Müasir elmi kəşflərdən cahil qalan alimlər

Christopher Hitchens “Tanrı böyük deyil” kitabında dini şəxsiyyətləri alçaltmaq üçün onların müasir elmi kəşflərdən cahil olmaqlarından sui-istifadə edir. Isaac Newton’u Bibliyaya inandığı üçün və əlkimya ilə məşğul olduğu üçün qınayır. (Tarixin ən dahi aliminin kim olduğu sualını ateist astrofizik Neil deGrasse Tyson’dan soruşsan, “şübhəsiz ki, Sir Isaac Newton’dur” deyəcək.) Augustine haqqında onun “özü ilə məşğul olan fantazist və Yer kürəsinin mərkəzdə olduğuna inanan cahil”1 olduğunu deyir. Məgər ki, Yer kürəsinin mərkəzdə olmadığını bilmək insanın intellektual dəyərini aşağı salırmış. Həqiqət budur ki, yüz il bundan sonra bizim kainat haqqında bu gün qəbul etdiyimiz bəzi təsəvvürlərin xətalı olduğu ortaya çıxacaq, çünki keçmişin kosmoloji biliklərinin xətalı olduğunu görmüşüksə eyni şeyin gələcəkdə də təkrarlanmasını gözləmək ən təbii bir yanaşmadır.

Görəsən yüz il sonranın Hitchensi bu günün Hitchensinə baxıb eyni səbəblə ona cahil deyəcəkmi? Xatırladaq ki, kainatın artan sürət ilə genişlənməsi, “Big Bang” kimi nəzəriyyələrdən əvvəl kainat homogen və statik bir varlıq olaraq qəbul olunurdu. Hətta Albert Einstein özünün ümumi nisbilik nəzəriyyəsinin düsturunu hazırlayarkən statik kainatdakı cazibə qüvvəsi problemini gördüyü üçün öz tənliyinə “kosmoloji vahidi” daxil etməli oldu. Çünki kainat statikdirsə, o zaman cazibə qüvvəsinin təsiri ilə bir-birini çəkərək yığılmalı idi və əgər bu baş vermirsə digər bir qüvvənin olması da lazım idi. Einstein’in bu dünya görüşünün xətalı olduğunu, onun müasirləri sübut etməli olacaqdılar. Maraqlıdır ki, Einstein’ə bunu sübut edən də belçikalı katolik rahib Georges Lemaitre oldu. Bəli, məhz kilsənin içərisindən çıxmış bir rahib iyirminci əsrin dahisi sayılan Einstein’ə diqqətdən qaçırdığı bir mümkünlüyü öyrədib.

Hitchens’in amansız məntiqinə görə Einstein bu gün Hitchens’in bildiyi kosmoloji biliklərdən cahil idi və taleyin ironiyası ilə məhz bir katolik rahib tərəfindən iqna edilməli oldu. Bu belçikalı rahib 1927-ci ildə elmi əsaslar ilə, riyazi düsturlar ilə və bəzi astronomik müşahidələr ilə Kainatın genişləndiyini və nə zamansa kiçik bir nöqtədə, “ibtidai atomda” (primeval atom) mövcud olduğunu sübut etməyi bacardı. Amma Einstein ilk əvvəllər bunu qəbul etmək istəmirdi və rahibin yeni fiziki model üçün hazırladığı riyazi sübutları belə şərh etmişdi: “Sənin riyazi hesablamaların doğrudur, amma fiziki biliklərin ikrah oyadıcıdır.”2 Sonunda 1931-ci ildə bu fiziki modeli qəbul etməsi üçün dörd il vaxt çəkəcəkdi. Dörd il boyunca bunu qəbul etmək istəmədi.

Bu gün müzakirə edilən “qaranlıq maddə” və ya “qaranlıq enerji” kimi son elmi kəşflərdən iyirminci əsrin əvvəlində yaşamış dahi astronomlar, fiziklər cahil idilər. Və nə olsun? Hitchens bu məntiqlə nəyi sübut etməyə çalışır? Məşhur riyaziyyatçı və fizika teoretiki Freeman Dyson’un anası çox ağıllı qadın olub. Oğlunun yeniyetmə ikən aşırı dərəcədə riyaziyyat elmi ilə məşğul olduğunu görən qadın onun nə zamansa bu rəqəmlər içində insanlığını itirəcəyindən narahat olur. “Sən bir gün buna görə çox peşman olacaqsan” – deyir: “bir gün böyük bir alim olduğunda ayılıb görəcəksən ki, yaxşı dost qazanmağa vaxtın olmayıb. Sənin zəfərini paylaşmaq üçün yanında arvadın və uşağın yoxdursa Riemann hipotezini sübut etməyin sənə nə xeyri olacaq?”3 İnsan varlığı əgər hardansa dəyər qazanırsa, bu, Yer kürəsinin fəzadakı yerini bilməkdən və ya kosmik nebulanın varlığından xəbərdar olmaqdan qaynaqlanmır.

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. “God is Not Great”, səh: 65;
  2. R. D. Holder & S. Mitton, “Georges Lemaitre: Life, Science and Legacy”, səh: 162; Springer Verlag, Berlin, 2012
  3. F. Dyson, “Disturbing The Universe”, səh: 15; Harper & Row Publishers, New York, 1979