David Hume və onun Möcüzə Tənqidi

John Locke bizə holland səfir ilə Siam ölkəsinin kralı arasında keçən bir söhbəti nəql edir. “Hollandiyalı səfirin Hollandiyanın xüsusiyyətləri barəsində danışıb Siam kralını“ əyləndirdiyini deyən Locke söhbətin təfərrüatını qeyd etmir. Lakin bir misalı xüsusilə qeyd edir. Səfir “ona dedi ki, ölkəsində su, bəzən soyuq havalarda o qədər sərtləşirdi ki, insanlar onun üzərində yeriyə bilirdilər və hətta orada bir fil olsa idi onu belə daşıyardı. Buna kralın cavabı belə oldu: “Bura qədər mənə danışdığın qəribə şeylərə inanırdım, çünki səni ağıllı və dürüst biri kimi görürdüm, amma indi isə sənin yalan danışdığından əminəm.”1 Siam kralı öz ölkəsindəki isti iqlimdə suyun donduğunu görməmişdi, bəlkə də səfir ilə görüşünə qədər bunun xəbərini belə eşitməmişdi. O, suyun nə olduğunu bilirdi, onu gündəlik həyatında müşahidə edirdi və onun üçün suyun bir filin ağırlığını daşıyacaq qədər sərtləşməsini qəbul etmək imkansız idi.

Naturalistlər və materialistlər də dünyaya Siam kralının baxdığı gözlə baxırlar. Onların aləmində təbiətdən ötədə bir şey yoxdur, ilahi varlıq mövcud ola bilməz, ona görə də təbiətin adətini pozacaq şəkildə ilahi bir müdaxilənin olması imkansızdır. Siam kralı görmədiyi üçün, xəbəri olmadığı üçün inkar edirdi, bunlar da təbiətdən, materiyadan ötədə bir şeyin varlığını görmədikləri üçün, bilmədikləri üçün inkar edirlər. Ateist yazar Christopher Hitchens’in möcüzələrə münasibəti də digər ateist yoldaşları kimi çox bəsitdir: ona görə möcüzələr imkansızdır, ola bilməz. “Möcüzənin təbii nizamda əlverişli bir dəyişiklik olduğunu ehtimal etsək” – Hitchens deyir – “mövzunun son sözünü şotland filosof David Hume yazıb; o, bu məsələdə bizə azad iradə bəxş edib.”2 Əgər Hitchens “azad iradə” ilə mövzu haqqında ağlına gələni yaza biləcəyini qəsd edirsə onunla razılaşırıq, həqiqətən də bu baxımdan o özünü çox sərbəst hiss edib. Amma mövzunun son sözü nə uzaqdan, nə də yaxından David Hume’a aid deyildir və heç zaman aid olmayıb.

Əgər filosof John Earman’dan soruşsanız o, Hume’un mərkəzi arqumentini ”əsasən qeyri-orijinal” adlandırır və əlavə edir ki, “orijinal olan yerlərdə isə az qala heç bir dəyəri yoxdur.” Bir başqa yerdə deyir: “Hume’un Enquiry Concerning Human Understanding” kitabındakı onuncu (Möcüzələr Haqqında) fəsil bir iflasdır.”3 Xeyr, Earman xristian deyil, heç Allaha da inanmır, sadəcə olaraq bir filosof kimi David Hume’a xəta olaraq çempion titulunun verilməsi ilə razı deyildir, yarışda iştirak edən digər iştirakçılara qarşı haqsızlıq hesab edir. Hume’un arqumentlərinin orijinal olmadığını daha əvvəlki yazıçılardan – misal üçün Thomas Woolston, Peter Annet – misallar gətirərək göstərir. David Hume’un arqumenti bir neçə hissədən ibarətdir; bir yerdə o, möcüzə məsələsini şahidlərin şahidlikləri ilə ümumi bilinən faktlar arasında ziddiyyətə gətirib çıxarır. Möcüzələrə inanmaq – Hume’a görə – təbiətdə müşahidə etdiyimiz nizam, adət, qanun haqqında yəqinliklə bildiyimiz faktları tərk edib şahidlərin – nə qədər etibarlı və say baxımdan çox olsalar da – dediklərinə inanmağı tələb edir. Təbiət haqqında bildiklərimiz dəyişməz, sabit, həmişə doğru olan təcrübədir, şahidlərin şahidlikləri isə eyni dərəcədə sabit, dəyişməz bir bilik deyildir, ona görə də şahidliklərin nə qədər güclü olmasından asılı olmayaraq onlara inanmaq haqqımız yoxdur. Hume’un rəyinin xülasəsini ən azından ingilis filosof Charlie D. Broad bu şəkildə təqdim edir.4

Buradan anlaşılır ki, şahidlər nə qədər etibarlı, nə qədər dürüst olsalar da onların şahidlikləri möcüzələrə inanmaq üçün kifayət etmir. John Earman belə bir xülasə ilə razılaşmır, lakin “etiraf” edir “ki, mətn, (Richard) Price və Broad’ın (Hume’un sözlərindən) anladıqları mənanı çıxara biləcək qədər ikibaşlıdır.”5 John Earman arqumentin xülasəsini başqa cür verir: “Hume’un möcüzələrə qarşı ilk arqumenti qısaca belədir: Bir möcüzə, fərz edilən bir təbiət qanunun pozulmasıdır. Hume’un dəqiq induktiv qaydasına əsasən təcrübənin fərz edilən qanuna verdiyi ehtimal dərəcəsi 1-ə bərabərdir. Beləliklə də möcüzənin ehtimalı birbaşa 0-a bərabərdir. Bu qədər sadədir.”6 Earman arqumentin “ehtimal” dərəcəsinə əsaslandığını izah etdikdən sonra Hume’un müasirlərindən iki alimin ona verdikləri cavaba toxunur və burada Richard Price ilə Thomas Bayes’in çalışmalarına yer verir. Price ilə Hume qarşılıqlı məktublaşırdılar və bu məktublaşmadan biz öyrənirik ki, Hume öz arqumentinə qarşı Price’in gətirdiyi tənqidi ciddiyə alırdı. Price – Bayes’un ehtimal nəzəriyyəsinə əsaslanaraq – göstərirdi ki, induktiv qayda heç bir şəkildə yəqinlik ifadə etməz, yalnız möhtəməllik, mümkünlük ifadə edə bilər. Beləliklə də təbiət qanununa verilən ehtimal dərəcəsi 1-ə bərabər ola bilməz, dolayısıyla da möcüzəyə verilən ehtimal 0-a bərabər olmaz. Fəlsəfədə “induksiya problemi” ilə əlaqəli olan bu mövzu əslində daha çox Hume’un adı ilə bağlıdır, lakin bu məqamda Price bunu – başqa bir nöqtədən – Hume’un özünə qarşı istifadə edir. Möcüzə sualına gəldikdə Hume induksiya metodunu istifadə edərək ehtimalı sıfıra endirir, lakin təbiət qanunlarındakı ehtimalı birə qaldırır. Earman bunun müasir elmi ənənəyə çox zərərli olduğunu deyir və nümayiş etdirmək üçün bir misal verir. Elementar zərrəcik fiziklərinin müşahidə etdikləri zilyonlarla protonların arasında heç birinin parçalandığı görülməyib, buna baxmayaraq həmin fiziklər müşahidə edəcəkləri növbəti protonun parçalanmayacağı ehtimalını 1-ə bərabər hesab etmirlər və onlar ümumiyyətlə protonların parçalanmaması fikrilə bağlı güclü bir gümana belə sahib deyillər. Əks təqdirdə onların proton parçalanmasını müşahidə etmək üçün sərf etdikləri vaxt və pulu heç bir məntiqi qərar ilə izah etmək doğru olmazdı. Əgər Hume’un möcüzələr haqqında dediklərini bura aid etsək belə bir nəticə çıxacaq; indiyə qədər müşahid edilmiş zilyonlarla protondan heç biri parçalanmayıbsa bundan sonra hansısa birinin parçalanacağını gözləmək məntiqsizdir, çünki parçalanması ehtimalı sıfıra bərabərdir. Price və Bayes’in nəzəriyyəsinə görə isə protonun parçalanması mümkün olaraq qalır. 

Locke’nin Siam kralı Hume arqumenti üçün hər zaman ciddi bir problem olub, ona görə də onun Enquiry kitabı ilk dəfə nəşr olunduqda Hume bu misala ümumiyyətlə toxunmur. Lakin irland filosof Philip Skelton 1749-cu ildə nəşr etdiyi “Ophiomaches” kitabında bu misalın Hume’un arqumenti üçün problem olduğunu və buna görə Hume’un bu barədə susduğunu vurğuladıqdan sonra Enquiry kitabının 1750-ci ildəki nəşrində bu misalın müzakirəsi də yer alır. Maraqlıdır ki, Hume’un bu misala verdiyi cavabların heç biri ciddi fəlsəfi izahlar olaraq yadda qalmır. Hume qeyd edir ki, təkcə Siam kralının təcrübəsi və bilikləri bir şeyin təbiət qanunu olması üçün kifayət etmir; bir şeyin təbiət qanunu kimi qəbul edilməsi üçün bütün bəşəriyyətin keçmiş təcrübəsi ittifaq halında olmalıdır; möcüzə isə təbiət qanunlarının pozulmasıdır. Lakin bu əslində cavab deyildir, çünki buradakı problem “təbiət qanunu versus möcüzə” ilə bağlı deyildir, problem möcüzəyə inanmaqdakı rasionallıqdır. Əgər David Hume möcüzəyə qarşı qoyduğu arqumentdə haqlıdırsa o zaman Siam kralı holland səfirini yalançı adlandırmaqla rasional davranıb və haqlı idi; çünki holland səfirinin şahidliyi qarşısında Siam kralının təbiətdən müşahidə edərək öyrəndiyi və – onun təcrübəsində – heç zaman dəyişməyən “bir adət” var idi; bu, suyun heç bir zaman sərt olmadığını “sübut edirdi”. Əslində Siam kralı misalından da əvvəl Hume’un özünün təsdiqlədiyi “induksiyanın yetərsizliyi” problem olaraq durur və bu, bəzilərinə görə Hume’un möcüzələr haqqında gətirdiyi ilk arqumentə cavab olaraq kifayət edir. Beləki Hume özü deyir: “Mümkün olan bir şeyin xəta olduğu heç bir zaman isbat edilə bilməz; və təbiətin məcrasının dəyişməsi mümkündür, çünki biz belə bir dəyişikliyi təsəvvür edə bilirik.”7

P. Skelton bunun fərqinə varmışdı və “Ophiomaches” əsərində bir dialoqda Shephard’ın adı ilə buna belə cavab verirdi: “Təcrübənə və keçmiş müşahidələrinə əsasən sən əminsən ki, Günəş sabah çıxacaq. Lakin heç bir təcrübə səni bundan əmin edə bilməz, çünki günəşin çıxmayacağını demək heç bir şəkildə ziddiyyət təşkil etmir.”8 Burada “çünki günəşin çıxmayacağını demək heç bir şəkildə ziddiyyət təşkil etmir” sözü David Hume’un kitabındakı “çünki təbiətin məcrasının dəyişməsinin mümkünlüyü heç bir şəkildə ziddiyyət təşkil etmir”9 sözlərinin parafrazasıdır. Bir başqa yerdə Hume deyir: “Günəşin sabah çıxmayacağı” fikri “onun sabah çıxacağını” təsdiqləməkdən daha az anlayış nümayiş etdirən və nə də daha çox ziddiyyət ifadə edən bir fikir deyildir.”10 Hume’un fəlsəfi irsi üzərində ekspert sayıla biləcək ingilis filosof Antony Flew qeyd edir ki, “ilk İnquiry kitabında möcüzə barəsində yazdığı məşhur fəsildə” səbəb və nəticə barəsində müdafiə etdiyi skeptik mövqedən “heç bir əsər-əlamət yoxdur.”11

David Hume’un arqumentinin birinci hissəsi möcüzələrin baş verməsi ehtimalı ilə bağlı idisə, ikinci hissəsi möcüzələr haqqında şahidlik edənlərin etibarlılığı ilə bağlıdır. Onun nəzərində hətta möcüzələr mümkün olsa belə “heç bir şahidlik elə bir növdən ola bilməz ki, onu yalanlamaq, onun isbat etməyə çalışdığı faktdan daha möcüzəvi olsun”12. Bununla demək istədiyi əslində budur ki, möcüzənin baş verdiyini sübut edən şahidlik elə bir şahidlik olmalıdır ki, onun yalan olması möcüzənin özündən də daha inanılmaz olsun. Bu arqumentin daha yüngül forması müasir neo-ateistlərin dilində sevimli mantraya çevrilib: “Fövqəladə iddialar fövqəladə dəlillər tələb edir.” Bunu bir aforizm kimi populyarlaşdıran Carl Sagan oldu.13

Bir çoxları əks tərəfin arqumentini rədd etmək üçün bunu bir düstur kimi istifadə edir və ilk dəfədən belə bir qayda insana təbii səslənir. Amma işin həqiqəti budur ki, bu iddianın özünün isbata və ya ən azından izaha ehtiyacı vardır. Çünki bir şeyin fövqəladə olması özü də nisbidir, ona görə də həm isbat edilməsi tələb olunan hadisənin fövqəladə olması, həm də istifadə edilən dəlillərin fövqəladə olması fərddən fərdə, məzmundan məzmuna dəyişə bilər. Siam kralı üçün əlbəttə ki, suyun sərtləşməsi fövqəladə bir hal idi, lakin hollandlar üçün bu, sıradan bir hal idi. Nə qədər fövqəladə görünsə də kralın qarşısında bunu isbat etmək çətin deyildi, soyuq iqlimdən böyük bir buz parçasını gətirməklə krala suyun necə sərtləşdiyini və buzun necə əridiyini nümayiş etdirmək mümkün idi. Bizim zamanımızdakı bir çox elmi kəşfləri fövqəladəlik ilə vəsf edə bilərik. Einstein 1915-ci ildə ümumi nisbilik nəzəriyyəsində ”fəza-zamanın” (spacetime) büküldüyünü irəli sürdüyündə bəşəriyyət üçün bu, fövqəladə səslənirdi. Çünki maddə və enerjinin bizim ətrafımızdakı fəzanı əyməsi, bükməsi sağlam düşüncəyə tamamilə zidd gələn bir iddia idi, lakin belə bir iddianın isbatı üçün adi bir proqnoz və müşahidə kifayət etdi. 1919-cu ildə günəş tutulması zamanı günəşə yaxın görünən uzaq ulduzların işığının – Einstein’in xəbər verdiyi kimi – yer dəyişdirdiyi müşahidə edildi. Bu sadə bir müşahidə məşhur fizikin iddiası üçün ilk və əsaslı bir dəlil idi, lakin biz bunu fövqəladə dəlil adlandıra bilərikmi? 2011-ci ildə nobel mükafatını qazandıran kəşfi, yəni Kainatın daim sürətlənən tempdə genişlənməsi, fövqəladə bir kəşfdirmi? Əgər bunu fövqəladə adlandıra biliriksə bunun dəlilini o qədər də föqvəladə adlandırmaq olmaz. Kvantum fizikasındakı bir çox yeniliklər də bu kateqoriyaya daxil olur; məşhur qoşa-yarıq eksperimenti mahiyyət baxımından çox adi bir eksperimentdir, amma dəlalət etdiyi nəticələr həddindən ziyadə fövqəladədir. Məşhur insanların dedikləri hər “prinsipin”, hər “qaydanın” doğru olması zəruri deyildir. “Dünyəvi insanlar… hamılıqla haqdan payı olmayan bir-neçə abırsız prinsipə əsaslanırlar” deyən Chesterton bəlkə də hardasa haqlıdır.14 Hume da istisna deyildir. Onun möcüzələrə qarşı gətirdiyi ikinci arqumenti bu baxımdan da qənaətbəxş görünmür.

Həqiqət budur ki, bu mövzuda Hume’un müasirləri tənqidlərində daha uğurlu idilər, xüsusilə Richard Price cavablarında əsaslı və intellektual cizgi izləyirdi. David Hume’un Richard Price’ın evini bir neçə dəfə ziyarət etdiyini bilirik və bu ziyarətlərindən birində Hume “səmimiyyətlə etiraf edib ki, Cənab Price bir nöqtədə onun arqumentlərinin əsaslı olmadığına onu inandıra bilib.”15 Çox təəssüf ki, əlimizdə həmin söhbətlərin tarixi qeydləri yoxdur və biz Hume’un qəsd etdiyi həmin nöqtənin də nə olduğunu bilmirik. Lakin bura qədər qeyd etdiklərimiz bu mövzuda son sözün Hume tərəfindən deyilmədiyini göstərmək üçün kifayət etməlidir. 

Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1. J. Locke, ”An Essay Concerning Human Understanding”, səh: 476; J. F. Dove, London, 1828
  2. “GIG”, səh: 141
  3. J. Earman, ”Hume’s Abject Failure; The Argument Against Miracles”, səh: I və 3; Oxford University Press, New York, 2000
  4. ”Proceedings of The Aristotelian Society; Containing The Papers Read Before The Society During The Thirty-Eight Session, 1916-1917”, cild 17, səh: 80; Williams and Norgate, London, 1917
  5. J. Earman, ”Hume’s Abject Failure; The Argument Against Miracles”, səh: 22; Oxford University Press, New York, 2000
  6. Eyni mənbə: səh: 23
  7. D. Hume, “On Human Nature and The Understanding”, səh: 294; Collier Books, New York,
    1962
  8. “The Works of The Rev. Philip Skelton”, birinci cild: səh: 319; William Watson, Dublin, 1770
  9. D. Hume, “On Human Nature and The Understanding”, səh: 55; Collier Books, New York, 1962
  10. D. Hume, “An Enquiry Concerning Human Understanding”, səh: 15; Hackett Publishing Company, Indianapolis, 1993
  11. A. Flew, ”Philosophy: An Introduction”, səh: 120; Promotheus Books, New York, 1980
  12. J. Earman, ”Hume’s Abject Failure; The Argument Against Miracles”, səh: 38; Oxford
    University Press, New York, 2000
  13. C. Sagan, “Broca’s Brain: Reflections on The Romance of Science”, səh: 73; Presidio Press, New York, 1979; C. Sagan, “Billions & Billions: Thoughts on Life and Death at The Brink of The Millennium”, səh: 85; The Random House Publishing Group, New York, 1997
  14. Gilbert K. Chesterton, ”Orthodoxy”, səh: 20; John Lane, The Bodley Head, London, 1915
  15. Roland Thomas, “Richard Price, Philosopher and Apostle of Liberty”, səh: 30; Oxford
    University Press, H. Milford, London, 1924