Stonehenge daşlarının sirri: Bu daşları kim quraşdırıb? | Dizayn arqumenti

İngiltərənin Amesbury şəhərindən 3 km aralıda Stonehenge adlı əsrarəngiz bir monument durur. Çox sadə bir quruluşun ibarəsi olan bu halqa formasında durmuş daş parçaları günümüzün alimlərinin fikrini məşğul etməyi bacarıb. Verdikləri sual isə budur ki, hündürlüyü təxminən 4 metr, eni 2.1 metr, ağırlığı isə 25 ton olan bu daş parçalarını qədim insanlar iki min il əvvəl necə qaldıra biliblər? Bu alimlərin arasından bunun sadəcə təbiətdə tədricən əmələ gəlmiş, insan əməyi olmayan bir yer olduğunu deyən heç bir nəfəri belə tapa bilmirsən. Nə üçün? Çünki sağlam düşüncə bu daşların quruluş düzəninə əsaslanaraq onlara, bunun arxasında bir zəkanın, intellektin olduğunu deyir. Təbiətdəki düzəni görən insan bu sağlam düşüncənin təsiri altında həmin düzəni Yaradanın varlığına da inanıb.

Hitchens kitabının altıncı fəslində teistlərin Allahın varlığını sübut etmək üçün istifadə etdikləri “dizayn” arqumentini ələ alarkən bu sağlam düşüncənin heç də o qədər də sağlam olmadığını sübut etməyə çalışır. Məlumdur ki, dizayn arqumenti qədim zamanlardan bizə qədər gəlib çatmış fəlsəfi ədəbiyyatda fərqli adlar altında özünə yer tapıb. Socrates, Plato kimi qədim yunan filosofların kitablarında bu cür arqumentlərə rastlamaq çətin deyildir və fəlsəfədə buna teleolojik arqument deyirlər. İnsanlar qədimdən bəri təbiətdə bir nizamın, müasir dildə desək, bir dizaynın olduğunu müşahidə ediblər. Sadə bir düşüncə bizə – “dizayn varsa, dizayner də olmalıdır” – fikrini təlqin edir. Bu dizayn o qədər aşkardır ki, hətta ən bariz ateistlər belə bu dizaynı təsdiqləyiblər.

Ben Stein’in apardığı ”Expelled: No Intelligence Allowed” adlı sənədli filmdə çox maraqlı bir epizod keçir. Həyatın, yəni ilk canlı hüceyrənin necə əmələ gəlməsi haqqında alimlərin heç bir anlayışının olmadığını etiraf edən Dawkins bu sual ilə qarşılaşır: “Səncə “intelligent design” (zəkalı dizayn) nəzəriyyəsi genetikada və ya darvinist təkamüldə (cavab verilməmiş) hansısa sualların cavabı ola bilərmi?” – Stein soruşur. Dawkins’in ateist dostlarını məyus edəcək cavabı belə olub: “Bu növbəti cür baş verə bilər: ola bilər ki, qədim zamanlarda kainatın hansısa bir yerində canlı bir mədəniyyət darvinist metod ilə çox-çox yüksək texnologiya səviyyəsinə qədər təkamül edib. Onlar həyatın bir növünü dizayn edirlər və o həyatı – möhtəmələn – bu planetə əkirlər. Belə bir mümkünlük vardır və çox maraqlı bir mümkünlükdür və güman edirəm ki, əgər biokimyanın, molekulyar biologiyanın detallarına nəzər salsan bunun üçün dəlil tapmağın mümkündür. Sən hansısa bir dizaynerin imzasını tapa bilərsən.” 1

“İntelligent design” (Ağıllı dizayn)

Neo-ateistlərin papası Dawkins’in də dizaynerin imzasının olduğunu təsdiq etməsi ən skeptik ağıllara da nəsə bir şey ifadə etməlidir. Ümumiyyətlə bu etiraf təkcə Dawkins’də dayanmır, əksinə digər ateist alimlər bu dizaynı etiraf edirlər. Təkamülçü bioloq Jerry A. Coyne “Why Evolution is True” (Təkamül nə üçün haqdır?) adlı kitabını bu sözləri ilə başlayır: “Təbiət barəsində düz olan bir şey varsa, o da budur ki, bitkilər və heyvanlar öz həyatlarını yaşamaq üçün çox qəliz və az qala mükəmməl şəkildə dizayn ediliblər.”2 Coyne da antiteist karvanının üzvlərindəndir. Digər antiteist Michael Shermer bunu şərh edərkən deyir: “Dizayn nəticəsini çıxarmaq təbii olan bir şeydir. İnsanların dünyanı bir Dizaynerin yaratdığını düşünməkləri dünyanın dizayn edilmiş görünməsinə görədir.” Coyne, Shermer, Dawkins… hamısı dünyanın dizayn edilmiş bir görünüşə sahib olduğunu qəbul edirlər. Amma bu dizaynerin kim və ya nə olduğuna gəldikdə tamamilə fərqli bir izah verirlər. “Mən düşünürəm ki, biz bu dizayn nəticəsini çıxarmaqdan qurtulmaq məqsədi ilə mövzudan yayınmamalıyıq, əksinə həyatın dizayn edilmiş olaraq göründüyünü etiraf etməliyik, çünki həqiqətən də dizayn edilib: təpədən dırnağa qədər təkamül tərəfindən (dizayn edilib).”3 Deməli dizayn edilib, amma dizayn edən – Shermer’ə görə – üstün elmə, mərifətə sahib bir varlıq yox, şüursuz, idarə olunmayan təbii bir mexanizmdir. Əksər ateist bioloqlar Shermer’in dediyini iddia edirlər.

Dawkins yuxarıda sözünü etdiyimiz sənədli filmdə hətta bunları əlavə edir: ”Hmm… həmin dizayner kainatın başqa bir yerindən olan üstün zəka ola bilər.” Deməli, bu dizaynerin nə zamansa planetimizi ziyarət etmiş uzun boğazlı, iri gözlü, yaşıl sifətli yad planetlilər olmasını qəbul etmək olar, amma hər şeyə qadir, hər şeyi bilən ilahi varlıq olduğunu isə heç cür, amma heç cür qəbul etmək olmaz. Dawkins’in cavabında iki maraqlı nöqtə vardır. O, bu dizaynın arxasında zəkanın, ağılın, yüksək intellektin imzasının olduğunu təsdiq edir. İkinci maraqlı tərəf isə budur ki, hətta yad planetliləri belə – əgər belə varlıqlar varsa – darvinin təkamül qanununa tabe tutdurur. Ona görə təbii seçmə universal bir mexanizm olmalıdır, təkcə bizim planetdə yox, bütün kainatda çalışan bir qanun olmalıdır. Bu isə öz növbəsində tanrının ilahi özəlliklərini müsadirə edib onları darvin nəzəriyyəsində nəzərdə tutulmuş, amma hələ də tam şəkildə müəyyən edilə bilməmiş abstrak qanuna verməkdir. Shermer’in iddiasına – yəni dizaynerin əslində təkamül qanunu olmasına – gəldikdə isə bu barədə öz yerində söz açılacaq.

Samir Firdovsioğlu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. Nathan Frankowski, ”Expelled: No Intelligence Allowed”, 1:30:30; (2008)
  2. J. A. Coyne, “Why Evolution is True”, səh: 1; Oxford University Press, New York, 2009
  3. Michael Shermer, ”Why Darwin Matters: The Case Against Intelligent Design”, səh: 65; Owl Books, Henry Holt and Company, New York, 2006