İsa Məsih: Mif yoxsa Həqiqət?

Qaraqan yazır:

“İsa peyğəmbərin hekayəsini biz keçmiş miflərə baxanda o qədər yerdə görürük ki, dicə İsanın doğulduğu ildən 3000 il əvvəl misirlilər artıq bu hekayəni bilirdilər .Onların tanrılarından olan Qorun hekayəsi İsanın hekayəsinə çox bənzəyir.

Qor (Misir e.ə 3000)

25 dekabrda anadan olub. Anası bakirə qadın İsida Maria. Doğulanda şərqdə ulduz parlayıb. Bu ulduzun köməyi ilə 3 şah onun doğulduğu yeri tapıb.30 yaşında peyğəmbərliyi başlayıb. 12 şagirdi olub .Onlarla səyahətə çıxıb və möcüzələr göstərib. Möcüzələri: xəstələri sağaltmaq, suyun üzərində gəzmək, korun gözlərini açmaq, suyu şəraba çevirmək, ölünü diriltmək. Qorun müxtəlif adları olub: “Allahın oğlu”, “Allahın çobanı”, “Allahın quzusu”.
Tifon ona xəyanət edib onu satandan sonra Qor Xaçda asılıb, 3 gün basdırıldıqdan sonra dirilib və göyə ucalıb. Bu hekayə təkcə Qora aid deyildir, bir çox miflərdə bu rəvayətə rast gəlir.”

Bu fikirlərin mənbəyi:

Bu gördüyünüz sözləri Qaraqan ateistin cavabı olaraq kitabında təqdim edir. Görünür ki, Qaraqan bu cür məlumatların təsirindən şübhəyə düşüb və qərara gəlib ki. bu şübhələri Azərbaycanın oxucu kütləsinə çatdırıb onları da şübhəyə salsın. Lakin problem budur ki. Qaraqanın qeyd etdiyi bu iddiaların hamısı heç bir ciddi araşdırmanın nəticəsi deyildir. Bu fikirləri ilk dəfə məşhurlaşdıran internetdə yayılmış “Zeitgeist” adlı video çarx olub və bu videonu hazırlayanların qatı din əleyhdarı radikallar olduğu çoxuna məlumdur. Hətta “Zeitgeist” filmi bunu öz araşdırmalarından deyil. Lakin Acharya S. ləqəbi altında tanınan Dorothy Milne Murdock adlı bir qadın yazıçının 1999-cu ildə nəşr olunmuş “The Christ Conspiracy: The Greatest Story Ever Sold“ adlı debüt kitabından və 2009-cü ildə nəşr olunmuş “Christ in Egypt: The Horus-Jesus Connection and The Gospel According to Acharya S” adlı kitabından götürüblər.

Mətləbə keçmədən öncə qeyd etməliyəm ki, biz müsəlmanlar İsa peyğəmbərin dekabrın 25-ində doğulduğunu demirik, onun çarmıxa çəkilərək üç gün basdırılmış halda qaldığını, daha sonra dirilərək göyə çəkildiyini demirik. Bunu oxucuların diqqətində saxlamaqlarını istəyirəm. Bu yazımızda sadəcə olaraq xristianların dini inancları ilə Misir mifologiyasındakı ilahlar arasında bir bənzərliyin olmadığını göstərəcəm.

“Zeitgeist”in şübhələri

Zeitgeist filmindən sonra məşhurlaşmış bu təsəvvürlərə bir-bir nəzər salaq. Birinci bənzərlik doğum tarixləri üzərindədir. Əvvəla ilkin xristianlar heç bir zaman İsanın dekabrın 25-ində doğulması barədə bir inanca sahib olmayıblar. Bu, nə kanonik incillərdə, nə də qeyrilərində qeyd edilməyən bir tarixdir. Irenaeus (130-200), Tertullian (160-225), Iskəndəriyyəli Origen (165-264) və başqa ilkin xristian yazıçıların heç biri İsa Məsihin bu tarixdə doğulduğunu və ya bu tarixin milad bayramı kimi qeyd edildiyini zikr etmirlər. Hətta İskəndəriyyəli Klement (150-215) “Stromata” kitabında müxtəlif xristian qrupların İsa Məsihin doğum tarixi haqqında qəbul etdikləri fərqli görüşləri müzakirə edir və bunların heç birində dekabrın 25-inin onun doğum tarixi kimi hər hansı bir xristian qrup tərəfindən qəbul edildiyi qeyd edirlmir. O yazır:

“Elələri vardır ki, rəbbimizin nəinki doğum ilini, hətta gününü belə təyin ediblər və onlar deyirlər ki, bu, avqustun 28-i baş verib və (misir ayı) paxonun 25-i baş verib…”

25 dekabr məsələsi

25 paxon isə miladi təqvim ilə mayın 20-sinə düşür. Daha sonra başqa tarixlər də qeyd edir və bunların arasında 21 mart, 21 aprel, 15 aprel kimi tarixləri sayır. Lakin bunların heç birində dekabrın 25-i İsanın doğum tarixi kimi qeyd olunmur. Lakin artıq dördüncü ilk dəfə olaraq 25 dekabr bu versiyalardan birinə çevrilmiş və məşhurlaşmışdı. Dördüncü əsrin sonlarında iki tarix xristianlar tərəfindən İsanın doğum günü kimi qəbul edilirdi.

25 dekabr Qərbi Roma İmperiyasında, 6 yanvar isə Şərqdə, xüsusilə Misir və Kiçik Asiyada qəbul olunurdu. Bu gün isə xristian aləminin böyük əksəriyyəti 25 dekabr olaraq İsanın doğum gününü qeyd edirlər, yalnız erməni kilsəsi hələ də 6 yanvar gününü qəbul edir. Tarixçilər qeyd edirlər ki, 25 dekabrın ilk dəfə İsanın doğum günü kimi qəbul edilməsi dördüncü əsrin ortalarına aid bir roma almanax’ında keçir. Həmin almanax xristian rahibləri və şəhidlərinin ölüm tarixlərini qeyd edir və dekabrın 25-i qeyd edildikdə həmin gün üçün yazılıb: “natus Christus in Betleem Judeae”, yəni “Məsih Cudeya’nın (Yəhuda’nın) Betlehem şəhərində doğuldu”.

25 dekabrın seçilməsinin izahı üçün fərqli nəzəriyyələr vardır və bu nəzəriyyələr içindən ən məşhuru budur ki, 25 dekabr daha əvvəl romalıların Sol İnvictus’un (Məğlub edilməmiş Günəş) doğum günü olaraq qeyd etdikləri bayram olub və xristianlar İsanın doğum gününü bilmədikləri üçün o bayramı bununla əvəz ediblər. İstənilən halda rahatlıqla deyə bilərik ki, ilkin xristianlarda 25 dekabr İsa Məsihin doğumu kimi qəbul edilməyib.

Horus kimdir?

Yaxşı bəs Qaraqan’ın “Qor” olaraq tanıtdığı, əslində isə “Horus” (azərbaycanda Hor) adlanan bu misir mifologiyasındakı ilah həqiqətən də dekabrın 25-ində doğulubmu? Əvvəla Hor kimdir? Misir əfsanəsinə görə Osiris, Set, İsis və Neftida kimi ilahlar bacı qardaş olublar, yəni İsis və Neftida ilahələr olublar, Osiris və Set onların qardaşları olublar. Bunlar Yer ilahı Geb və Səma ilahəsi Nut’un uşaqlarıdır. Əfsanəyə görə Osiris Misiri idarə edən firondur və onun həyat yoldaşı bacısı İsis’dir. Set Osirisi öldürür və onun yerinə keçir. Osirisi öldürdükdə isə xüsusi vəhşiliklə öldürür, onu on dörd parçaya ayırır və müxtəlif yerlərə atır. Onun həyat yoldaşı İsis gizli olaraq Osirisin parçalarını toplayır, tilsim ilə elə edir ki, Osiris ilə cinsi əlaqəyə girir və ondan hamilə qalır. Yenə əfsanəyə görə daha sonra İsis gizlənmək məqsədi ilə Nil çayının deltasına gedir, uşağı doğurur və qoruyur.

Horus’un doğulduğu tarix:

Həmin bu uşaq bizim sözünü etdiyimiz və Horus (Hor) adlanan misir ilahıdır. Horus’un dekabrın 25-i doğulması barədəki məlumatların haradan götürülməsi barədə müasir yeqiptoloqlar (misirşünaslar) heç bir məlumata sahib deyillər, bu sadəcə olaraq bəzi müasir yazıçılar tərəfindən uydurulmuş bir məlumatdır. Çünki misirşünaslıqda məlum olan budur ki, Horus “Epaqomenal Günlər” olaraq tanınan Misir təqvimindəki beş gündən birində doğulub. Əfsanəyə görə misirlilərin inandıqları yaradıcı ilah Atum xəbər tutur ki, Geb və Nut bir-birilərini sevirlər və Nut artıq hamilədir. Atum qəzəblənir və Nuta uşaqlarını bilinən təqvim günlərindən heç birində doğmağa icazə vermir. Başqa ilah Tot isə Nut’a ürək yandıraraq Misirin digər ilahları ilə oyun oynayır və bu oyunda qalib gələrək Nut üçün əlavə beş gün qazanır. Məhz bu beş günə misirlilər “epaqomenal günlər” deyirdilər. Bu beş gündən birincisində Osiris, ikincisində Horus, üçüncüsündə Set, dördüncüsündə İsis, beşincisində isə Neftida doğulur.

Buradakı Horus:

Lakin buradakı Horus Osiris və İsis’in oğlu deyil, onların qardaşıdır. Ona görə də çox zaman bunları böyük Horus, kiçik Horus kimi tanıyırlar. Lakin bilmək lazımdır ki, misirşünaslar bu beş günün miladi təqvimlə hansı günlər olduğunu dəqiq bilmirlər, əksəriyyəti bunun avqust ayına düşdüyünü deyirlər. Kiçik Horus isə, yəni Qaraqanın kitabında qəsd etdiyi Horus’un isə doğum tarixi haqqında heç bir məlumat yoxdur. Olsa belə miladi təqvimlə dəqiq hansı günə uyğun gəlməsini bilmək müasir alimlərin çətinliklə təyin edə biləcəkləri işdir. Bilmək lazımdır ki, əgər xristianlığı uyduranların ilkin xristianlar olduğunu fərz etsək yenə də ağlımızı işlədərək qəbul etməliyik ki, bu xristianlar o dövrdə “25 dekabr” günü kimi bir gün işlətmirdilər, ya da Horus o dövrdə “25 dekabr”da doğulub deyə bir şey yox idi, çünki misir təqvimində dekabr ayı yoxdur və o dövrdə heç kim oturub misir təqvimini roma təqviminə çevirərək dəqiqliklə Horusun doğum gününü təyin etmirdi. Ona görə də bu iddianın nə qədər gülünc və absurd olduğu azca ağlı olan insanlar üçün məlumdur.

Yuxarıda yazılanların xülasəsi

Yuxarıda yazdıqlarımızdan həm də anladınız ki, Horusun anası bakirə İsis Mari olmayıb. Bu da uydurmadır, əksinə Osiris Set tərəfindən öldürülmədən öncə İsis ilə evli idilər, yəni İsis bakirə deyildi. Həmçinin Osiris öldürüldükdən sonra İsis tilsim istifadə edərək Osirislə cinsi əlaqədə ola bilir və Osirisin toxumu ilə gəbə qalır. Bu və digər məlumatları Margaret Bunson tərəfindən hazırlanmış “Encyclopedia of Ancien Egypt” kitabından oxuna bilər. Onu da əlavə edim ki, İsis misirlərdəki ilahənin yunanca adıdır, misirlilər ona Aset deyirlər və Mari adı uydurmadır.

Doğulanda şərqdə ulduzun parlaması, üç şahın onun doğulduğu yeri tapması müasir zamanımızda uydurulmuş bir şeydir. Misir mifologiyasına görə İsis öz uşağını Nil deltasındakı bir adada doğub və bunu edərkən tək edib, heç bir üç şah onu ziyarət etməyib. Əslində heç xristian qaynaqlarında da üç şah deyə bir şey yoxdur. Xristianların incilində sadəcə “müdrik adamların” ziyarət etdiyi qeyd olunur, hər hansı bir say verilmir.

30 yaşında peyğəmbərlik məsələsi

30 yaşında peyğəmbərliyə başlaması isə başqa bir səviyyədə absurd bir uydurmadır. Misirlilərin inancına görə Horus ilahi bir varlıq olub və misirlilər peyğəmbərlərə xüsusilə inanan bir millət olmayıblar. Onlara görə Horus daha sonra əmisi Setə qalıb gəlib. Hər hansı bir peyğəmbərlik etməyib.

12 həvari məsələsi

Həmçinin Horusun 12 həvarisi olmayıb, lakin Horusun “heru-şamsu” adlanan dörd yarı-ilahi davamçısı olub, 16 insan davamçısı və “mesniu” adlanan saysız sayda işçi qüvvəsi olub. Ona görə də 12 həvarisinin olduğunu söyləmək də bu son illərdə çıxmış uydurma bir iddiadır.

“Horusun möcüzələri”

Həmçinin suyun üstündə gəzmək, suyu şəraba çevirmək kimi möcüzələr göstərməyib. Ümumiyyətlə başa düşmək lazımdır ki, misir mifologiyasında ilahlar peyğəmbərlər sayılmadıqları üçün onların insanları inandırmaq üçün möcüzələr etməyə ehtiyacları olmayıb. Onlar misirlilər tərəfindən tanrılar kimi qəbul olunublar. Eləcə də “Horus” Allahın oğlu, Allahın çobanı, Allahın quzusu adlanmayıb. Misirlilərdə ən böyük tanrılar Amut və Ra hesab olunub. Osiris, İsis kimi tanrılar isə daha aşağı mərtəbəli tanrılar olublar, Horus da Osiris ilə İsisin oğlu sayılıb. Heç bir qaynaqda Horusun “Allahın quzusu”, “Allahın çobanı” kimi vəsf olunması keçmir. Bunlar sadəcə olaraq uydurma məlumatlardır.

Horusun çarmıxa çəkilməsi

Horusun çarmıxa çəkilməsi, üç gün ölü qalması və daha sonra dirilib səmaya qalxması isə daha bir gülünc və axmaq bir uydurmadır. Misir əfsanələrinə görə Horus’un çarmıxa çəkilməsi bir kənarda qalsın, o, heç bir zaman ölməyib. Horus əmisinə qalib gəldikdən sonra baş tanrı Ra tərəfindən aşağı dünyanın əsas tanrısı kimi qəbul edilib. Bəzi qədim yazılara əsasən Horus körpə olarkən əqrəb tərəfindən sancılır və ölür, lakin tanrı Tot gələrək bir tilsim oxuyur və Horus həyata qayıdır. Bundan başqa Horusun öldürülməsi, çarmıxa çəkilməsi, üç gün ölü qalması qeyd olunmur.

[Şəkildə gördüyünüz solda şahin/qartal sifətli olan Horus, ortadakı Osiris, sağdakı isə İsis’dir.]

Bu yazdıqlarımızdan anlaya bilərsiz ki, ya Qaraqan həddindən artıq düşüncəsiz bir insan olduğu üçün ateistin onun qarşısına atdığı hər loqmanı udub və şübhəyə düşüb, ya da Qaraqan azərbaycanlı oxucuların savadsız olduğuna inandığı üçün kitabında “sensasiya” doğuracaq məlumatları almağı əlverişli görəcək qədər hiyləgərdir. Mən daha çox ikincisinə inanıram. İnanmıram ki, bu insan səmimi olsun və kitabında qeyd etdiyi kimi bu cür sualların axtarışı üçün bu kitabı yazsın. İstənilən halda bu kitabdan oxuduğum məlumatlar akademik dairələr yanında psevdo-elm ilə məşğul olanların oxucuların başını qarışdırmaq üçün ixtira etdikləri məlumatlardan başqa bir şey deyildir. Bu, Dan Brown’un “Da Vinçi Kodu” adlı kitabını oxuyub onun içində yazılanlara inanmaq kimi bir şeydir.