Fransa və ifadə azadlığı

Fransa Avropada xüsusi roll oynayır və inqilablar, üsyanlar ölkəsi kimi tanınır. Avropada ingilislər öz tarixi dəyərlərini qorumağa çalışdıqları zamanda, almanlar hərbi elitanın təsiri altında nizam-intizamlı cəmiyyət qurduğu halda fransızlar keçmişə üsyan edib naməlum gələcəyə doğru sıçrayışlar edirdilər. Bu günkü Fransanı formalaşdıran təkcə “azadlıq, bərabərlik və qardaşlıq” şüarları deyildir, həmçinin keçmişində ictimai şüurda iz buraxmış bəzi hadisələrdir: fransa inqilabındakı antiklerikalizm, Dreyfus skandalı. Fransa Avropada dinsizlik hərəkatının beşiyidir, Jean Meslier, Baron d’Holbach, Julien de La Mettrie kimi Avropanın ilk ateistləri ordan çıxır.

Fransa bu dinsizlik işini axıra qədər sınaqdan keçirməyib, hələ də bu yöndə testlər davam etməkdədir. Ona görə də tez-tez ziddiyyətlərə düşür. Fransadakı ifadə azadlığı prinsipi də respublika dəyərlərinə xidmət etdiyi müddətdə keçərlidir, dinə qarşı istifadə edildiyi müddətdə keçərlidir, lakin əks istiqamətdə tətbiq edildikdə ifadə azadlığı keçərsiz qalır. Müasir tarix bu ziddiyyətlərlə çox rastlaşıb.

“İfadə azadlığının sərhədləri”

Misal üçün Fransada ictimaiyyət içində çıxıb etiraz olaraq Fransa bayrağını təhqir etsəniz, yaxud da fransa himnini təhqir etsəniz buna görə sizi 7500 avro cərimə edə bilərlər, hətta 6 aya qədər həbs edə bilərlər. Deməli Fransada elə müqəddəs şeylər var ki, ifadə azadlıqları onları təhqir etməyə icazə vermir və bu, fransızların nəzərində fransız ifadə azadlıqları ilə ziddiyyət təşkil etmir.

Charlie Hebdo hücumundan sonra Fransada “terrorizmə bəraət qazandırmaq” adı altında 70 məhkəmə işi başladılıb və bu məhkəmə işlərində 5 nəfərə həbs işi kəsiblər. Bu işlərdən birinin səbəbi küçədə etiraz edən bir müsəlmanın dediyi bu sözlər olub: “Mən müsəlman olmaqla fəxr edirəm, Charlie’ni sevmirəm və onlara qarşı bunu edənlər haqlıdırlar.”

Həmçinin Dieudonne M’bala adlı bir komik yazdığı facebook statusuna görə həbs olunmuşdu. Yazdığı bir cümlədə terrorizmə bəraət qazandırmaq maddəsi ilə ittiham edilmişdi. Daha sonra sərbəst buraxıldı.

Fransada həmçinin öz dini inanclarını ictimai yerlərdə ifadə etməyə qarşı da məhdudiyyətlər vardır. Misal üçün ictimai yerlərdə müsəlmanlar öz dini şüarlarını ifadə edə bilməzlər, çünki bu, sekulyar dəyərlərə qarşıdır. Hicabın təhsil ocaqlarında qadağan edilməsini fransızlar “dini rəmzlərin nümayiş etdirilməsinin” qəbul edilməzliyi ilə izah edirlər. Belə çıxır ki, dini rəmzləri nümayiş etdirmək ifadə azadlıqları tərəfindən qorunulmur, halbuki bu da bir ifadə tərzidir.

Eyni şəkildə Fransada yəhudilərə qarşı təhqiramiz, alçaldıcı ifadələr işlətmək antisemitizm adı ilə təqib olunur. Eyni münasibət müsəlmanlar üçün mövcud deyildir. Bu ikili standartı fransa mediasında dəfələrlə isbat ediblər.

Ona görə də nəticə budur ki, dinlərə qarşı ölçüsüz şəkildə ifadə azadlığı vardır, lakin sekulyarizmə, sekulyaristlərin dostlarına qarşı ifadə azadlıqları məhduddur. Fransada ifadə azadlığı var, amma şikəstdir.