Metodoloji Naturalizm: Elm obyektivdirmi?

Müasir təbiət elmləri haqqında naturalist və ateist fəlsəfənin əsassız iddiaları az deyildir. Bu fəlsəfə tərəfdarları Allahı inkar edərək onun yerinə təbiəti və o təbiətin açarı hesab etdikləri təbiət elmlərini gətirirlər. Heç də qəribə deyildir ki, müasir təbiət elmlərinin yaradıcı tanrıya ehtiyac buraxmadığını  iddia edənlər də həmin düşüncənin nümayəndələridir.

Hitchens kitabında böyük bir həvəslə fransız alim Laplace ilə Napoleon arasında keçən dialoqa yer verir. Napoleon ona deyir: “Cənab Laplace, mənə deyirlər ki, siz kainat sistemi haqqında bu qədər böyük bir kitab yazmısız, amma heç bir yerdə bir dəfə də olsun onun Yaradıcısının adını çəkməmisiz.” İddiaya görə Laplace belə cavab verib: “Mənim o hipotezə ehtiyacım yox idi.” 1

Təbiətin izahı

Bu hekayə və bənzərləri ateistlər tərəfindən müasir təbiət elmlərinin yeni simasını göstərmək üçün istifadə olunur: təbiət elmləri təbiəti izah etmək üçün Allaha ehtiyac duymur. Metodoloji naturalizm adlanan bu fəlsəfə müasir elm adamlarının elmi metodunu izah edən ən dəqiq addır. “Elm hər şeyə qadirdir və hər şeyi izah edəcək və təbiətdən ötədə heç bir şey yoxdur.” Bu iddianın özü elə özlüyündə bir inancdır, müşahidələrə əsaslanan elm deyildir. Görəsən insan öz əqlinin və cihazların vasitəsi ilə bütün sualların cavabını tapa biləcəkmi?

Almanlar riyaziyyat fəlsəfəsində bunu “entscheidungsproblem” adı ilə təqdim ediblər. Riyaziyyatçı Gottfried Leibniz özünün hesab maşınını quraşdırmışdı və insanların nə zamansa bütün riyazi-elmi iddiaların doğruluğunu və ya saxtalığını müəyyən edən bir cihazı icad edə biləcəklərinə inanırdı.2 O zamandan bəri bir çox elm adamı bu sualı cavablandırmağa çalışıblar; belə bir cihazı icad etmək mümkündürmü? Elm adamlarının özləri bunun imkansızlığının misallarını veriblər və burada Heisenberg’in “qeyri-müəyyənlik prinsipi” və ya Gödel’in “natamamlıq teoremi” haqqında danışmaq olar.3

Metodun məhdudluğu

Təbiət elmlərinin təkcə perspektivi yox, həmçinin metodu da məhduddur, bununla belə bu elmə arxalanan bəzi kəslər Allaha heç bir ehtiyacın qalmadığına inanırlar. Nə qədər də təkəbbürlü bir xəyaldır! Laplace çox ehtimal ki, elə bir söz deməyib,4 lakin deməsə də bu cür bir söz o dövrün materialist alimlərinin təsəvvürünə uyğundur. Bu sözlə o, Allahın varlığını inkar etmir, lakin təbiətin necə çalışdığını anlamaq üçün Allaha ehtiyac olmadığına inanması onun kitablarında əksini tapan bir elm fəlsəfəsi idi. Amma həyatında, şəxsi münasibətlərində Allaha ehtiyacını gizlədə bilmirdi. Oğluna yazdığı məktubunda bir ata qayğısı ilə Allaha olan ehtiyacını Laplace belə ifadə edirdi: “Mən dua edirəm ki, Allah sənin günlərini himayə etsin! Hər zaman Onu, eləcədə atanı və ananı ağlından çıxarma!”5 Bu gün Laplace’ın bu sözlərini misal gətirib aşırı nəticə çıxaranlar müasir elmin tanrı izahına ehtiyac buraxmadığını deməklə kifayətlənmirlər, onlar hətta iddia edirlər ki, müasir elm tanrı izahını rədd edir.

Allah inancı və metodologiya

Dawkins’in dünya baxışına görə ”Darwin (tanrı inancını) biologiya elmindən çıxarıb atdı…” və fizikaya gəldikdə isə bu işi Hawking həyata keçirməkdədir.6 Belə bir təsəvvür elmi fəlsəfədə infantil bir yanaşma kimi dəyərləndirilə bilər. Carl Sagan kimilərin qarajında yaşayan əjdahalar da bu infantil yanaşmanın əsəridir. Yalnız bu dərəcədə primitiv bir fəlsəfəyə sahib olan kəs Allah inancını qarajda yaşayan gözə görünməz əjdaha ilə müqayisə edə bilər; Sagan’a görə qarajda yaşayan gözə görünməz, qeyri-cismani əjdahanı sübut etmək mümkün olmadığı kimi tanrını da sübut etmək mümkün deyildir. Əlbəttə ki, Sagan, Hitchens, Dawkins kimi ateistlərin inancına görə müasir təbiət elmlərinin fiziki olaraq isbat edə bilmədiyi bir şey mövcud deyildir.7

Bu, bizə görkəmli ingilis astronom Sir Arthur Eddington’un elmi metodun məhdudiyyəti haqqında gətirdiyi alimin misalını xatırladır. Dənizin dibindəki balıqları öyrənməyə çalışan alim bunun üçün deşikləri 5 sm-dən böyük olmayan bir tor istifadə edir. Dənizin dibindən xeyli sayda nümunələr çıxardıqdan sonra belə bir nəticəyə gəlir ki, dənizin dibində 5 sm-dən kiçik balıq yaşamır. “Eddington’a görə bizim balıq tutmaq metodumuz, nəyi tuta biləcəyimizi müəyyən edir. Əgər elm selektivdirsə onun təsvir etdiyi həqiqət portretinin tam olması barəsində iddialı ola bilməz.”8

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1.  W.C. Dampier, ”A History of Science and Its Relations with Philosophy and Religion”, səh: 181; Cambridge University Press, London, 1971
  2. Melanie Mitchell, “Complexity: A Guided Tour”, səh: 59; Oxford University Press, New York, 2009
  3. Hugh G. Gauch, “Scientific Method in Practice”, səh: 368; Cambridge University Press, Cambridge, 2003
  4. Roger Hahn, “Laplace and The Mechanistic Universe”, “God & Nature: Historical Essays on The Encounter Between Christianity and Science”, səh: 256; University of California Press, Berkeley, 1986; Herve Faye, “Sur L’Origine du Monde: Theories Cosmogoniques Des Anciens et Des Modernes”, səh: 109-111; Gauthier-Villars, Paris, 1884;
  5. “Oeuvres de Laplace”, birinci cild, səh: v-vi; Gauthier-Villars, Paris, 1878
  6. J. C. Lennox, “Gunning for God: Why The New Atheists are Missing The Target”, səh: 10; Lion Hudson, Oxford, 2011
  7. C. Sagan, “The Demon-Haunted World: Science as a Candle in The Dark”, səh: 160-161; Headline, London, 1997
  8. Ian G. Barbour, “Religion and Science: Historical and Contemporary Issues”, səh: 88; HarperSanFrancisco, New York, 1997