Təbiət elmləri və Həqiqət

Həyati məsələlərə primitiv yanaşanların çoxunun nəzərdən qaçırdığı ən önəmli şey budur ki, həyatda insanların araşdırdığı və öyrəndiyi həqiqətlər sadəcə elmi həqiqətlər deyildir. Yəni həqiqətlər “təbiət elmlərinin” verdiyi cavablara sığa bilməyəcək qədər çoxdur. Misal üçün “təbiət elmləri” estetik həqiqətlər barəsində acizdir. Təbiət elmləri nəyin gözəl, nəyin çirkin olması sualında susur. Çünki bu sual təbiət elmləri sahəsindən kənarda qalır. Eləcə də riyazi və məntiqi həqiqətlər təbiət elmlərinin öyrəndiyi sahələr deyildir, əksinə bu həqiqətlər təbiət elmlərinin müqəddiməsi sayılır, nəticəsi ola bilməz. Eyni şəkildə də mənəvi həqiqətlər də bu elmlərin araşdırmadığı həqiqətlərdir.

“Necə davranmalısan”

Fizika, kimya, biologiya bizə sübut edə bilməz ki, kasıba sədəqə vermək dəyər baxımından heç kəsə sədəqə verməyin öz malını çoxaltmaqdan daha üstündür. Fizika, kimya kimi təbiət elmləri bu cür həqiqətlər barəsində kor və sağırdır. Bu mənəvi, əxlaqi həqiqətləri bizə dinlər öyrədir. Çünki bu həqiqətlərə iddialı olan elmlər dini-fəlsəfi elmlərdir. Bunu bəlkə də ən gözəl izah edənlərdən biri də kanadalı psixoloq Jordan Peterson’dur. Jordan psixoloq kimi Carl Gustav Jung’un psixoloji təlimlərindən təsirlənmiş biri kimi tanınır və özü də etiraf edir ki, bu fikirlərinə C. Jung’un kitablarını oxuyaraq varıb. Peterson qeyd edir ki, həqiqətlər yalnız təbiət elmlərinin öyrətdiyi həqiqətlərdən ibarət deyildir. Çünki təbiət elmləri bizə əşyaların nə olduğunu öyrədir, əşyaların, təbiət proseslərinin necə baş verdiyini öyrədir. Amma xalis dini həqiqətlər sənə “necə davranmalısan” sualının cavabını verir. Bu iki həqiqət eyni deyildir; biri əşyaların, təbiətin nə olduğunu, necə çalışdığını öyrədən həqiqətlərdir. Digəri isə, yəni dini təlimlər isə insanların necə davranmalı olduğunu öyrədən həqiqətlərdir. Bu ikisi tamamilə ayrı həqiqətlərdir və bir-birilərini inkar etmirlər.

Həyatını necə yaşamalısan?

Həyatını necə yaşamalısan, necə davranmalısan? Həyatını elə yaşamalısan ki, sənə yaxşı olduğu kimi qayğı göstərdiyin insanlar üçün də yaxşı olsun. Bu yaxşılıq ailənə yaxşı olduğu kimi sənə də yaxşı olmalıdır. Bu həm də cəmiyyətə yaxşı olduğu kimi sənə və ailənə də yaxşı olmalıdır. Bəlkə də bacarırsansa bütün ətraf mühitə də yaxşı olmalıdır. Üstəlik bu, bugün yaxşı olduğu kimi növbəti həftə də, növbəti ay və növbəti il və bundan on il sonra da yaxşı olmalıdır. Öz sözlərimizlə desək təbiət elmləri ətrafımızdakı təbiətin nə olduğunu, necə çalışdığını izah etdiyi halda özümüzlə, öz ətrafımızla necə yaşamalı olduğumuzu bizə öyrədə bilmir. Misal üçün xəstəlikdən ölən uşağın nə üçün öldüyünü təbiət elmləri bizə bioloji səbəblərlə izah edə bilir. Lakin o xəstə uşaqla necə davranmalı olduğumuzu, ona necə münasibət göstərməli olduğumuzu öyrətmir.

Təbiət elmlərinə “ibadət edənlər”

İndi bizə bu qədər həvəslə etiraz edənlər ölməkdə olan uşaqlara təsəlli və ümid verməyin onları yalanla aşılamaq olduğunu iddia edir. Təbiət elmlərinə ibadət edən onlar kimi nə qədər şəxs var ki, bir həqiqəti dərk edə bilmirlər. Təbiət elmləri Allahın yoxluğunu, ölümdən sonra həyatın yoxluğunu, ruhun yoxluğunu, öldükdən sonra şüurun da öldüyünü sübut etməkdən acizdir. Çünki təbiət elmləri təcrübə ilə, nəzəriyyələrin sınaqdan keçirilməsi ilə varılan həqiqətlərdir. “Allah yoxdur”, “ölümdən sonra həyat yoxdur”, “dinlər yalandır” ifadələri elmi ifadələr deyildir. Bunlar metafizik iddialardır ki, fizika, kimya, biologiya kimi təbiət elmlərinin sahəsindən kənarda qalır. Çox təəssüf ki, ateistlik roluna girənlər çox tez-tez bu cür intellektual xətalar edirlər. Ölümdən sonra həyatın yalan olduğunu iddia etməklə o yalan olmur. Eyni şəkildə dindar insanlar ölümdən sonra həyatın olmaması iddiasını yalan adlandırırlar. Bu cür sözləri boş boğaza qışqırmaq ilə insanların bilikləri artmır, idrakında zərrə qədər də pozitiv bir irəliləyiş baş vermir.

Ateistlərin təkrarlamağı sevdiyi sözlər

B. Russell kimi ateist filosofun “Heç kim ölən uşağın yatağı başında oturub eyni zamanda Allaha inana bilməz.”  sözləri üzərində düşüncələrimizi dərk etmək üçün növbəti sözlərimizi anlamağınız lazımdır:

Ateistlərin iman əhlinə qarşı qoyduqları birdən çox iddia vardır. Lakin bu iddiaların başında iki məsələ durur. Hər şeydən öncə Allahın, nəticə etibarı ilə də ölümdən sonra həyatın mövcudluğunu inkar edirlər, yəni mövcud olmadığını iddia edirlər. İkinci ağır iddia isə bütün ateistlər tərəfindən yox, daha çox “yeni ateistlər” kimi tanınan antiteistlər tərəfindən irəli sürülür və onlar iddia edirlər ki, Allah inancı, din inancı insanlara xeyir gətirmir, lakin zərər verir.

Birinci cavab

Biz B. Russell’in iddiasının emosional olduğunu, intellektual arqumentə dayanmadığını iddia edərkən buna cavabımızı intellektual zəmində verdik və dedik ki, onun iddiası xətalıdır. Xətalı olmasının səbəbi isə budur ki, güclü iman sahibi insanlar B. Russell’dən fərqli olaraq ölümə bir son kimi, həlak kimi baxmırlar. Onların nəzərində ölüm sadəcə müvəqqəti həyatdan əbədi həyata keçiddir. Ölümə bu cür baxan iman sahibi biri üçün ölən uşağın yatağı başında oturub Allaha şübhəsiz iman etməyə davam etməsi tamamilə başa düşülən bir haldır. Amma B. Russell kimi birisinin ölümə baxışı ilə baxsaq o zaman bəlkə də o halda Allaha inanmağın çətin olacağını ehtimal edə bilərik. Ona görə də biz B. Russell’in iddiasındakı xətanın nə olduğunu intellektual bir izah ilə göstərmiş olduq. Və deyirik ki, Russell’in iddiasında dəyişiklik etmək lazımdır: “Ölən uşağın yatağı başında oturmuş heç bir ateist Allaha inana bilməz.” Bu şəkildə iddia bir az daha realistik görünür. Amma yenə də intellektual olaraq Allahın varlığını inkar etmək üçün kifayət etmir, hələ də emosional olaraq qalır. Bu, bizim birinci cavabımızdır.

İkinci cavab

İkinci cavabımızı isə daha çox ikinci iddia ilə bağladıq və dedik ki, həyatın çox sahəsində dinin verdiyi faydaları ateizm heç bir zaman verə bilməz, əksinə dini əvəz etdiyi yerlərdə dinsizlik bəşəriyyətə yalnız ümidsizlik, solğunluq gətirib. Ona görə də – “Təsəlli və ümid bir işə yaramır, yalnız elmi inanc ilə, elm vasitəsiylə o uşaqlara sağlamlıq vermək mümkündür” – cümləsi kökündən yalnışdır, batildir. Bu iddiaya görə xoşbəxtlik sadəcə fiziki bədənin halındakı yaxşılıqdır. Halbuki bunun batil olduğunu anlamaq üçün dərin bir fəlsəfi həqiqəti dərk etmək lazım deyildir. Hamı etiraf edir ki, o qədər bədən cəhətdən sağlam insanlar vardır ki, mənəvi cəhətdən iztirab çəkir və hətta o iztirablardan qurtulmaq üçün özünü öldürür. Digər tərəfdən isə fiziki qüsurlardan əziyyət çəkən, amma ətrafındakı insanların qayğısı, təsəllisi, sevgisi səbəbi ilə özünü xoşbəxt hiss edən, həyata bağlanan insanlar vardır. Üstəlik fakt budur ki, elm vasitəsi ilə hamıya sağlamlıq vermək mümkün deyildir. Elm heç bir zaman ölümə qalib gələ bilməz, bunun imkansız olduğunu elm özü deyir.

Elmin sərhədi

Elm heç bir zaman xəstəliklərə qarşı gələ bilməz, xəstəliklər həyatın zəruri hissəsidir. Üstəlik əlacı tapılmış xəstəliklərin hamısında elmi yolla nəaliyyət əldə etmək olmur və çarəsi tapılmamış xəstəlikləri saymaq istəsək qurtara bilmərik. Əksinə elmi metodla müalicə alanların misalı bizim dediklərimiz üçün gözəl bir ibrətdir. Artıq kilolarından əziyyət çəkən insanları düşünün, daha arıq və sağlam olmaq üçün özlərini bıçaq altına verməyə, iztirablı dietaya səbr etməyə razılaşırlar. Amma normal insan səbəbsiz yerə bu ağrılara razılaşmaz. Görəsən nə üçün bu əziyyətlərə qatlanır?

Cavab

Cavabı çox aşkardır, çünki bu əməliyyatlardan sonra, bu əziyyətli müddətlərdən sonra sağlam, rahat həyatın olduğuna inanır və bunun üçün bu əziyyətlərə, ağrılara razılaşır. Ona bu inamı aşılayan da onunla qabaqcadan danışan həkimdir, əgər həkim əməliyyatdan və müalicədən sonra halın yaxşılaşacağına inandırmasa heç kimsə özünü bıçaq altına verməzdi, heç kimsə özünü dünyanın təklif etdiyi nemətlərdən məhrum etməzdi. Bizə bu etdiyimizi asanlaşdıran daha yaxşı gələcəyə olan ümidimiz və inancımızdır. Eyni şəkildə iynə vurulmasından imtina edən uşağa şokalad vəd edərək fikrini dəyişdirənlər də bunu dərk edərək edirlər. Lakin xəstəlikdən ölümünü gözləyən uşaqlara gəldikdə isə burada daha güclü bir ümidə, daha güclü bir imana ehtiyac vardır ki, bunu yalnız din verə bilər.

“Amma Bill Gates..”

“…amma, Bill Gatesin də ateist olaraq Afrikaya ən çox yardım etməsində, ateist olmasına baxmayaraq heç bir problem təşkil etmir” sözünə gəldikdə isə biz burada ateistlərin görə bilmədiyi bir ironiyanı görürük. Onların özünün bunu görməməyi bizi təəccübləndirmir, çünki özünü dar düşünməyə alışdırıb. İroniya isə burdadır ki, bu gün dünyanın fərqli yerlərində mövcud olan cəmiyyətlərin hamısı praktiki olaraq dini dəyərlər ilə yaşayırlar, hətta dini və Allahı inkar edən insanlar belə əməli olaraq dini dəyərlər ilə yaşayırlar. Çünki böyüdükləri cəmiyyətlərdəki mənəvi dəyərləri mənimsəyiblər, heç bir insan həyatında dəyərlərini özü sıfırdan icad etmir, lakin ailəsindən, tərbiyə gördüyü məktəbindən, cəmiyyətin ona öyrətdiklərindən götürür.

Cəmiyyətlərin kökü

Bütün bu cəmiyyətlər, istər Azərbaycan cəmiyyəti olsun, istərsə də amerikan cəmiyyəti olsun tarixən dini dəyərlər üzərində kök atıblar, hətta bu günləri dünyanın ən ateist ölkələri arasında sayılan ölkələr belə öz tarixi köklərini kəsib atmayıblar, tarixdən əkib becərib bu günə qədər gətirib çıxardıqları dini dəyərləri saxlayıblar. O dini dəyərləri ümumiyyətlə yox etmək mümkün deyildir, hansısa dəyərləri dəyişmək mümkündür, amma cəmiyyətin onurğa sütununu təşkil edən bu dəyərlər setini tamamilə başqası ilə əvəz etmək mümkün deyildir və ümumiyyətlə heç kəs buna cəhd etmir. Bu baxımdan hər bir ateist – istəsə də, istəməsə də – tarixən dinlərin cəmiyyətlərdə əkdiyi mənəvi dəyərlər ilə böyüyüblər, yalnız axmaq bir insan bu həqiqəti inkar edə bilər.

Darvinist bir cəmiyyət:

Ona görə də istər Bill Gates olsun, istərsə də başqası ilə bütün bu insanlar darvinistik bir cəmiyyətdə böyüməyiblər, tamamilə dini dəyərlər üzərində fəaliyyət göstərən cəmiyyətlərdə böyüyüblər. Hətta buna görə Richard Dawkins kimi ateistlər belə etiraf edirlər ki, onlar “darvinistik bir cəmiyyətdə” yaşamaq istəməzdilər, çünki dini və metafizik inanclardan tamamilə xali olan cəmiyyətdə eqoistlik hakim olmalıdır, belə cəmiyyətlərdə ən əsas dəyər öz xeyrinə yaşamaq olacaq. Bu kimi cəmiyyətlərdə kasıblara kömək etmək, öz malını, sərvətini möhtaclara paylamaq edə biləcəyin ən absurd bir şey sayılacaq. Amma Allaha həmd olsun ki, insan tarixi sırf darvinistik bir cəmiyyət görməyib. Hətta iyirminci əsrdə Hitlerin və Stalinin qurduğu cəmiyyətlərdə darvinistik prinsiplər cəmiyyətə daxil edilsə də cəmiyyətin təməli hələ də tarixi-dini dəyərlərini qoruyub saxlayırdı. Stalinin ateistik cəmiyyətində belə müğənniləri televiziyaya açıq-saçıq geyimlə buraxmırdılar. Sözümüzün məğzi budur ki, Bill Gates ateist olsa belə onun xeyriyyə işləri ilə məşğul olması onun ateistik dünya görüşündən qaynaqlanmır, əksinə tarixdən miras alınmış dini dəyərlər üzərində yetişməsindən qaynaqlanır.

Bill Gatesin intervyusu

Hə, onu da əlavə edək ki, Bill Gates “Rolling Stone” jurnalına verdiyi intervyuda bu sözləri deyir:

“The moral systems of religion, I think, are super-important. We’ve raised our kids in a religious way; they’ve gone to the Catholic church that Melinda goes to and I participate in. I’ve been very lucky, and therefore I owe it to try and reduce the inequity in the world. And that’s kind of a religious belief. I mean, it’s at least a moral belief.”

Tərcüməsi isə belədir:

“Dinin mənəvi sistemi – inanıram ki, – super əhəmiyyətlidir. Biz uşaqlarımızı dini yol ilə tərbiyə etmişik, onlar Melinda’nın getdiyi və mənim iştirak etdiyim katolik kilsəsinə gediblər. Mən çox xoşbəxt olmuşam və ona görə də mən dünyadakı haqsızlığı azaltmağa cəhd etməyimi ona (yəni dinə) borcluyam. Bu da bir növ dini inancdır. Demək istəyirəm ki, ən azından mənəvi bir inancdır.”

Bill Gates

Adını çəkdiyi Melinda onun həyat yoldaşıdır və Bill Gates özü dinə inanan insan deyildir, amma dinin əhəmiyyətini qəbul etdiyi üçün katolik kilsəsinə gedir.

“Yalan içində yaşayanlar”

Əslində “yalan” içində yaşayanlar bizim zamanın ateistləridir. Bax Bill Gates özü dinə inanmır. Amma dinin əhəmiyyətini qəbul etdiyi üçün “yalandan” kilsəyə gedir, uşaqlarını dinin təklif etdiyi mənəvi dəyərlər üzərində böyüdür. Amma sırf ateizmdə bu mənəvi dəyərlər mövcud deyildir. İyirminci əsrin ən böyük eqzistensialist ateist ideoloqları da məhz bu sual ilə əlləşib vuruşublar. Jean-Paul Sartre, Albert Camus kimi ateistlərin həyatın mənasız olduğunu, dinsiz mənəvi dəyərlərin məntiqsiz olduğunu etiraf etdikləri üçün ateistin öz həyatı üçün “yalandan” bir məna uydurmasını yeganə çıxış yolu kimi görüblər. Ona görə də Albert Camus deyirdi ki, “həqiqi mənada yalnız bir fəlsəfi problem vardır və o, intihardır. Həyatın yaşamaq üçün dəyərli olub olmadığına qərar vermək fəlsəfədə fundamental bir sualdır. Bütün digər suallar burdan şaxələnir.” Cənablar, reallıq budur ki, dindarlar ölümdən sonra həyata inanırlar və bir ateist üçün bunun yalan olduğunu sübut etmək imkansızdır. Yuxarıda izah etdiyimiz kimi təbiət elmləri bundan acizdir. Amma ateistlər həyat üçün müxtəlif mənalar uydurmaqla özləri “yalan” içində yaşayırlar və bizə bunu isbat etmək çətin deyildir. Çünki ateistlərin ən böyükləri bunu etiraf edirlər.

%d