UMMU QİRFƏ: MƏSUM TƏNQİDÇİ YOXSA QANLI CANİ?

Bonnie Parker öldürüldükdə sadəcə 24 yaşı var idi. Bu gənc və gözəl qız qətl edildikdə sevgilisi Clyde Barrow ilə birlikdə maşının qabaq oturacaqlarında oturmuşdular. Polis hesabatlarına görə qanun xidmətçiləri onların üzərində 130 mərmi yağdırmışdı; maşının foto şəkillərinə baxdıqda az qala aşsüzəni xatırladırdı. Tarix bu gün bu gənc qızı öldürənləri qınamır, əksinə onları qətl etmiş texas reyncerləri populyar şüurlarda qəhrəman kimi qəbul olunurlar. Bir gənc qız ilə cavan oğlanın üzərinə 130 mərmi yağdırmağa bəraət qazandıracaq səbəblər məhz həmin qətl günü mövcud deyildi. Bonnie və Clyde kimi iki caninin törətdikləri əməlləri oxuduqda bu acımasız qətli təsvib etmək normallaşır. Deməli hər bir şey öz məzmununda anlaşılmalıdır. 

Eyni şəkildə 62 yaşlı Ma Barker oğlu Fred ilə birlikdə FTB agentləri tərəfində saatlarla atəşə tutulmuş bir evin içində öldürülmüşdü. Ma Barker 30-cu illərdə cinayətləri ilə, quldurluqları ilə tanınmış Barker qardaşlarının yaşlı anası idi. Hətta ABŞ prezidenti Edgar Hoover o qadını “son on illiyin ən qəddar, təhlükəli və bacarıqlı cinayət beyni” adlandırırdı. Bu gün tarixçilər Ma Barker’in quldur dəstəsində iddia olunan lider rolunu şübhə altına alırlar, amma istənilən halda bu yaşlı qadın öldürülərkən bir cani kimi öldürülüb. Onun quldur dəstəsinin cinayətlərinə şərik olduğu inkar edilmir. Ona görə də bu gün öldürülmüş bu yaşlı qadının üzərində ağlayanları və onu öldürənləri qınayanları tapa bilmirsiz. Bir daha əmin oluruq ki, məzmun hər bir şeyin nəticəsini diktə edir. 

Tarix çox qaniçər qadın canilərə şahid olub. Qadın olmaq məsum olmağa sinonim deyildir. Madaqaskar kraliçası Ranavalona, qanlı Mary Tudor, Catherine de Medici, Belle Gunness, Ameila Dyer, Delphine LaLaurie, İrma Grese… Biz bu siyahını uzada bilərik. Onların arasında sadə cəmiyyət üzvü olduğu kimi çox sayda kraliça və ya başqa zadəğan titullarına sahib olan qadınlar da olub. Bəziləri həbsə atılıb, bəziləri edam olunub, digərləri isə dövrün ədalətsizliyi sayəsində cəzadan qurtulublar. Lakin biz qadın olduqları üçün onların cinayətlərini göz ardı etmirik, özlərinə bəraət qazandırmırıq və ölüləri üzərində oturub göz yaşı tökmürük.

Azərbaycan cəmiyyətində son zamanlar özünə ad çıxarmaq üçün əyri yollara baş vuranların sayı artıb. Bəziləri ekranlara çıxıb soyunmaqla məşhurlaşır, bəziləri skandal çıxarmaqla dillərə düşməyə çalışır. Bir qrup insan isə müsəlmanların müqəddəsatını ən obrazlı şəkildə təhqir etməklə, söyməklə özünə ad çıxarmağa çalışır. Sosial şəbəkəni özləri üçün tribuna təyin etmiş bu cüvəllağıların ittihamları arasında “Muhəmməd yaşlı bir qadını onu tənqid etdiyi üçün amansızca öldürüb” cümləsi ilə tez-tez rastlaşmaq mümkündür. Hətta biri bu hadisəni belə ifadə edib: “İslamın peyğəmbəri bir qadını onu tənqid etdiyi üçün, İslamı qəbul etmədiyi üçün uşaqlarının gözü qarşısında kəsib doğrayıb.” Müsəlmanlar isə təəccüblə və haqlı olaraq bu işin məzmununu öyrənməyə çalışırlar. Axı tənqidə görə bir insanı, özü də yaşlı bir qadını öldürmək nə qədər doğru ola bilər?! Doğru ola bilməz, amma burada doğru olmayan təkcə bu işin etik tərəfi deyildir. Doğru olmayan ümumiyyətlə işin çatdırılma tərzidir. Bu ittihamları müsəlmanların qarşısına atanlar sadəcə qafil insanlardan ibarət deyildir. Belə görünür ki, onlar bilərəkdən işlətdikləri cümlələrdəki qorxuncluq effektini artırmaq istəyirlər. 

Sözü gedən yaşlı qadın tarix kitablarında Ummu Qirfə olaraq tanınır. Rabiah qızı Fatimədir. Hicrətin altıncı ilində ramazan ayında müsəlmanlar o yaşlı qadını döyüş nəticəsində ələ keçirib öldürüblər. Taxir kitablarında qadının qəddar bir üsul ilə öldürülməsi öz əksini tapıb. İki dəvəyə, bəzi kitablarda iki ata bağlayaraq dartıb bədənini parçaladıqları qeyd edilir. Bütün bunlar nə qədər doğrudur? Muhəmməd peyğəmbərin – aleyhissalətu vassələm – bu işdə rolu nə idi? Necə olur ki, ona bu yaşlı qadını öldürməyi nisbət edirlər?

İşin məzmununu anlamağımız üçün hər şeydən əvvəl Ummu Qirfə ilə tanış olaq. Muhəmməd bin Abdilbəqi əz-Zurqani onun haqqında “bir məlikə, başçı idi”1 deyir. Ondan əvvəl tarixçi alim Hüseyn ədDiyərbəkiri “Tərixul-Xamis” kitabında Ummu Qirfə’ni bu cür qəbilə başçısı olmaqla vəsf edir.2 Bu, onu bir başa öz qəbiləsinin fəaliyyətlərindən məsul məqamına gətirir. Həm də Ummu Qirfə mübariz qadın olub və ərəblər qorxmazlığına, izzətinə görə onu misal çəkərdilər. İbn Seyyidin-Nəs əl-Yəmuri bunu izah edərkən deyir: “(Bir kimsəni təriflədiklərində) Ummu Qirfə’dən daha izzətlidir deyərdilər, çünki evində əlli qılınc asılardı və o qılıncların sahiblərinin hamısı onun məhrəmləri idi.”3 Tarixi qaynaqlardan bəzilərinə görə on iki oğlu, digərlərinə görə isə on üç oğlu olub və oğullarının hər biri döyüşçü, vuruşan və başçılıq edən fərdlər olublar. Bir sözlə Ummu Qirfə oğullarının sayəsində, ailəsinin statusu sayəsində və şəxsi xüsusiyyətlərinə görə qəbilə idarə edərdi. Ummu Qirfə üstəlik müsəlmanlara, xüsusilə də Muhəmməd peyğəmbərə – aleyhissələm – düşmənçiliyi və nifrəti ilə seçilirdi. Məkkə müşrikləri buna görə Ummu Qirfə’ni sevir və ona dəyər verirdilər, onun izzəti ilə, qüruru ilə misal çəkərdilər. Şəmsul-Əimmə əsSəraxsi deyir: “Ummu Qirfə’nin otuz övladı var idi və onları müsəlmanlara qarşı vuruşmağa həvəsləndirərdi.”4 Muhəmməd bin İshaq’dən gətirilən rəvayətdə Aişə anamız deyir: ”Allahın elçisinə – salləllahu aleyhi va səlləm – qarşı vuruşsunlar deyə Ummu Qirfə öz övladlarından və övladlarının övladlarından qırx atlı hazırlamışdı.”5 Beləliklə də aydın olur ki, Ummu Qirfə sadəcə yaşlı bir qadın deyildi, sadəcə şer deyən, tənqid edən bir ərəb qadını olmayıb. Əksinə qəbiləsində itaət olunan bir rəhbər olub, döyüş gücünə sahib olub, müsəlmanlara qarşı düşmənçilik edib və peyğəmbəri öldürmək üçün xüsusi dəstə hazırlayıb.

Bütün bunlarla yanaşı Ummu Qirfə’nin dəstəsi müsəlmanların karvanına basqın ediblər, soyub qarət ediblər və öldürdüklərini öldürüblər. Anlamaq lazımdır ki, o dövrün ərəb yarımadasında bütün ərəb qəbilələri özlərini ticarətlə, kənd təsərrüfatı ilə, heyvandarlıqla dolandırmırdı. Onların bir qismi quldurluqla məşğul idi; yollardan keçən tacirləri qarət etməklə, soymaqla qazanc əldə edərdilər. Adətən kiçik və vuruşan qəbilələrin əsas məşğuliyyəti yol kəsmək olub. Görünür ki, Bədr oğullarından olan Fəzəra qəbiləsi də bu cür həyat tərzinə alışmışdılar. Muhəmməd bin Sad (h.168/230) “ət-Tabəqat əl-Kubra” kitabında hadisələri özətləyərkən deyir:”Zeyd bin əl-Hərisə ticarət karvanı ilə Şama doğru yola düşmüşdü və onunla birlikdə peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrinin ticarət malları var idi. əl-Qura vadisinə yaxınlaşdıqlarında Bədr oğullarından olan fəzarilərdən qrup onları qarşıladı. Onu və onun yoldaşlarını döydülər, onların üzərində olan malları alıb götürdülər…”6 Daha sonra bu səbəblə peyğəmbərin onların üzərinə ordu göndərdiyini qeyd edir. Həmçinin İbn Hişam da öz sira kitabında bu xəbərləri təsdiqləyir: “Zeyd bin Hərisə əlQura vadisində Fəzəra oğulları ilə qarşılaşdı və yoldaşlarından bir çox kəs orada öldürüldü. Zeyd özü ölülər arasından yaralı olaraq qurtuldu. Bu hadisədə öldürülənlər arasında Vard bin Amr bin Mədəş də var idi; Sad bin Huzeyl oğullarından biri idi. Onu Bədr oğullarından biri öldürdü.” Daha sonra deyir “İbn İshaq dedi: Zeyd bin Hərisə (Mədinəyə) qayıtdıqda Fəzəra oğullarına qarşı vuruşmadan başına cənabət qüslu dəyməyəcəyinə dair özünə söz verdi. Yaraları sağaldıqda Allahın elçisi – salləllahu aleyhi va səlləm – bir ordu ilə birlikdə onu Fəzəra oğullarına göndərdi. Onlarla Qura vadisində vuruşdu və onlardan bəzilərini öldürdülər. Qeys bin əl-Musəhhər əl-Yamuri o gün Məs’adə bin Həkəmə bin Məlik bin Huzeyfə bin Bədr’i öldürdü. Ummu Qirfə Fatimə bint Rabiah bin Bədr əsir alındı və o, Məlik bin Huzeyfə bin Bədr’in nikahındakı yaşlı bir qadın idi. Onun bir qızı və Məs’adə’nin oğlu Abdullah əsir alındı. Zeyd bin Hərisa (o gün) Qeys bin əl-Musəhhər’ə Ummu Qirfə’ni öldürməyi əmr etdi və o da onu şiddətli bir tərzdə öldürdü. Sonra Ummu Qirfə’nin qızı və Məs’adə’nin oğlunu Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına gətirdilər.”7 Bu xəbərlər də təsdiq edir ki, bütün təhdidlərə və düşmənçiliklərə baxmayaraq müsəlmanların hücumu Fəzəra qəbiləsinin soyğunçuluq hücumlarından sonra olmuşdur. 

Tarixi qaynaqları geniş bir şəkildə araşdırdıq, bu barədə kitablarda keçən xəbərlərə nəzər saldıq və heç bir yerdə peyğəmbərimizin – aleyhissələm – o qadını öldürməsinə dair etibarlı bir məlumat tapa bilmədik. Əksinə oxuduqlarımız onu göstərir ki, qadının öldürülməsi əmri Zeyd bin əlHərisə tərəfindən verilib. Ondan sonra onu öldürənin kim olmasında fikir ayrılığı gəlir, bəzilərinə görə onu öldürən Vard bin Qatədə olub. Lakin məşhur olan budur ki, bu adam Qeys bin Musəhhər və ya Qeys bin Muhəssir olub. Öldürülmə şəkli haqqında isə tapdığım məlumatlar yalnız yüz əlli, iki yüz il sonrakı tarixçilərin heç bir mənbə göstərmədən qeyd etdikləri bir xəbərdir. Ona görə də əl-Bələzuri onun haqqında məlumatları verərkən axırda deyir: “Deyilənə görə parçalana qədər iki dəvə arasında bağlayıblar.”8 əl-Bələzuri tarix kitabında tarixi hadisələrə etibarlı, səhih sənədlər təqdim etməyə səy göstərən biri kimi tanınır. Lakin bununla belə burada bu məlumatı “dedi-qodu” tərzində ifadə edib. Bəlkə də buna görə İbn Kəsir bu məlumatlara tarix kitablarının heç birində yer verməyib. əl-Buxari də “əs-Sahih” kitabında bu döyüş haqqında məlumatlar verir, hətta Ummu Qirfə’nin əsir götürülmüş gözəl qızını peyğəmbərin Sələmə bin əl-Əkva’dan alaraq Məkkədəki bəzi müsəlman əsirləri azad etmək üçün fidyə olaraq göndərdiyini xəbər verir, lakin Ummu Qirfə’nin qəddar bir şəkildə öldürülməsinə dair heç bir işarə belə yoxdur. Müasir müsəlman tarixçilər də bu iddianın heç bir etibarlı sənədinin olmadığını vurğulayırlar.

Hətta tarixilik baxımından bunun sabit olduğunu qəbul etsək belə heç bir yerdə bu əməli peyğəmbərin tələb etdiyini göstərən bir şey yoxdur. Ola bilsin ki, bəzi müsəlmanlar Ummu Qirfə’nin qarətində həlak olmuş müsəlman yoldaşlarının qisasını bu cür alıblar. Peyğəmbərimizə gəldikdə isə onun bu barədə göstərişləri çox aydındır və səhih, etibarlı qaynaqlarda təsdiqini tapıb. Bunun üçün ən məşhur hədis qaynağına baxaq. əl-Buxari “əs-Sahih” kitabında rəvayət edir: “Abdullah bin Yezid əl-Ənsari dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – nuhbə’ni və muslə’ni qadağan etdi.”9 Nuhbə soyğunçuluqdur, kiminsə malını əlindən zorla almaqdır. Muslə isə bir kimsəni öldürdükdə onun orqanlarını kəsmək və ya eybəcər hala salmaqdır. Bir başqa rəvayətdə Said bin Cubeyr deyir: “İbn Ömərin yanında idim və bir qrupun yanından keçdik; bir toyuğu bağlamışdılar və ona ox atırdılar. İbn Öməri gördüklərində oradan qaçışdılar. İbn Ömər soruşdu: “Bunu kim edib? Şübhəsiz ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bunu edəni lənətləyib… Peyğəmbər – salləllahu aleyhi va səlləm – heyvana muslə edəni lənətləyib.”10 Daha əvvəl də qeyd etdiyimiz kimi “muslə” bir canlının əzalarını kəsmək və ya eybəcər hala salmaqdır. Əgər bir heyvana qarşı bunu etməyi qadağan edirsə insanlara qarşı edilməsini necə qəbul edə bilərdi?! Beləliklə də “tənqid etdiyi üçün yaşı qadını öldürdü” və ya “şeir yazdığı üçün uşaqlarının gözü qarşısında qadını öldürdü” şəklindəki ittihamların həqiqəti barəsində bir təsəvvürə sahib olduq. Bu məqaləmizin yekunu növbəti sətrlərdədir:  

  • Ummu Qirfə sıradan biri deyildi, güc və hakimiyyətə sahib idi. Beləliklə də təhdidlərini, ədavətini həyata keçirmək bacarığında idi. 
  • Ummu Qirfə əlləri müsəlman qanına bulaşmış bir qadın idi, məsum deyildi, cinayətkar idi.  
  • Müsəlmanlar onun qəbiləsinə qarşı hücumu etdikləri cinayətə cəza olaraq təşkil etmişdilər və Ummu Qirfə də etdiyi cinayətin cəzası olaraq öldürülmüşdür.  
  • Onun qəddarca öldürülməsinə dair yazılmış məlumatlar əsassızdır, heç biri tutarlı bir sənədə dayanmır, ümumiyyətlə heç bir sənədi yoxdur. 

Dipnotlar

  1. ”Şərhuz-Zurqani aləl-Məvahid əl-Ləduniyyə”, 3/139;
  2. ”Tərixul-Xamis fi Əhval Ənfəsin-Nəfis”, 2/12;
  3. ”Uyunul-Əsər”, 2/151;
  4. ”əl-Məbsut”, 10/110;
  5. ”Əməli əl-Məhəmili”, səh: 183;
  6. “ət-Tabəqat əl-Kubra”, 2/90; Dar Sadir çapı
  7. “Siratu İbn Hişəm”, 2/617;
  8. “Ənsəbul-Əşraf”, 1/378;
  9. “Sahih əl-Buxari”, 2474
  10. “Sahih əl-Buxari”, 5515