“Darvin Nəyi Yanlış Anladı?” – J. Frodor və M. Palmarini [Kitab Analizi]

Jerry FodorMassimo Palmarini‘nin 2010-cu ildə nəşr elətdirdiyi “What Darwin Got Wrong” (Darwin nəyi yanlış anladı) kitabının xülasəsi barədə məlumat vermək istəyirik. Hər şeydən öncə qeyd etmək lazımdır ki, hər iki müəllif ateistdir və hər iki müəllif naturalist izah axtarır, supernatural (fövqəltəbii) izahları bəri başdan inkar edirlər. Kitabda darvinizm ilə razılaşmadıqları nöqtələr isə bunlardır:

“Adaptasiyalar təbii seçimlə izah oluna bilməz”

Təbii Seçimə (Natural Selection) layiq olduğundan daha böyük rol verilib. Təbii Seçimin yeganə kriteriyası sağ qalmaqdırsa, bütün bu mükəmməl adaptasiyalar, fitness’lər təbii seçimlə izah oluna bilməz.

“Ana Təbiət”

Darvinistlər nə qədər Allahdan qurtulmağa çalışsalar da öz modellərinə və izahlarına Allahı əvəz edən “Ana Təbiət” kimi təsəvvürlər gətirirlər. Təbii Seçimin rolunu o qədər genişləndirirlər ki, nəticədə Təbii Seçimin Öz İradəsi ortaya çıxır, bu isə təbii ki, doğru deyildir. Müəlliflər təbii seçimi bir izah kimi yalnız minimal faktor kimi qəbul edirlər.

“Tədrici təkamül modeli süquta uğrayıb”

– Tədrici təkamül modelinin süquta uğradığını, ona görə də tədrici adaptasiya fikrinin doğru ola bilməyəcəyini qeyd edirlər. Bunun üçün həm fossilləri, həm də real heyvanlardakı kompleksliyi misal göstərirlər.

Horizontal gen transferi

– Horizontal gen transferinin sadəcə bir istisna olmadığını, bir qayda olduğunu vurğulayır. Bizim orqanizmimizdəki genlərin 35-40 faizinin horizontal gen transferi ilə gəldiyini, yəni virus və bakteriyalardan gəldiyini qeyd edir. Bu isə “həyat ağacı” (tree of life və ya tree of descent) fikrini sual altına alır.

“Kaseti geriyə fırlatsaq”

– Təkamülü hərəkətə gətirən qüvvənin nə Ekoloji Adaptasiya, nə də Təbii Seçim ola biləcəyini qeyd edirlər. Stephen Jay Gould dediyi kimi, əgər təkamül kasetini geriyə fırladıb yenidən işə salsan tamamilə başqa nəticələr ortaya çıxacaq, tanınılmaz bir hal olacaq. Əgər ekologiyaya adaptasiya və ya Təbii Seçim təkamülün hərəkət mənbəyi olsaydı, o zaman nəticələr radikal şəkildə fərqli olmamalıdır.

Kitabdan sitat

“(Təkamülün) tədrici adaptasiya etmə modelini şübhəyə alacaq şəkildə, qanadın altıda birinin və ya beşdə birinin yararlılığı xeyli bir müddətdir ki, sual altına qoyulub. Həcminin yalnız altıda biri boyda olan bir qanad ilə heyvan, altı dəfə daha uzun bir vaxta və ya altı dəfə daha qısa bir məsafəyə uçmur. Belə bir heyvan ümumiyyətlə uça bilmir. Buna görə də adaptasiyada heç bir üstünlük olmadığı halda tam bir qanad ortaya çıxara biləcək mutasiyaların uzun bir təkamül müddəti ərzində necə sakitcə bir arada toplandığını izah etmək, “tədrici adaptasiya modeli” üçün problemdir. Bu məsələ həşərat qanadlarının təkamülü ilə bağlı olaraq Kingsolver və Koehl (1985) tərəfindən ortaya atılmışdı.

Həşərat qanadları çox önəmli təkamül yeniliyidir ki, onların mənşəyi fossil qeydlərində müşahidə olunmayıb. Uçmağa qadir olan, tam bir şəkildə inkişaf etmiş qanadları olan həşəratlar fossil qeydlərində (ilk olaraq) yuxarı Karbonifer (Daşkömür) dövründə (təxminən 320 milyon il əvvəl) görünməyə başlayır, artıq o zamana qədər onlar ondan çox müxtəlif qollara ayrılmışdılar və onlardan ən az üçü bizə qədər gəlib çatıb. Əksinə qanadsız həşəratlar fossil qeydiyyatında ən erkən Siluriyan dövründə (təxminən 400 milyon il əvvəl) müşahidə olunur. Bunları bir-birinə bağlayan fossillər də azdır və təkamülün keçid mərhələlərini göstərən heç bir fossil tapılmayıb.”

Jerry Fodor & Massimo Palmarini, “What Darwin Got Wrong”, səh. 86