neçə abırsız prinsipə əsaslanırlar” deyən Chesterton bəlkə də hardasa haqlıdır.2 Hume da istisna deyildir. Onun möcüzələrə qarşı gətirdiyi ikinci arqumenti bu baxımdan da qənaətbəxş görünmür. Həqiqət budur ki, bu mövzuda Hume’un müasirləri tənqidlərində daha uğurlu idilər, xüsusilə Richard Price cavablarında əsaslı və intellektual cizgi izləyirdi.

David Hume’un Richard Price’ın evini bir neçə dəfə ziyarət etdiyini bilirik və bu ziyarətlərindən birində Hume “səmimiyyətlə etiraf edib ki, Cənab Price bir nöqtədə onun arqumentlərinin əsaslı olmadığına onu inandıra bilib.”3 Çox təəssüf ki, əlimizdə həmin söhbətlərin tarixi qeydləri yoxdur və biz Hume’un qəsd etdiyi həmin nöqtənin də nə olduğunu bilmirik. Lakin bura qədər qeyd etdiklərimiz bu mövzuda son sözün Hume tərəfindən deyilmədiyini göstərmək üçün kifayət etməlidir. 

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. C. Sagan, “Broca’s Brain: Reflections on The Romance of Science”, səh: 73; Presidio Press, New York, 1979; C. Sagan, “Billions & Billions: Thoughts on Life and Death at The Brink of The Millennium”, səh: 85; The Random House Publishing Group, New York, 1997
  2. Gilbert K. Chesterton, ”Orthodoxy”, səh: 20; John Lane, The Bodley Head, London, 1915
  3. Roland Thomas, “Richard Price, Philosopher and Apostle of Liberty”, səh: 30; Oxford University Press, H. Milford, London, 1924