biologiyadan ideologiyaya

Biologiya yoxsa İdeologiya ?!

Daha əvvəlki yazılarda Richard LewontinStephen Hawking’in sözləri ilə ateist alimlərin arasındakı fəlsəfi qərəzdən danışdıq. Onların öz sözləri və etirafları ilə Elmin məhdudluğunu və qərəzliliyini nümayiş etdirməyə çalışdıq. Daha dəqiq desək, müasir elmi metodların sadəcə bir alət olduğunu və onu istifadə edənlərin ideoloji maraqlarına xidmət edə biləcəyini göstərməyə çalışdıq. Belə bir qərəz və tərəfkeşlik təbiət elmləri içində – bəlkə də – ən çox biologiyada özünü göstərir. Ateist filosof Thomas Nagel kitabında müasir neodarvinistlər haqqında danışarkən onları bu cür vəsf edir: “Çağdaş mədəniyyətin savadlı üzvləri o qədər köklü şəkildə aşılanıblar/öyrədiliblər ki, onlar təkamülçü reduksiyonizmin sağlam düşüncəyə zidd olması faktını asanlıqla nəzərdən qaçırırlar.”

Nagel etiraf edir ki, ateist dünya görüşündən hərəkət edən alimlər, xüsusilə, bioloqlar hansısa elmi nəzəriyyəni daşıdıqları fəlsəfi bir qənaət əsasında qururlar. “(Təkamül) nəzəriyyəsi həyatın necə əmələ gəldiyini izah etməyə qadir olduğunu iddia etmir və bu, bu günə qədər tamamilə elmi bir sirr olaraq qalır. Lakin ID’nin (Ağıllı Dizayn) müxalifləri adətən güman edirlər ki, onun da (yəni həyatın mənbəyinin də) mütləq xalis kimyəvi bir izahı olmalıdır.” 1

Qərəzli mövqe

Belə bir güman fəlsəfi qənaətdən başqa bir şey deyildir və buna inananlar sadəcə olaraq naturalizmin nümayəndələri olduqları üçün inanırlar. Buna sadə dildə biz qərəzli mövqe deyirik. Nagel’in dediyini ateist molekulyar bioloq Franklin Harold təsdiq edir. “Həyat dörd milyard il əvvəl burada Yer üzündə cansız maddələrdən, hansısa təkamül prosesi vasitəsi ilə əmələ gəlib” deyən Harold sözünün davamında bunun sadəcə bir inanc olduğunu təsdiqləyir: “Bu, nümayiş etdirilə biləcək bir faktın bəyanı deyildir. Lakin bir gümandır…” 2

Amma Harold buna nə üçün inanır? Çünki ona görə belə bir inanc müasir mütəxəssislərin inancıdır və bu mütəxəssislərin “dəlil” hesab etdikləri ilə uyğun gəlir. Bunun dəlilə uyğun olduğunu iddia etməyin özü belə ateistik bir qənaətdən başqa bir şey deyildir. Dəlilə uyğun olması bir kənarda qalsın, heç yaxınına belə düşmür. İngilis fizik Paul Davies bizə bunun necə dəlilə yaxın düşmədiyini belə ifadə edir: “Bizim bildiyimiz həyat yüz minlərlə ixtisaslaşmış proteinlərin olmasını tələb edir, biz hələ nüvə turşularını demirik. Hələ təkcə proteinlərin tamamilə təsadüfən formalaşması şansı/ehtimalı 1-in 10 üstü 40 000-ə bölgüsüdür. Bu rəqəm 1-dən sonra 40 000 ədəd sıfır yazmaqla əmələ gəlir və əgər mən bu rəqəmi yazmaq istəsəydim, kitabımın bir fəslinin tamamını tutardı.”3

Naturalist inanc

Başqa sözlə desək, belə bir ehtimal sıfıra bərabərdir. Amma bu, Haroldun və digər bioloqların, həyatın cansız maddələrdən əmələ gəlməsinə inanmaqları üçün problem deyildir, çünki işin kökündə naturalistik bir inanc durur. Fred Hoyle digər bir ateist alim olaraq Yer üzündə cansız maddələrdən bir canlının əmələ gəlməsinə absurd baxırdı. “İronikdir ki, elmi faktlar Darvini bayıra atıb, amma bir əsrdən uzun bir müddət elmi dünya üçün istehza obyektinə çevrilmiş William Paley’ni isə içəridə saxlayıb, hələ də sonuncu qalib olmaq şansı ilə yarışda qalmaq imkanı verib… Şübhəsiz ki, belə bir (dizayn) nəzəriyyəsi o qədər aşkardır ki, bunun hələ də geniş bir şəkildə qəbul edilməməsi təəccüb doğurucudur. Bunun səbəbləri elmi deyildir, lakin psixolojidir.” 4

İşin qəribə tərəfi budur ki, Hoyle özü DNT molekulundakı informasiya kimi dizayn arqumentlərinin güclülüyü qarşısında darvinizmi inkar etsə də, hələ də ateizm inancına sadiq qalmağa çalışırdı, Yer üzündə həyatı super intelligentli yadplanetlilərin dizayn etdiyinə inanırdı, DNT-ni kəşf edən Francis Crick də buna inanırdı. Amma bununla belə Hoyle ən sonuncu kosmoloji kəşfləri həzm edə bilmirdi, çünki dizayn arqumentlərini yadplanetlilər ilə izah edə bilsə də, məkanın və vaxtın da Big Bang ilə yaranmasını həzm etmək onun üçün çətin idi. Bu da Hoyle kimi bir alimin psixoloji problemi idi.

Həyatın mənşəyi barədə gedən müzakirələr fəlsəfidir

Michael Ruse bir məqaləsində “həyatın mənşəyi” mövzusunda “gedən müzakirələrin çoxu fəlsəfidir.”5 deyir. Bir çox ateist bioloq da öz araşdırma sahəsində bu cür fəlsəfi, etiqadi müxalifətlə üzləşiblər və bir çoxları bu barədə çəkinmədən şikayətlərini ifadə ediblər. Carl Sagan’ın ilk arvadı olmuş Lynn Margulis kitabında bu barədə deyir: “Darvinin dəbli, lakin aldanmış davamçıları hətta öz ixtisasları olan sahələri belə təhrif etməyə adət ediblər.”6

Təhrifdən qəsd nədir?

Burada təhrif ilə qəsd etdiyi budur ki, aparılan müşahidələr təsadüfi mutasiyalar ilə izah edilə bilinmədiyi üçün təhrif olunub. Margulis’in bütün kitabı neo-darvinistlərin ideolojik durğunluğunun tənqidi üzərində bina edilib. Həmçinin Jerry Fodor və Massimo Piatelli birgə təlif etdikləri kitabın girişində deyir: “Darvinizmə vəfalı olmaq, kimin “düzgün elmi” dünya görüşünə sahib, kiminsə sahib olmadığını müəyyən edən litmus testinə çevrilib. Sən Allaha iman gətirmək ilə Darvinə iman gətirmək arasında seçim etməlisən; və əgər sekulyar humanist olmaq istəyirsənsə, mütləq ikincisini seçməlisən.”7

Kitabın müəllifləri bu qısa cümlələrdə darvinistlərlə yaşadıqları təcrübədən xəbər verirlər. Bir başqa bioloq James Shapiro da biologiya sahəsində “yayğın fəlsəfi qərəzin” olduğunu qeyd edir.8 Shapiro təkamülçü biologiya sahəsində fərqli düşünənlərə qarşı ciddi bir mübarizənin olduğunu qeyd edir: “…biz belə legitim bir sual verə bilərik ki, nə üçün bu ideya meynstrim bioloqlar, xüsusilə də təkamülçülər tərəfindən ciddi bir müqavimətlə qarşılanır? Mənim şəxsi qənaətim budur ki, bu müqavimət mahiyyət etibarı ilə fəlsəfidir…” 9

“Darvinist düşüncə bir din formasına çevrilib”

Bir kimsə həqiqətən də canlıları öyrənən müasir elmlərin qərəzdən uzaq, tamamilə neytral bir zəmində aparıldığına inanırsa, tamamilə yanılır və buna şahid olmaq üçün dindarların sözlərinə ehtiyac yoxdur, ateistlərin öz şahidlikləri bu həqiqəti tam çılpaqlığı ilə göstərir. Michael Ruse hətta bunun dini inanc həddinə qədər gəlib çatdığını etiraf edərək deyir: “Mən iddia edirəm ki, təkamül düşüncəsi mövcud olduğu 300 il ərzində, xüsusilə də (Darvin) iki kitabını nəşr etdikdən bəri Darvinist düşüncə, bir din formasını və rolunu alıb.”10

Bunun dini forma aldığını ilk iddia edən Michael Ruse olmayıb, Lynn Margulis də öz ətrafında mövcud olan bu sekta təfəkkürünü tənqid edərdi. “Tarix gec-tez neo-darvinizmi, anqlo-sakson biologiyasının dini etiqadının tərkibinə daxil olan, iyirminci əsrin kiçik dini sektası kimi mühakimə edəcək…”11 Bunun hansı şərtlərdə bir ideoloji sektaya çevrildiyini öyrənmək istəyənlər üçün maraqlı materiallar mövcuddur və bunu yazanlar dindar müəlliflər deyillər, hamısı ateistlərdir. Bu məqaləmizdə belə sitat gətirdiyimiz alimlərin heç biri dindar deyildir, hamısı ya ateistdir, ya da aqnostikdir..

Dipnotlar

  1. Thomas Nagel, “Secular Philosophy and The Religious Temperament”, səh: 54; Oxford University Press, New York, 2010
  2. Franklin M. Harold, “The Way of The Cell: Molecules, Organisms and The Order of Life”, səh: 236; Oxford University Press, New York, 2001
  3. Paul Davies, “The Fifth Miracle: The Search for The Origin and Meaning of Life”, səh: 95; Simon & Schuster Paperbacks, New York, 1999
  4. Fred Hoyle & Wickramasinghe, “Evolution from Space”, səh: 130; J.M. Dent & Co., London, 1981
  5. Michael Ruse, “The Origin of Life: Philosophical Perspectives”, J Theor Biol. 1997, Aug 21; 187(4), səh: 473
  6. Lynn Margulis & Dorion Sagan, “Acquiring Genomes: A Theory of The Origins of Species”, səh: 95; Basic Books, New York, 2003
  7. Jerry Fodor & Massimo Piattelli, “What Darwin Got Wrong”, səh: xiii; Farrar, Straus and Giroux, New York, 2010
  8. James Shapiro, “Evolution: A View From The 21st Century”, səh: 137; FT Press Science, New Jersey, 2011
  9. James Shapiro, “Evolution: A View From The 21st Century”, səh: 138; FT Press Science, New Jersey, 2011
  10. Michael Ruse, “Darwinism As Religion: What Literature Tells Us About Evolution”, səh: ix ; Oxford University Press, New York, 2017
  11. L. Margulis, “Words as Battle Cries-Symbiogenesis and The New Field of endocytobiology”, BioScience_ 1990:40, səh: 673-677