ƏRƏBLƏR OSMANLIYA XƏYANƏT EDİBLƏRMİ?

Bu gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qarşılaşdığımız anti-müsəlman, xüsusilə anti-ərəb təbliğatı müasir Türkiyə respublikasının ilk avtoritar rejiminin mənimsədiyi proqramın qalıqlarıdır; belə ki, Osmanlı imperiyasını ləğv edən Mustafa Kemal türk müsəlman cəmiyyətini öz dini-mənəvi köklərindən qoparmaq, onları icbari olaraq avropalaşdırmaq üçün apardığı siyasətə anti-ərəb ünsürlər də daxil etmişdi. Türklərə yeni bir gələcək vermək üçün onları öz keçmişlərindən tamamilə qoparmaq şərt idi. Bunun üçün onların geyim, dil, əlifba, tarix və dinlərini dəyişmək lazım idi. Təbii ki, buna nail olmaq üçün də onlarda ərəblərə qarşı nifrət və kin aşılanmalıydı. Bu gün bu proqramın qarşısına qoyduğu hədəflərə böyük bir ölçüdə nail olduğunu görürük. Azərbaycan cəmiyyəti də eyni şəkildə öz köklərindən qoparılma siyasətinin qurbanı olub və sovetlərdən ayrıldıqdan sonra türklərdəki anti-ərəb sentimentlərinə şərik çıxmaqdadır.

Anti-ərəb təbliğatında tez-tez təkrarlanan iddialardan biri budur ki, ərəblər Birinci Dünya Müharibəsində türklərə xəyanət etdilər. Beləliklə də bu iddia türklərdəki ərəblər əleyhinə bəslənən kin-küdurətə haqq qazandırmağa xidmət edir. Lakin həqiqətən də ərəblər türklərə xəyanət ediblərmi?

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ərəblər dediyimizdə bura geniş bir coğrafiya və böyük bir ümmət daxil olur. Ərəb dünyası 22 dövlətdən ibarətdir və 2021-ci ildəki hesabata görə birlikdə bu dövlətlərdə təxminən 445 milyon insan yaşayır.1 Mavritaniyadan İraqa qədər uzanan geniş bir coğrafiyada yayılmış və tarix boyu fərqli etnoslarla qaynayıb qarışmış bir mədəniyyətdən danışırıq. Bu, özlüyündə hər şeydən əvvəl sual doğurur; doğurdan da, bu boyda ərəb ümməti türklərə Birinci Dünya Müharibəsində xəyanət etdimi?

Müharibə başlamadan əvvəl Osmanlı imperiyası indiki Suriya, İraq, Livan, İordaniya, Fələstin, Yəmənin bir hissəsini və Səudiyyə Ərəbistanın Hicaz bölgəsini öz içini alırdı. Türklərin bu gün xəyanət olaraq qəsd etdikləri şey Məkkənin əmiri Şərif Hüseyn bin Əlinin adı ilə bağlıdır. Şərif Hüseyn bir növ ərəb milliyyətçiliyindən təsirlənmiş biri idi. İngilislər buna görə də onunla əlaqə qururlar və onu Osmanlıya qarşı üsyan etməyə təşviq edirlər; 1914-cü ildən başlayaraq Hicaz limanlarına silah göndərən ingilislər Şərif Hüseyni üsyana hazırladılar. Osmanlılar bütün bunlardan tamamilə qafil deyildilər, Şərif Hüseyn İstanbuldakı əlaqələrindən aldığı xəbərə görə Osmanlı hökuməti onu əmir məqamından endirərək yerinə rəqib Zeyd ailəsindən birini təyin etmək istəyirdi və üstəlik, 1916-cı ilin may ayından başlayaraq Hicaza əlavə qoşunlar göndərməyə başlamışdılar.2 Hicazda osmanlı mayoru Vehib Kaçi Paşa və Mədinə qarnizonunun başı Hasan Basri Nayan Paşa hələ üsyan başlamadan əvvəl Şərif Hüseyni həbs etməyi təklif edirdilər, lakin Suriya və Ərəbistan valisi Cemal Paşa bu təklifi qəbul etmədi, əvəzində Şərif Hüseyni razı salmaq üçün Vehbi Paşanı vəzifəsindən uzaqlaşdırdı.3 Lakin osmanlıların bölgəyə daha çox qoşun çıxarmaqları daha əvvəl tərəddüddə olan Şərif Hüseyni üsyana başlamağa cürətləndirdi və 1916-cı ilin iyun ayının 10-da Məkkədə üsyan bayrağı qaldırıldı. Beləliklə də ingilislərin dəstəyi ilə Şərif Hüseyn bəzi intizamlı ərəb ordularının və bədəvilərdən formalaşmış dəstələrin vasitəsi ilə osmanlıları regiondan vurub çıxarmağa nail oldu.

Diqqət etmək lazımdır ki, biz burada “osmanlılar” sözünü işlətdik, türklər demədik, çünki o zaman Osmanlı imperiyasının əhalisi özlərini osmanlılar olaraq tanıyırdılar və onlar təkcə türklərdən ibarət deyildilər. Ən mötədil hesablamalara görə o zaman Osmanlıda yaşayan türklər qədər ərəblər də var idi. Maraqlıdır ki, Şərif Hüseyn kimi bir ərəb əmirin xəyanətini qeyd edənlər burada iki önəmli nöqtəni qeyd etməyi unudurlar. Unutduqları ən önəmli nöqtələrdən biri budur ki, üsyan etmiş ərəblərdən sayca qat-qat çox olan ərəblər osmanlı ordusunda idilər və türklərlə yanaşı, onlarla çiyin-çiyinə xarici düşmənlərə qarşı vuruşurdular. İngilis tarixçi David Nicolle yazır ki, “İraqda Qut-ül Amarə’də britaniyalıları məğlub etmiş diviziyaların ən azından ikisi əksərən ərəblərdən ibarət idi.”4 Avstraliyalı tarixçi Bill Sellers diqqətimizi ona çəkir ki, Mustafa Kemal Atatürk Çanakkalede “müttəfiqləri məğlub etməsini əsasən ərəb əsgərlərinin döyüş əzminə borcludur. Müttəfiqlərin işğalının birinci dalğası ilə üzləşmiş 19-ci diviziyasındakı əsgərlərin üçdə ikisi suriyalı ərəblər idilər…”5 David Nicolle yazır ki, “suriyalı əsgərlər Sinay və Suveys kampaniyalarında və Fələstinin müdafiəsinin böyük hissəsində aparıcı rol oynadılar.”6 Osmanlının 1917-ci ilin mart ayında britaniyalıları Qazza’da məğlub etməkləri haqqındakı xəbərlər bütün Osmanlı torpaqlarında sevinclə qarşılandı və “qəhrəmanca vuruşmuş 79-cu Alay qeyri-adi şücaət göstərdiyi üçün xüsusi bayraqla təltif olundu.” Bu sözləri yazan Mesut Uyar qeyd edir ki, “79-cu Alayın əsgərlərinin əksəriyyəti ərəblər idilər. Bu alayın gözəl döyüş performansı açıqca sübut etdi ki, lazımi şəkildə təlim olunduqda, təchiz edildikdə və idarə olunduqda osmanlı əsgərləri – etnik mənşələrindən asılı olmayaraq – ümumilikdə yaxşı vuruşurdular.”7

Çanakkale döyüşləri haqqında məlumat verərkən David Nicolle yaralıların normalda İstanbuldakı xəstəxanalara götürüldüklərini yazır və bu xəstəxanalardan biri “İngilis Xəstəxanası” adı ilə tanınırdı ki, 1915-ci ilin may ayının əvvəlində Albert Einstein həmin xəstəxananı ziyarət etmişdi. Ziyarət etdiyi gün ona son on gündə 10 000 yaralının xəstəxanaya gətirildiyini xəbər verdilər və daha çox yaralı gəlməkdə idi. “Onların əksəriyyəti beşinci korpusdan olan ərəblər idilər, Suriyanın şimalında Hələb bölgəsindən səfərbəy edilmişdilər.”8 Hətta müasir Türkiyə cumhuriyyətində məktəblərdə Çanakkale döyüşü çox təəssüf ki, sadəcə türklərin zəfəri kimi təbliğ olunur. Halbuki həqiqətdə bu, türklərin zəfəri olduğu qədər kürdlərin, ərəblərin, balkan xalqlarının işğalçı güclərə qarşı zəfəri idi. Bu gün Çanakkale haqqında edilən mühərrəf təbliğat Türkiyədə yaşayan kürdlərin və ərəblərin haqlı narazılığı ilə qarşılanır.9

Georgetown universitetində tarix və sosiologiya üzrə professor Salim Tamari yazır ki, osmanlı ordusunda vuruşan ərəb əsgərlərin sayı “Ərəb üsyanının sancağına tabe olmuş əsgərlərin sayından xeyli çox idi.”10 Avstraliyada New South Wales universitetinin professoru Mesut Uyar yazır ki, Osmanlı dövləti müsəlman ərazilərinə soxulmuş xarici düşmənlərə qarşı cihad elan etdikdə “nəinki anadolu türkləri, hətta Şimali Suriya və İraqdakı kürdlərin və ərəblərin əksəriyyəti (cihad) elanını xoş qarşıladılar və müharibə çalışmalarına ciddi dəstək verdilər.”11 Başqa bir yerdə isə Fələstin ərazilərində osmanlılara qarşı vuruşan britaniyalılar ilə Şərif Hüseynin üsyankar dəstələrinin yerli ərəb əhalini üsyana təhrik etməkdə uğursuzluqla üzləşdiyini yazır; Fələstindəki “yerli əhali Ərəb üsyanına qoşulmadılar, əksinə kənarda durdular.”12 Mesut Uyar yenə bir başqa yerdə yazır: “Britaniya hərbi kəşfiyyatının gözləntiləri və hesablarının əksinə, hərbi xidmətə çağırılmış ərəblər Osmanlıya sadiq qaldılar.” Səfalətə, aclığa və xəstəliklərə baxmayaraq “əsgərlərin böyük əksəriyyəti yarı-ac və cır-cındıra bürünmüş halda cəsurcasına vuruşmağa davam etdilər və ya ən azından acı sonluğa varana qədər əmrlərə tabe oldular.13 O zaman burada belə bir sual vermək lazımdır ki, ərəblərin əzici əksəriyyəti Osmanlıda türklərlə yanaşı durub düşmənlərə qarşı müqavimət göstərdiyi halda, – müəyyən səbəblərə görə – düşmənə aldanaraq üsyan etmiş kiçik bir hissəni göstərib “ərəblər türklərə xəyanət etdi” demək vicdansızlıq deyilmi?!

Burada qeyd etməli olduğumuz ikinci nöqtə isə tarixi həqiqətlərlə bağlıdır. Nə üçün ərəblər üsyan etdilər? Bu suala cavab vermək üçün o dövrlərə qayıtmağımız lazımdır. Osmanlı imperiyası İslam dini ilə yoğrulmuş olduğu zamanlarda ərəblər, türklər və digər müsəlmanlar arasında fərq qoyulmurdu, ayrıseçkilik edilmirdi. Lakin bu vəziyyət Osmanlının siyasi səhnəsində “İttihad və Tərəqqi” partiyasının, həmçinin jön türklərin ortaya çıxması ilə dəyişdi. Avropanın milliyyətçi və pozitivist rüzgarlarından soyuqlamış bu ittihadçılar və jön türklər sultana qarşı hərbi çevriliş etdilər. 1908-ci ildə sultan Abdulhəmid siyasi hakimiyyəti ittihadçıların təşkil etdikləri millət məclisinə təhvil verməli və məclisin 250 üzvündən 140 nəfəri türk, yalnız 60 nəfəri ərəb seçildi, halbuki Osmanlı imperiyasında türklər belə bir əksəriyyətə sahib deyildilər.

İttihadçıların gətirdikləri parlamentarizmə sevinən ərəblər daha sonra xəyal qırıqlığına uğradılar, çünki Osmanlı dövlətinin yeni rəhbərlərinin apardıqları siyasət “türkləşdirmək” olaraq dəyərləndirilirdi. Ərəblərin “tətrik” adlandırdıqları bu proses ilə bağlı tarixi ədəbiyyatda verilən misallar arasında hətta bəzi məscidlərdən raşidi xəlifələrin adlarının çıxarılaraq Çingiz Xan, Hülakü və Teymurləngin adlarının qoyulduğu keçir. Hökumətin yenidən təşkilatlanması prosesində hökumət vəzifələrinin ərəblərdən təmizlənməsi də misal göstərilir; 15 ərəb mütəsərrif vəzifəsindən azad edildi, Xarici İşlər Nazirliyindəki 600 vəzifə sahibi arasındakı 12 ərəbdən yalnız biri saxlanıldı, Maliyyə Nazirliyində də yalnız bir ərəb işçi qaldı.

Bu dövrdə osmanlı ordusundakı ərəb zabitlər arasında gəzən xəbərlərə görə ərəbləri cəbhədə birinci sıraya yerləşdirmək əmrinin olduğu danışılırdı.14 Ərəb tarixçiləri də osmanlıdakı “türkləşdirmə” siyasətini ərəb milliyyətçiliyinin əsas səbəblərdən biri olaraq göstərirlər. Abdulaziz Duri ərəb milliyyətçiliyinin başlanğıcını qismən “ittihadçıların ərəb dilinə qarşı çıxmaqları və türkləşdirmə siyasətini qəbul etməkləri ilə” əlaqələndirir.15 İttihadçıların türkləşmə siyasəti aparması, bunun üçün xüsusilə sürgün və kolonizasiya metodundan istifadə etməsi haqqında yazmış tarixçilərdən biri də Fuat Dündar’dır. Hasan Kayalı isə bütün bunları “türkləşdirmə” olaraq yox, “mərkəzləşdirmə” cəhdləri olaraq dəyərləndirir. Lakin hətta Kayalı belə etiraf edir ki, ittihadçıların məqsədi “mərkəzləşdirmə” olsa da, həm avropalılar, həm də ərəblər bu prosesi “türkləşdirmək” kimi başa düşülürdü.16 Osmanlının son illərindəki dönəmdə aparılan siyasətinin “türkləşdirmə” olub olmaması haqqında tarixçilər arasında gedən mübahisələr bizim burada üzərinə vurğu etdiyimiz arqumenti zəiflətmir; çünki bu məlumatların tarixi faktlar yoxsa müstəmləkəçi güclərin qara propaqandası olmasından asılı olmayaraq bunların ərəblərə açıq-aşkar təsiri olduğunu inkar etmək olmaz. Suriyanın ədiblərindən olan Muhəmməd Kurd Əli özünün “əl-Muzəkkirat” kitabında siravi türk xalqının necə ərəbləri sevdiyini izah etdikdən sonra siyasi elitanın ərəblərə, ərəb dilinə nifrət etməklərindən yazır.17 Suriyalı mütəfəkkir və siyasətçi Rafiq Bey əl-Azm vaxtında İttihad və Tərəqqi partiyasının üzvlərindən idi, lakin jön türklərdə gördüyü “irqçilik” (cinsiyyə) onun uzaqlaşmasına və ərəb milliyyətçiliyinə yönəlməsinə təkan verdi. Hələ 1911-ci ildə əl-Azm qarşılaşdığı irqçilikdən şikayətlənirdi.18

Bu cür misalları çox gətirmək mümkündür və Osmanlı tarixçiliyində bu illərdə aparılan siyasət hələ də qızğın şəkildə mübahisə mübahisə mövzusudur. Üstəlik, Osmanlıların Fələstin və İraq ərazilərindən geri çəkilmələri ərəb üsyanının uğuru ilə bağlı deyildi. Mesut Uyar qeyd edir ki, müharibə naziri Ənvər Paşa və ona müttəfiq alman hərbi qərərgahı resursların azlığına görə Fələstin və İraq ərazilərindəki orduları Qafqaz cəbhəsinə çəkməyə qərar verdilər, çünki onlar inanırdılar ki, Qərb cəbhəsində Almaniya Entente’yə qalib gələrsə, o zaman Fələstin və İraqda itirilmiş torpaqları geri qaytarmaq çətin olmayacaq.19 Bəlkə də başqa perspektivdən baxsaq, osmanlıların ərəbləri – müharibədə göstərdikləri bütün fədakarlıqlardan sonra – köməksiz buraxdıqlarını da söyləmək olar.

Hər bir halda Məkkə əmiri Hüseyn’in üsyanını götürüb bütün ərəbləri xəyanətdə ittiham etmək doğru deyildir. Tarixən bütün millətlər içində zamanının şərtlərinə görə düşməndən yana addım atmış şəxsiyyətlər olub. Azərbaycanda da zamanında siyasi konyunktura uyğun olaraq ruslarla əməkdaşlıq etmiş xanlar olub. Həmçinin tarix kitablarından oxuduğumuz kimi Şah İsmayıl Xətai avropalılar ilə əməkdaşlıq edərək, onlardan silah alaraq Osmanlı dövlətinə qarşı şərq cəbhəsini açmışdı. Bütün bu misalları göstərib azərbaycanlıları xəyanətkar olmaqda ittiham etmək doğru olmadığı kimi Hicazda ərəb üsyanını göstərib ərəbləri xəyanət etməkdə ittiham etmək, daha böyük ərəb kütlənin müharibə ərəfəsində türklərlə çiyin-çiyinə vuruşmağını görməməzlikdən gəlmək də doğru deyildir.

Dipnotlar

  1. https://www.arabdevelopmentportal.com/indicator/demography
  2. David Murphy, “The Arab Revolt 1916-18: Lawrence sets Arabia ablaze”, səh: 7-8; Osprey Publishing, Oxford, 2008
  3. Mesut Uyar, “The Ottoman Army and the First World War”, səh: 235; Routledge, London, 2021
  4. David Nicolle, “Ottoman Infantryman 1914-18”, səh: 14; Osprey Publishing, Oxford, 2010
  5. Salim Tamari, ”Year of the Locust: A Soldier’s Diary and the Erasure of Palestine’s Ottoman Past”, səh: 13; University of California Press, Berkeley, 2011
  6. David Nicolle, “Ottoman Infantryman 1914-18”, səh: 37; Osprey Publishing, Oxford, 2010
  7. Mesut Uyar, “The Ottoman Army and the First World War”, səh: 295; Routledge, London, 2021
  8. David Nicolle, “Ottoman Infantryman 1914-18”, səh: 53; Osprey Publishing, Oxford, 2010
  9. Metin Gürcan & Robert Johnson, “The Gallipoli Campaign: The Turkish Perspective”, səh: 199; Routledge, London, 2016
  10. Salim Tamari, ”Year of the Locust: A Soldier’s Diary and the Erasure of Palestine’s Ottoman Past”, səh: 12; University of California Press, Berkeley, 2011
  11. Mesut Uyar, “The Ottoman Army and the First World War”, səh: 65; Routledge, London, 2021
  12. Mesut Uyar, “The Ottoman Army and the First World War”, səh: 318 (q. 80); Routledge, London, 2021
  13. Mesut Uyar, “The Ottoman Army and the First World War”, səh: 359; Routledge, London, 2021
  14. Eliezer Tauber, “The Emergence of the Arab Movements”, səh: 55-58; Frank Cass and Co. Ltd, London, 1993
  15. A. Duri, “The Historical Formation of the Arab Nation”, səh: 215; Croom Helm Ltd, New York, 1987
  16. H. Kayalı, “Arabs and Young Turks; Ottomanism, Arabism and Islamism in the Ottoman Empire, 1908-1918”, səh: 83-86; University of California Press, Berkeley, 1997
  17. Muhəmməd Kurd Əli, “əl-Muzəkkirat”, 1/158-159; Mətbəətut-Təraqqi, Dəməşq, 1948
  18. Jens Hanssen & Max Weiss, “Arabic Thought Beyond the Liberal Age”, səh: 256-258; Cambridge University Press, Cambridge, 2016
  19. Mesut Uyar, “The Ottoman Army and the First World War”, səh: 359; Routledge, London, 2021