Məşhur ateist filosof Bertrand Russell’in bir sözünü ateistlər təkrarlamağı çox sevirlər:
“Heç kim ölən uşağın yatağı başında oturub eyni zamanda Allaha inana bilməz.”
Bertrand Russell
Bertrand burada intellektual yox, emosional arqument gətirir. Axı necə ola bilər ki, bu məsum, günahsız uşağı Allah bu cür xəstəliklə öldürüb həyatdan məhrum etsin?
Bertrand’ın bu sualını bir xristian filosofu xatırlayır və çox maraqlı bir vəziyyətə diqqət çəkir. Həyat yoldaşı ilə Parisdə olarkən ölümcül xəstə uşaqlara təsəlli verməklə məşğul olan rahiblə tanış olduqlarını xatırlayır. Bu rahib uşaqları ölümə hazırlamağa, onlara bu fani həyatlarındakı son günlərində ümid və güc verməyə çalışırdı. Bəs görəsən o rahibin yerində Bertrand Russell olsaydı o uşaqlara necə təsəlli verəcəkdi? “Çox təəssüf, sizin üçün artıq heç bir ümid yoxdur, sizin bu həyatda şansınız gətirmədi, öləcəksiz və bununla hər şey sizin üçün bitəcək.” şəklindəmi deyəcəkdi?
Həqiqətən də bu kimi məqamlara baxdıqda dinlərin bəşəriyyətə verdiyini ateizm heç bir zaman verə bilməyib və verməkdən acizdir.
Ateist vs Müsəlman
Bu yerdə Amerika Birləşmiş Ştatlarında yaşayan Muhamməd Bəzik adlı liviyalı bir müsəlmanı xatırlayıram. Bəli, bu müsəlman kəs dörd milyonluq bir şəhərdə ölümcül xəstəliyi olan uşaqları övladlığa götürüb saxlayan yeganə kəsdir. Həyat yoldaşı ilə birlikdə bu cür xəstə uşaqlar üçün qayğı göstərir, öz valideynləri tərəfindən tərk edilmiş bu xəstə uşaqlara təsəlli verir, onları sevgi və qayğı ilə o biri dünyaya yola salır. Artıq iyirmi il ərzində 10 uşağı bu şəkildə ölümün qucağına tapşırıb. Yalnız dini inanc ilə bu uşaqlara ümid və təsəlli vermək mümkündür.
Gördüyümüz kimi Muhamməd Bəzik kimi bir müsəlman ölən uşağın yatağının başında oturub, eyni zamanda Allaha inanmaq heç bir problem təşkil etmir. Çünki onun ölümə baxışı ateistin baxışından fərqlidir. Çünki ateistdən fərqli olaraq mömin insan ölümə bir həyatdan digərinə keçid kimi baxır və ölən uşaqlar üçün ölümdən sonra əbədi səadətin olduğuna inanır. Ateist isə ölümdə yalnız bir son, bir həlak görə bilir və onun ötəsində tamamilə bir heçin olduğuna inanır.
Cavab yaz