“Böyük Partlayış”dan qaçış

Ötən yazımızda qeyd etdiyimiz kimi, Richard Lewontin çox önəmli bir nöqtəyə toxundu. Hər bir alim müşahidələr aparmadan əvvəl hansısa bir nəzəriyyənin doğruluğuna ümid etdiyi üçün, hansısa bir dünyagörüşünün doğruluğuna inandığı üçün bunlara müvafiq elmi müşahidələri axtaracaq. Məhz eyni səbəblərə görə Big Bang nəzəriyyəsi (Böyük partlayış) üçün dəlillər ortaya çıxmağa başladıqda bir çox ateist alimlər bunu rədd etdilər və bu nəzəriyyədən Bibliya qoxusu gəldiyini dedilər. Hətta Sir Arthur Eddington (1882-1944) bu ideyanı o qədər bəyənmirdi ki, kainatın bir başlanğıcı olması fikrinə nifrət edirdi. “Təbiətin indiki nizamının bir başlanğıcı olduğunu düşünmək fəlsəfi olaraq çox çirkindir… Mən bundan həqiqi bir qurtuluş yolu tapmaq istəyirəm” – deyirdi Eddington. 1

Fəlsəfi olaraq çirkin olması ilə qəsdi, bunun ateistik dünya görüşünə uyğun olmamasıdır. Eyni dünya görüşünə sahib olan John Maddox, Fred Hoyle da bu fikri tamamilə rədd edirdilər. Helge Kragh yazır: “Ateist Bonnor big-bang nəzəriyyəsini inkar edərkən əsasən Hoyle ilə eyni səbəblərə görə inkar edirdi; bu səbəblərin arasında (nəzəriyyənin) ilahi yaradılışa dəstək verməsi də keçir.” 2
Kitabın sonunda 3 qeydlərin birində Helge yazır ki, Bonnor’dan aldığı məktubda onun big-bang nəzəriyyəsini ateist qənaətindən çıxış edərək rədd etdiyini etiraf edir. Burada Tanrı inancına qarşı olan qərəz üzündən ateist alimlərin necə elmi müşahidələri inkar etdiklərini aşkar şəkildə görə bilirik.

İlahi izləri silmək..

Təbii ki, yeni müşahidələr elmi modellərdən birini dəstəklədiyi üçün digərini tərk etməli oldular, lakin bununla həmin qərəz aradan qalxmadı. Yeni elmi metoddakı ilahi izlərin hamısını silmək cəhdləri davam edirdi və naturalist izahların hər zaman zəfər çalması üçün qarantiya verilmişdi. Stephen Hawking də bizim bu dediklərimizi təsdiqləyərək yazır: ”Çox insan vaxtın başlanğıcının olması ideyasını sevmir, çünki bundan ilahi müdaxilə qoxusu gəlir. (Digər tərəfdən katolik kilsəsi big bang modelini dərhal qəbul etdi və 1951-ci ildə onun Bibliyaya müvafiq olduğunu elan etdi.) Buna görə də big bang hadisəsinin baş verməsi nəticəsindən qurtulmaq üçün bir sıra cəhdlər oldu.” 4

Hawking’in sözlərindən də anlaşıldığı kimi kainatın başlanğıcının olması fikrinə qarşı ateist alimlər arasında ciddi bir müqavimət var idi. Onlar illərlə yeni modellər, yeni nəzəriyyələr üzərində çalışırdılar ki, bu başlanğıcın olmadığını sübut etsinlər. Nə üçün? Bu qədər əziyyət çəkməyin mənası nədir ki? Əgər bunu sırf Allahı inkar etmək üçün edirlərsə, təbiət elmlərini öyrənən alimlərin necə qərəzsiz olduqlarını söyləyə bilərik? Axı onlar “dəlil bizi hara götürürsə, biz ora gedirik” prinsipinin ən sadiq dostları olmalı deyildilərmi?! Həqiqət budur ki, ateistlər sadəcə olaraq dəlil çatışmamazlığına görə Allahı inkar etmirlər, onlar Allahın varlığı ideyasını ümumiyyətlə sevmirlər.

Modeli dəyişmək cəhdləri

Hawking özü də bu fikri sevməyənlərdən idi. Məhz “ilahi müdaxilədən” qurtulmaq üçün ömrünün payızını özünün təklif etdiyi modeli dəyişmək üçün sərf etdi. Vaxtın özünün də nə zamansa başlaması ideyası onun üçün ağır gəlirdi, metafizik səbəblərə görə o ideya ilə rahatlıq tapa bilmirdi. Hawking qeyd edir ki, Evklid həndəsəsinə görə məkanın üç ölşülü olduğu üçün müasir nəzəriyyələrdə məkan-zaman (space-time) sturukturu ümumilikdə dörd ölçülü olmalıdır. Buradakı dördüncü ölçü zamana aiddir, çünki zaman bir xətt üzərində təsəvvür olunur; onun keçmişi və gələcəyi yalnız bir xətt üzərində inkişaf edir. Hawking buna görə də etiraf edir ki, ”real məkan-zamana əsaslanmış klassik cazibə teoriyasına görə kainatın davranışı üçün yalnız iki variant vardır; ya əzəli müddətdə mövcud olub və ya məhdud bir müddət keçmişdə “singularity” (adlandırdığımız fiziki vəziyyət)də başlanğıcı olub.”

Singularity bu gün əksər astrofiziklərin qəbul etdiyi teoretik bir vəziyyətdir ki, orada kainatın başlanğıcı sıfır nöqtədə, sonsuz sıxlıqda, sonsuz istilikdə mövcud olub. Big bang nəzəriyyəsi kainatın əzəli bir vaxtda mövcud olmasının imkansız olduğunu göstərib, ona görə də qarşımızdakı bu iki alternativdən yalnız ikincisi son elmi kəşflər tərəfindən dəstək qazanıb. Vaxt və beləliklə də kainat əzəli deyildir. Hawking özü kitabında qeyd edir ki, Roger Penrose’un ulduzlar üçün təklif etdiyi riyazi modelini tərs qaydada kainata tətbiq edərək ”singularity” adlanan teoretik vəziyyətin mövcudluğunu özü təklif edib və fiziklər tərəfindən qəbul edilib.

Yeni bir təklif

Daha sonra Hawking’in həyatında çox maraqlı bir tendensiya müşahidə olunur; o özü singularity adlandırdığımız, tamamilə teoretik olan vəziyyətdən qurtulmaq istəyir və bu məqsəd ilə yeni ideyaları araşdırır və yeni bir təklif irəli sürür. Bəlkə zaman bir ölçüdən ibarət deyildir, bəlkə də zaman da məkan kimi üç ölçüdən mütəşəkkildir. Bu təqdirdə zamanın mütləq başlanğıcının olduğunu söyləmək mümkün olmayacaq. Bu halda – Hawking’ə görə – “elmin qanunlarının çökdüyü heç bir singularity olmayacaq və zaman-məkanın ucu-bucağı olmayacaq ki, bunu izah etmək üçün Tanrıya və ya məkan-zamana hüdud şərtləri qoymaq üçün yeni bir qanuna ehtiyac qalmayacaq.” 5

Maraqlıdır, deyilmi? Hawking özü belə ilahi müdaxilə “qorxusundan” qurtulmaq üçün yollar axtarırdı. Çox təəssüf ki, bu kimi hallarda elmi nəzəriyyələri qabağa aparan qüvvə həqiqətləri kəşf etmək istəyi deyil, Allahsız dünya təsəvvürünü doğru çıxarmaq istəyidir. O özü də bunu etiraf edir və bu sözlərindən bir neçə sətir sonra deyir: “Mən vurğulamaq istərdim ki, zaman və məkanın “hüdudsuz” məhdud olması ideyası sadəcə bir təklifdir; bu, başqa hansısa bir prinsipdən deduksiya yolu ilə çıxarıla bilməz. İstənilən digər elmi teoriya kimi bu teoriya da aestetik və ya metafizik səbəblərə görə irəli sürülə bilər, amma həqiqi sınaq onun müşahidələrlə razılaşa bilən proqnozlar verə bilib bilməməsindədir.”

Metafizik səbəb

Hansısa aestetik və ya metafizik səbəb burda nə ola bilər? Metafizik səbəbin nə olmasına gəldikdə bunun cavabı aşkardır. Özü bu metafizik səbəbi belə izah edir: “Məkan və zamanın hüdudsuz qapalı səth əmələ gətirməsi ideyasının kainatın işlərində Tanrının rolu ilə bağlı çox dərin nəticələri vardır. Hadisələri izah etməkdə elmi teoriyaların uğuru ilə insanların çoxu belə bir inanca gəliblər ki, Tanrı kainatın qanunlar sisteminə müvafiq şəkildə təkamül etməsinə izn verir və bu qanunları pozmaq üçün kainata müdaxilə etmir. Fəqət qanunlar bizə “kainat ilk əmələ gəlməyə başladıqda necə olmalı idi” sualına cavab vermir və saatın mexanizmini sazlamaq və onu necə başlatmağa qərar vermək yenə də Tanrının işi olaraq qalacaq. Kainat bir başlanğıca malik olduğu müddətdə onun bir yaradıcısının olduğunu güman edə bilərik. Amma kainat əgər tamamilə özü-özünü təmin edəcək haldadırsa, hüdudsuz və ucsuz-bucaqsızdırsa, o zaman onun nə başlanğıcı, nə də sonu olmayacaq; sadəcə olaraq olacaq. Bu halda “yaradıcıya” nə ehtiyac qalır ki?!” 6 Sitatın sonu.

Hawking dönə-dönə, gizlətmədən öz oxucusuna çatdırmaq istəyir ki, yeni nəzəriyyənin ovuna çıxmasının səbəbi elmin kəşf etdiyi ən son modeldəki Yaradıcı qüvvəyə olan ehtiyacdan qurtulmaq əzmidir. Bəli, onun irəli sürdüyü nəzəriyyənin metafizik səbəbləri məhz budur. Mavi ekranlara son illərdə çıxmış “A Theory of Everything” (Hər Şeyin Nəzəriyyəsi) filmi Stephen Hawking’in həyatı haqqında danışır. Film ümumilikdə kosmologiya barəsində çəkilməsə də, orada iki kainat modeli və onların teoloji nəticələri haqqında danışılır. İlk model standart Big Bang modelidir, ikinci model isə Hawking’in California universitetinin professoru James Hartle ilə birlikdə hazırladıqları ”hüdudsuz məkan-zaman” modelidir. Hawking ömrünün önəmli bir hissəsini birinci model üçün sərf edib, filmdə də bu kəşflərin gətirib çıxardığı nəticələrə açıq işarələr edilir.

Dialoq

Bir yerdə sevdiyi və daha sonra evləndiyi qız Jane ilə onun arasında keçən dialoq çox maraqlıdır:
Jane: Məgər möhtəşəm deyilmi? Bu poeziyadır…
Stephen: Hmmm… Bu, qara dəlik teoriyasıdır.
Jane: Zaman müəyyən bir nöqtədə başlayıb… orada Yaradılış anı olub.
Stephen: … bəli..
Jane: … Bu, Allahın işidir!
Stephen: Məncə sən tənliklərin mənə aid olduğunu görəcəksən.. amma.. dediyində məntiq var!

Bu dialoqun ateist fiziklərin, bioloqların, kosmoloqların beynində canlandığını təsəvvür etmək olar. Çoxları bu sualı özünə verir, amma ateizmin də bir ideologiya olduğunu xatırlayaraq deyə bilərik ki, ateist beyni bu fikirdən qurtulmağın yolları üçün çalışır. Filmdə bir başqa yerdə yeni bir dialoq diqqətimizi çəkir və bu dəfə söhbətə onların dostları Jonathan qoşulur:

Jane: Stephen U-döngəsi edib. Yeni böyük ideya budur ki, kainatın tamamilə heç bir hüdudu yoxdur. Heç bir hüdud… heç bir başlanğıc…
Jonathan: ..və heç bir tanrı. Oh.. başa düşürəm. Mən elə düşünürdüm ki, sən kainatın başlanğıcının olduğunu artıq sübut etmisən və beləliklə də yaradıcıya bir ehtiyac vardır. Deməli xəta etmişəm.
Stephen: Xeyr… (xəta) mənimdir.
Jane: Stephen kainatdakı bütün qüvvələri izah edəcək yeganə nəzəriyyəni axtarır. Beləliklə də tanrı ölməlidir.
Jonathan: Hmm… Tanrı niyə ölməlidir ki? Başa düşmürəm.

Jonathan’ın sualına cavabı biz verməli olsaq deyərik ki, ateistlərin, dinsizlərin dünya görüşündə Tanrı sevilməyən bir varlıq olduğu üçün öldürülməlidir!

Dipnotlar

  1. Sir Arthur Eddington, “The End of The World: From the Standpoint of Mathematical Physics”, səh: 450; Nature, 127, 1930
  2. Kragh Helge, “Cosmology and Controversy: The Historical Development of Two Theories of the Universe”, səh: 259; Princeton University Press, 1999, Princeton, New Jersey
  3. Kragh Helge, “Cosmology and Controversy: The Historical Development of Two Theories of the Universe”, səh: 431; Princeton University Press, 1999, Princeton, New Jersey
  4. Stephen Hawking, ”A Brief History of Time”, səh: 46; Bantam Books, 1988, New York
  5. Stephen Hawking, ”A Brief History of Time”, səh: 136; Bantam Books, 1988, New York
  6. Stephen Hawking, ”A Brief History of Time”, səh: 140-141; Bantam Books, 1988, New York